Məhkəmə qərarları › İş №2(004)-3422/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3422/2021

05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3422/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İş materialları ilə müəyyən edilir ki, iddiaçının tələbi cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi ilə əlaqədardır. Göründüyü kimi iddia ərizəsi inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən İnzibati və ya cinayət məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Beləliklə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsi hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır.Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikas Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmə baxılmasına yol verilmir. Məhkəmə qeyd edir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərinin tənzimləyir: xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəsdilər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra Hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüququ şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiış inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə hesab edir ki, cavabdehlər inzibati orqan olduğu üçün iddiaçının tələbinə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizənin qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq tələb üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli İş № 2(004)-3422/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Bakı şəhəri 05 may 2021-ci il Hakim Məmmədli Orxan Qədir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 14:30-da başladı. Hakim ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq, qərardad qəbul etdi. Prosessual hərəkət saat 14:35-də qurtardı. Protokol 05 may 2021-ci il tarixdə tərtib olundu. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar