Məhkəmə qərarları › İş №2(004)-3412/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3412/2025

07.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3412/2025 07.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh3 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə, Bakı Şəhəri 42 saylı Notariat Ofisinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə, Bakı Şəhəri 42 saylı Notariat Ofisinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 saylı dövlət notariat ofisinin notariusu tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli mübahisəli icra qeydinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank of Baku ASC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 59 ay müddətinə illik 22 faiz 15.000 manat məbləğində kredit verilmişdir. Hazırda 14834 manat 34 qəpik borcu yaranmışdır. Bank of Baku -nun ona ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdə onun banka 12696 manat əsas, 1935,5 manat faiz, və 143 manat, 61 manat cərimə borcu olduğu qeyd edilmişdir, hesab edir ki, 1935, 5 qəpik hesablanmış faiz borcu və cərimə artıq hesablanmışdır. xx.xx.2025-ci il tarixli icra qeydində 93 manat 61 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 14952 manat pulun iddiaçıdan tutulması göstərilmişdi. İddiaçı hazırda müəllimə işləyir və aylıq 744 manat əmək haqqı alır, onkoloji xəstəlikdən əziyyət çəkir. Banka olan borcu ödəməkdə onsuz da çətinlik çəkir. Bu vəziyyətdə artıq hesablanmış 1935 manat 5 qəpik hesablanmış faiz borcu və cərimə hesablanması kifayət qədər şişirilmiş məbləğlərdir. Daha sonra Cavabdeh3 ASC iddia ərizəsinə etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, icra qeydinin ləğvi Banka qarşı kredit müqaviləsinin və ya kredit borcunun mübahisələndirilməsi ilə bağlı iddia tələbləri ilə əlaqədar və həmin tələblərlə birlikdə mümkün ola bilər. Yəni, borclu hesab edirsə ki, onunla Bank arasında bağlanmış kredit müqaviləsi etibarsız sayılmalı və ya ləğv edilməlidir, yaxud müqavilə düzgün olsa da borc artıq hesablanmışdır və s. onda icra qeydinin ləğvini tələb etməkdə haqlı ola bilər. İddiaçı real tələbini müəyyən edib Banka qarşı iddia verməlidir. Göründüyü kimi bu kimi tələblər sırf banka qarşı olub notariusa və onun icra qeydinə aidiyyatı yoxdur. Əgər onun maddi hüquqi tələbi təmin edilərsə onda nəticə etibarilə icra qeydi də ləğv edilə bilər. Amma əgər borclu Banka qarşı qarşı maddi hüquqi tələb irəli sürmədən sadəcə notarius tərəfindən icra qeydinin aparılması zamanı hüquqi-texniki şərtlərin pozulmasını əsas gətirirsə həmin əsaslarla icra qeydi ləğv edilə bilməz. Məsələn, şəxs borcunun olmasını inkar etmirsə, sadəcə icra qeydinin tarixi, nömrəsi səhv olduğundan və ya icra qeydi yanlış olaraq borclunun olduğu yerdə deyil digər yerdə yerləşən notarius tərəfindən aparıldığından onun ləğvini tələb edirsə həmin əsasla icra qeydinin ləğvi mahiyyət etibarilə qanunsuz və ədadlətsiz olardı. Həmin halda sadəcə notariusun intizam məsuliyyətindən söhbət gedə bilər. Hesab edilir ki, məhz bu kimi hallarda icra qeydi mübahisələndirilə bilər. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı iddia ərizəsində icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək əsaslı dəlil göstərməmişdir. Göstərilən əsaslara görə də notariusun icra qeydi ləğv edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi X2 iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Bakı Şəhəri 42 saylı Notariat Ofisinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh3 ASC (Bank) İddiaçı (Müştəri) arasında bağlanmış xx.xx.2023-cü il tarixli CC/94853/92/35 nömrəli kredit sazişindən görünür ki, bank müştəriyə illik 22 faizlə, 59 ay müddətinə 15000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Cavabdeh3 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişə əsasən Cavabdeh3 ASC tərəfindən İddiaçı 20 gün ərzində xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcunu ödəmədiyi halda yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 055682 nömrəli qaimədən və xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı məktub göndərilmişdir. Kuryer ünvana getmiş, lakin şəxs imtina etdiyi üçün məktub geri qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-3809 reyestr nömrəli icra qeydindən görünür ki, İddiaçı Cavabdeh3 ASC-nin xeyrinə xeyrinə CC/94853/92/35 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 14834.34 manat pul və 93.61 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 14952.95 manat pul tutulmalıdır. İş materiallarında olan Cavabdeh3 ASC (Bank) İddiaçı (Müştəri) arasında bağlanmış xx.xx.2023-cü il tarixli AL/66015/92/35 nömrəli kredit sazişindən görünür ki, bank müştəriyə illik 25 faizlə, 59 ay müddətinə 1200 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Cavabdeh3 ASC-yə 1069.98 manat əsas, 68.33 manat faiz, 75.31 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan Cavabdeh3 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişə əsasən Cavabdeh3 ASC tərəfindən İddiaçı 20 gün ərzində xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcunu ödəmədiyi halda yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. Bildiriş İddiaçı ünvanına çatmış, xx.xx.2025-ci il tarixdə qaiməni imzalayaraq bildirişi qəbul etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/Ğ1016 nömrəli ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixli 4348/2023 nömrəli kredit müqaviləsinə əsasən X4 xx.xx.2024-cü il tarixə"xxxx" MMC-yə olan əsas borcu 24102,52 manat, faiz borcu 4563,41 manat olmaqla, cəmi borcu 28665,93 manat təşkil edir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər.Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh3 ASC arasında xx.xx.2023-cü il tarixli kredit sazişi bağlanmış, həmin kredit sazişinə əsasən Cavabdeh3 ASC tərəfindən iddiaçıya 15000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun Cavabdeh3 ASC qarşısında borcu yaranmışdır. Cavabdeh3 ASC isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. Hazırda iddiaçı icra qeydində göstərilmiş faiz və cərimə borcunun şişirdilmiş məbləğlərdə müəyyən edildiyini mübahisələndirir və icra qeydinin ləğv edilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. İşdə olan bildirişdən və qaimədən görünür ki, Cavabdeh3 ASC tərəfindən iddiaçının yaşadığı ünvana poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin iddiaçı imtina etdiyi üçün məktub geri qaytarılmışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bildiriş barəsində məlumatlı olmuşdur. Bununla belə yuxarıda qeyd olunan qanunun normasından görünür ki, bildirişin rəsmi qaydada verilməsindən deyil, onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmçinin iddiaçı məhkəmə iclasında hakimin sualına cavab olaraq bildirmişdir ki, bankın icra qeydinin aparılacağı barədə bildirişi ona çatmışdır.Lakin, borclu tərəfindən ona verilmiş müddət ərzində borc öhdəliyi icra edilməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmiş, bildiriş iddiaçıya çatdırılmışdır. İddiaçı hazırda icra qeydində göstərilmiş faiz və cərimə borcunu mübahisələndirməsinə baxmayaraq bildiriş ona çatdıqdan sonra etirazını təqdim etməmişdir. Həmçinin, kredit müqaviləsinin bitmə müddəti xx.xx.2028-ci il olduğundan isə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddəti də ötürülməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin iş üzrə 26 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə-mühasibat ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə, Bakı Şəhəri 42 saylı Notariat Ofisinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə 26 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə-mühasibat ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar