Məhkəmə qərarları › İş №2(004)-333/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-333/2023

09.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-333/2023 09.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı ümumi mülkiyyət hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı ümumi mülkiyyət hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanda yerləşən 654 nömrəli (yeni qaydalarla Tbilisi prospekti 169, M15, m6) mənzilin və **-SZ-*** dövlət qeydiyyat nişanlı LEXUS LX 570 markalı minik avtomobilin üzərində İddiaçı 1/2 paylı ümumi mülkiyyət hüququnun müəyyənləşdirilməsi, qeyd olunan mənzildən və nəqliyyat vasitəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, qardaşı Cavabdeh ilə uzun birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bu zaman çoxsaylı daşınmaz əmlak və nəqliyyat vasitələri əldə etmişdirlər. İddiaçı ailə münasibətləri yaxşı olduğu üçün tam və 1/2 payı özünə məxsus olan əmlakları qardaşı Cavabdeh adına rəsmiləşdirmişdir. Hazırda onun qardaşı Cavabdeh ilə münasibətləri pisləşmişdir. Cavabdeh ona məxsus olan əmlakları müxtəlif üsullarla digər şəxslərin adına özəlləşdirmək yolu ilə əmlaklarını və pulunu mənimsəməyə cəhd edir. İddiaçı qardaşı Cavabdeh ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən "xxxx" MTK-dan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 92a ünvanda yerləşən binada 654 nömrəli (yeni qaydalarla Tbilisi prospekti 169, M15, m6) mənzili satın almışdırlar. Bundan başqa, **-SZ-*** dövlət qeydiyyat nişanlı LEXUS LX 570 markalı minik avtomobilini əldə etmişdirlər. Mənzil və nəqliyyat vasitəsi onun və Cavabdeh maliyyə vəsaitləri hesabına əldə edilmişdir. Münasibətləri yaxşı olduğu üçün həmin vaxt o, mənzil və nəqliyyat vasitəsinin formal olaraq cavabdehin adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Hazırda münasibətləri pisləşdiyi üçün cavabdeh onu ümumi mülkiyyətində olan qeyd olunan mənzildən və nəqliyyat vasitəsindən istifadə etməyə imkan vermir və mülkiyyət hüququnu həyata keçirməyə maneələr yaradır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində qardaşı Cavabdeh ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən "xxxx" MTK-dan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a ünvanında yerləşən binada 654 nömrəli mənzili və 90SZ313 dövlət qeydiyyat nişanlı LEXUS LX 570 markalı minik avtomobilini əldə etdiklərini qeyd etmişdir. Eyni zamanda İddiaçı qeyd edir ki, guya qardaşı Cavabdeh ilə uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar, halbuki sahibkarlıq fəaliyyətini quran Cavabdeh olub, onun qardaşı İddiaçı isə sadəcə olaraq qardaşının işlətdiyi mağazalarda bir işçi kimi fəaliyyət göstərib. Cavabdeh qurduğu biznesə İddiaçı tərəfindən heç bir pul vəsaiti yatırılmayıb, aralarında nə müqavilə, nə komandir ortaqlığı kimi bir rəsmi sənəd mövcud deyil, yəni ortaqlıqdan və ümumi mülkiyyətdən söz gedə bilməz. Sadəcə hazırki iddianın qaldırılmasında məqsəd qardaşlar arasında yaranmış xoşagəlməz söz-söhbətdir və iddiaçının başlıca məqsədi özü tərəfindən məhz Cavabdeh qarşı törətdiyi cinayəti ört-basdır etməkdən ibarətdir. Belə ki, hazırki iş üzrə Cavabdeh və anası X2 06 sentyabr 2022-ci il tarixdə hüquqmühafizə orqanlarına rəsmi şikayət ərizələri ilə müraciət edərək, İddiaçı tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Cavabdeh öldürəcəkləri və onun barəsində rüsvayedici məlumatları yayacaqları ilə hədələyərək ondan pul, özünə məxsus dükanları, torpaq sahəsini və qərardadla üzərinə həbs qoyulmuş avtomobilini tələb edərək ələ keçirdiklərini bildirməklə, onların barələrində qanuni tələblərin görülməsini xahiş etmişlər. Bundan sonra Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov ilkin araşdırma apardıqdan sonra AR Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Həmin cinayət işinə ********* saylı nömrə verilməklə cinayət işinin araşdırılması Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Bəhruz Qulamova həvalə edilmişdir. İlkin istintaqla müəyyən edilmişdir ki, cinayət nəticəsində Cavabdeh qardaşı İddiaçı və onunla əlbir olan digər şəxslərin qanunsuz əməlləri nəticəsində ona 2.220.600 məbləğində maddi ziyan vurulmuş və Cavabdeh, anası Süsən Qasımova və həyat yoldaşı Vüsalə Qasımova mülki iddiaçı qismində tanınmışlar. Hazırda həmin cinayət işi üzrə istintaq aparılır. Qeyd olunanlara əsasən, məhkəmədən İddiaçı Cavabdeh qarşı “paylı ümumi mülkiyyət hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması tələbinə” dair idddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri, həmçinin İddiaçı nümayəndəsi və vəkilinə “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. Lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasını nəzərə alaraq, işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a ünvanında yerləşən 654 nömrəli mənzil (yeni qaydalarla:Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospekti, 169, M15, mənzil 6) tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN BDYPi Qİİ tərəfindən verilmiş BA158011 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90SZ313 dövlət qeydiyyat nişanlı LEXUS LX 570 markalı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan cinayət işinin başlanması haqqında 29 sentyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət edərək qardaşı İddiaçı tanışları Aqşin, Arif, Səfər adlı şəxslərlə və qohumu X4 əlbir olub bir qrup şəxs halında onu öldürəcəkləri və barəsində rüsvayedici məlumatları yayacaqları ilə hədələyərək pul, özünə məxsus mağaza və avtomobilini tələb edərək ələ keçirdiklərini bildirməklə onların barələrində tədbir görülməsini xahiş etmiş, Cavabdeh müraciəti əsasında, fakta görə Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə cinayət işi başlanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mülki iddiaçı qismində tanınma haqqında qərarların surətlərindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Cavabdeh, X2 və X1 mülki iddiaçı qismində tanınmışlar. İş materiallarında olan 21 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikası CM-nin 182.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. Məhkəmə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya ümumi mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın(bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən ibarətdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisə predimeti olan əmlakıların ümumi mülkiyyətdə olması halı müəyyən edilmir. Belə ki, qeyd edilən mənzil və avtomobil tam mülkiyyət hüququ üzrə cavabdehin adına qeydiyyata alınmaqla, paylı mülkiyyətdə deyildir. Həmçinin tərəflər arasında birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olan ümumilik halı da mövcud deyildir. Belə olan halda, iddia tələbi təmin edilə, iddiaçının cavabdehə məxsus mübahisə predmeti olan əmlaklar üzərində payı müəyyən edilə bilməz. Göstərilənlərdən əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hal mübahisə predmeti olan mənzilin və avtomobilin birgə sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesabına əldə edilməsidir ki, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bununla belə, iş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh Sumqayıt ŞPİ-yə müraciəti əsasında İddiaçı bir qrup şəxs ilə birləşərək Cavabdeh öldürəcəkləri və barəsində rüsvayedici məlumatları yayacaqları ilə hədələməklə ona məxsus pul, mağaza və avtomobili tələb edərək ələ keçirmələri faktına görə İddiaçı barəsində Azərbaycan Respublikası CMnin 182.2.1-ci maddəsi ilə cinayət işi başlanması qərara alınmışdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi əmlaklar üzərində payın müəyyən edilməsi hissəsində təmin edilmədiyindən, həmin əmlaklardan istifadəyə yaradılan maneələrin aradan qaldırılması hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “paylı ümumi mülkiyyət hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı ümumi mülkiyyət hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar