Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3295/2024 09.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan evdə qeydiyyatda olsalar da, uzun illərdir ki, orada yaşamırlar. Cavabdehlər evi tərk edib başqa yerə köçmüşlər. Cavabdehlərin onun mənzilində qeydiyyatda qalmaları mülkiyyətçi kimi onun hüquqlarını pozur. Onların istifadə hüquqlarına xitam verilməsi ilə əlaqədar Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2029/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmiş və ona izah edilmişdir ki, iddia tələbi cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə olsa idi, iddia tələbi təmin edilə, sözügedən ünvanda cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi faktı müəyyən edilə bilərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülkiyyətində olan ünvan 1 ünvanından X4, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otağı (y/s-24,6 kv.m) xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 61 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, İddiaçı, X1, Cavabdeh3, X4, X2, X6, X3, X5, X7 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2029/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmiş, iddiaçıya cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 162 saylı evin 2 otağı, ümumi yaşayış sahəsi 24,6 kv.m olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları barədə müvafiq inzibati orqana müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otağı (y/s-24,6 kv.m) İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cəfərova (Kərimova) Günel Zeynal qızı, Alıquliyeva (Kərimova) Zərifə Zeynal qızı və Cavabdeh3 həmin ünvanda qeydiyyatdadırlar. İddiaçı ilkin olaraq hazırki iş üzrə cavabdehlərə qarşı onların ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsi barədə məhkəmədə iddia qaldırmış, həmin qətnamədə cavabdehlərin həmin daşınmaz əmlaka dair istifadə hüquqları olmadığından mövcud olmayan istifadə hüququna xitam verilməsinin yolverilməz olduğu qeyd edilmiş və iddia tələbi təmin edilməmişdir. Daha sonra, iddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsi isə vətəndaşa ünvanladığı məktubunda, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldıqlarını bildirərək, mülkiyyətində olan ünvan 1 ünvanından X4, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2029/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir və həmin qətnamə ilə müəyyən edilmiş faktların yenidən sübuta ehtiyacı yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2029/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər Kərimova (Cəfərova) Günel Zeynal qızı, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 162 saylı evin 2 otağı, ümumi yaşayış sahəsi 24,6 kv.m olan fərdi yaşayış evində formal qeydiyyatda olmaqla həmin ünvanda yaşamamışlar. Odur ki, cavabdehlərin daşınmaz əmlaka dair istifadə hüquqları yaranmamışdır. İstifadə hüququ yaranmadığından mövcud olmayan hüquqa xitam verilməsi yolverilməzdir. İddia tələbi cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə olsa idi, iddia tələbi təmin edilə, sözügedən ünvanda cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi faktı müəyyən edilə bilərdi. Göründüyü kimi cavabdehlərin mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Yaranmış vəziyyətdə cavabdehlərin mənzildə yaşamadığına baxmayaraq, onların mənzilə formal qeydiyyatının və istifadə hüquqlarının saxlanılması iddiaçının mənzil üzərində qanuni sahiblikdən irəli gələn hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüquqları itirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3295/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3295/2024
09.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver