Məhkəmə qərarları › İş №2(004)-335/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-335/2021

05.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-335/2021 05.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi döngə 7 də yerləşən fərdi yaşayış evini 2015-ci ildə faktiki olaraq almış və bu fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bələdiyyə qərarı olan şəxs ona etibarnamə vermiş və həmin ildə də bir otaqlı evi ona təhvil vermişdir. Qeyd olunmalıdır ki, bu fərdi yaşayış evinin aşağı hissəsində istifadə edilməyən su borusu olmuşdur və 2019-cu ilin mart ayında, o, xəstəxanada olarkən bu su borusu Cavabdeh ASC-nin əməkdaşları tərəfindən kəsilərək götürülmüşdür və nəticədə kanalizasiya xətti yararsız hala düşmüşdür, evin aşağı hissəsində torpaq sahəsi çökməyə başlamışdır. Bütün bu səbəblərdən də fərdi yaşayış evinin qırmızı kərpicdən olan hissələri, ümumiyyətlə hər bir tərəfində çatlar yaranmış, fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür və yaşayış üçün yararsız haldadır. O, bu barədə dəfələrlə Cavabdeh ASC-yə müraciət edərək evin tikilib əvvəlki vəziyyətinə bərpa edilməsini xahiş etsə də nəticəsiz qalmışdır. Nəzərə çatdırır ki, onun müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Agentliyi tərəfindən əraziyə baxış keçirilmişdir və verilmiş cavabda müraciətdə qeyd edilənlərin təsdiqini tapması göstərilmişdir. Lakin buna baxmayaraq bu günə kimi heç bir tədbir görülməmişdir. Onun 40 yaşında bir xəstə oğlu vardır, özü yaşlıdır, aldığı pensiyadan başqa heç bir gəliri yoxdur və bu fərdi yaşayış evi onların yeganə yaşayış yeridir. Hal-hazırda məcburdur ki, kiryədə yaşasın. Ev yararsız vəziyyətə düşmüşdür və onun öz hesabına tikməyi mümkünsüzdür. Göstərilənlərə əsasən məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi döngə 7-də yerləşən və faktiki olaraq ona məxsus fərdi yaşayış evinin Cavabdeh ASC tərəfindən tikilərək əvvəlki vəziyyətə bərpa edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmədən baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ASC tərəfindən ona dəymiş maddi ziyana görə 15000 manat pul vəsaitinin və ödədiyi 10 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tututalaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun evinə ümumilikdə 15000 manat məbləğində ziyan dəymişdir. Belə ki, onun və oğlunun hazırda yaşamağa yeri yoxdur və cavabdehin vurduğu ziyan nəticəsində artıq uzun müddətdir ki, onlar başqa yerdə gecələməli olurlar. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində ona məxsus fərdi yaşayış evinin aşağı hissəsində istifadə edilməyən su borusunun Cavabdeh ASC-nin əməkdaşları tərəfindən kəsilərək götürülməsi nəticəsində kanalizasiya xəttinin yarasız hala düşməsini və evinin aşağı hissəsində torpaq sahəsinin çökməsini qeyd etmişdir. Qeyd etmək istərdi ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 13 avqust 2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilən, 19 avqust 2015-ci il tarixdən qüvvədə olan və **********0004 qeydiyyat nömrəsi ilə X2 Reyestrində qeydiyyata alınan 2.11-1 nömrəli AzDTN-nin (Su təchizatı Xarici şəbəkə və qurğular) 13.2.4.1 -ci bəndinə əsasən diametri 1000 mm-dən yuxarı magistral sudaşıyıcı boruların sanitariya-mühafizə zolağının eni kənar sudaşıyıcı borudan 20 m məsafədə müəyyən edilmişdir. İddiaçıya məxsus tökmə torpaq üzərində inşa edilmiş (Vulkan dağının ətəyində) yaşayış evi Cavabdeh ASC-yə məxsus diametri 1420 mm olan yerüstü iki parallel xəttin arasında (7-8 m intervalla) yerləşir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən yerin üzərində yerləşən həmin xətlərdən biri istehsalat zərurəti ilə əlaqədar sökülərkən qeyd olunan ünvanda qazıntı işləri aparılmamış və sözügedən evə hər hansı bir ziyan dəyməmişdir. İnşa edilmiş tikili nəticəsində cavabdeh tərəfindən qüvvədə olan Azərbaycan Respubllikasının “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Mühafizə zonaları-nın ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, hazırda qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsində qeyd olunur ki, Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bu Məcəllənin 180.4-cü maddəsinin tələblərinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə qeyd etmək istərdi ki, Cavabdeh ASC tərəfindən görülmüş tədbirlər nəticəsində çirkab suları axıdılan açıq kanalın əvəzinə d=200 mm, l=30 p/m ölçülü boru vasitəsilə yeni kanalizasiya xətti çəkilmiş və 2 (iki) ədəd baxış quyusu tikilmişdir. Halhazırda qeyd olunan ərazidə çirkab sularının açıq şəkildə axıdılmasının qarşısı alınmış və yaranmış neqativ hal öz müsbət həllini tapmışdır. Bundan başqa iddiaçıya məxsus ev mühafizə zonasında yerləşdir. Həmçinin bildirir ki, iddiaçı ona məxsus evə ziyan dəydini bildirsə də, sözü gedən evə ziyan dəyməmişdir. Əgər dəymiş olsaydı belə, iddiaçının tələb etdiyi miqdarda deyil, daha az məbləğdə ziyan dəymişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh ASC-yə ünvanladığı 24.01.2020-ci il tarixli məktubundan görünür ki, vətəndaşın ailə vəziyyətini, eyni zamanda maddi durumunu nəzərə alaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması və fərdi yaşayış evinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə metal borcunun götürüldüyü ərazidə məhkəmləndirmə tədbirinin görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı 28.01.2020-ci il tarixli məktubundan görünür ki, qeyd edilən ərazidə Cavabdeh ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin balansında olan kanalizasiya şəbəkəsi yoxdur və ərazidə yerləşən fərdi yaşayış evlərində yaranan çirkab suları sakinlər tərəfindən primitiv üsulla çəkilmiş xətlər vasitəsilə açıq kanal formasında ərazidən kənarlaşdırılır. Bu da öz növbəsində anti-sanitariya vəziyyəti yaratmışdır. Tərəflərindən görülmüş tədbirlər nəticəsində çirkab suları axıdılan açıq kanalın əvəzinə d = 200 mm, İ = 30 p/m ölçülü boru vasitəsilə ilə yeni kanalizasiya xətti çəkilmiş və 2 (iki) ədəd baxış quyusu tikilmişdir. Hal-hazırda qeyd olunan ərazidə çirkab suların açıq şəkildə axıdılmasının qarşısı alınmış və yaranmış neqativ hal öz müsbət həllini tapmışdır. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı 14.08.2020-ci il tarixli məktubundan görünür ki, sonuncuya məxsus tökmə torpaq üzərində inşa edilmiş yaşayış evi Cavabdeh ASC-yə məxsus diametri 1420 mm olan yerüstü iki paralel xəttin arasında yeləşir və üzərində yerləşən həmin xətlər sökülərkən qeyd olunan ünvanda qazıntı işləri aparılmamış və Cavabdeh ASC tərəfindən evə xətər dəyməmişdir. Evə dəyə biləcək hər hnası ziyana görə Cavabdeh ASC məsuliyyət daşımır. Ədliyyə Nazirliyi MEM-nin 10/3143 saylı, 11.03.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tikilidən 5-6 metr məsafədən keçən D+1m olan metal borcu xəttinin mexanizm vasitəsi ilə qazılaraq kəsilib çıxarılması tikilidə fasadların yaranmasına səbəb olmuşdur. İddiaçının qonşularının dediklərinə görə D-1 metr olan su borusunun ərazidən Cavabdeh ASC-nin işçiləri kəsib aparmış və torpağın qazılması qrunt strukturunun (boşalmasına) dəyişməsinə səbəb olmuşdur. Ədliyyə Nazirliyi MEM-nin 10/1728 saylı, 27.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 7-də yerləşən fərdi yaşayış evinin bərpa olunaraq əvvəlki vəziyyətinə gətirilməsi mümkündür. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 7-də yerləşən fərdi yaşayış evinin təmir-bərpası üçün ümumilikdə görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 7128 manat məbləğində müəyyən olunur. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ASC tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 7-də yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazidə görülmüş tədbirlər nəticəsində çirkab suları axıdılan açıq kanalın əvəzinə d=200 mm, l=30 p/m ölçülü boru vasitəsilə yeni kanalizasiya xətti çəkilmiş və 2 (iki) ədəd baxış quyusu tikilmişdir. Görülmüş tədbirlər nəticəsində tikilidən 5-6 metr məsafədən keçən D+1m olan metal borcu xəttinin mexanizm vasitəsi ilə qazılaraq kəsilib çıxarılması tikilidə fəasadların yaranmasına səbəb olmuşdur. Sözü gedən bu hal Ədliyyə Nazirliyi MEM-nin 10/3143 saylı, 11.03.2021-ci il tarixli ekspert rəyi ilə də, öz təsdqini tapmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, döngə 7-də yerləşən fərdi yaşayış evinə Ədliyyə Nazirliyi MEM-nin 10/1728 saylı, 27.05.2021-ci il tarixli ekspert rəyinə əsasən 7128 manat məbləğində ziyanın dəydiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.12.2017-ci il tarixli Qərarına əsasən sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərar). Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertiza rəylərinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, hazırki rəy iddianın əsaslı olmamasının təsdiqi kimi qəbul edilə və qiymətləndirilə bilər. Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından ekspertiza rəyini hazırki mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul edir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəy qeyri-müəyyən xarakter daşımır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC-dən dəymiş maddi ziyanın əvəzi olaraq 7128 (yeddi min yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, üzrə iş ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair sənəddən görünür ki, iddiaçı 10 manat məbləğində dövlət rüsumu ödəmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehdən onun xeyrinə 15000 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumunun kəsiri 20 (iyirmi) manatın 75%-i, yəni 15 (on beş) manatı iddiaçıdan, digər 25%-i, yəni 5 (beş) manat məbləğində pul vəsaiti isə Cavabdeh ASC-dən tutularaq dövlət nəfinə (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə) ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin (50+50) 50%-i, yəni 50 (əlli) manatı iddiaçıdan, digər 50%-i, yəni 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən dəymiş maddi ziyanın əvəzi olaraq 7128 (yeddi min yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsumunun kəsiri 20 (iyirmi) manatın 75%-i, yəni 15 (on beş) manatı iddiaçıdan, digər 25%-i, yəni 5 (beş) manat məbləğində pul vəsaiti isə Cavabdeh ASC-dən tutularaq dövlət nəfinə (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə) ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 50%-i, yəni 50 (əlli) manatı iddiaçıdan, digər 50%-i, yəni 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar