Məhkəmə qərarları › İş №2(004)-3442/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3442/2020

03.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3442/2020 03.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Polad qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ödədiyi 1.500 manat behin iki qat olmaqla 3.000 manat pulun, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat kompensasiya, vəkilə ödədiyi 150 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.180 manat pulun Cavabdeh tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etdi və izahatında bildirdi ki, o, sinif yoldaşı X1 vasitəsilə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh ondan 2019-cu ilin aprel ayında 1.500 manat borc alaraq başqa şəxsə olan borcunu qaytarmışdır. Onun həmin vaxt Kamilə verməyə pulu olmadığına görə özünə məxsus olan qızıllarını lombarda qoyaraq 1.500 manat pul götürmüş və Kamilə borc vermişdir. Hər ay lombarda 84 manat ödəniş etməklə, xx.xx.2020-ci ilə kimi borcunu ödəmiş və qızıllarını lombarddan geri götürmüşdür. Cavabdeh ondan aldığı 1.500 manat borcu qaytarmağa pulu olmadığına görə, Maştağa qəsəbəsində olan 6 sot torpaq sahəsini ona satmağa və ondan aldığı 1.500 manat borcu beh ödənişi kimi qəbul etməyə razılaşmışdır. Bu barədə xx.xx.2019-cu il tarixdə qəbz yazaraq ona vermiş və 2019-cu ilin may ayının sonuna kimi torpaq sahəsini onun adına sənədləşdirməyi öhdəsinə götürmüşdür. Lakin sonradan cavabdeh vədinə əməl etməmiş və ondan aldığı borcu qaytarmamış, nə də ki, torpaq sahəsini onun adına sənədləşdirməmişdir. Bu səbəbdən ödədiyi 1.500 manat behin ikiqat qaytarılmasını, vəkilə ödədityi vəsaitin və dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Polad qızı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, onun tanışı Əliyeva Arzunun icra sənədi üzrə 1.500 manat borcu olmuşdur. Arzu Əliyeva icra məmurunun yanına getməkdən çəkindiyinə görə, o, 1.500 manatı Arzu Əliyevadan almış və 750 manatını icra məmuruna vermiş, qalan 750 manatını isə İddiaçı birlikdə yaşadığı sinif yoldaşı X2 götürmüşdür. X3 icra sənədi üzrə borcun ödənilmədiyini öyrənərək, ondan polisə şikayət etmişdir. Bu səbəbdən o, X2 ilə birlikdə İddiaçı yanına gələrək ona 1.500 manat borc veriməsini xahiş etmişlər ki, Arzunun pulunu ödəsinlər və polis onlardan əl çəksin. İddiaçı 2019-cu ilin aprel ayında ona 1.500 manat borcu vermiş və bildirmişdir ki, həmin pulu lombarddan faizi ilə götürüb, vaxtında qaytarmaq lazımdır. O, Aytəndən 1.500 manatı aldıqdan sonra 750 manatı öz adından, 750 manatı isə Akifin adın olmaqla Arzuya qaytarmış və Arzu şikayətini geri götürmüşdür. O, xx.xx.2019-cu il tarixdə birlikdə gedib ona məxsus olan Maştağa qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinə baxmışlar. O, torpaq sahəsini bələdiyyədən 99 illik icarə müqaviləsinə əsasən almışdır. Lakin heç bir sənədləşdirmə aparmamışdır. O, torpaq sahəsini sataraq iddiaçının borcunu qaytarmaq istəmişdir. O, 6 sot torpaq sahəsini 6.000 manata iddiaçıya satmağa razılaşmış, borc kimi aldığı 1.500 manat beh kimi hesablamış və 4.500 manatı isə iddiaçı ona ödəməyi öhdəsinə götürmüşdür. O, bu barədə xx.xx.2019-cu il tarixdə öz xətti ilə qəbz yazaraq iddiaçıya vermişdir. Lakin sonradan sənədləşdirməni həyata keçirməyə vəsaiti olmadığına və iddiaçı torpaq sahəsinin sənədləşdirilməsi üçün əlavə vəsait vermədiyinə görə, torpağı iddiaçının adına sənədləşdirə bilməmişdir. O, torpaq sahəsinin bələdiyyə torpağı olduğunu və sənədinin olmadığını əvvəlcədən iddiaçıya bildirmişdi. Beh qəbzində götərilən məbləğ əslində beh deyil, borcdur. Həmin borcdan 2019-cu ilin iyun, iyul ayları ərzində Akifin vasitəsilə lombarda olan borcu ödəmək üçün 320 manat qaytarmışdır. Qalan 1.180 manat vəsaiti isə iddiaçıya qaytarmaqdan imtina etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilin işin həqiqi halları ilə təsdiq edilir ki, İddiaçı sinif yoldaşı X1 vasitəsilə tanıdığı Cavabdeh 2019-cu ilin aprel ayında 1.500 manat borc vermişdir ki, sonuncu Arzu Əliyevadan aldığı 1.500 manat vəsaiti qaytara bilsin. İddiaçı həmin vaxt pulu olmadığı üçün özünə məxsus olan qızıllarını lombarda qoyaraq 1.500 manat pul götürmüş və Kamilə borc vermişdir. Hər ay lombarda 84 manat ödəniş etməklə, xx.xx.2020-ci ilə kimi borcunu ödəmiş və qızıllarını lombarddan geri götürmüşdür. Cavabdeh İddiaçı aldığı 1.500 manat borcu qaytarmağa pulu olmadığına görə, Maştağa qəsəbəsində olan 6 sot torpaq sahəsini İddiaçı satmağa və ondan aldığı 1.500 manat borcu beh ödənişi kimi qəbul etməyə razılaşmışdır. Cavabdeh bu barədə xx.xx.2019-cu il tarixdə qəbz yazaraq “xxxxxxxxxxxx” MMC-yə məxsus möhürünü vurmaqla İddiaçı vermiş və 2019-cu ilin may ayının sonuna kimi torpaq sahəsini onun adına sənədləşdirməyi öhdəsinə götürmüşdür. Cavabdeh izahatında iddiaçıdan 1.500 manat borc aldığını etiraf edir, həmin borcu qaytara bilməıdiyinə görə özünə məxsus olan Maştağa qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinə iddiaçıya satmağı təklif etdiyini və iddiaçı buna razı olduğunu bildirmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixli qəbz yazmışdır. Cavabdeh torpaq sahəsini bələdiyyədən 99 illik icarə müqaviləsinə əsasən aldığını iddia etsə də, torpaq sahəsinə dair hər hansı bir sənədin mövcud olmasına dair yazılı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin cavabdeh aldığı borcun 320 manatını iddiaçıya qaytarmasını qeyd etsə də, buha dair sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı 1.500 manat borcu iddiaçıya vaxtında qaytarmamışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli qəbzdə cavabdehin torpaq sahəsinin satılması üçün iddiaçıdan 1.500 manat beh aldığını qeyd etsə də, əslində heç bir beh verilməmiş, həmin qəbzdə beh kimi verildiyi göstərilən 1.500 manatı cavabdeh iddiaçıdan 2019-cu ilin aprel yında aldığı borc məbləğinin olması öz təsdiqini tapmışdır. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən sadə yazılı formada tərtib edilmiş xx.xx.2019-cu il tarixli iltizamda beh kimi aldığı göstərilən 1.500 manat borc, iddiaçının hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 150 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.680 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Çünki, xx.xx.2019-cu il tarixli iltizamda beh kimi aldığı göstərilən 1.500 manat əslində beh kimi deyil, borc kimi verildiyi subuta yetirildiyinə görə, həmin məblindən beh kimi ikiqat qaytarılmasına əsas yoxdur. Həmçinin iddiaçı ona mənəvi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddia tələbi mənəvi zərərin əvəzi kimi 1.000 manat kompensasiyanın ödənilməsi hissəsində də əsassızdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən sadə yazılı formada tərtib edilmiş xx.xx.2019-cu il tarixli iltizamda beh kimi aldığı göstərilən 1.500 manat borc, iddiaçının hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 150 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.680 (bir min altı yüz səksən) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar