Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3526/2025 10.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 11.000 manat xidmət haqqı ödənişinin, 15.000 manat mənəvi zərərin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 168 manat dövlət rüsumunun, ümumilikdə 26.168 manat pul vəsaitinin cavabdeh “Azeronline LTD" Birgə Müəssisəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2022-ci il 1 dekabr tarixdən etibarən “Azeronline LTD’’ Birgə Müəssisəsi ilə razılıq əldə edərək həmin müəssisədə telekommunikasiya xidmətləri üzrə texnik kimi çalışmağa başlamışdır. İşi isə modern avadanlıqlarını cavabdehdən alıb Qazax rayonu üzrə rayon və kənd ərazisi üzrə çəkilməsindən ibarət olmuş, internet xəttinin çəkilməsi üzrə hər evdən ona 10,0 manat və ya 10,50 manat xidmət haqqı verilmişdir. Bir müddət ödənişin verilməsi bu formada davam etmiş, daha sonra ona məlum olmuşdur ki, Cavabdeh onu xidmət müqaviləsi bağlaması ilə əlaqədar aldadaraq işlətmiş, müqavilə tərəfindən imzalanmamış, yalnız formal xarakter daşımış və nəticədə isə əməyindən istifadə etmişdir. Sonda isə müəyyən bir bəhanəylə onu qovmuş və toplanmış aylıq ödənişlərini etməmişdir. AR ƏƏSMN yanında X3 Bakı Şəhər İdarəsindən ünvanlanmış məktubdan da görünür ki, imzaları və möhür olmadığından 01 dekabr 2022-ci il tarixli müəssisəyə məxsus telekommunikasiya xidmətləri göstərilməsi üzrə xidmət müqaviləsinin heç bir hüquqi qüvvəsi olmadığı müəyyən edilmişdir. 2022-ci il tarixdən etibarən müqavilə üzrə öhdəliyini layiqincə və vaxtıvaxtında icra etmişdir. Rayon və kənd əhalisindən hər hansı bir şikayət, irad və s. daxil olmamışdır. İşə başladıqdan bir müddət sonra cavabdeh ona iş çox olduğuna görə texnik köməkçisi kimi kiminsə yanında çalışa biləcəyini demiş, o da bundan sonra həmkəndlisi X2 öz xahişi ilə yanında işə götürmüşdür. Yanında işə başladıqdan sonra ona dəfələrlə bildirmişdir ki, abonentlərdən işlədiyinə görə əlavə haqq almasın, ona gündəlik işləməsinə görə haqq verəcəkdir, belə şeylərə şirkət tərəfindən yol verilmir. Bundan sonra Qazax rayonu və kəndlərində abonent sayı çoxaldığı üçün işlər çoxalmışdır. Kamran ona bu zaman bildirmişdir ki, ona əlavə material versin qrup yaratsın və işləri daha sürətlə görsünlər. Bir müddət sonra bölgə müdiri Vüsal Ramazanov ona bildirmişdir ki, abonentlərdən əlavə pul alır, o nə qədər həqiqəti diqqətlərinə çatdırsa da, ona inanmamışlar. Daha sonra araşdırdıqdan sonra məlum olmuşdur ki, Kamran Abdullayevdan kənd əhalisindən əlavə pul almış, bu səbəbdən verdiyi materialları ondan təhvil alıb yanından qovmuşdur. Bundan sonra cavabdeh ona bildirmişdir ki, qeyd edilən hallara görə onunla olan müqavilə ləğv olunmalıdır. Aradan bir müddət keçdikdən sonra öyrənmişdir ki, bölgə müdiri V.Ramazanov sonra Kamran adlı həmin şəxslə rəsmi müqavilə bağlayaraq hal-hazırda da birlikdə çalışırlar. Belə görünür ki, ikisi ona oyun edib onun işdən çıxmağını razılaşdırıblar, hətta onda olan modemlərin miqdarını da az göstərməklə haqqına düşən məbləği verməkdən yayınırlar. Digər tərəfdən də Kamran adlı şəxsin abonentlərdən artıq aldığı 750 manat vəsaiti gündəlik onlara verilən məbləğə vuraraq ona 7500 manat borc hesablayırlar. Bildirirlər ki, ona verməli olduqları məbləğdən 7500 də çıxacaqlar, buradan da ziyana səbəb olan şəxslə rəsmi müqavilə bağlayırlar. Bu da etdikləri qanunsuzluqların bariz nümunəsidir. Belə ki, cavabdeh tərəfindən ona haqsız yerə xidmət ödənişi verilməmiş və həmin ödəniş bugün 11.000 manat təşkil edir. Bildirdikləri də tam yalandır, o həmişə vicdanla çalışmış, onda ancaq 197 modern var, haqqına düşən xidmət ödənişi verilərsə, qaytaracaqdır. Sadəcə ona qarşı yenə qanunsuzluqlar edərlər, ödənişini verməzlər deyə qaytara bilmir. İndi isə AR-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış məktuba cavab olaraq cavabdeh yalandan bildirir ki, qarşılıqlı razılıq əsasında aralarında olan müqavilə münasibətlərinə xitam verilmişdir, həmçinin ona ONT tipli modern routerlər təhvil verilmiş, onların 228 ədədi istifadə edilməmiş və tərəfindən qanunsuz saxlanılmaqdadır. Qeyd edir ki, bildirdikləri tam yalandır, onda cəmi 197 ONT tipli modern routerlər var. Tərəflərindən yekun xidmət haqqının ödənişindən imtina edilmədiyi bildirilsə də, yalan vədlərinə inanmır, qaldığı ədalətsiz, qanunsuz və hüquqsuz hərəkətlərindən sonra həmin avadanlıqları təhvil verməmişdir. Ona qarşılaşdığı bu qanunsuzluqla bağlı nəinki 11 000 maddi ziyan, həm bu 3 illik müddət ərzində yaşadığı sarsıntıya, şər və böhtanlara görə mənəvi ziyan da ödənilməlidir. O, AR-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdikdən sonra Nazirliyin 2 nəfər əməkdaşı gəlib yoxlama aparmış və məlum oldu ki, o haqlıdır və göstərdiyi xidmətdən heç kim narazı deyildir. Lakin həmin sənədlər cavabdehdə saxlanılır və ona verilmir. Onu hədələyirlər ki, modernləri qaytarmasa, onu hüquq-mühafizə orqanlarına şikayət edəcəklər. Yazdığı müraciətlər müvafiq olaraq cavabdehə ünvanlandıqda isə ona şər ataraq fəaliyyətində nöqsanlara yol verdiyi, haqlı narazılıqların olduğunu qeyd etsələr də, kənd sakinlərindən təhvil alınmış akt sübut edir ki, dedikləri tam yalandır, bildikləri iddialar heç ağlabatan və məntiqli deyildir. 11 iyul 2023-cü il tarixli, 004478 nömrəli, 05 iyul 2023-cü il tarixli, 004442 nömrəli, 20 fevral 2023-cü il tarixli, 002188 nömrəli, 27 dekabr 2022-ci il tarixli, 002120 nömrəli, 22 iyun 2023-cü il tarixli, 004393 nömrəli, 11 iyul 2023-cü il tarixli, 004483 nömrəli, 22 may 2023-cü il tarixli, 004122 nömrəli, 08 iyun 2023-cü il tarixli, 004233 nömrəli, 01 may 2023-cü il tarixli, 003856 nömrəli, 02 mart 2023-cü il tarixli, 003010 nömrəli, 13 mart 2023-cü il tarixli 003220 nömrəli, 03 aprel 2023-cü il tarixli, 003353 nömrəli, 11 yanvar 2023-cü il tarixli, 002335 nömrəli, 11 iyul 2023-cü il tarixli, 004483 nömrəli, 09 fevral 2023-cü il tarixli, 002161 nömrəli, 11 yanvar 2023-cü il tarixli, 002335 nömrəli, 25 yanvar 2023-cü il tarixli, 001592 nömrəli, 23 dekabr 2022-ci il tarixi, 002283 nömrəli, 09 dekabr 2022-ci il tarixli, 001323 nömrəli, 24 iyul 2023-cü il tarixli, 004752 nömrəli, 11 iyul 2023-cü il tarixli 004478 nömrəli Cavabdeh (VÖEN: **********) tərəfindən X1 Qaimə-Fakturasının surətlərindən görünür ki, ona müxtəlif vaxtlarda modern avadanlıqları təhvil alınmışdır (Balaxanı anbarından Ağstafa rayon anbarına). Həmçinin 01 fevral 2023-cü il tarixli, 05 yanvar 2023-cü il tarixli, 01 may 2023-cü il tarixli, 01 mart 2023-cü il tarixli, 01 sentyabr 2023-cü il, 03 iyul 2023-cü il tarixli, 03 aprel 2023-cü il tarixli, 01 avqust 2023-cü il tarixli aktların surətindən görünür ki, tərəfindən götürülmüş öhdəliklər icra edilərək FTT bağlantısı ilə əlaqədar tələb olunan xidmət göstərilmişdir. 26 aprel 2024-cü il tarixli Qazax rayon, Kosalar kənd sakinləri, 26 aprel 2024-cü il tarixli Qazax rayonu, Alpoud kənd sakinləri, 26 aprel 2024-cü il tarixli Qazax rayon Abbasbəyli kənd sakinləri, 26 aprel 2024-cü il tarixli Qazax rayon Fərəhli kənd sakinləri, 26 aprel 2024-cü il tarixli Qazax rayon Ağköynək kənd sakinləri tərəfindən tərtib edilmiş aktlardan görünür ki, Azeronline internet xətti çəkmək üçün Azeronline şirkətinə sifarişi ilə gəlmiş və həmin şirkətin Qazax rayon üzrə texniki olaraq tərəfindən həmin evlərə internet xətti çəkilmiş və çəkilmiş xətlə bağlı kənd sakinlərinin heç bir şikayətlərinin olmadığı qeyd edilmişdir. Tərəfindən qarşılaşdığı ədalətsizliklə bağlı AR-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, AR ƏƏSMN yanında X3 Bakı Şəhər İdarəsinə, AR Dövlət Təhlükəsizliyi Xidmətinə, AR İnsan Hüquqları üzrə Müvəkkilinə, AR Baş Prokrurluğuna müraciət edilmişdir və müvafiq cavab məktublarından da məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bununla yanaşı, Qazax rayonu, həmçinin yaşadığı Ağköynək kəndində əksəriyyət əhali onu tanıyır, cavabdeh tərəfindən ona qarşı törədilən bu qanunsuz hərəkət nəticəsində işlədiyi müəssisədə və yaşadığı kənddə gözdən salınaraq mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Cavabdehin qanunsuz əməlləri onun peşəkar bacarıqlarına dair inamını dərindən sarsmış, özünü dəyərsiz hiss etməyinə gətirib çıxartmışdır. Eləcə də, insult xəstəsi xəstə yaşlı anası var (sənədlər qoşmaya əlavə edilib), onun da qayğısına qalmalıdır. Bir oğul kimi maddi çətinliklər içərisində ananın qarşısında zəif və çarəsiz hiss edir və onun səhhəti barəsində qeyri-müəyyənliklər içərisindədir. Yeganə gəlir mənbəyi həmin iş yeridir, işləmədiyi müddət ərzində heç bir yerdən maddi gəliri olmadığı üçün maddi vəziyyəti olduqca çətinləşmişdir. Yeganə gəlir yerini itirməyi onun və anasının məişət vəziyyətini pisləşdirmiş və hüquqlarını zədələnmişdir. Cavabdeh elektron kabinet vasitəsilə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə (bundan sonra - Müəssisə adlanacaq) qarşı maddi və mənəvi zərərin tələb edilməsi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir, 2(004)-3526/2025 nömrəli iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində icraata qəbul edilmişdir. Bildirirlər ki, fərdi sahibkar İddiaçı ilə Müəssisə arasında 2022-ci il 01 dekabr tarixli xidmət göstərilməsinə dair müqavilə (bundan sonra - müqavilə adlanacaq) imzalanmışdır. Məhkəmənin diqqətinə çatdırırlar ki, müqavilənin preambulasında tərəf olaraq İddiaçı adının qarşısında “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkar” qeyd edilmişdir, tərəflərin rekvizitləri hissəsində İddiaçı ********** nömrəli VÖEN-i qeyd edilmişdir. Müqaviləyə əsasən, İddiaçı fərdi sahibkar olaraq müəssisənin abunəçilərinə təqdim etdiyi internet və əlaqəli xidmətlərin təşkili üzrə texniki və digər əlaqəli xidmətləri göstərməli, Müəssisə isə bu xidmətlərin dəyərini ödəməlidir. İddiaçı tələbi Müəssisə ilə onun arasında imzalanmış müqavilədən irəli gələn mübahisədir və həmin mübahisə mahiyyət etibarilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək, mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunduğundan baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli xidmət göstərilməsinə dair müqaviləyə əsasən bir tərəfdən Cavabdeh BM, digər tərəfdən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkar İddiaçı arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetini müxtəlif texnologiyalar əsasında “sifarışçi”nin abunəçilərinə təqdim etdiyi internet və əlaqəli xidmətlərin təşkili üzrə “İcraçı” tərəfindən “Sifarişçi”yə texniki və digər əlaqəli xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi təşkil edir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən İddiaçı fərdi sahibkar kimi vergi orqanında uçota alınmışdır (VÖEN **********), fəaliyyət istiqaməti- simsiz telekommunikasiya fəaliyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarın 28-ci bəndinə əsasən fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Beləliklə, məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-3526/2025 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-3526/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3526/2025
10.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver