Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3683/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27.10.2020-ci il tarixdə yeganə oğlunun dəfn günündə Cavabdeh tərəfindən ictimaiyyət içində qohumqonşunun qabağında onu təhqir edərək şərəf və ləyaqətinin aşağılaması səbəbli dəymiş maddi zərərin əvəzi olaraq 5000 manat, mənəvi zərərin əvəzi olaraq 35000 manat, ümumilikdə 40000 manat təzminatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, yeganə oğlu, X16 xərçəng xəstəliyindən qəflətən beyinə qan sızması ilə 27.10.2020-ci il tarixdə səhər saatlarında rəhmətə getmişdir. Həmin gün 18:00 radələrində oğlu Rəsulov Mahirin nəşini Şəki şəhər qəbristanlığında torpağa tapşırmışlar. Dəfn mərasimində dini işlər üzrə axundun nümayəndəsi “Covid-19” xəstəliyi ilə əlaqədar yas mərasiminin bir gündə bitməsini qəbir üstündə və gəlib evdə mərasimə gələnlərə elan etdi. Bu zaman başsağlığına gələnlər tədricən dağılaraq, hərə öz evinə getməyə başladı. Başsağlığına gələnlər açıq havada, karantin qaydalarına riayət edərək həyət evinin qarşısında kədərlənərək görüşüb gedirdilər. Başsağlığına gələnlər küçəyə çıxıb gedərkən küçədə Şəki Şəhər İcra Hakimiyyətinin Başçısı Cavabdeh evinə gedərkən onunla raslaşmışlar. Cavabdeh maşını bir-iki dəqiqə ləngimişdir. Bu ləngimə səbəbindən maşından düşən Cavabdeh özü və sürücüsü onun evinin qarşısına gələrək, onunla qarşılaşmışdır. Onunla qarşılaşan zaman nə salam, nə də ki, hüzrlə əlaqədar başsağlığı vermədən birbaşa hiddət və yüksək səslə küçədə, qapının qarşısında, ictimaiyyət, ailəsi və yaxın qohumlarının qarşısında ona dəfələrlə icra başçısı özü və sürücüsü “vicdansız” və digər təhqiredici sözlər demişdir. O, kövərələrək 29 yaşlı yeganə oğlunu elə indicə torpağa tapşırıb gəldiyini icra başçısı Cavabdeh bildirmişdir. Lakin icra başçısı sözlərinə məhəl qoymayaraq daha hiddətli və daha da yüksək səslə orada başsağlığına gələnlərə “vicdansız”, “vicdansızlar” ifadələri işlətmişdir. O, həyət evinin qapısının qabağında, elə Cavabdeh gözləri qarşısında “Covid- 19”la əlaqədar mübarizə tədbirlərinə daxil olan 1 qutu maska və 1 litrlik spirti göstərərək bildirmişdir ki, “Covid-19”la mübarizə hər bir vətəndaşın borcudur. O, bunu görsə də yenidən əsəbi halda mobil telefonu vasitəsi ilə, hündür səslə “hara baxırsan” zəng etdiyi adama qarşı bu ifadəni işlətdi. Sonra bildirdi ki, Cavabdehdu. Bununla da sakitləşməyərək nalayiq sözlərlə, burada dəfn mərasim yeri var, “gəlin cərimələr tətbiq edin” əmrini verdi. Cavabdeh karantin qaydası pozulmadan əsassız telefon zəngindən beş dəqiqə sonra Şəki şəhər Polis Şöbəsinin 20-25 nəfər yüksək rütbəli zabitləri onun həyətinə girərək, açıq havada karantin qaydalarına riayət etmiş, üzərində tibbi maskası olan, sosial məsafəni qoruyan, kədərli halda evlərinə getməyə hazırlaşan yaxın qohumlarının bəzisini küçədən təzyiqlə qaytararaq, bəzisini də həyətdə təzyiqlə vəzifə salahiyyətlərindən süi-istifadə edən polis əməkdaşları protokola imza atmalarını tələb etdilər. Beləliklə, evdə olan 9 nəfərə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsini tətbiq etdilər. Elə bu an o, və yaxın qohumlarından polisin bu davranışından Daxili İşlər Nazirliyinin “qaynar xətt” xidməti olan “102” yə müraciət etmişlər. Protokol yazılan hər bir şəxs protokolu yazarkən onun üzərində, olan vətəndaşın doldurması labüd olan hissəni yazmağa qoymadılar. O, həyətində olan bu özbaşınalığı polis əməkdaşlarından soruşduqda ona bildirdilər ki, icra başçısının tapşırığıdır, karantin qaydalarına əməl olundu, ya olunmadı mütləq protokol yazılmalıdır. Polis əməkdaşları, xüsusən də rəis müavini Rasim Namazovun davranışları dövlətin qanununu yox, sanki Şəki şəhər İcra Hakimiyyəti başçısı Cavabdeh şəxsi əmrlərini yerinə yetirirdi. 29 yaşlı övlad basdıran ananın göz yaşları belə hiddətlənmiş polis əməkdaşlarının qəlblərini yumşalda bilmədi. Hal-hazırda övladının nəşini basdırmağa aparan hər bir qohumuma və qonşuna 200 manat cərimə cəzası yazılmışdır və heç kimə də protokolla tanış olma imkanı və yaxud protokolun bir nüsxəsi verilməmişdir. Nazirlər Kabinetinin qərarını pozmayaraq, karantin qaydalarına riayət edərək 29 yaşlı yeganə oğlan övladının dəfn günü yaxın qohumlar tərəfindən dəfn edilməsi nə zamandan vicdansızlıq hesab olunmuşdur ki, bu nalayiq kəlməni Cavabdeh demişdir. Cavabdeh dəfn yerinə gələnləri təhqir etməklə, bilərəkdən qarşıdurma yaratmaq istəmişdir. Çünki, onlar görmüşlər ki, yas yerinə adam salam verər, yas sahibinə başsağlığı verər, sonra orada hər hansı qanunsuzluq varsa, öz iradını bildirər. Lakin icra başçısı Cavabdeh başsağlığına gələnləri və onu “vicdansızlar” deyərək təhqir etdi. Onun bu hərəkətlərinə orada iştirak edənlər cavab qaytarmadılar. O, bu sakitliyə də məhəl qoymadan, əlavə cəza tədbiri kimi Şəki Şəhər Polis Şöbəsinin əməkdaşlarını nalayiq ifadələrlə hüzr yerinə çağıraraq, əlavə qarşıdurma olmasını istəmişdir. İcra başçısı bu haray və təhqiri etdikcə özündə bir arxayınlıq, “padşahlıq” hiss edərək bildirmək istəyirdi ki, Şəkidə 10 ildən çox işləyir. Etdiyi bütün özbaşınalığa heç kim, heç nə deyə bilməyib, deyə bilməz də. Dəfn mərasimində olan və bu nalayiq sözləri eşidən adamlar Cavabdeh yox, onun vəzifəsi olan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında olan Şəki şəhər İcra Hakiminə hörmət qoydular. Cavabdeh da vəzifə səlahiyyətlərindən süi istifadə etmək qiyməti qoydular. Əvvəldən olmayan nüfuzunu yenə də itirdi. Bu qeyd etdikləri açıq havada, ictimaiyyət qarşısında olduğundan orda olanların hər biri bu hadisəni görmüş və eşitmişdir. Belə bir hərəkətləri edən Cavabdeh Azərbaycanlı olması şübhə doğuduğundan onun hansı millətin adət-ənənələrinə qulluq etməsi yoxlanılmaqla, milliyyətinin araşdırılmasını məqsədəuyğun hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsini müdafiə etmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, 27.10.2020-ci il tarixdə Şəki şəhərində sərt karantin rejimi tətbiq edilməmişdir. Hətta sərt karantin rejimi müddətində 3 saat müddətlə evdən çıxmaq icazəsi olduğu halda, yas yerinə getmək üçün icazə verilirdi. Qərargahın verdiyi tədbirlər haqqında məlumatından da aydın görünür ki, dəfn mərasimləri istisna olmaqla, icra başçısı Cavabdeh dəfn yerinə dəfn günü və dəfnin ağır dəqiqələrində gələrək, orada olanları və onu təhqir edərək, hisləri tarımar edərək hüquqazidd hərəkət etməsi, sonra isə X25 rəisinə vəzifə səlahiyyətlərindən istifadə edərək hüquqi əsas verməyən əmr verməsi nəticəsi olaraq, Şəki ŞRPŞ-nin rəisi və tabeçiliyində olan əməkdaşlar idarə etmə orqan kimi əmrə birtərəfli yanaşaraq, qayda pozuntusu olmadan dəfn gününü yas mərasimi kimi qeyd edərək və ünvanını səhv yazaraq sübut üçün heç bir foroşəkil, qapalı məkan olmadığı halda, 8 nəfər yaxın qohum və qonşuna 211.1-ci bənd ilə 200 manat cərimə yazılmışdır. Dəfn sahibi kimi ona cərimə yazmamışlar. Həmin zaman qayda pozuntusu olmuşdursa, dəfnin təşkili kimi ona da cərimə yazılmalı idi. Həmin an polis əməkdaşları özləri 20-25 nəfər bir yerdə cəmləşərək, rəisin tapşırığı ilə onun həyətinə, evinə gəlmişdilər. Həyatının ən ağır günündə Cavabdeh onun evinə gələrək yaxınlarını təhqir etməsi onu mənəvi stresə salmışdır. Haqq işinin müdafiəsi üçün aidiyyəti orqanlara müraciəti ilə xeyli vaxt itkisi edərək teleqram məktublar yazaraq 8 ay müddətində öz etirazını bildirmişdir, yekunda məhkəməyə müraciət etmiş, beləlikə 5000 manat maddi zərərə düşmüşdür. Bu gün də maddi zərərin məbləği artır. Mənəvi zərərin də məbləği haqq-ədalət yerini tapmadığı üçün, mənəvi iztirablarımın səbəbi günü-gündən artır. Odur ki, mənəvi zərər bu günə qədər 35000 manata qalxmışdır. Cəmirə olunan vətəndaşlara yazılan protokolları qeyd edərək bildirir ki, sənədləşmə apararkən Cavabdeh vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanun pozuntusu olmadan cərimə yazılması əmrindən sonra 27.10.2020-ci il tarixdə, saat 19:30-da ünvan dəqiq göstərilmədən, yas mərasimi qeyd edərək hadisəni təsdiq edən fotoşəkil olmadan saxta sənədləşmə aparılmışdır. Həmin sənədləri məhkəməyə təqdim etməklə bildirir ki, Cavabdeh onun evinə gəldikdən 10-15 dəqiqə sonra 25 nəfər polis işçisi gəlmişdir. Odur ki, 27.10.2020-ci il tarixdə həyatının ən kədərli zamanında, yeganə oğlunun dəfn günündə Cavabdeh tərəfindən, ictimaiyyət içində, yaxın qohum-qonşunun qarşısında onu təhqir edərək, şərəf və ləyaqətini aşağılaması səbəbi ilə ona dəymiş maddi zərərin əvəzi olaraq 5000 manat, mənəvi zərərin əvəzi olaraq 35000 manat, ümumilikdə 40000 manat təzminatın cavabdehdən alınıb ona verilməsi tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, 27 oktyabr 2020-ci il tarixdə Şəki şəhərində bir sıra şəxslər barəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq ölkədə xüsusi karantin rejimi qaydalarının pozulması hallarına görə inzibati protokollar tərtib edilmişdir. Həmin inzibati protokoldan verilmiş şikayətə məhkəmə tərəfindən baxılaraq əsassız hesab edilməsinə dair qərar qəbul edilmişdir və həmin qərarın surətini az əvvəl məhkəməyə təqdim etmişdir. İddiaçı ona maddi və mənəvi zərər vurulmasını iddia etməsinə baxmayaraq, buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirdi ki, İddiaçı atasının bibisi oğludur. Onun arvadı isə onun bibisi qızıdır. 27.10.2020-ci il tarixdə İddiaçı oğlunun ölüm xəbərini alıb dərhal Şəki şəhərinə gəlmişdir. İddiaçı yaşadığı evin küçəsinə çatarkən bir nəfər hərbi formalı şəxsin “dövlətimizin ağır günündə bura yığışmısız utanmazlar, vicdansızlar” dediyini eşitmişdir. O, həyətə girdikdən bir qədər sonra polislər gəlmiş və onu da 200 manat miqdarında cərimələmişdirlər. Məhkəmə iclasında dindirilmiş şahid X21 ifadəsində bildirmişdir ki, 27.10.2020-ci ildə eşitdi ki, İddiaçı oğlu rəhmətə gedib, dəfndə iştirak etməyi çatdırmamış, lakin həmin günü dəfndən sonra onların evlərinə gəlmişdir. O, həyətə gələndə icra başçının oraya gəlməsini və oradakı şəxsləri “vicdansız, şərəfsiz” deyərək təhqir etdiyini və niyə oraya yığışmalarını soruşduğunun şahidi olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, o, İddiaçı sinif yoldaşıdır. Yaşarın oğlunun ölüm xəbərini 27.10.2020-ci il tarixdə gec saatlarda eşitmiş və axşam saat 6-da onun evinə başsağlığına gəlmişdir. Həmin vaxt onlar dəfndən geri dönmüşdülər. Dedilər İcra Başçısı gəlir, həmin vaxt onlar kənara çəkilmişlər. Elə düşünmüşdür ki, yəqin başsağlığı verməyə gəlib. İcra Başçısı yas yiyəsinin kimliyini soruşmuş, İddiaçı qabağa çıxıb yas yiyəsinin o, olduğunu bildirmişdir. İcra Başçısı “vicdansızlar bu nə biyabırçılıqdır, niyə bura yığışmısız” dedi. Həmin gün orada çox adam yox idi. 15-20 nəfər adam olardı, heç 3 dəqiqə dayanmadan oradan getmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, o və qardaşları Yaşarla dost həm də qonşudurlar. Onlar onun oğlunun dəfn mərasimindən geri döndükdə, o, çöldən abırsız sözlər eşitmiş, buna məətəl qalmışdır. İcra Başıçısının qarşısındakı Yaşara və ümumilikdə “abırsızlar belə iş olar bura yığılmısız” deməsini eşitmişdir. Yaşarın baxışlarını və bir qədər sonra polislərin yuxarı qalxdığını görmüşdür. Məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində bildirmişdir ki, 27.10.2020-ci il tarixdə Yaşarın oğlunun ölüm xəbərini eşitdi. El adətinə uyğun baş sağlığı vermək üçün Yaşargilə getmişdir. Yaşarın evi küçədən 20-30 metr məsafədə yerləşir. Həmin gün qapıdan çöldə 7-8 nəfər adamın yığışdığını görmüşdür. Yaşara baş sağlığı vermişdir. Ehsan verilmirdi, lakin qaydalara uyğun qapıda masa qoyulmuş üzərinə koranavirusla mübarizə tədbiri kimi spirt, maska qoyulmusdu və yas çadırı qurulmamışdı. Həmin vaxt Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Cavabdeh maşınından düşdüyünü, həmin vaxt yanında sürücüsünün olduğunu görmüşdür. Cavabdeh yaxınlaşıb yas yiyəsinin kimliyini soruşanda İddiaçı yas yiyəsinin o, olduğunu, 29 yaşında oğlunun öldüyünü bildirdi. Lakin Cavabdeh tam əksinə İddiaçı və oradakı şəxslərə “utanmırsız vicdansızlar, şərəfsizlər, niyə yığışmısız, dağılın” deyərək, oradakıları təhqir etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X14 ifadəsində bildirmişdir ki, 27.10.2020-ci il tarixdə İddiaçı evində yas yerində olarkən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı ora əsəbi gələrək onları “şərəfsiz, namussuz” deyərək təhqir etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, 27.10.2020-ci il tarixdə Yaşarın oğlunu dəfn edib evə qayıdarkən icra başçısının ora gəldiyini görmüşdür. İlk öncə düşünmüşlər ki, yəqin icra başçısı başsağlığına gəlib. Lakin icra başçısı oradakıları “vicdansızlar, niyə bura yığışmısız” deyərək təhqir etmiş və daha sonra polislər gəlmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində bildirmişdir ki, 27.10.2020-ci il tarixdə İddiaçı oğlunu dəfn edib qayıtdıqdan sonra evə gəlmiş, həmin vaxt o, hovuzda əlini yuyarkən icra başçısının ora gəlməsini eşitmişdir. İcra Başçısı yas yiyəsini soruşmuş, salam vermədən “vicdansızlar niyə bura yığılmısız” demişdir. Yaşar qabağa çıxaraq yas yiyəsi olduğunu, cavan oğlunun öldüyünü demişdir. Məhkəmə iclasında dindirilmiş şahid X15 ifadəsində bildirmişdir ki, 27.10.2020-ci il tarixdə qaynı Mahir Rəsulovun yas mərasimində iştirak etmişdir. Həmin vaxt Şəki Şəhər İcra Başçısı oraya gələrək onlara qarşı nalayiq sözlər işlətmişdir. O, “vicdansızlar niyə burdasız” deyirdi. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, 27.10.2020-ci il tarixdə səhər radələrində yaxın bir yoldaş zəng edərək dostu Mahirin öldüyünü bildirmişdir. O da dəfndə köməklik etmək üçün onların evinə getmişdir. Dəfndən sonra qayıdarkən həyətdə əl-üzünü yuyarkən uca səslə kiminsə “şərəfsiz, vicdansız, utanmırsız bura yığışmısız” dediyini eşitmişdir. O, həyətdən qapıya çıxanda icra başçısının 20 metr məsafə uzaqlaşdığını və kiməsə zəng etdiyini görmüşdür. Bundan 20 dəqiqə sonra isə polislər həyətə gələrək oradakı şəxslərə cərimə yazmışdırlar. Məhkəmə iclasında dindirilmiş şahid X17 ifadəsində bildirmişdir ki, 27.10.2020-ci il tarixdə qardaşı oğlu Mahir Rəsulov sağalmaz xəstəlikdən ölmüşdür, həmin gün onu dəfn edib qayıtdıqdan sonra həyətdə əlini yuyarkən hay-küy eşidib qaçaraq qapıya tərəf çıxmışdır. Belə ki, onun oğlu həmin ərəfədə müharibədə iştirak etdiyi üçün o təşvişdə idi. Lakin evin darvazasının qarşısına çıxanda Şəki Şəhər İcra Hakmiyyətinin Başçısının onları “şərəfsiz, vicdansız” deyərək təhqir etdiyinin şahidi olmuşdur. Həmin vaxt irəli çıxmaq istəyərkən qardaşı Yaşar əlini sıxıb onu geri çəkdi. İcra başçısı özünə xas olmayan sözlər ifadə edirdi. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, oğlu Mahir Rəsulov 2 il ərzində sağalmaz xəstəlikdən əziyyət çəkib, Türkiyə Respublikasında müalicə olunsa da, müalicəsi davamlı olduğundan, lakin o, vətəni üçün darıxdığından Azərbaycan Respublikasına Şəki şəhərinə qayıtmışdır. Ölkəmizdə müharibə dönəmi olduğundan və oğlu da olduqca vətənpərvər olduğundan hadisələrdən stres yaşayaraq səhhəti daha da pisləşmiş, müalicəyə gərəyi olması bildirilsə də, müalicəyə getməkdən imtina etmişdir. 27.10.2020-ci il tarixdə səhər saatlarında oğlu Mahir Rəsulov öldü və onu həmin gün dəfn etməkdə biraz gecikmişlər. Belə ki, məzarlıq dağlıq ərazidə olmaqla məzarın qazınması bir çox problemlər yaradıb, bu səbəbdən dəfn saat 18:00 radələrində baş tutub. Ölüm faktı rayon icra hakimiyyətində müvafiq olaraq qeydə alınır, istər xəstəxana, istər polis orqanı kiminsə ölməsi faktı barədə dərhal məlumat verir. Lakin ölüm faktına görə onların evə həmin gün səhər saatlarında heç bir orqandan gələn olmamışdır. Lakin dəfndən sonra evdə olarkən polis əməkdaşlarının onların evinin həyətinə gəldiklərini və oradakı şəxslərə inzibati xəta haqqında protokol yazdıqlarını görmüşdür. Həmin vaxt onun kürəkəni də cərimə yazılmasını görərkən polislərdən xahiş etmişdir ki, onun gənc oğlu ölüb, indi kürəkəni ona oğuldur, ona cərimə yazılmasın. Lakin ona bildirdilər ki, onları bura göndəriblər. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, 27.10.2020-ci il tarixdə qaynı Yaşarın oğlu Mahirin yas mərasimində iştirak etmişdir. Meyidin yuyulduğu yeri yığışdıran zaman həyətdə səs-küy eşitmiş, bir nəfərin hərbi geyimdə olmasını görüb təlaşla darvazaya tərəf qaçmışdır. Belə ki, həmin vaxt müharibə dönəmi olduğundan və oğlu da hərbi xidmətdə olduğundan düşünmüşdür ki, oğlundan nəsə xəbər var. O, ora gəldikdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Cavabdeh görmüşdür. O, səsi eşidib yola tərəf qaçmışdır. “Vicdansızlar, utanmırsız yığışmısız bura” deyirdi. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində bildirmişdir ki, 27.10.2020-ci il tarixdə nəvəsi Mahirin yas mərasimində iştirak etmişdir. Meyidin yuyulduğu yeri yığışdıran zaman həyətdə səs-küy eşitmiş, bir nəfərin hərbi geyimdə olmasını görüb darvazaya tərəf getmişdir. O, ora gəldikdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Cavabdeh görmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını və şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 14 may 1999-cu il tarixli “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarında qeyd etmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunveriçilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyil. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s.hallarda özünü büruzə verə bilər”. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehdə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərin əvəzi olaraq 5000 manat, mənəvi zərərin əvəzi olaraq 35000 manat, ümumilikdə 40000 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, cavabdeh tərəfindən mənəvi və maddi zərər yetirilməsi faktının mövcudluğu öz təsdiqini tapmamış və iddiaçı ona cavabdeh tərəfindən qanunvericilikdə təsbit olunmuş qaydada maddi və mənəvi zərər vurulmasına əsas olan hərəkətlər etməsinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıran hallara dair məhkəməyə hərhansı bir tutarlı sübut təqdim etməmiş, yalnız şahid ifadələri ilə kifayətlənmiş, halbuki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi hər hansı bir fakta deyil, ehtimallar əsasında qurulduğundan, iddia ərizəsində göstərilən hallar isə məhkəmə iclasında öz əksini tapmadığından, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3683/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3683/2021
07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver