Məhkəmə qərarları › İş №2(004)-3533/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3533/2025

13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3533/2025 13.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1nə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən 40.000 (qırx min) manat maddi zərərə görə, 20.000 (iyirmi min) manat mənəvi zərərə görə olmaqla, cəmi 60.000 (altmış min) manat pulun, həmçinin iddia ilə əlaqədar ödədikləri 270 (iki yüz yetmiş) manat dövlət rüsumunun tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh şirkətin rəsmi sürücüsü Cavabdeh3 AR CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edimiş, ona həmin maddə ilə ittiham verilmişdir. Ondan ötrü ki, o, "Yango" şirkətinin sürücüsü kimi həmin şirkətə məxsus, etibarnamə ilə idarə etdiyi "X25" markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə işlədiyi şirkətdən aldığı sifarişlər əsasında müştəriləri gedəcəkləri ünvana aparmaqla məşğul olarkən xx.xx.2023-cü il tarixdə, saat 21.35 radələrində Sumqayıt şəhəri, Koroglu küçəsi ilə 31 km/saat sürətlə hərəkət edib, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən yolayrıcından idarə etdiyi avtomobillə hərəkətini Bədəlbəyli küçəsi istiqamətində davam etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni svetoforun yaşıl işığında qarşıdan əks istiqamətdə hərəkətdə olan Cəmilli Cəmil Gülağa oğlunun idarə etdiyi ** LB *** dövlət qeydiyyat nişanlı "X29" markalı avtomobilin yolayrıcına yaxınlaşmasını nəzərə almadan, idarə etdiyi avtomobili qarşı sol hərəkət hissəsinə çıxartmayıb yolayrıcında sola doğru dönmə əməliyyatına başlamamaqla, eləcə də qarşıdan əks istiqamətdə hərəkətdə olan "X29" markalı avtomobilə yol verib, bundan sonra sola dönmə əməliyyatına başlamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görmədən hərəkətini davam etdirərək yol hərəkəti istismarı qaydalarını pozmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi "X26" markalı avtomobilin sağ qabaq hissəsinin, qarşıdan əks istiqamətdə hərəkətdə olan "X29" markalı avtomobilin sol qabaq hissəsi ilə toqquşmasına səbəb olub idarə etdiyi avtomobilin sərnişini İddiaçı1 sol said sümüklərinin distal ucunun qəlpəli yerdəyişən, sağ əlin V barmağının əsas falanqasının qapalı yerdəyişən sınıqları, əlin arxaya çıxığı kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, "X29" markalı avtomobilin sürücüsü Cəmil Cəmillinin sol əlin V əl daraq sümüyünün yerdəyişən qeyri stabil sınığı, sol bazu və dizin yumşaq toxumalarının şişkinlik fonunda əzilməsi, sol diz oynağının ön səthinin yarası, bel nahiyəsinin kəsilmiş yarası kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, sərnişini X4 bud sümüyünün burmalardan keçən qapalı yerdəyişən sınığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, idarə etdiyi "X26" markalı avtomobilin digər sərnişinləri X5 başın küt travması, baş beyin ödemi, sağ gözün bayır bucağının yarası, burun sümüyünün yerdəyişən sınığı, hər iki göz ətrafının qançırı, sağ təpə nahiyəsinin, burun belinin sağ hissəsinin, sağ diz oynağının bayır səthinin, sol diz oynağının iç səthinin, sol baldırın 1/3-nin sıyrıqları kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya və Cəfərova Nuridə Müseyib qızının başın küt travması, baş beyinə qansızma, sağ gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sağ süd vəzisinin iç yuxarı kvadrantının, sağ bazunun orta 1/3 hissəsinin bayır səthinin qançırları kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirib, Məmmədxan Məmmədovun almış olduğu xəsarətlər fonunda baş beyinin ödemindən ölümünə səbəb olan və Nuridə Cəfərovanın başın küt travması nəticəsində baş beyinə qansızmadan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. İstintaq orqanı tərəfindən həmin cinayət işi üzrə İddiaçı1, Cəmilli Cəmil Gülaga oğlu, X15 zərərcəkmiş şəxs, İddiaçı2 və X11 zərərçəkmiş şəxslərin hüquqi varisləri kimi qismində tanınmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-445/2024 saylı hökmünə əsasən Cavabdeh3 AR CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum ediməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda onlar özlərinə verilən hüquqlara əsasən məhkum Cavabdeh3 işlədiyi "Yango" şirkətnə qarşı mülki iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edib onlara dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb edirlər. Belə ki, cavabdeh "Yango" şirkəti yüksək təhlükə mənbəyinin sahibi kimi mülki məsuliyyət daşıdığından onlara dəyən zərər də həmin şirkətdən tutulmalıdır. X3 və Cəfərova Nuridə Müseyib qızı yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəstəxanada yataraq müalicə olunmuşlar, Nuridə Cəfərova cərrahiyyə əməliyyatı olunmuşdur. Onlar xəstəxanada olarkən, onların dəfn, yas mərasimlərində bizim maddi xərcləri çıxmışdır. Həmçinin gəlirləri əldən çıxmışdır. Belə ki, mərhum X12 600 manat oğlunun şəhid olması ilə əlaqədar şəhid pulu alırdı, 455 manat pensiya alırdı, həm də məcburi köçkün kimi 60 manat çörək pulu alırdı. Mərhum Cəfərova Nuridə Müseyib qızı isə 18 saylı Uşaq baxçasında baş aşbaz işləyirdi, ayda 250 manat maaş alırdı. Cavabdeh tərəfdən isə heç bir maddı və mənəvi dəstək olmadı. Baxmayaraq ki, mesajla, telefon zəngi ilə köməklik edəcəklərini bildirirdilər. Beləliklə, onlara 40.000 manat maddi zərər dəymişdir ki, bunu cavabdehdən tələb edirlər. Həmçinin bir ailənin 2 üzvü öldürüldüyü üçün və onlara heç bir mənəvi dəstək olmadığı, bu səbəbdən əsəb sarsıntıları keçirdikləri üçün onlara dəyən mənəvi zərəri 20.000 manat qiymətləndirirlər. Ona görə cavabdeh şirkətdən onlara 60.000 maddi və mənəvi zərərə görə haqq ödənilməlidir. Məhkəmə prosesinin gedişində iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər qismində cəlb edilməsini və iddia tələbinin hər üç cavabdehə müştərək qaydada aid edilməsini xahiş etmişdirlər. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hadisə nəticəsində özü xəsarət almış, həyat yoldaşı və atası vəfat etmiş və Sumqayıtda dəfn edilmişdilər. Həyat yoldaşı xx.xx.2023-cü il tarixdə, atası isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həyat yoldaşı baş nayihəsindən əməliyyat edilmişdi. Cinayət işi ilə bağlı məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin uşaqları məhkəmə zalına gətirilmişdilər və ağlayırdılar. O da təqsirləndirilən şəxslə barışdığını bildirmişdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, xəstəxanada ödənişlərlə bağlı çeklər verilməyib. Onun qolunu əməliyyat etmişdilər. "xxxx" ASC tərəfindən onlara 1600 manat + 5000 manat + 5000 manat pul vəsaitləri ödənilmişdir. Dəfn üçün torpağa görə 1000 manat pul, qəbir daşlarına 10.000 manat pul xərcləmişdilər. Cavabdehlər heç vaxt maddi yardım etməyiblər. Qəbir daşlarının hazırlanması və hüzürə çəkilən xərclərlə bağlı ödənişi təsdiq edən sənədləri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, “X30” MMC-in ofisinə getmişdilər. Onlara bildirilmişdi ki, yol-nəqliyyat hadisəsini törədən avtomobil həmin şirkətə məxsusdur. Qəza anında şirkətin də xəbəri var idi və ona zəng edərək köməklik göstərəcəklərini bildirmişdilər. Qəza nəticəsində anası 1 həftə komada qaldı və dünyasını dəyişdi. Əgər Cavabdeh3 idarə etdiyi avtomobildə yastıq açılsaydı anası vəfat etməzdi. Yalnız sürücü tərəfdə yerləşən hava şarı açılmışdı. Babası isə 4 gündən sonra rəhmətə getdi. Atası ağır yaralanmışdı, bacısını və onun oğlunu isə yaralarına görə xəstəxanaya yerləşdirə bilmədilər. Xəstəxanada anası və babası ağır vəziyyətdə olsa da, onlardan pul tələb etdilər. Əlavə olaraq, şirkət tərəfindən sürücülər işə qəbul edilən zaman yoxlanışdan keçmirlər. Hal-hazırda da qəza ilə əlaqədar yaranmış borcları ödəyir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şirkətin təyin etdiyi rəhbər şəxs kömək edəcəklərini bildirmişdi. Şirkət və ya Cavabdeh3 tərəfindən heç bir ödəniş edilməyib. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Cavabdeh2 avtomobili X16 verib. Cavabdeh2 Cavabdeh1 MMC ilə əlaqəsi yoxdur. Şirkət avtomobilin mülkiyyətçisi deyil və avtomobillə bağlı etibarnamə verməmişlər. Ola bilər ki, avtomobil hansısa şirkətdə qeydiyyatdan keçirilərək sürülüb. Taksi başqasının adına icarəyə götürülmüş və onların sistemində qeydiyyata alınmışdır. Bu əsasla onlar həmin taksiyə müştəri verir və faiz alırlar. 2023-cü ildən bəri qeydiyyat tələb olunur. Verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobil Cavabdeh2 mülkiyyətində olub. Onlar taksi sürücüləri ilə əmək müqaviləsi bağlamırılar. Digər taksi şirkətləri də əmək müqaviləsi bağlamır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, avtomobilin mülkiyyətçisi odur. Qəzadan sonra sürücü Mirzəylə danışmışdı ki, iddiaçılarla barışığa getsin, onlara ödəniş etsin. Lakin Mirzə ona demişdir ki, özü vəkil tutacaq ki, onu məhkəmədə təmsil etsin. Paşa Sığorta zərərçəkənlərə pul ödəmişdir. O, artıq Uberlə işləmir, o vaxt maşını vermişdi ki, idarə etsinlər. Həmçinin, sığorta tərəfindən avtomobil qiymətləndirilmiş və o avtomobili təmir də etdirmişdir. O, iddiaçıların qohumu ilə də əlaqə saxlayaraq Sumqayıta getmişdir. Ona 22000 manat məbləğində ziyan dəymişdir. Həmçinin, iddiaçılara sığorta tərəfindən ödəniş edilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun Uberdə 5 avtomobili var idi və Cavabdeh3 etibarnamə vermişdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Onun barəsində şikayət edilib və o cəzasını çəkir. Həmçinin, İsmayıl adlı şəxs ilə onun arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi, həm də xidmət müqaviləsi bağlanılıb. Əmək haqqı saata uyğun olaraq müəyyən faizlə hesablanırdı. Verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobil qəzasından sonra tərəfindən iddiaçılara maddi dəstək göstərilməyib. Avtomobili İsmayıl adlı şəxsdən əldə etmişdi. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq iştirakları olmadan işə baxılması və iddia tələbinin onlara aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 11(124)-445/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və onun 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 16 sentyabr 2023-cü il tarixdən hesablanması, əlavə cəzanın əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmlə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilməsi, Cavabdeh3 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh3 550 manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi hökm edilmişdir. Həmin hökmün məzmunundan müəyyən edilmişdir ki, “Cavabdeh3 01 iyul 2023-cü il tarixdə, saat 21:25:11-də BC koteqoriyalı, AC seriyalı, 208933 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X26” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə 31 km/saat sürətlə hərəkət edib, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən yolayrıcından idarə etdiyi avtomobillə hərəkətini Bədəlbəyli küçəsi istiqamətində davam etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni svetoforun yaşıl işığında qarşıdan əks istiqamətdə hərəkətdə olan Cəmilli Cəmil Gülağa oğlunun idarə etdiyi ** LB *** dövlət qeydiyyat nişanlı “X29” markalı avtomobilin yolayrıcına yaxınlaşmasını nəzərə almadan, idarə etdiyi avtomobili qarşı sol hərəkət hissəsinə çıxartmayıb yolayrıcında sola doğru dönmə əməliyyatına başlamamaqla, eləcə də qarşıdan əks istiqamətdə hərəkətdə olan “X29” markalı avtomobilə yol verib, bundan sonra sola dönmə əməliyyatına başlamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görmədən hərəkətini davam etdirərək yol hərəkəti istismarı qaydalarını pozmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi “X26” markalı avtomobilin sağ qabaq hissəsinin, qarşıdan əks istiqamətdə hərəkətdə olan “X29” markalı avtomobilin sol qabaq hissəsi ilə toqquşmasına səbəb olub idarə etdiyi avtomobilin sərnişini İddiaçı1 sol said sümüklərinin distal ucunun qəlpəli yerdəyişən, sağ əlin V barmağının əsas falanqasının qapalı yerdəyişən sınıqları, əlin arxaya çıxığı kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, “X29” markalı avtomobilin sürücüsü Cəmil Cəmilinin sol əlin V əldaraq sümüyünün yerdəyişən qeyri stabil sınığı, sol bazu və dizin yumşaq toxumalarının şişkinlik fonunda əzilməsi, sol diz oynağının ön səthinin yarası, bel nahiyəsinin kəsilmiş yarası kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, sərnişini X4 bud sümüyünün burmalardan keçən qapalı yerdəyişən sınığı kimi zərərçəkmiş şəxin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, idarə etdiyi “X26” markalı avtomobilin digər sərnişinləri X5 başın küt travması, baş beyin ödemi, sağ gözün bayır bucağının yarası, burun sümüyünün yerdəyişən sınığı, hər iki göz ətrafının qançırı, sağ təpə nahiyəsinin, burun belinin sağ hissəsinin, sağ diz oynağının bayır səthinin, sol diz oynağının iç səthinin, sol baldırın 1/3-nin sıyrıqları kimi yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya və Cəfərova Nuridə Müseyib qızının başın küt travması, baş beyinə qansızma, sağ gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sağ süd vəzisinin iç yuxarı kvadrantının, sağ bazunun orta 1/3 hissəsinin bayır səthinin qançırları kimi yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirib, Məmmədxan Məmmədovun almış olduğu xəsarətlər fonunda baş beyinin ödemindən ölümünə səbəb olan və Nuridə Cəfərovanın başın küt travması nəticəsində baş beyinə qansızmadan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə ailə üzvləri Abşeron rayonu, Saray qəsəbəsindən yaşadıqları Sumqayıt şəhərinə geri qayıtmaq üçün taksi sifariş veriblər, verdikləri sifariş əsasında ora sonradan anket məlumatlarını öyrəndiyi Cavabdeh3 idarə etdiyi ** BZ *** dövlət qeydiyyat nişanlı, “Toyoto Prius” markalı avtomobillə gəlib. Ailə üzvləri- atası X12, həyat yoldaşı Cəfərova Nuridə Müseyib qızı, qızı X9 və nəvəsi X17 ilə sərnişin qismində avtomobilə əyləşiblər və avtomobil Sumqayıt şəhəri istiqamətində yola düşüb. Həmin gün saat 21-21:30 radələrində sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsü Cavabdeh3 idarə etdiyi “Toyoto Prius” markalı avtomobili Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə hərəkət etdirib, bundan sonra hərəkətini Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində Bədəlbəyli küçəsi istiqamətində davam etdirərkən onun idarə etdiyi avtomobil Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə düzünə hərəkətdə olan sonradan anket məlumatlarını öyrəndiyi Cəmilli Cəmil Gülağa oğlunun idarə etdiyi ** LB *** dövlət qeydiyyat nişanlı “X29” markalı avtomobillə toqquşmuşdur. Bundan sonra ora gəlmiş kənar şəxslərin köməkliyi ilə avtomobildən yerə enib. Hadisə vaxtı qolları sınıb və ayaqları əzilib, avtomobildə olan ailə üzvlərinin hər biri xəsarət alıblar və onlar Sumqayıt şəhər TTYX-na yerləşdiriliblər. Həkimlərin səylərinə bqaxmayaraq xx.xx.2023-cü il tarixdə atası X12 və xx.xx.2023-cü il tarixdə isə həyat yoldaşı Cəfərova Nuridə Müseyib qızı yerləşdirildikləri Sumqayıt şəhər TTYX-da vəfat ediblər. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, o, təqsirləndirilən şəxsə səhv istiqamətdə getdiyi və sürət həddinin çox olması barədə xəbərdarlıq etsə də sürücü onun sözlərinə məhəl qoymayıb. Zərərçəkmiş şəxs İddiaçı1 məhkəmə iclaslarının əvvəlində təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu bildirsə də, məhkəmə iclasının sonunda təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən İddiaçı2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə ailə üzvləri- atası İddiaçı1, babası Məmmədov Məmmədxan, anası Cəfərova Nuridə, bacısı Məmmədova Ləman və bacısı oğlu Məmmədov Oqtay qonaq getdikləri Abşeron rayonu, Saray qəsəbəsindən yaşadıqları Sumqayıt şəhərinə geri qayıtmaq üçün taksi sifariş veriblər, onların verdiyi sifariş əsasında ora Cavabdeh3 idarə etdiyi ** BZ *** dövlət qeydiyyat nişanlı, “Toyoto Prius” markalı avtomobillə gəlib. Bundan sonra həmin avtomobil Sumqayıt şəhərinə yola düşüb. Həmin gün saat 21:25 radələrində isə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində ailə üzvlərinin sərnişin olduqları sürücü Cavabdeh3 idarə etdiyi ** BZ *** dövlət qeydiyyat nişanlı, “Toyoto Prius” markalı avtomobil digər sürücü Cəmilli Cəmil Gülağa oğlunun idarə etdiyi ** LB *** dövlət qeydiyyat nişanlı “X29” markalı avtomobillə toqquşub. Nəticədə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ailə üzvləri xəsarət alıblar və onlar Sumqayıt şəhər TTYX-na yerləşdiriliblər. Lakin xx.xx.2023-cü il tarixdə babası Məmmədov Məmmədxan və xx.xx.2023-cü il tarixdə isə anası Cəfərova Nuridə Sumqayıt şəhər TTYX-da vəfat ediblər. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu nəzərə alaraq onun barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş edir.” Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-705/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 1(124)-445/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi məhkəmənin sorğusuna 2-130705/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq ünvanlayaraq ki DİN Baş X28 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilmiş “Toyota Prius” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə X6 adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə çıxdaş edildiyindən Cavabdeh2 adından qeydiyyatdan çıxarılmışdır. Əlavə olaraq nəqliyyat vasitəsi və etibarnamə verilmiş şəxslər barədə məlumatların kompüter çıxarışı məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş Nəqliyyat vasitəsi və etibarnamə verilmiş şəxslər barədə məlumatların kompüter çıxarışından müəyyən edilir ki, “Toyota Prius” markalı **- BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş, xx.xx.2025-ci il tarixinədək onun mülkiyyətində olmuş və həmin tarixdə adından qeydiyyatdan çıxarılmışdır. Cavabdeh2 tərəfindən Cavabdeh3 qeyd olunan nəqliyyat vasitəsindən istifadə edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək müddətə etibarnamə verilmişdir. Cavabdeh1 MMC məhkəmənin sorğusuna 02 nömrəli xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, vətəndaş Cavabdeh3 tərəfindən işlə bağlı Cavabdeh1 MMC-yə hər hansı bir müraciət olunmayıb. Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti məhkəmənin sorğusuna 3-17-5/2-79963/2025 nömrəli, xx.xx.2025-ci il 22 məktubla cavab ünvanlayaraq bildirmişdir ki, 01 iyul 2023-cü il tarixdən hal-hazırki vaxtadək Cavabdeh3 adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. …əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir.” «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2c-i bəndinə əsasən, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 8-ci bəndinə əsasən, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh3 01 iyul 2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “X26” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən yolayrıcından idarə etdiyi avtomobillə hərəkətini Bədəlbəyli küçəsi istiqamətində davam etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni svetoforun yaşıl işığında qarşıdan əks istiqamətdə hərəkətdə olan Cəmilli Cəmil Gülağa oğlunun idarə etdiyi **-LB-*** dövlət qeydiyyat nişanlı “X29” markalı avtomobilin yolayrıcına yaxınlaşmasını nəzərə almadan, idarə etdiyi avtomobili qarşı sol hərəkət hissəsinə çıxartmayıb yolayrıcında sola doğru dönmə əməliyyatına başlamamaqla, eləcə də qarşıdan əks istiqamətdə hərəkətdə olan “X29” markalı avtomobilə yol verib, bundan sonra sola dönmə əməliyyatına başlamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görmədən hərəkətini davam etdirərək yol hərəkəti istismarı qaydalarını pozmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi “X26” markalı avtomobilin sağ qabaq hissəsinin, qarşıdan əks istiqamətdə hərəkətdə olan “X29” markalı avtomobilin sol qabaq hissəsi ilə toqquşmasına səbəb olub idarə etdiyi avtomobilin sərnişini İddiaçı1 sağlamlığa az ağır zərər vurmaya, “X29” markalı avtomobilin sürücüsü Cəmil Cəmiliyə sağlamlığa az ağır zərər vurmaya, sərnişini X2 az ağır zərər vurmaya, idarə etdiyi “X26” markalı avtomobilin digər sərnişinləri X1 ağır zərərvurmaya və Cəfərova Nuridə Müseyib qızıa sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirmiş, Məmmədxan Məmmədovun almış olduğu xəsarətlər fonunda baş beyinin ödemindən ölümünə səbəb olan və Nuridə Cəfərovanın başın küt travması nəticəsində baş beyinə qansızmadan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində vəfat etmiş X12 İddiaçı1 atası, İddiaçı2 isə ata babasıdır. Vəfat etmiş Cəfərova Nuridə Müseyib qızı isə İddiaçı1 həyat yoldaşı, İddiaçı2 isə anasıdır. Hazırda iddiaçılar baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaxın qohumlarının ölməsi və onların mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edirlər. İddia tələbinin “40.000 manat məbləğində maddi zərərin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçılar məhkəmə iclaslarında verdikləri izahalarında qeyd etmişdir ki, qəbir daşı, dəfn xərcləri və xəstəxana xərcləri ilə bağlı ödəniş çekləri və rəsmi sənədlər yoxdur. Həmçinin onların verdikləri izahatlardan "xxxx" tərəfindən artıq 11.600 manat məbləğində ödənişin edildiyi müəyyən olunmuşdur. İddiaçıların qeyd etdiyi 40.000 manat məbləğində maddi ziyanın məbləği yalnız iddiaçıların subyektiv mülahizəsinə əsaslanmaqla hər hansı bir mötəbər yazılı sübutlarla öz təsdiqini tapmamışdır. Halbuki qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin “20.000 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, qanunvericiliyə görə işəgötürən öz işçisinin xidməti vəzifələrini yerinə yetirərkən vurduğu zərərə görə məsuliyyət daşıyır. İş materiallarında olan Cavabdeh1 MMC-nin 02 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, Cavabdeh3 tərəfindən işlə bağlı Cavabdeh1 MMC-yə hər hansı bir müraciət olunmayıb. Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin 3-17-5/2-79963/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 01 iyul 2023-cü il tarixdən hal-hazırki vaxtadək Cavabdeh3 adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində əmək müqaviləsi aşkar edilməmişdir. Cavabdeh2 mülkiyyətində olmuş “Toyota Prius” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə edilməsi ilə əlaqədar Cavabdeh3 xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək müddətə etibarnamə vermişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, mülki məsuliyyətə məhz yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili qanuni əsasla (etibarnamə ilə) idarə edən Cavabdeh3 cəlb edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıların yaxın qohumlarının vəfat etməsi, bunun nəticəsində ailənin natamam qalması, onların yaşadıqları ruhi sarsıntılar iddiaçılara mənəvi zərərin yetirilməsinə dəlalət edir. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənlərin ondan həm də, mənəvi zərər tələb etmek hüququnu istisna etmir. Cinayət işi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sürücü Cavabdeh3 yol hərəkəti qaydalarını kobud şəkildə pozması (svetoforun yaşıl işığında qarşıdan gələn nəqliyyata yol verməməsi) və iddiaçıların yaxın qohumlarının vəfat etməsində təqsiri təsdiq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hadisə anından bu günədək Cavabdeh3 iddiaçılara qarşı heç bir mənəvi dəstək və ya maddi yardım göstərməmişdir. Bu cür laqeydlik zərərçəkmişlərin mənəvi sarsıntısını daha da artırmışdır. Beləliklə məhkəmə, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıların sağlamlığına xəsarətlərin yetirilməsinin, bununla əlaqədar iddiaçıların mənəvi sarsıntı və iztirab keçirməsinin işdə olan sənədlərlə sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh3 20.000 (iyirmi min) manat məbləğində mənəvi ziyanın əvəzi tutularaq iddiaçılara ödənilməlidir. Məhməmə qeyd edir ki, iddiaçılar tərəfindən tələb olunan 20.000 (iyirmi min) manat məbləğində kompensasiya iddiaçıların mənəvi ağrılarını bir qədər yüngülləşdirməyə xidmət edən, ədalətlilik və mütənasiblik meyarlarına uyğun gələn ağlabatan bir məbləğdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş dövlət rüsumunun 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh3 utularaq iddiaçılara ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçılara aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddia tələbi qismən təmin edilməli, Cavabdeh3 20.000 (iyirmi min) manat məbləğində mənəvi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 150 (bir yüz əlli) manat hissəsi tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 20.000 (iyirmi min) manat məbləğində mənəvi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 150 (bir yüz əlli) manat hissəsi tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıların özlərinə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar