Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3186/2023 06.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İvanovanın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC cəlb olunmaqla cavabdeh "xxxx" MMC-yə qarşı protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İvanova mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC cəlb olunmaqla cavabdeh "xxxx" MMC-yə qarşı protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 463/22 nömrəli protokolunu ləğv edərək, hərracın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 28 saylı notariat kontorunun 8İ-4279 №-li, 08 sentyabr 2022-ci il tarixli icra qeydi ilə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 ünvanında yerləşən 29/28 saylı mənzil satılması üçün hərraca çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 270000 (iki yüz yetmiş min) manat, satılmış son qiyməti isə 172125 manat müəyyən edilmişdir. Cavabdeh "xxxx" MMC-nin 463/22 nömrəli protokolu ilə müəyyən edilmişdir ki, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, ipoteka saxlayan "xxxx" BOKT MMC əmlakı 172125 (yüz yetmiş iki min yüz iyirmi beş) manata almış, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.4-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" BOKT MMC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad edilmişdir. Bildirmişdir ki, qiymətləndirmə işi qeyri-obyektiv aparılmış, real bazar qiymətləri lazımi səviyyədə nəzərə alınmamış, real bazar qiymətindən aşağı məbləğdə satılmışdır. Həmçinin qeyd etmişdir ki, hərrac qanunvericiliyə uyğun olaraq keçirilməmişdir. Belə ki, hərracın keçirilməsi barədə bildiriş iddiaçıya göndərilməmişdir. Protokolda keçirilən iki hərracın baş tutmadığı qeyd edilmişdir. Lakin təkrar olaraq qeyd etmişdir ki, hərracın keçirilməsindən iddiaçının xəbəri olmamış, bu barədə rəsmi bildiriş ona çatdırılmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, mənzilin real bazar qiymətindən aşağı satılması, eləcə də hərracın keçirilməsinin qanunvericiliyin tələblərinə zidd olaraq keçirilməsi səbəbindən hərrac etibarsız sayılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə tərəfindən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə sorğu göndərilmiş və onların fikri ilə işin qeyri-müəyyən olduğu öz əksini tapmışdır. Hesab edir ki, şəxsi mənzilin satılması prosessual normaların pozuntusu ilə baş vermişdir. Hərracın yekun protokolunda isə hərracın sifarişçisi İcra Şöbəsinin nə möhürü, nə imzası yoxdur. Hesab edir ki, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Qeyd etdi ki, hərracın yekununa dair protokolda əmlakın "xxxx" BOKT MMC tərəfindən 172125 manata alınması qeyd edilsə də, "xxxx" BOKT MMC heç bir ödəniş etməyib, yalnız "xxxx" MMC-yə 5% xidmət haqqı ödəmiş, nə tərəfin pulu ödənilməyib, nə Daşınmaz Əmlakın Dövlət Reyestrində bu əmlakla bağlı hər hansı əməliyyat aparılmayıb, nə də İcra İdarəsinə ödənişlər edilməyib. Hesab edir ki, protokol natamamdır, formal olaraq bağlanmışdır. Göstərilənlərə əsasən, qeyd olunanların nəzərə alınması və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, cavabdeh "xxxx" MMC işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri 28 saylı notariat kontorunun 8İ-4279 №-li, 08 sentyabr 2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi ilə ipoteka saxlayan “X5 Kredit Təşkilatı” MMC ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 ünvanında yerləşən 29/28 saylı mənzilə tutmanın yönəldilməsi barədə icra qeydi verilmişdir. İcra qeydinin əsasını “X5 Kredit Təşkilatı” MMC ilə X2 arasında bağlanmış öhdəliyi müəyyən edən 2021/00879-İP nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 41287,54 manat əsas borc, 12156,77 manat faiz borcu, 18060,00 manat dəbbə pulu, həmçinin 25 manat tələbkar tərəfindən ödənilmiş dövlət rüsumu (haqq) olmaqla, cəmi tutulmalı məbləğ 71529,31 manat təşkil edir. Hərracın keçirilməsi haqqında Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 212061/2022-xx-xx/2227 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubu "xxxx" MMC-yə daxil olmuş və "xxxx" MMC tələbkar "xxxx" BOKT MMC və borclu İddiaçı Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 212061/2022-xx-xx/2227 saylı, xx.xx.2022-ci il tarixli şifariş məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 ünvanında yerləşən 29/28 saylı mənzilin xx.xx.2023-cü il tarixdə, saat 11:00-da ilkin hərrac, xx.xx.2023-cü il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonuncuya xx.xx.2022 və xx.xx.2023-cü il tarixdə rəsmi qaydada poçt vəsitəsi ilə bildirişlər göndərmiş, həmin bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə sms-bildiriş göndərilmişdir. Bununla yanaşı hərrac barədə “Market” reklam və elanlar qəzetində elan verilmişdir. "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoluna əsasən, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən "xxxx" MMC cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 ünvanında yerləşən 29/28 saylı mənzilini təkrar hərraca çıxarmış və ipoteka saxlayan "xxxx" BOKT MMC həmin əmlakı 172125 manata əldə etmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 463/22 saylı, 10 fevral 2023-cü il tarixli Protokola əsasən, sözü gedən ev tələbkar "xxxx" BOKT MMC-yə 172125 manata satılmasına dair, "xxxx" MMC ilə "xxxx" BOKT MMC arasında hərracın nəticələrinə dair protokol tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin məhkəməyə ünvanladığı 212061/2022-16-12 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən Bakı Şəhəri 28 saylı Notariat Kontorunin 4279 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ipoteka qoyan ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən (3 otaqlı, ümumi sahəsi 82,7 kv.m olan) əmlaka tutma yönəldilməsi qeyd edilmişdir. "xxxx" BOKT MMC ilə X1 arasında bağlanmış öhdəliyi müəyyən edən 2021/00879-İP nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 41287,54 manat əsas borc, 12156,77 manat faiz borcu, 18060 manat dəbbə pulu, həmçinin 25 manat tələbkar tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi tutulmalı olan məbləğ 71529,31 manat təşkil edir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar və bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Eyni zamanda icra məmurunun icraata başlamaq haqqında qərar və bildirişi borcluya xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən (3 otaqlı, ümumi sahəsi 82,7 kv.m olan) əmlakın qiymətləndirilməsini təşkil etmək üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məktub ünvanlanmışdır və əmlaka 270000 manat likvid dəyər müəyyən edilmişdir. Sözügedən əmlakın hərrac vasitəsilə satışını təşkil etmək üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məktubla müraciət olunmuşdur. Borclu İddiaçı məxsus əmlakın hərrac vasitəsilə satışının keçirilməsi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə təyin edilmişdir. Hərracın nəticəsi ilə bağlı "xxxx" MMC-yə və tələbkar banka müxtəlif tarixlərdə müraciət olunmuşdur. Lakin borcluya məxsus əmlakın satılıb-satılmaması, o cümlədən tələbkar Bank tərəfindən əmlakı balansa götürülüb-götürülməməsi və borcluya ödəniləcək pul vəsaiti ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən yolu ilə satılır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Göründüyü kimi "xxxx" MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, o, qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının qeydiyyatda olduğu ünvan üzrə rəsmi qaydada bildirişlər göndərmiş, hərrac barədə “Market” reklam və elanlar qəzetində elan verilmişdir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı İvanovanın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC cəlb olunmaqla cavabdeh "xxxx" MMC-yə qarşı protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İvanovanın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC cəlb olunmaqla cavabdeh "xxxx" MMC-yə qarşı protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3186/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3186/2023
06.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver