Məhkəmə qərarları › İş №2(004)-3577/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3577/2022

15.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3577/2022 15.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştiraklarıı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən həmin müəssisənin işçisi olmuş və vəzifə səlahiyyətlərini həyata keçirən zaman zərərçəkmiş şəxs mərhum həyat yoldaşı X2 ölümü nəticəsində ailəsinə dəyən 203700 manat miqdarında maddi zərərin və 200000 manat miqdarında mənəvi zərərin, ümumilikdə 403700 manat miqdarında dəymiş zərərin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X5 ilə 15 iyul 1997-ci il tarixdə 353 saylı nikah qeydi ilə nikahları qeydə alınmışdır. Mərhum həyat yoldaşı X5 Cavabdeh MMC-nin Zığ qəsəbəsinin Zeytun bağlarında 2007-cı il tarixdən əvvəlcə sahə rəisi vəzifəsində, 2018-ci il ci il tarixdən isə briqadir vəzifələrində işləmişdir. X5 əmək müqaviləsini 05 yanvar 2018-ci il tarixdə işəgötürən Cavabdeh MMC ilə bağlmış, Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyinin elektron alt sistemində 2WDNB9G000100 nömrəli bildirişlə daxil edilmişdir. 28 sentyabr 2019-cu il tarixdə mərhum həyat yoldaşı X5 Cavabdeh MMC-nin Zığ qəsəbəsindəki Zeytun bağında vəzifə səlahiyyətlərini yerinə yetirərkən zeytun yığmaq adı ilə Zeytun bağına gəlmiş 3 nəfər qayda pozucuları- X8, X9 və X3 mərhum həyat yoldaşı X2 işlədiyi əraziyə gələrək icazəsiz zeytun yığarkən mərhum həyat yoldaşının iradına məhəl qoyulmamış, mərhum həyat yoldaşı onların qorunan bağdan uzaqlaşmalarını tələb etdikdə aralarında xoşagəlməz söhbətlər yaranmış, nəticədə Zeytun bağından oğurluq edən 3 nəfər ad və familiyaları qeyd olunan şəxslər mərhum həyat yoldaşı X4 işçilərin gözləri qarşısında əvvəl əllə, təpiklə, sonra isə ağac dəyənəklə zərbələr vuraraq həyatdan məhrum etmişlər. Həmin vaxtdan etibarən ailə başçısının qəddarlıqla həyatdan məhrum edilməsi ailədə və yaxınlarında cinayətkarlara qarşı böyük hiddət doğurmuş, cinayətkarların cinayət məsuliyyətinə cəlb etdirilməsinə böyük vaxt sərf etdiklərindən dəymiş maddi ziyanın tələbi onlar tərəfindən sonuncu plana salınmışdır. X5 vəzifə səlahiyyətlərini icra edən zaman cinayətkarlar tərəfindən xüsusi amansızlıqla öldürülsə də, bu hadisə mərhum həyat yoldaşı X2 əmək kollektivinə, birliyin rəhbərliyinə heç də təsir etməmişdir. Bir dəfə də olsun mərhum həyat yoldaşı X2 işlədiyi kollektivin rəhbərliyi qapılarını açmamışlar. Doğrudur rəhbərlikdən başqa bütün iş yoldaşları-fəhlələr və qulluqçular bütün mərasimlərdə əvvəldən-axıra kimi xüsusi ədəblə iştirak ediblər. Rəhbərlik qətlə yetirilən ailə başçısının ailə üzvləri ilə maraqlanmamışlar. Hansı ki, işəgötürən “Gilan Orchards" MMC ilə işçi mərhum X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10/18 saylı əmək müqaviləsinin 10-cu maddəsinə əsasən müqavilə tərəflərinin əmlakına və səhhətinə, maddi, kommersiya maraqlarına ziyan vurarsa, digər tərəf qarşısında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada maddi, habelə mənəvi məsuliyyət daşıyacaq. İşə götürən müraciətlərinə məhəl qoymamışdır. İş yerində qətlə yetirilən şəxsin dəfn xərclərini, hüzn mərasimlərinin xərcini ödəməmişlər. Doğrudur, bir dəfə dəfn üçün 10000 manat ödəmişlər, daha sonra rəhbərlikdən heç qapılarını açan olmamışdır. Mərhum həyat yoldaşı X5 ünsiyyətcil, hər kəsin qayğısına qalan, kasıblara və imkansızlara kömək edən insan olduğu üçün rəhmətliyin üç mərasimində 3500 nəfər, yeddi mərasimində 3000 nəfər, cümələrində yas mərasimləri həyətlərində keçirildiyinə görə iştirak edənlərin sayı dəqiq olmasa da, qırx mərasimində 4000 nəfərə yaxın insan iştirak etmişdir. Rəhmətliyin üç, yeddi və qırx mərasimləri mərasim evində keçirilmiş, bu mərasimlərin xərclərini yaxınları ödəmişlər. Bu mərasimlərin keçirilməsinə 125000 manat pul vəsaiti ödənilmişdir. Pulun qaytarılması tələb olunmasa da, hesab edir ki, bu xərclər xərcçəkənə ödənilməlidir. Cavabdeh şəxs mərhum həyat yoldaşı X2 işlədiyi hüquqi şəxs Cavabdeh MMC-dir. İş yerində qətlə yetirilən şəxsin dəfn yerinin alınmasına, qəbir yerinin düzəldilməsinə, baş daşının qoyulmasında 16500 manat xərcləri çıxmışdır. Mərhum həyat yoldaşı X5 ay ərzində iş yerindən aylıq 500 manat pul gətirmiş, həmin vaxt aylıq 250 manat pensiya almışdır. Bundan əlavə, ailənin dolanışığı üçün taksi fəaliyyətindən ayda 700 manat pul gətirmişdir. Mərhum həyat yoldaşı ailənin dolanışığı üçün evə hər ay 1400-1500 manat arası pul gətirmişdir. Orta hesabla 1450 manat, üç illiyə görə hesabladıqda 1450 manat x 36 ay=52200 manat edir. İddiaçı və onun nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən onlara maddi yardım kimi 10000 manat ödənilmişdir. Vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi zamanı işəgötürənun təsiri üzündən sağlamlığına zərər vurulması sübuta yetirilməmişdir. İddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 oktyabr 2019-cu il tarixli, AZ-İİ seriyalı 045984 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1729 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1997-ci il tarixli, Vİ-Ж гseriyalı 452162 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı xx.xx.1997-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan Cavabdeh MMC ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X5 qeyd edilən tarixdən Cavabdeh MMC-də briqadir vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin 3.2-ci bəndinə əsasən X2 əmək funksiyaları işçilərin gördüyü işlərə nəzarət etmək, işçilərin işlərə bölgüsünü təmin etmək və.s, rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasından ibarət olmuşdur. Həmçinin, Əmək müqaviləsinin 10.1-ci bəndinə əsasən, bu Müqavilə Tərəflərinin biri digərinin əmlakına və səhhətinə, maddi, kommersiya maraqlarına ziyan vurarsa, digər Tərəf qarşısında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada maddi, habelə mənəvi məsuliyyət daşıyacaq. Əmək müqaviləsinin 10.2-ci bəndinə əsasən, tərəflərlərdən hər hansı biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər Tərəfə ödəməyi öhdəsinə götürür. Əgər Tərəflər dəyən zərərin ödənilməsi barədə razılığa gəlməzsə, zərər dəyən Tərəf məhkəmə qaydasında zərərin ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçinin vəfat etməsi ilə əlaqədar Cavabdeh MMC-nin xx.xx.2020ci il tarixli 25/20 nömrəli əmrinə əsasən X5 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ləğv edilmişdir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 1(101)-65/2022 saylı hökmündən görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 120.1 və 128-ci maddələri ilə təqsirli bilinməklə CM-nin 120.1-ci maddəsi ilə 11 (on bir) il 06 (altı) ay müddətinə, CMnin 128-ci maddəsi ilə 01 (bir) il müddətinə, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq X6 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, X8 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin Beləliklə, məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış protokolu, zərərçəkmiş şəxslərin paltarlarının götürülməsi protokolları, "xxxx" MMC və "xxxx" MMC tərəfindən ibtidai istintaqa təqdim edilmiş sənədlərdən, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs Nümayəndə1, şahidlər F.lsmayılov, O.Niftullayevin, B.Piriyevin və digər şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsindən Zığ şossesinə düşən Zeytun küçəsinin sağ tərəfində yerləşən bağ hasarlanmamış, bağın kimə məxsus olmasına və kənar şəxslərin girişinin qadağan olmasına dair lövhələr olmamış, hadisə baş verdiyi zaman təqsirləndirilən şəxslərlə aralarında münaqişə yaranan Bəhruz və Filman Piriyevlərin, MMC-nin fəhləsi olan Fəhrad İsmayılovun üzərlərində xüsusi geyim və xidməti vəsiqələri olmamış, Bağır Piriyev MMC- nin sahə rəisi(briqadiri), Filman Piriyev isə mühasibi olmaqla mühafizəçi funksiyalarını daşımamış və fiziki zor tətbiq edib MMC-nin ərazisindən kənar şəxsləri çıxarmaq səlahiyyətləri olmamışdır. Cinayət işi üzrə aparılan istintaq zamanı müəyyən edilmişdir ki, X1 rəisi kimi vəzifəsi ərazinin mühafizəsini təmin etmək olmamış, funksyaları əmək müqaviləsində göstərilən inzibati-təsərrüfat öhdəliklərindən ibarət olmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmin Məcəllənin 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki, iddiaçı vəzifə səlahiyyətlərini həyata keçirən zaman zərərçəkmiş şəxs mərhum həyat yoldaşı X2 ölümü nəticəsində ailəsinə dəyən zərəri tələb etsə də, iddiaçı tərəfindən ona maddi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətlərinin təsdiqi barədə sübutlar təqdim edilməmişdir. Əksinə iş materiallarında olan sənədlərlə təsdiq edilir ki, X2 vəzifəsi ərazinin mühafizəsini təmin etmək olmamış, əmək funksyaları əmək müqaviləsində göstərilən inzibati-təsərrüfat öhdəliklərindən ibarət olmuşdur. X2 həyatına və sağlamlığına vurulmuş zərər onun əmək funksiyasının icrası ilə bağlı, həmçinin işəgötürənin təqsiri səbəbindən olmamışdır. Ona görə də iddia tələbi maddi zərərin ödənilməsi hissəsində təmin edilə, cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və ya mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar