Məhkəmə qərarları › İş №2(004)-3452/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3452/2024

28.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3452/2024 28.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 43 saylı Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 05 saylı Notariat Ofisinə qarşı dövlət reyestrində qeydə alınmış reyestr qeydinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 43 saylı Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 05 saylı Notariat Ofisinə qarşı dövlət reyestrində qeydə alınmış reyestr qeydinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 79 yaşlı, rus millətindən olan, tənha yaşayan, ahıl qocadır, iş üzrə cavabdehlər Cavabdeh2 və X4 qabaqcadan əlbir olub onu aldadaraq onun mülkiyyətində olan, yeganə yaşayış yeri ünvan 1 ünvanında yerləşən mənzilini dələduzluq yolu ilə ələ keçirmişlər. Belə ki, 17 may 2022-ci il tarixdə baş vermiş avtoqəza hadisəsində xəsarət almışdır. Hadisədən dərhal sonra sağlamlıq vəziyyəti ağır olduğu, həmçinin xəstəxanada olduğuna görə köməklik etməsi üçün tanışı Nelya xanıma zəng eləmişdir, o, da öz növbəsində kömək üçün qızı Natalvanı yanına göndərmişdir. Natalya yanına gəldikdə, tanışı, əvvəllər tanımadığı, hazırki iş üzrə Cavabdeh2 ilə birlikdə gəlmişdir. Cavabdeh2 gəldikdən qısa müddət sonra ondan tələb etmişdir ki, ona vəfatına qədər baxacaq, o, isə bunun əvəzində yuxarıda qeyd olunan mənzilini onun mülkiyyətinə keçirtsin. O, buna qəti şəkildə etiraz etmiş, heç bir himayəyə, yardıma ehtiyacı olmadığını, mənzilini kimsəyə vermək fikri olmadığını bildirmişdir. Lakin, bundan sonra Cavabdeh2 mənzilini ələ keçirmək üçün cinayətkar əməllərinin icrasına başlamışdır. Bundan sonra cavabdeh Pərviz Ağaverdiyev ona bildirmişdir ki, avtoqəza zamanı guya o, işıqforun qırmızı işığının tələbini pozduğuna görə hadisə onun təqsiri üzündən baş vermişdir. Buna görə qarşı tərəfə dəymiş maddi ziyana görə 3.400 (üç min dörd yüz) manat məbləğində pul ödəməlidir və bununla bağlı notariusun iştirakı ilə sənəd imzalamalıdır. Qeyd etmişdir ki, avtoqəza hadisəsi vaxtı üzərində 8.400 (səkkiz min dörd yüz) manat pul olmuş, xəstəxanada həmin pullar həmçinin Cavabdeh2 təqdim edilmiş, xəstəxanadan 6.400 (altı min dörd yüz) manat verildiyi, qalan məbləğin itdiyi ona bildirilmiş, Cavabdeh2 də sonuncu göstərilən məbləğdən 3.400 (üç min dörd yüz) manat qarşı tərəfə təqdim etmək adı ilə götürmüşdür. Əlavə olaraq bildirmişdir ki, sonradan ona məlum olmuşdur ki, əksinə, qarşı tərəf vurulmuş zərərə görə ona verilməsi üçün 3.400 manat pulu etibar edib Cavabdeh2 vermiş, sonuncu həmin pulu mənimsəyərək ona verməmişdir. Göstərilənlər hazırki mübahisə predmeti ilə birbaşa əlaqəsi olmasa bu xüsusatların da məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir. Qeyd etdiyi kimi Cavabdeh2 ona məzmunu tam anlamadığı, sadəcə qarşı tərəfə pul verilməsi ilə bağlı olan sənəd imzalamalı olduğunu bildirmiş və evə notarius dəvət etmişdir. Həmin vaxt o, yataq şəraitində xəstə yatırdı, ümumilikdə hadisədən sonra qırx gündən çox yataq şəraitində yatmışdır. Beləliklə, 26 may 2022-ci il tarixdə yaşadığı mənzilə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X6 gəlmiş, həmin vaxt evdə ondan başqa, notarius, Cavabdeh2 və onun tanışı Natalya olmuşdur. Notarius ona sənədi təqdim etmiş, o, da məzmunu ona tam aydın olmayan, mətninin dilini bilmədiyi, barəsində yalnış təsəvvürdə olduğu sənədi imzalamışdır. Sənədi imzalayarkən onun məzmununun yuxarıda göstərdiyi kimi guya qarşı tərəfə vurduğu ziyanla bağlı olduğunu düşünmüşdür, çünki, Cavabdeh2 ona belə təqdim edibdir. Qeyd etmişdir ki, o, azərbaycan dilində bilmir, imzaladığı sənədlə tanış olmamış və notarius sənədin məzmunu, mahiyyəti və tərcüməsi ilə bağlı ona həmin vaxt heç bir söz deməyib, heç bir izah verməyibdir. Sonradan ona məlum olmuşdur ki, notariusun iştirakı ilə imzalanan sənəd əslində etibarnamədir. Həmin 26 may 2022-ci il tarixli AR-İİ № 691455 saylı etibarnamə ilə (iddia ərizəsinə əlavə edilmişdir) o, əvvələr tanımadığı, hazırki iş üzrə digər cavabdeh X1 guya harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri, müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək və digər geniş səlahiyyətləri etibar edir. Bir daha qeyd etmişdir ki, o, Şahin Mehdizadəni həmin vaxtadək, o cümlədən indi də tanımır, heç kimə həmçinin ona əmlakının idarəsi ilə bağlı etibarnamə vermək fikri olmayıbdır. Bundan sonra cavabdeh Şahin Mehdizadə hazırda mübahisə predmeti olan onun evini Bakı şəhəri 5 saylı notriat ofisində 01 iyun 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında (iddia ərizəsinə əlavə edilmişdir) digər Cavabdeh2 guya 50.000 (əlli min) manata satmış, bununla da onun əmlakı dələduzluq yolu ilə özgəninkiləşdirilmişdir. Cavabdehlərin bu hərəkəti onların əmlakını ələ keçirmək məqsədilə birlikdə hərəkət etdiyini göstərir. Əlavə olaraq bildirmişdir ki, 43 saylı notariusdan əvvəl, birinci dəfə evə adını bilmədiyi, başqa notarius gəlmiş və o, ona avtoqəza törədən şəxsə guya vurduğu ziyana görə pul verilməsi ilə bağlı sənəd imzalamalı olduğunu demiş, həmin notarius bunu eşitdikdən sonra dərhal evi tərk etmiş, sonradan 43 saylı notariat ofisindən gəlmişlər. Göstərilən notariusun hərəkəti onun cavabdehlərin saxtakar əməlinin mahiyyətini başa düşdüyü barədə və bu saxtakar hərəkətlərdə iştirak etmək istəməməsi barədə düşünməyə əsas verir. Bu xüsasatı da məhkəmənin diqqətinə çatdırır. Onun etibarnaməni imzalamağı və ümumiyyətlə mənzilinin özgəninkiləşdirilməsi barədə məlumatı 31 iyul 2022-ci il tarixdə olmuşdur. Bu barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də müraciət etmişdir. Bununla bağlı o, cavabdehlər X4 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 43 saylı Notariat Ofisi və Bakı şəhəri 05 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin və etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən cavabdeh X1 verilmiş xx.xx.2022-ci il tarixli, AR-İİ nömrəli, 691455 saylı etibarnamənin və onunla (adından etibarnamə əsasında X4) Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4754/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin olunmuş, onun tərəfindən cavabdeh X1 verilmiş xx.xx.2022-ci il tarixli, AR-1J nömrəli, 691455 saylı etibarnamə və onun (X4) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bu səbəbdən də həmin dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanına dair Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış reyestr qeydinin və çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ortada onun 50000 manat pulu getdi. Əgər iddiaçı onun pulunu qaytarırsa, onda o, çıxarışı verir ona, çıxarış ona lazım deyil. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 5 saylı Notariat Ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri 5 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, Bakı şəhəri 43 saylı Notariat Ofisinin nümayəndəsi isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4754/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən cavabdeh X1 verilmiş xx.xx.2022-ci il tarixli, AR-İİ nömrəli, 691455 saylı etibarnamə və İddiaçı (X4) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3581/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2(004)-4754/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nərimi rayonu, Mir Cəlal küçəsi, ev 4, 34 saylı mənzil ilkin olaraq X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 43 saylı DNK-nın 2KV-1-61 reyestr nömrəli xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzil X3 adına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-1075 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə sözügedən mənzil X5 adına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 3M-181 reyestr nömrəli xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi haqqında müqaviləsinə əsasən 4Ə-1075 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bakı şəhəri 05 saylı DNK-nın 4Ə-191 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 4, 34 saylı mənzil X5 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı PHŞ tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 4, 34 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı PHŞ tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 4, 34 saylı mənzil Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzil onun xəbəri və istəyi olmadan, cavabdeh tərəfindən mənimsənilmiş və sonuncunun adına DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Çıxarış verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4754/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən cavabdeh X1 verilmiş xx.xx.2022-ci il tarixli, AR-İİ nömrəli, 691455 saylı etibarnamə və İddiaçı (X4) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Alqı-satqı müqaviləsi etibarsız hesab edilsə də, bu müddət ərzində cavabdeh mənzili öz adına qeydiyyata aldırmışdır. Göründüyü kimi mənzilin cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş tərəflər arasındaki alqı-satqı müqaviləsi etibatsız hesab edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi məhkəmə tərəfindən İddiaçı tərəfindən cavabdeh X1 verilmiş xx.xx.2022-ci il tarixli, AR-İİ nömrəli, 691455 saylı etibarnamə və İddiaçı (X4) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Buna görə də, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 280314 saylı, xx.xx.2022-ci il tarixli, **********74- 05101-093044 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi yuxarıda göstərilən qaydada təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 4, 34 nömrəli mənzilə dair aparılmış ********** saylı qeydiyyat nömrəsi və həmin qeydiyyata əsasən Cavabdeh2 adına verilmiş 280314 saylı, xx.xx.2022-ci il tarixli, **********74-05101-093044 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 4, 34 nömrəli mənzilə dair aparılmış ********** saylı qeydiyyat nömrəsi və həmin qeydiyyata əsasən Cavabdeh2 adına verilmiş 280314 saylı, xx.xx.2022-ci il tarixli, **********74-05101-093044 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar