Məhkəmə qərarları › İş №2(004)-3533/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3533/2020

30.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3533/2020 30.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı, İddiaçı Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən 2500 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu ildə "Cavabdeh2" MMC-nin əməkdaşı Samirə Zeynalovaya 1800 manat pul vermişdir. Samirə Zeynalova ona bir ay müddətinə onun üçün Polşaya viza alıb, aylıq 1000 manat maaş müqabilində işlə təmin edəcəyini bildirmişdir. Amma nəinki bir aya viza ala, yalnız 3 aydan sonra səfirliyə girmişdir. Bu müddət ərzində işi uzatdığına görə zənglərinə və yazılarına cavab vermirdi. Məcbur olub saatlarla ofisin qabağında gözləməli olurmuş. Hər dəfə yanına gedəndə prosesi saxlamaq istəyəndə iddiaçıya yalan vədlər verir, gah səfirlikdə növbə götürmək mümkün olmadığını bildirirdi. O, elə bilirdi ki, belə olan halda müqavilədə göstərilən vizadan imtina zamanı itirilən 200 avro məbləğində pulu batmayacaq və onun pulu bütünlükdə ona qaytarılacaq. Lakin o viza ala bilməmişdir.O, polisə və digər orqanlara müraciət etmişdir. Bu müddət ərzində borc sahibləri tez-tez ona zəng edir, evinə gəlirdilər. Evdə yaşlı anası və atası Samirə Zeynalovanın ucbatından narahatçılıq yaşayır və söh-söhbət yaranırdı. Yaşadığı stress və narahatçılıqlardan sonra pulun bir hissəsini karantin zamanı olduğu üçün taksi ilə gedib götürmüşdür. Samirə Zeynalova çox insanların, hətta xarici vətəndaşın 14700 ABŞ dollarını mənimsəyib. Samirə Zeynalova yalan danışıb, etibarından sui istifadə edib ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdehlə bir ay ərzində viza alıb onu işlə təmin etməsi barədə razılıq əldə etmiş və bunun üçün ona 1800 manat pul ödəmişdir. Lakin bu müddət iki-üç ay uzandı. O, cavabdeh iş alınmadığı təqdirdə 1800 manat pulu mart ayının 11-ə kimi qaytarmalı olduğu halda qaytarmamışdır. Cavabdeh ona 1400 manat pul qaytarmışdır. O, polisə müraciət etmiş, cinayət işinin başlanması rədd edilmişdir. O, polisə müraciət etdiyindən cavabdeh ona pulu ödəməyəcəyini bildirmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən iddiaçının izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, müqavilə üzrə icraçı 1-15 gün ərzində vətəndaşı Polşa Miqrasiya Xidmətindən işə qəbul haqqında sənədlə təmin etməyi, həmin sənəd hazır olduqdan sonra 7 iş günü ərzində sifarişçi üçün vizaya sənədləri toplamağı, viza aldıqdan sonra sifarişçini iş yerində işlə təmin etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən viza alınmadığı halda icraçı 14 iş günü ərzində ödənilən məbləği (200 AVRO istisna olmaqla) qaytarmalıdır. İş materillarında olan Səbail RPİ İstintaq şöbəsinin müstəntiqi Ramil Lətiflinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, əməlin cinayət tərkibi olmadığı üçün Zeynalova Samirə haqqında cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə müqavilə üzrə icraçı 1-15 gün ərzində iddiaçını Polşa Miqrasiya Xidmətindən işə qəbul haqqında sənədlə təmin etməyi, həmin sənəd hazır olduqdan sonra 7 iş günü ərzində sifarişçi üçün vizaya sənədləri toplamağı, viza aldıqdan sonra sifarişçini iş yerində işlə təmin etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən viza alınmadığı halda icraçı 14 iş günü ərzində ödənilən məbləği (200 AVRO istisna olmaqla) qaytarmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının izahatından göründüyü kimi, cavabdeh ona 1400 manat məbləğində pulu geri qaytarmışdır. Yəni müqavilədə qeyd edildiyi kimi viza alınmadığı halda 200 Avro istisna olmaqla qalan 1400 manat pul geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar