Məhkəmə qərarları › İş №2(004)-3454/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3454/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3454/2021 03.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştiraki ilə, İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilə vurulan zərərin aradan qaldırılması ücün tərəfindən ödənilmiş 5000 manatın, 2425 manat dəbbə pulunun, 150 manat vəkilə ödənilmiş vəsaitin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə aralarında bağlanmış PXA********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinə əsasən sığortalanmış və tərəfindən idarə olunan “Mercedes Benz 240” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 13.12.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “BMW X-5” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Tərəfindən hadisə yerinə DYP-nin və sığorta şirkətinin əməkdaları çağırılmış, hadisənin sxemi çəkilmiş, izahatlar alınmış və qəbul edilmiş qərara əsasən hadisənin təqsirkarı kimi o, AR İXM-nin 327.1 -ci maddəsilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan sonra zərərçəkən X1 avtomobilinə dəymiş zərərin müəyyən edilməsi məqsədilə "xxxx" şirkətində qiymətləndirmə aparılmış və müəyyən edilmişdir ki, hadisə nəticəsində “BMW X-5” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6999,84 manat məbləğində maddi zərər dəymişdir. Qeyd olunan avtomobil "xxxx" şirkətində təmir olunmuşdur. 19.12.2019-cu il tarixdə tərəfindən qeyd olunan avtomobilin təmiri üçün 5000 manat məbləğində ödəniş olmuşdur. Lakin cavabdeh tərəfindən zərərçəkənin avtomobilinə dəymiş zərər 350 manat məbləğində müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. bir günlük dəbbə pulu 5000*01.%=5 manat, cəmi 485 gecikdirilən gün üçün dəbbə pulu isə 485*5= 2425 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə verdiyi izahatında göstərmişdir ki, sığorta təşkilatı sığorta ödənişini ödəməkdən imtina etmir. Sadəcə iddiaçı tərəfindən tələb olunan məbləğ yüksəkdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 13.12.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış, İddiaçı tərəfindən idarə olunan “Mercedes Benz 240” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi “BMW X-5” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, ona maddi ziyan vurmuşdur. İddiaçı AR İXM-nin 327.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. “BMW” markalı avtomobillərinin Azərbaycan Respublikasında rəsimi idxalçısı olan "xxxx" MMC tərəfindən verilmiş 13.12.2019-cu il tarixli qüsur aktına əsasən, hadisə nəticəsində “BMW X-5” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6999,84 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5024 saylı, 24.09.2021-ci il tarixli ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan, olan "xxxx" MMC-nin 13.12.2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən, avtohisssələrin qiymətləri nəzərə alınmaqla, 2018-ci il buraxılışlı “BMW X-5” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5622 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 19.12.2019-cu il tarixdə avtomobilin təmiri üçün 5000 manat məbləğində ödəniş olmuşdur. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi verərkən məhkəmənin hesabına 30 manat dövlət rüsumu ödəmişdir. Mülki qanunvericiliyə görə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbinə əsasən sığorta ödənişi həyata keçirilir. Sığorta tələbi sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub qismən təmin edilməli, cavabdehdən dəymiş zərərə görə 5000 manat sığorta məbləği tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə qeyd edir ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etsə də, hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun 485 gün üçün ödənilməsini tələb etməkdə haqlı olmamışdır. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh sığorta təşkilatı tərəfindən sığorta məbləğinin ödənilməsi 124 gün gecikdirilmişdir. Məhkəmənin gəldiyi qənaətə iddia tələbi həmin hissədə qismən təmin edilərək, 622 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı 150 manat vəkilə ödənilmiş vəsaitin tutulması hissəsində iddia tələbini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə, ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul cavabdehdən tutularaq, Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC-dən 5000 manat məbləğində xərc, 622 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5652 (beş min altı yüz əlli iki) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğində pul cavabdeh Xalq Siğorta” ASC-dən tutularaq, Dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar