Məhkəmə qərarları › İş №2(004)-3395/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3395/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3395/2020 06.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı “xxxxxxxxx”ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx”ASC Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxxxxxxx”ASC-nin xeyrinə “BMW X5” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1100 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1130 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,iddiaəsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər BPİ DYPİ tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli 046-63616 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, Cavabdeh sürücülük hüququ olmadan “OPEL VECTRA” markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən xx.xx.2019-ci ildə saat 20:15 radələrində Bakı şəhəri Tbilisi prospektində düzgün ara məsafəsi saxlamamış, nəticədə X1 məxsus olan və hadisə zamanı idarə etdiyi “BMW X5” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda öz əksini tapmışdır. Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xatanı törətməkdə təqsirli bilinmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli hesabata uyğun olaraq “BMW X5” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin qiyməti 1100 manat həcmində müəyyən edilmişdir (ehtiyyat hissələr: qanad ön sağ - 470 manat, qanadüstü spoyler - 80 manat, su çəni 100 manat görülən işlər: armaturçu - 50 manat, rəngsaz - 190 manat, razval - 30 manat, dəmirçi - 120 manat, disk təmiri və rənglənməsi - 60 manat). xx.xx.2019-cu il tarixli CML-2934/2019 nömrəli sığorta aktından görünür ki, “xxxxxxxxx”ASC keçirilmiş texniki eksperiza əsasında X1 1100 manat sığorta ödənişi etmişdir. PAZ********** saylı sığorta müqaviləsinin CML-2934/2019-AKT3762 nömrəli sığorta aktına əsasən “xxxxxxxxx” ASC 1100 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyinə görə onun zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Çünki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı “xxxxxxxxx” ASC sığortalı “BMW X5” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün X1 1100 manat sığorta ödənişi verdiyinə görə, həmin məbləği subroqasiya qaydasında Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, “BMW X5” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə ödənilmiş 1100 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1130 manat pul Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxx”ASCyə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “BMW X5” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə ödənilmiş 1.100 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.130 (bir min yüz otuz) manat pul Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxx”ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar