Məhkəmə qərarları › İş №2(004)-346/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-346/2023

14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-346/2023 14.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh "X1 Mərkəzi" MMC-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X1 Mərkəzi" MMC-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzil barədə qiymətləndirilmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon 3 saylı Notariat kontorun xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən, iddiaçıdan 30.654 manat tutularaq Maraqlı şəxs ödənilməli, tutma onun mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, mənzilin açıq hərracdan satışından əldə olunmuş məbləğ ipoteka məbləğinin ödənilməsinə yönəldilməlidir. İcra vərəqi üzrə Nəsimi rayon icra şöbəsi icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcra şöbəsinin tələbi əsasında cavabdeh “X1 Mərkəzi” MMC- nin təşkilatçılığı ilə qiymətləndirilmiş və əmlakın real bazar dəyəri 62.000 manat müəyyən edilmişdir. Daha sonra, icra məmurunun xx.xx.2020-ci il tarixli, 17720-148165/19-5-22 saylı hərracın keçirilməsi haqqında sifariş məktubu əsasında əmlakın həmin qiymətlə hərracının keçirilməsi cavabdeh “X1 Mərkəzi" MMC-yə tapşırılmışdır. Hərracın yekun satış protokoluna əsasən xx.xx.2020-ci il tarixində cavabdehin təşkilatçılığı ilə hərrac keçirilmiş və iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzil dəyərindən qat-qat ucuz qiymətdə dəyərləndirilərək 39.525 manata satılmışdır. O, hərracın keçirilməsi barədən məlumatlandırılmamışdır. Bu barədə yalnız tələbkar ona məlumat verdikdən sonra xəbərdar olmuşdur. Hesab edir ki, qiymətləndirmə və hərracın keçirilməsi qanuni həyata keçirilmədiyindən, həm sözügedən qiymətləndirmə rəyi, həm də bu rəydən sonra keçirilmiş hərrac, onların nəticələri etibarsız hesab edilməlidir. Hərraca çıxarılan mənzilin real bazar qiyməti təqribən 90.000 manat təşkil edir. Hansı əsasla mənzilinin faktiki olaraq dəyərindən dəfələrlə ucuz qiymətə hərraca çıxarılması məlum olmadığı kimi ciddi qanun pozuntusudur. Cavabdeh "X1 Mərkəzi" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli, 17770-148165/19-5-22 saylı sifarişi əsasənda açıq hərracda satılmış mübahisəli əmlakın satılmasının “X1 Mərkəzi" MMC-də təşkil edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarına riayyət edilməklə təşkil edilmişdir. Mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X4 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi 2 hissədən ibarətdir: 1) ünvan 1 ünvanda yerləşən mənzilə dair qiymətləndirmə rəyinin etibarsızlığı; 2) Həmin mənzilə dair hərracın yekunlarına dair protokolun etibarsızlığı. İddiaçı ilə 3-cü şəxs arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı 3-cü şəxsdən 30.654 manat (18.000 ABŞ dolları) borc almış, həmin borca görə mübahisəli mənzili ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.3-cü bəndinə görə “İpoteka qoyan”ın və “İpoteka” saxlayanın razılığına əsasən ipotekanın predmetini təşkil edən mübahisəli mənzilin qiyməti 60.000 manat qiymətləndirilmişdir. Nəsimi rayon 3 saylı Notariat kontorunun xx.xx.2019-cu il tarixli 8i-48378 saylı icra qeydinə əsasən həmin tutma ipoteka ilə yüklü edilmiş mübahisəli mənzilə yönəldilmişdir. Mübahisəli mənzilin qiymətləndirilməsi "xxxx" MMC-də aparılmış və xx.xx.2019-cu il tarixə həmin mənzilin bazar dəyəri 62.000 manat müəyyən olunması barədə qiymətləndirmə rəyi verilmişdir. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, 17720 nömrəli məktubu (sifarişi) əsasında “X3 Mərkəzi” MMC-yə iddiaçıya, maraqlı şəxsə, Bakı şəhəri Nəsimi rayon 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinin notariusuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə məlumat verilməklə, hərracın keçirilməsi cavabdehə (“X3 Mərkəzi” MMC-yə) həvalə olunmuşdur. Cavadeh tərəfindən “Market” qəzetinin 33(10725) saylı, 20.11.20-ci il tarixli nəşrində, “lot 20/90” mübahisəli mənzilin 09 dekabr 2020-ci il tarixdə saat 11:00-da 62.000 manata açıq hərracda satışa çıxarılması ilə bağlı elan dərc edilmiş, mübahisəli mənzillə bağlı hərrac baş tutmadığından, təkrarən “Market” qəzetinin 39(10729) saylı, 17.12.20-ci il tarixli nəşrində, “lot 20/90” mübahisəli mənzilin 16 dekabr 2020-ci il tarixdə saat 11:00-da 52.700 manata açıq hərracda satışa çıxarılması ilə bağlı elan dərc edilmiş, mübahisəli mənzil hərracda satılmadığından, “X3 Mərkəzi” MMC-nin 306 nömrəli, xx.xx.2020-ci il tarixli “İpoteka predmetinin alğı-satqısı üçün müqavilə bağlanması” barədə bildirişi əsasında, mübahisəli mənzil tələbkara, iş üzrə Maraqlı şəxs təklif edilmiş, o həmin gün mübahisəli mənzilin qalıq dəyərini ödəməklə həmin mənzili hərracdan almış və Hərrac Mərkəzinin 23 dekabr 2020-ci il tarixli YP 049 saylı protokoluna əsasən hərracın qalibi Maraqlı şəxs olmuş və həmin mənzillə bağlı DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən Çıxarış verilmişdir. İddia ərizəsinin hərrac keçirilərkən iddiaçıya məlumatların verilməməsi ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, iddia ərizəsinə etiraza əlavə edilən “X3 Mərkəzi” MMC tərəfindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı və 3-cü şəxs Maraqlı şəxs ünvanlanmış 225 nömrəli, xx.xx.20120-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11:00-da mübahisəli mənzilin 62.000 manata açıq hərraca çıxarılması və 272 nömrəli, xx.xx.2020-ci il tarixli bildirişdə isə həmin mənzillə bağlı təkrar hərracın xx.xx.2020-ci il tarixdə saat 11:00-da keçirilməsi və həmin mənzilin 52.700 manata satışa çıxarılması göstərilmişdir. Həmin bildirişlər iddiaçıya sürətli poçt vasitəsi ilə göndərilmişdir. Etiraza əlavə edilən xx.xx.2020-ci il tarixli məktub ünvan düzgün olmadığından geri qaytarılmış, xx.xx.2020-ci il tarixli məktub və xx.xx.2020-ci il tarixli məktublar isə mənzildə yaşayan şəxslər tərəfindən qəbul olunmuşdur. Göründüyü kimi, iddiaçının qeyd edilən dəlili də əsassızdır. Eyni zamanda, etiraza əlavə edilən iddiaçı tərəfindən Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən (həmin qətnamə əsasında iddiaçının və onun oğlunun mübahisəli mənzilə istifadə hüquqları itirilməsi, həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət olunmuşdur) verilmiş xx.xx.2021-ci il tarixli apellyasiya şikayətinin surətindən bəlli olur ki, o mübahisəli mənzilin qiymətləndirilməsindən və hərracda maraqlı şəxsə satılmasından məlumatı olmuş, amma müharibədə olan oğluna bu barədə maraqlı şəxs kimi məlumat verilməmişdir. Bu hal bir daha sübut edir ki, iddiaçı hazırkı iş üzrə cavabdeh tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunun tələbinə uyğun məlumatlandırılmışdır. Etiraza əlavə edilən sənədlərin surətindən göründüyü kimi, mübahisəli mənzilin qiymətləndirilməsi aparılarkən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası “Qiymətləndirmə fəaliyyəti haqqında” xx.xx.1998-ci il tarixli 510-İQ saylı Qanunun və bu barədə Beynalxalaq stabdartların tələblərinə riayət edilmişdir. Eyni zamanda mübahisəli mənzil hərracdan satılarkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun və bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8 və 48-ci maddəsinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarında göstərilən bütün tələbləri pozulmamışdır. Ona görə də iddia ərizə təmin oluna bilməz. Yuxarıda şərh olunanlara əsasən, İddiaçı tərəfindən cavabdeh “X3 Mərkəzi” MMC-yə və Maraqlı şəxs qarşı verdiyi ünvan 1 ünvanda yerləşən mənzil barədə qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X4 həmçinin ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı Hərrac Mərkəzinin 23 dekabr 2020-ci il tarixli YP 049 saylı protokoluna əsasən hərracın nəticələrinin, yəni Hərrac Mərkəzi ilə Maraqlı şəxs arasında alqısatqının etibarsızlığını tələb edir. Əqdin etibarsızlığına dair işlər üzrə iddia müddəti isə 1 (bir) ildir. Yəni, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ötürülmüşdür. Ona görə də iddia tələbi rədd olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddia ərizəsinin də məzmunundan göründüyü iddia ərizəsində iki prosesin mübahisələndirilməsindən söhbət gedir: əmlakın qiymətləndirilməsi və əmlaka dair keçirilmiş hərrac. İddiaçının tələbi həmin proseslərin özünün etibarsız hesab edilməsi ilə bağlıdır. İddiaçı hesab edir ki, onun əmlakı düzgün qiymətləndirilməmiş və bazar qiyməti düzgün qoyulmamışdır. İpoteka müqaviləsində qiymət müəyyən edilsə də, hərrac həmin qiymət əsasında həyata keçirilməmişdir. Hərrac üçün ayrıca qiymətləndirmə prosesi keçirilib. Onun məhkəməyə təqdim etdiyi sübutlardan da görünür ki, iddiaçıya məxsus mənzillə oxşar nmənzillərin satış qiyməti 85000-95000 manat arasındadır. İddiaçının mənzilinin müəyyən edilmiş 62000 manat ilkin satış qiyməti isə mənzilin bazar qiymətinə uyğun deyildir və real bazar dəyəri kimi qiymətləndirilə bilmıəz. Bu nöqtəyi nəzərədən hesab edir ki, qiymətləndirilmənin düzgün keçirilməməsi və əmlaka qoyulmuş qiymətin həmin mənzilin real bazar qiymətinin olmaması ilə bağlı məhkəməyə təqdim edilmiş sübutlar iddianı təsdiq edir və iddia bu hissədə təmin edilməlidir. Həmçinin qeyd edir ki, hazırki icra işində “İpoteka haqqında” qanunun 41.2-ci maddəsinin tələbi pozulmuş və ipoteka qoyana hərrac təşkilatının seçilməsi üçün ipoteka saxlayanla qarşılıqlı razılığın əldə edilməsi üçün müraciət edilməmişdir. “İcra haqqında” qanunun 53.2-ci maddəsinin 03 dekabr 2021-ci ilə qədər qədər qüvvədə olan məzmununa görə, borclunun əmlakı AR qanunvericiliyində nəzərdə tutulan qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəsissələr tərəfindən hərrac yolu ilə satılır. İş materiallarına əsasən, “X3 Mərkəzi” MMC-nin əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəsissə olması müəyyən olunmur. “İcra haqqından qanunun qeyd edilən maddəsinin tələbi hazırki işdə pozulmuşdur. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hazırki işdə pozulan məqam kütləvi informasiya vasitələri tələbidir. “Kütləvi informasiya vasitələri haqqında” qanunun 2-ci maddəsində kütləvi informasiya vasitələrinin anlayışı verilir. Göstərilir ki, kütləvi informasiya vasitələri” deyildikdə, dövri mətbuat orqanları: daimi adı, cari nömrəsi olan qəzet, jurnal, toplu, bülleten, azı ildə bir dəfə çıxan başqa nəşrlər, habelə birdəfəlik tirajı yüz nüsxədən çox olan digər mətbuat növləri; radio-televideo proqramlar, kinoxronika proqramları və ya daimi adı ilə azı ildə bir dəfə çıxan (efirə və ya ekrana buraxılan) dövri audio-audkovizual xəbər və materialların (verilişlərin) məcmusu nəzərdə tutulur. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, hərracın keçirilməsi barədə elan “Market” qəzetində, yalnız bir kütləvi informasiya vasitəsində dərc olunub. Beləliklə də, “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələbi pozulub və digər kütləvi informasiya vasitələrində elan yerləşdirilməmişdir. Tərəflərə göndərilən bildirişdə göstərilir ki, tap.az saytında elan dərc olunmuşdurş. Lakin həmin linkə daxil olmaq və elanı görmək mümkün deyildir. Digər pozuntu halı isə qeyd edilən maddənin elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir) tələbinin pozulması ilə bağlıdır. Elan və bildiriş hərracın keçirilməsinə 20 gün qalmış deyil, 18 gün qalmış verilmişdir. Satış protokolundan görünür ki, birinci hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır. “X3 Mərkəzi” MMC “İpoteka haqqında” Qanunun tələbini pozaraq hərracın baş tutmaması barədə elan dərc etdirməmişdir. Həmçinin, “İpoteka haqqında” Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş lutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Bu qanunun 43.4-cü maddəsinə görə ipoteka predimetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Beləliklə təkrar hərrac birinci hərracdan sonra ən tezi 13 gün ərzində keçirilə bilərdi. Yəni təkrar hərrac 22 dekabr 2020-ci il tarixdən sonra keçirilməli idi, lakin 16 dekabr 2020-ci il tarixdə təyin edilmiş və keçirilmişdir. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Təkrar hərracın keçirilməsi ilə bağlı qeyd edilən normanın tələbləri birmənalı olaraq pozulmuşdur. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Qanunda müəyyən edilmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması haqqında ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir. Beləliklə ipoteka saxlayan ipoteka predimetini təkrar hərracdakı satış qiymətindən 25 % aşağı olmayan qiymətlə ala bilməsi ümün təkrar hərrac da baş tutmamış elan edilməlidir. Lakin, iş materiallarından görünür ki, nə ilkin nə də təkrar hərracın baş tutmaması barədə qanunvericiliyin tələbinə əməl edilməmişdir. Nə ipoteka haqqında qanunda, nə də icra haqqında qanunda hərracdan satılmamış əmlakın tələbkara təklif edilməsi hüququnun hərrac təşkilatına məxsus olması müəyyən edilmir. Bu barədə icra məmuru müvafiq qərar qəbul etməlidir. Yuxarıda qeyd etdiyi hərracın keçirilməsi ilə bağlı normaların pozulması hərracın qanunsuz hesab edilməsi üçün hüquqi əsaslar yaradır. Ona görə də hesab edir ki, hərrac qanunvericiliyin tələbini pozulması ilə keçirildiyindən qanunsuz hesab edilməli və qanunsuz hesab edilən hərracın nəticəsi olaraq bağlanmış müqavilə də qanunsuz hesab edilməlidir. İddia müddətinin tətbiq olunması ilə bağlı qeyd edir ki, iddia ərizəsininin məzmunundan göründüyü kimi, mübahisələndirilən proses hərracın özüdür. Protokolun etibarsızlığı isə etibarsız hesab edilən hərracın nəticəsidir. Hərracla bağlı iddia müddəti isə 1 illik iddia müddətinə tabe deyildir. Həmçinin qiymətləndirmənin etibarsızlığı tələbinə 1 illik iddia müddəti tətbiq edilmir. Bundan başqa, iddiaçının tələbi mülkiyyətçinin hüquqlarının müdafiəsi bağlı olduğundan iddia müddəti tətbiq edilmir. Həmçinin, məhkəmə tərəfindən mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilə bilər. Mübahisə tərəfi isə iddiaçı və cavabdehdir. Üçüncü şəxsin iddia müddəti tətbiq edilməsi barədə ərizə vermək hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X4 izahatının iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun olduğunu bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının iddia ilə bağlı dəlilləri formal xarakter daşıyır. Cavabdeh tərəfindən hərrac qanunvericiliyə uyğun keçirilmişdir. Həmçinin qiymətləndirmə düzgün şəkildə aparılmışdır. Qiymətləndirmə 2019-cu ildə keçirilmiş, qarşı tərəf isə iddiasını 2022-ci ilə aid dəlillərlə əsaslandırır. Təmsil etdiyi şəxs üçüncü kimi iştirak etsə də, əmlak onun mülkiyyətdindədir, iddianın təmin edilməsi onun mənafeyinə ciddi şəkildə toxunur. Ona görə də onun iddia müddətinin tətbiqi barədə ərizə vermək hüququ vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4013/2021 saylı xx.xx.2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin məzmunundan da görünür ki, iddiaçıya mənzilin hərracdan satılması və qiymətləndirmənin aparılması məlumdur. O, vaxtında iddia ərizəsi verə bilərdi. Ona görə də hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizə əslıdır və təmin edilməlidir. Cavabdeh "X1 Mərkəzi" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxararaq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqavailəsinin surətindən görünür ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzili 528 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predimetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka salayan”-ın razılığına əsasən 60000 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli QXM/2562 nömrəli qiymətləndirmə barədə ekspert rəyindən görünür ki, İddiaçıa məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzilin bazar dəyəri 62000 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 17720-148165/19-5-22 nömrəli məktubundan görünür ki, Nəsimi rayon 3 saylı Notariat kontorunun xx.xx.2019-cu il tarixli 8i-48378 saylı icra qeydinə əsasən tutma yönəldilməli olan borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41,4 kv.m olan mənzilin satışının təşkil edilməsi "X1 Mərkəzi" MMC-yə sifariş edilmişdir. İş materiallarında olan "X1 Mərkəzi" MMC-nin açıq hərracın keçirilməsinə dair 20 noyabr 2020-ci il tarixli 225 nömrəli bildirişin surətindən görünür ki, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzilə dair ilkin hərracın keçirilməsi 09 dekabr 2020ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan 025364 nömrəli qaimənin surətindən görünür ki, İddiaçı keçiriləcək ilkin hərracın vaxtı və yeri barədə göndərilmiş bildiriş xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan “Market ” qəzetinin xx.xx.2020-xx.xx.2020-ci il tarixli buraxılışının surətindən görünür ki, ilkin satış qiyməti 62000 manat olan Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzilə dair açıq hərracın keçirilməsinin 09 dekabr 2020-ci il tarixə, saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan "X1 Mərkəzi" MMC-nin açıq hərracın keçirilməsinə dair 11 dekabr 2021-ci il tarixli 272 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzilin satış qiyməti 52700 manat müəyyən edilməklə təkrar hərracın keçirilməsi 16 dekabr 2020-ci il tarixə saati 11:00-a təyin edilmişdir. İş materiallarında olan 025653 və 025651 nömrəli qaimələrin surətindən görünür ki, İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə bildirişi xx.xx.2020-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan “Market ” qəzetinin xx.xx.2020-xx.xx.2020-ci il tarixli buraxılışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzilə dair keçirilən ilkin hərracın baş tutmaması və təkrar hərracın 16 dekabr 2020-ci il tarixə saati 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan "X1 Mərkəzi" MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 23 dekabr 2020-ci il tarixli protokolundan müəyyən edilir ki, rayon 3 saylı Notariat kontorunun xx.xx.2019-cu il tarixli 8i-48378 saylı icra qeydi əsasında İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzilin ilkin satış qiyməti 62000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 62000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 39525 manat müəyyən edilmişdir. Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Maraqlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzili 39525 manata almışdır. “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə əsasən ipotekasaxlayan Maraqlı şəxs tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. “İcra haqqında” Qanunun 51.1- ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Nəsimi rayon 3 saylı Notariat kontorunun xx.xx.2019-cu il tarixli 8i-48378 saylı icra qeydinə əsasən tutma yönəldilməli olan ipoteka borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41,4 kv.m olan mənzilin satışının təşkil edilməsi "X1 Mərkəzi" MMC-yə sifariş edilmişdir. "X1 Mərkəzi" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzilə dair hərracın keçirilməsi 09 dekabr 2020-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. “Market” qəzetinin xx.xx.2020-xx.xx.2020-ci il tarixli buraxılışında bununla bağlı müvafiq elan dərc edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzilin satış qiyməti 52700 manat müəyyən edilməklə təkrar hərracın keçirilməsi 16 dekabr 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. “Market” qəzetinin xx.xx.2020-xx.xx.2020-ci il tarixli buraxılışında Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzilə dair keçirilən ilkin hərracın baş tutmaması və təkrar hərracın təyin edilməsi barədə elan dərc edilmişdir. İddiaçı keçiriləcək ilkin hərracın vaxtı və yeri barədə xx.xx.2020-ci il tarixdə nümayəndəsi vasitəsilə, təkrar hərracın vaxtı və yeri barədə xx.xx.2020-ci il tarixdə şəxsən məlumatlandırılmışdır. "X1 Mərkəzi" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzilin təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətə, yəni 39525 manat qiymətə tələbkar Maraqlı şəxs təklif edilmiş və qeyd edilən qiymətə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Maraqlı şəxs tərəfindən müvafiq əmlak əldə edilmişdir. Bununla bağlı, "X1 Mərkəzi" MMC-nin “İpoteka predimetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 23 dekabr 2020-ci il tarixli protokolu tərtib edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı iddia ərizəsində hərracın keçirilməsi barədə ona məlumat verilməməsini, bu barədə tələbkar tərəfindən ona məlumat verildikdən sonra xəbərdar olduöunu qeyd etsə də, iş materiallarında olan sənədlərdlə həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi, həmçinin hər iki hərracın keçirilməsi barədə iddiaçıya ünvanlanmış bildirişin ona təqdim edilməsi təsdiq edilir. Həmçinin, iş materiallarına əsasən təsdiq edilir ki, mənzi ilkin satış qiyməti 62000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 62000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 39525 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Maraqlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzili 39525 manata almışdır. Odur ki, "X1 Mərkəzi" MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Məhkəmə həmçinin iddia tələbinin qiymətləndirilmə rəyinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, qiymətləndirilmə aparılarkən qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında iddiaçı qiymətləndirilmə barədə rəyinin etibarsız hesab olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.) Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Qanunun qeyd edilən tələblərindən görünür ki, qiymətləndirmənin nəticələri haqqında rəy Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir. Həmin “Qaydalar”ın 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli QXM/2562 nömrəli saylı əmlakın qiymətləndirilməsi barədə rəyindən görünür ki, qiymətləndirici tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət olunmuş, onun tələblərinə müvafiq əsaslandırılma aparılaraq mübahisəli obyektin qiyməti təyin edilmişdir. Bundan başqa, qiymətləndirilmə barədə rəy ipoteka müqaviləsinin bağlanmasından bir il sonra keçirilmiş, mənzilin rəydə göstərilən dəyəri ipoteka müqaviləsində tərəflərin razılığı ilə müəyyən edilmiş qiymətə uyğun olmuşdur. İddiaçının mübahisə predmeti olan mənzillə oxşar mənzillərə dair təqdimiş qiymətlər isə, qiymətləndirmə rəyinin tərtib edildiyi tarixdən üç il sonraya aid qiymətləri əks etdirir. Həmçinin, məhkəmə iddia tələbi əsassız olduğundan və bu səbəbdən iddianın rədd edilməli olması qənaətinə gəlindiyindən, prosessuaı qənaət prinsipinə əsasən, mübahisə prdemeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "X1 Mərkəzi" MMC-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "X1 Mərkəzi" MMC-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar