Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3163/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən X16 cəlb olunmaqa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 20.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızdan maddi zərərə görə 28000 manat və mənəvi zərərə görə 5000 manat, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 33030 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirir ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Neftçilər küçəsi 13 saylı evin, 6 saylı mənzili iddiaçının mərhum anası X3 ona miras qalmışdır, bununla bağlı 20.08.2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilmişdir. İddiaçı ata və anasının vəfatından sonra onların dəfni ilə əlaqədar borcu yarandığından həmin mənzili 27.08.2019-cu il tarixdə başqa şəxsə 48000 manata satmışdır. Həmin mənzili satıb pulu əldə etdikdən sonra özünə ev almaq istəmiş, lakin qayınanası Cavabdeh1 ona ailəsi ilə birgə onun tək yaşadığı evə köçməyini, satdığı evin pulundan 18000 manatını baldızı Abdullayeva (Əbilova) Şəbinə Yaşar qızına verməyini, baldızı isə əvəzində Xocasən qəsəbəsində yerləşən iddiaçının qaynanasının yaşadığı sənədsiz evdən imtina edəcəyini, iddiaçının isə həmin evə köçərək orada daimi ailəsi ilə yaşamaq təklifini bildirmişlər. İddiaçı onlara inanaraq və etibar edərək qayınanası Cavabdeh1 bu fikirləri ilə razılaşıb və bütün ev əşyalarını yığaraq onun Xocasəndəki sənədsiz evinə ailəsi ilə köçmüşdür. 23.10.2019-cu ildə iddiaçı baldızı Abdullayeva (Əbilova) Şəbinə Yaşar qızına 18000 manatı 14 saylı notariusda həyat yoldaşı X16 vasitəsi ilə verərək, bununla bağlı orada razılaşma tərtib etdirmişdir. Qalan 10000 manatı isə qayınanası Cavabdeh1 məxsus köçdüyü Xocasəndəki evi hasarsız və təmirsiz olduğu üçün evin təmirinə xərcləmişdir. Baldızı Abdullayeva (Əbilova) Səbinə Yaşar qızı 18000 manat pulu aldıqdan sonra evə olan hüququndan imtina edəcəyinə söz verməsinə baxmayaraq, bunu etməmiş bir müddətdən sonra ərindən ayrılıb bir uşağı ilə iddiaçının yaşadığı evə qayıdıb və orada yaşamağa başlamışdır. İddiaçı bir gün evə gələndə həyat yoldaşı Aslanova Gülərin və qızı Aslanova Mehribanın evdə olmadığını görmüş, onların harada oluqlarını qayınanası və baldızından soruşsa da, onların yerini bilmədiklərini demişlər. Telefonuna zəng etsə də onlara zəng çatmamışdır. Onları xeyli axtarsa da tapa bilməmiş,bir müddətdən sonra isə həyat yoldaşı X16 ilə olan nikahın pozulması ilə bağlı məhkəmədən iddiaçıya mesaj gəlmişdir. İddiaçı artıq başa düşüb ki, qayınanası Cavabdeh1 və baldızı Abdullayeva (Əbilova) Səbinə Yaşar qızı onu aldatmışlar. Belə olan halda iddiaçı başqa yerdə ev almaq üçün baldızına verdiyi 18000 manatın və evin təmirinə xərclədiyi 10000 manatın qaytarılmasını tələb etmişdir. Onlar iddiaçıya heç bir manat da pul qaytarmayacaqlarını və iddiaçının evdən çıxmağını tələb etmişlər. Bu vaxt iddiaçıya bir daha aydın olub ki, qayınanası Cavabdeh1 və baldızı Abdullayeva(Əbilova) Şəbinə Yaşar qızı ona qabaqcadan əlbir olaraq tor qurmuş, onu aldadaraq pullarını əlindən almaq məqsədi güdmüşlər və buna da nail olmuşlar. İndi nə pulunu qaytarırlar, nə də ki, iddiaçını və oğlunu evə buraxmırlar. Faktiki olaraq cavabdehlərin belə qanuna zidd hərəkətləri nəticəsində iddiaçının ailəsi dağılmış, pulu əlindən alınmış və oğlu ilə kirayələrdə qalmağa məcbur olmuşdur. Bundan əlavə atası və anasından qalmış ev əşyalarını da cavabdehlər iddiaçıya vermirlər. İddiaçıya qarşı dələduzluq etdikləri üçün cavabdehlər barədə iddiaçı Binəqədi rayon Polis İdarəsinə şikayət etmiş, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru İlkin Əsgərov 19 noyabr 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərarın 2-ci səhifəsində cavabdehlər iddiaçıya qarşı heç bir dələduzluq etmədiklərini, pulu mənimsəmədiklərini, 18000 manatın iddiaçının razılığı ilə onlara verdiyini, 10000 manatın isə evin təmirinə xərclədiklərini etiraf etmişlər. Ona görə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru İlkin Əsgərov 19 noyabr 2020-ci il tarixli qərarla mülki qaydada məhkəməyə müraciət etməyi iddiaçıya tövsiyə etmişdir. Cavabdehlərin belə qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya 28000 manat maddi zərər və 5000 manat mənəvi zərər vurulmuşdur. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar cinayət işi motivli olduğu üçün, həmin qərar sübut kimi istifadə oluna bilməz. Qərarda izahat düzgün ifadə olunmamışdır. İddiaçı ümumiyyətlə 18000 manatlıq müqavilənin tərəfi deyil. Onlar həmin qərardan da şikayət vermişlər. Cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.08.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 08.05.2019-cu il tarixdə vəfat etmiş X5 vərəsəsi oğlu İddiaçı miras əmlakdan tam şəkildə pay almalıdır. Miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nefçilər küçəsi, ev 13, 6 saylı mənzildən ibarətdir. İş materiallarında olan İddiaçı ilə X18 arasında bağlanmış 27.08.2019-cu il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nefçilər küçəsi, ev 13, 6 saylı mənzil İddiaçı tərəfindən X12 48000 manata satılmışdır. İş materiallarında olan X16 ilə X17 arasında bağlanmış 03.09.2019-cu il tarixli razılaşmaya əsasən X17 Cavabdeh1 qalan miras əmlaklardan X7 xeyrinə imtina etməyi, əvəzində isə X6 18000 manat pul almağı razılaşmışlar. İş materiallarında olan 03.09.2019-cu il tarixli qəbzin surətinə əsasən X16 tərəfindən Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X8 18000 manat təhvil verilmişdir. İş materiallarında olan 03.09.2019-cu il tarixli, 463012 nömrəli qəbzin surətinə əsasən X13 tərəfindən 18000 manat məbləğində pul X9 ödənilmişdir. İş materiallarında olan Binqədi rayon RPİ-nin 40-cı PB-nin 19.11.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən : X16 izahatında bildimişdir ki, o, 2019-cu ilin iyul ayında həyat yoldaşı İddiaçılə boşanmışdır. Elçin Zabrat qəsəbəsində mərhum anasından miras qalmış evi 48000 manata satmışdır, 20000 manatı öz şəxsi borclarına xərcləmişdir. Qalan 28000 manatı evi satdıqdan sonra qalmağa yerləri olmadığı üçün müvəqqəti olaraq Sulutəpə qəsəbəsində olan anasının evinə köçmüşlər. Anasının evinə köçdükdən 2 ay sonra Elçin 28000 manata normal ev tapa bilməyəcəyini deyərək bildirmişdir ki, anası razı olarsa elə burada qalarlar. Elçin bu barədə anası ilə danışmış, əvvəlcə anası razı olmamışdır. Onun təkidi ilə onun xətirinə anası razılıq vermişdir. Onlar belə qərara gəlmişlər ki, onlar bacısı Səbinəyə 18000 manat verərək notariat qaydada Səbinə həmin evdən iddiası olmaması barədə razılıq versin və hamının razılığı ilə belə etmişlər. 5 aydan sonra Səbinə həyat yoldaşından ayrılıb onların müvəqqəti yaşadığı evə gəlmişdir. Bundan sonra Elçinlə onların arasında söz söhbətləri başlamış, Elçindən ayrılmaq qərarına gəlmiş və bu barədə Elçinə də demişdir. Lakin Elçin boşanmaya razılıq verməmiş, buna baxmayaraq o, Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Onlar məhkəmə qaydasında boşanmışlar. Onlar boşanmazdan əvvəl Elçin əşyalarını yığıb evdən getmişdir. Nə o, nə bacısı, nə də anası onu evdən qovmamışlar, satılan evin 48000 manatından 20000 manatını Elçin öz borclarına vermiş, onun buna aidiyyəti olmamışdır. Qalan 28000 manatdan 18000 manatı öz razılığı ilə bacısı Səbinəyə vermişdir. Qalan 10000 manatı isə hazırda yaşadıqları evin yarımçıq qalmış işlərinə xərclənmiş və ev əşyaları almışlar. Bunu Elçinə heç kim məcbur etməmiş, anası evi onlara verdiyi üçün bunu etməli olmuş və etmişdir. Elçinə qarşı heç kim dələduzluq etməmişdir; Cavabdeh1 Gülər Aslanovanın izahatına oxşar məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları analoji olaraq təsdiq etmişdir; Səbinə Yaşar qızı isə izahatında bildirmişdir ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsində anası X1 və bacısı X16 birgə yaşayır. 2019-cu ilin iyul ayında bacısı Gülərin keçmiş həyat yoldaşı İddiaçı Zabrat qəsəbəsindəki evini satmışdır. Müvəqqəti olaraq Sulutəpə qəsəbəsində anasının evinə köçmüşlər, 1 il burada qalmışlar, 1 ildən sonra Gülərlə Elçin boşanmışlar. Həmin ərəfədə o da ailəsindən boşanıb anasının yanına gəlmişdir. Bundan sonra Elçin əşyalarını yığıb evdən getmişdir. İddiaçı ərizəsində göstərdikləri tam yalan və böhtandır. Onlar ona qarşı dələduzluq edib onun pulunu mənimsəməmişlər. Elçin evlərinə köçəndən sonra özü qərara gəlmişdir ki, həmişəlik onların evində yaşasın, bunun üçündə ona 18000 manat pul vermişdir ki, onun bu evə heç bir iddiası olmasın. Hazırda da onun həmin evə heç bir iddiası yoxdur, Elçin Gülərlə aralarında olan problemi özləri hələ etsinlər. Onun bu işlərlə heç bir əlaqəsi yoxdur, onun pulunu heç kim mənimsəməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Ulduz onun qardaşının həyat yoldaşıdır. Elçingil evlərini sataraq qayınanasının evinə köçmüşlər. Həmin evdə Ulduz xanımın kiçik qızı Səbinə da yaşayırdı. Elçingil halallıq olsun deyə həmin qıza da pul vermişdir. Onlar evə köçdükdən sonra orada təmir işləri aparmış və 5-6 ay yaşamışdır. Həmin evdə Ulduz xanım iki qızı və onları uşaqları ilə birlikdə qalır. Pulu əldə etdikdən sonra onlar arasında barışıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, onlar evlərini satmışdır. Nənəsi əşyalarını onun evinə qoymağı təklif etmişdir. Nənəsinin evi Xocasəndə yerləşir. Atası notariusa gedərək xalasına 18000 manat pul vermişdir. Evi təmir etməyə başlamışlar. Sonra atası ilə nənəsi arasında mübahisə olmuş, atasını evdən qovmuşlar. Bir müddət sonra o da atasının yanına getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Elçin onun xalasının nəvəsidir. Evi satdığını eşidəndə ona bildirmişdir ki, qaynanasının evini satıb digər qızının da payını verib gedib Zabrat qəsəbəsində yerləşən öz evində qala və sonra birləşib bir ev ala bilərlər. Sonra artıq onların notariusda olduğunu eşitmişdir. O, özü Elçinə Maştağa qəsəbəsində yaxşı ev almağı məsləhət görmüşdür. O, hiss edirdi ki, onu aldadacaqlar. Elçin yoldaşı ilə onun yanına gələndə Elçinin yoldaşı bildirmişdir ki, Elçini onun qohumlarının evinə qeydiyyata alırlar. Elçini ora qeydiyyata almaq üçün bacısının pulu verilməlidir. 28000 manat puldan həyətə hasar çəkilmiş, darvaza qoyulmuş, evə qapı qoyulmuş, kombi çəkilmiş, hamam-tualet təmir olunmuşdur. Bundan 3 ay keçməmiş Elçini evdən qovdular. Uşaq da anası düzgün həyat tərzi sürmədiyi üçün anası ilə qalmaq istəməmiş, hazırda atasının yanındadır. Evin təmirindən başqa qalan pul Səbinəyə verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı anasından ona miras qalmış evi satmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunduğu kimi iş üzrə müstəqil tələb irəli sürməyən X16 izahatında bildirmişdir ki, anası Sulutəpə qəsəbəsində olan evini ər arvad olaraq ona və İddiaçı verdiyi üçün Elçin ona miras qalmış evin satılmasından əldə etdiyi puldan 18000 manat məbləğində pulu vermişdir ki, bacısı sözügedən anasının evinə hüququndan imtina etsin; 10000 manat isə yaşadıqları evin yarımçıq qalmış işlərinə xərclənmişdir. Qərardan o cümlədən müəyyən olunur ki, hazırki iş üzrə Cavabdeh1 da oxşar izahat vermişdir; Cavabdeh2 da izahatında qeyd etmişdir ki, Elçin Abdullayev həmişəlik sözügedən evdə yaşamaq niyyətilə ona 18000 manat pul vermişdir ki, onun evə iddiası olmasın. Bununla yanaşı, qərardan müəyyən olunur ki, İddiaçı həmin evdə Aslanova Gülərin izahatına görə 7 ay, Cavabdeh2 izahatına görə isə 1 il yaşamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı ona miras qalmış evin satılmasından əldə etdiyi puldan 18000 manat pulun həmin vaxt nikahda olduğu arvadı ilə Cavabdeh1 sahibliyində olan evdə daimi yaşamaq niyyətilə digər Cavabdeh2 arvadı tərəfindən verilməsi, o cümlədən evin satışından əladə edilən pulun 10000 manatının isə Cavabdeh1 sahibliyində olan evə xərclənməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi İddiaçı niyyəti Cavabdeh1 sahibliyində olan evdə ailəsi ilə yaşamaq olmuşdur. Lakin hazırda iddiaçının nikahı pulmuş və o övladı Kamillə həmin evdə yaşamır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı maddi zərərlə bağlı iddiası əsaslıdır. Çünki, hazırki halda cavabdehlər əsassız varlanmışlar. Belə ki, 18000 manat pulun Cavabdeh2 verilməsi və 10000 manatın isə Cavabdeh1 sahibliyində olan evə xərclənməsi üçün əsas iddiaçının Cavabdeh1 sahibliyində olan evdə daimi yaşamaq niyyəti olmuşdur. Niyyətin daimi olması təsdiqini onunla tapır ki, hətta evin sahibinin gələcəkdə vəfat etməsindən sonra digər cavabdehin həmin evə iddiasının olmayacağı barədə notariat razılaşma da bağlanmışdır. Bundan əlavə iddiaçının daimi həmin evdə yaşamaq niyyətilə pulunu xərcləməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz əksini tapmış izahatlardan da müəyyən olunur. Lakin həmin əsas çox qısa bir zamanda aradan qalxmışdır. Məhkəmə hesab edir ki, cavavdehlərin varlanması sonradan aradan qalxmış əsasa söykənir. Belə olan halda Cavabdeh2 18000 (on səkkiz min) manat İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmin evin yerləşdiyi yeri, evdə iddiaçı ilə yanaşı digər şıxslərin də yaşamasını nəzərə alaraq hesab edir ki, iddiaçının yaşadığı müddət üçün 1000 (min) manat kirayə haqqı 10000 manatdan çıxılmalı və Cavabdeh1 9000 (doqquz min) manat məbləğində pul iddiaçının xerinə tutulmalıdır. İddiaçı eyni zamanda mənəvi zərərə görə 5000 manatın cavabdehlərdən tutulmasını tələb etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 18000 (on səkkiz min) manat və Cavabdeh1 9000 (doqquz min) manat məbləğində pul İddiaçı xeyrinə, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun 20 (iyirmi) manatı Cavabdeh2, 10 (on) manatı isə Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 18000 (on səkkiz min) manat və Cavabdeh1 9000 (doqquz min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun 20 (iyirmi) manatı Cavabdeh2, 10 (on) manatı isə Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3163/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3163/2021
24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver