Məhkəmə qərarları › İş №2(004)-3731/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3731/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3731/2024 05.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MTK-nın səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Sığorta və ƏƏSMN yanında DƏMX müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MTK-yə qarşı "vurulmuş maddi və mənəzi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta və ƏƏSMN yanında DƏMX müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MTK-yə qarşı "vurulmuş maddi və mənəzi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan 33656.31 manat pulun, mənəvi zərərə görə 10000 manat pulun, pulu ödəməkdən boyun qaçırdığına görə 2440 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 229 manat pulun, cəmi 46325.31 manatın işəgötürənim "xxxx" MTK-dan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 08 iyun 2020-ci il tarixində saat 17:00-da Cavabdeh MTK-ya məxsus “Bakı Çay Fabriki” adlanan ərazidə söküntü işləri apararkən hündürlükdən yıxılaraq ağır xəsarət almışdır. Belə ki, 30 yanvar 2020-ci il tarixdən Cavabdeh MTK ilə bağlanmış əmək müqaviləsi əsasında hadisənin baş verdiyi ərazidə fəhlə kimi çalışmağa başlamışdır. Hadisənin baş verdiyi gün, yəni 08 iyun 2020-ci il öz əmək funksiyalarımı icra etmək üçün iş yerinə getdi, müəyyən müddət işlədikdən sonra saat 17:00-da təxminən 3 metr hündürlükdən yıxılıb ağır xəsarət aldı. İşlədiyi binanın uzunluğu təxminən 20-25 metr, eni isə 7-8 metr olardı. Xəsarət aldıqdan sonra iş yoldaşları ona kömək edib iş icraçısı Şahid1 maşınına mindirib Semaşko adlanan xəstəxanaya apardılar. Daha sonra isə Milano hospitala yerləşdirilib orada onurğasından əməliyyat olundu və 3 gün həmin xəstəxanada qaldı. 11 iyun 2020-ci ildən isə ev şəraitində müalicə alır. Cavabdeh MTK-nin vəzifəli şəxsləri hadisədən sonra heç bir orqana hadisə ilə bağlı müraciət etməyə ehtiyac olmadığını, ona dəyən zərəri ödəyəcəklərini, bütün müayinə və müalicə xərclərini ödəyəcəklərini, bir sözlə o ayağa qalxana qədər onun yanında olacaqlarını söz verdilər. Əmək müqaviləsi bağlanarkən bədbəxt hadisələrdən icbari sığorta olunduğunu bilsə də, o, onların vədlərinə inanaraq, heç bir orqana, o cümlədən sığorta şirkətinə müraciət etmədi, hadisə ilə bağlı məlumat vermədi. Lakin buna görə çox təəssüf edir. Belə ki, onlara inandığına görə qanunvericiliklə müəyyən olunmuş müddətləri də ötürmüş oldu. Hadisədən sonrakı 2 il ərzində Cavabdeh MTK-nın və onun vəzifəli şəxslərinin ona verdiyi sözlərə əməl etmədiklərini görüb prokurorluğa müraciət etdi, iş yenidən araşdırıldı, əmək müfəttişliyi araşdırmaya cəlb edildi. Hətta Cavabdeh MTK-nin rəhbərliyinin hadisə baş verən günü məlumat verməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, Cavabdeh MTK-nin təsisçisi və direktoru X1 barəsində “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edilmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. 02 fevral 2024-cü il tarixində sığorta ödənişi almaq üçün sığorta şirkətinə müraciət etsə də, ona 21 may 2024-cü il tarixli O-H-2024- 0252 saylı məktubla sığorta ödənişindən imtina edilmişdir. Buna səbəb kimi hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya məlumat verilməməsi, sığortaçının sığorta hadisələrinin araşdırılmasında iştirak etmək hüququndan məhrum edilməsi və bədbəxt hadisənin təhqiqi və uçota alınmasının zəruri sənədlər olmadan aparılması, bir sözlə qanunla vəzifəsi müəyyən edilmiş şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirmək imkanından məhrum edilməsi olmuşdur. Bundan əlavə məktubda bildirilmişdir ki, “hadisə 08 iyun 2020-ci il tarixində baş verməyinə baxmayaraq nə Siz, nə "xxxx" MTK hadisədən xəbər tutduqdan dərhal sonra və va mümkün olan ən qısa müddət ərzində sığortaçıya məlumat verilməli olduğu halda, bunu etməmiş və hadisədən 4 ildən çox müddət keçdikdən sonra sığorta şirkəti bu barədə məlumatlandırılmışdır.” Sığorta şirkətindən imtina aldıqdan sonra həyat yoldaşı və dayıı Cavabdeh MTK-ya gedərək rəhbərliklə görüşmək istəmiş, lakin saatlarla gözləmələrinə baxmayaraq rəhbərlik onları qəbul etməmiş, nəhayət özünü baş mühasib kimi təqdim edən Cəmilə xanım onlarla görüşərək ona heç bir ödəniş etməyəcəklərini bildirmişdir. Qanunvericiliklə işəgötürənlərin üzərinə X3lər nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta etdirmək vəzifəsi qoyulur, bu isə hadisə baş verdikdə işçilərin həyatına və sağlamlığına dəyən zərər nəticəsində pul ödənişinin verilməsi məqsədilə edilir. Buna baxmayaraq, Cavabdeh MTK ona münasibətdə sığorta etdirmək vəzifəsinin sadəcə bir hissəsi olan sığorta müqaviləsini formal cəhətdən bağlamış olsa da, qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməmiş (lazımınca yerinə yetirməmiş) və nəticədə, o zəruri sığorta təminatı almaq hüququndan məhrum etmişdir, başqa sözlə sığorta etdirmək vəzifəsini lazımınca yerinə yetirməmişdir. Qanunvericiliklə birbaşa müəyyən olunur ki, Cavabdeh MTK sığorta etdirmək vəzifəsini lazımınca yerinə yetirmədiyinə görə ən azı qanunla müəvvən edilən sığorta təminatı həcmində öhdəlik daşıyır. Qeyd edilənlərə baxmayaraq işəgötürənin Cavabdeh MTK istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığım xəsarətimə görə ona qanunvericiliklə müəyyən olunmuş pul məbləğini ödəməli olduğu halda ödəmir. İş materialları ilə də təsdiq edilir ki, o əmək Müqaviləsi əsasında vəzifə öhdəliklərini verinə yetirən zaman xəsarət almışdır. Belə ki, hadisə 25 yanvar 2023-cü il tarixli “Təhqiqat Aktına” əsasən, istehsalatla əlaqəli hesab edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 №-li qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən “İZ” formalı aktla rəsmiləşdirilərək Cavabdeh MTK tərəfindən uçota alınmışdır. Bir sözlə, onun xəsarəti istehsalatla əlaqəlidir, bunu səlahiyyətli orqan da təsdiq edir. Hazırda onun müalicəyə ehtiyacı var, maddi imkan səviyyəsi isə bunu qarşılamağına yetmir. Cavabdeh MTK-ya dəfələrlə müraciət etmiş, imkan səviyyəsi, müalicəyə ehtiyacının olmasını bildirmiş, buna baxmayaraq işəgötürənin Cavabdeh MTK ona verilməli olan, qanunla haqqı olan pulu vermir, hər dəfəsində bəhanələr gətirərək, boynundan ataraq onu sığorta şirkətinə yönləndirir. Məhkəmənin diqqətinə çatdırır ki, ona sığorta ödənişi verilsəydi, ödənilməli olan məbləğin öyrənilməsi üçün sığorta şirkətinə müraciət etmiş və 23 may 2024-cü il tarixli, O-H-2024-0253 saylı məktubla ona çatası sığorta ödənişinin 33656.31 manat təşkil etdiyi barədə sığorta şirkəti məlumat vermişdir. O, hazırda yataq xəstəsidir, 44 yaşındadır, 1-ci qrup əlildir, 3 övladı var, 16 ildir ünvan 1 ünvanında şəraitsiz, nəmişlik vəziyyətdə yaşayır. Pula ehtiyacı var. Hətta əmək müqaviləm xitam edildikdən sonra sonuncu əmək haqqım da ödənilməyib. Heç kimə onun kimi əlil, yataq xəstəsi olmağı arzu etmir. Canlı ölüdür, yataqda qaldığı üçün bədənində yaralar əmələ gəlib. Bu səbəbdən ona vurulmuş mənəvi zərərə görə də 10.000 manat pul məbləğini də Cavabdeh MTK-dən tələb edir. Bununla bərabər Cavabdeh MTK mənə çatası pulu ödəməkdən boyun qaçırdığına, Pul öhdəliyini icra etmədiyinə görə məsuliyyət kimi 2440 manat da əlavə olaraq ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. onu da qeyd etmişdir ki, cavabdeh tərəfindən ona 2000, 9000, 4000 manat olmaqla, 15000 manat məbləğində pul verilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, əməliyyat pulu, xəstəxana pulu, reabilitasiya pulu ona verilmişdir. Cavabdeh tərəfindən ona 2000, 9000, 4000 manat olmaqla, ümumilikdə 15000 manat məbləğində pul verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, bildirdi ki, İddiaçı iddiası əsassız hesab olunaraq rədd edilməlidir. Əvvəla, iddiaçı aldığı xəsarəti iş yerində söküntü işləri apararkən aldığını bildirir. İş materiallarında olan Nəsimi rayon prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tairxli qərarında göstərilir ki, xx.xx.2020-ci il tarixdə iddiaçının xəsarəti öz səhlənkarlığı nəticəsində baş vermiş, o, bu barədə işəgötürənə, yəni cavabdeh "xxxx" MTK-ya məlumat verməmişdir. Bunu iddiaçı öz izahatı ilə də təsdiq etmişdir. Hadisədən bir müddət sonra iddiaçı hər hansı iddiası, tələbi olmadan öz xahişi ilə işdən azad olunub. Qeyd olunan qərardan o da müəyyən olunur ki, iddiaçı aldığı xəsarətə görə tibbi əməliyyat və müalicə xərclərindən əlavə, 17000 manat pul vəsaiti də almışdır. İddiaçının aldığı xəsarətlə, habelə müalicə xərcləri ilə guya "xxxx" MTK-ya müraciət etməsi ilə bağlı iddia ərizəsində göstərilənlər həqiqiəti əks etdirmir. Baş vermiş hadisə barədə cavabdeh şirkətə nə həmin an, nə də sonradan heç bir məlumat verilməyib. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPMnin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativhüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Odur ki, 2(004)-3731/2024 nömrəli mülki iş üzrə İddiaçı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 məhkəməyə verdiyi ifadəsində bildirdi ki, o, tikintilərin sökülməsi üzrə ixtisaslaşmış briqadası ilə bina və tikililərin sökülməsi işləri ilə məşğul olur. 08 iyun 2020-ci il tarixində İddiaçı Cavabdeh MTK-ya məxsus “Bakı Çay Fabriki” adlanan ərazidə söküntü işləri apararkən pilləkandan istifadə etmək əvəzinə səhlənkarlıq edib ağacın budağına çıxıb hündürlükdən yıxılaraq xəsarət almışdır. O hadisə barədə rəhbərliyə məlumat vermişdir. Cavabdeh MTK onun bütün əməliyyat xərclərini (3000, 7000, 3000 vermiş) ödəmiş, habelə əlavə olaraq, 17.000 manat pul da vermişdir. Lakin İddiaçı yenə də əlavə pulun ona ödənilməsini istəyir. Məhkəmə iclasında iştirak edən Şahid2 məhkəməyə Şahid1 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Sığorta şirkəti məhkəməyə ərizə təqdim edərək, bildirmişdi ki, İddiaçı Cavabdeh MTK-a qarşı “pul tələbi"nə dair mülki iş üzrə "xxxx" Sığorta Şirkəti ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Bu səbəbdən hazırki iddia üzrə məhkəməyə mülahizə verilməsi zərurəti yaranmışdır. İddiaçı 08 iyun 2020-ci il tarixində xəsarət almağına baxmayaraq, nə özü, nə işəgötürən - "Selenium Residense” MTK (bundan sonra “Sığortalı”), nə də səlahiyyətli dövlət orqanı olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında X7 (bundan sonra “səlahiyyətli dövlət orqanı”) hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya məlumat verilməli olduğu halda, bunu etməmiş və yalnız hadisədən 4 il keçdikdən sonra sığorta şirkəti bu barədə məlumatlandırılmışdır. Lakin hazırki iddia üzrə sığortaçıya belə imkan yaradılmamış, yəni bədbəxt hadisənin təhqiqi və uçota alınması zəruri sənədlər olmadan aparılmış, sığortaçı hadisə barədə dərhal deyil, 4 il sonra məlumatlandırılmış, bu sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum edilməsi ilə nəticələnmiş və qanunvericiliyə uyğun olaraq imtinaya birbaşa əsas yaratmışdır. Belə ki, hadisə 08 iyun 2020-ci il tarixdə baş verməsinə baxmayaraq, bədbəxt hadisənin təhqiqi və uçota alınması 2 il sonra, yəni 10 oktyabr 2022-ci il tarixdə hadisə verinin planı, sxemləri (eskizləri), müşahidə protokolları və fotoşəkilləri, laboratoriya təhqiqatlarının və başqa təhqiqatların, təcrübələrin, analizlərin və s. nəticələri əldə olmadan aparılmışdır. Bu isə təhqiqatın, bunun nəticəsində isə tərtib edilmiş aktın mötəbərliyinə əsaslı şübhə yaradır. Bu səbəbdən 21 may 2024-cü il tarixli O- H-2024-0252 saylı məktubla sığorta ödənişindən imtina edilmişdir. Qeyd edilənlərdən əlavə isə, sığortalı qanunvericiliklə müəyyən edilmiş vəzifələrini yerinə yetirməməklə (lazımınca yerinə yetirməməklə) və kobudcasına pozmaqla qanunla sığorta etdirmək vəzifəsini lazımınca yerinə yetirmədiyinə görə iddiaçının qarşısında ən azı qanunla müəyyən edilən sığorta təminatı həcmində öhdəlik daşıyır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Şirkəti tərəfindən İddiaçı Sayıbəyli oğluna ünvanlanmış 23 may 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, "Aləşhgah Həyat” Sığorta Şirkətinə daxil olmuş xx.xx.2024-cü il ərizəyə və şifahi telefon danışığı zamanı verdikləri suala cavab olaraq bildirir ki, “X3lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" haqqında AR Qanununun 7.3-cü maddəsinə əsasən, sığorta etdirmək vəzifəsi daşıyan Sığortalı Silenium Residence MTK həmin vəzifəni lazımınca yerinə yetirmədiyinə görə bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxs kimi onun qarşınızda azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində, yəni en azı 33 656.31 AZN məbləğində öhdəlik daşıyır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatın verilməsi ilə elektron çıxarışdan görünür ki, İddiaçı Sayıbəyli oğlunda onurğa beyni travmasının nəticələri, qapalı ağır dərəcəli onurğa beyin travması, onurğa beynin ağır dərəcəli zədələnməsi diaqnozu ilə birinci dərəcəli əlillik müəyyən edilmiş, əlillik səbəbi istehsalat zədəsidir. Əmək qabiliyyətsizdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 24.11,2022-ci il tarixli **********4 nömrəli əmri ilə təyin edilmiş tərkibində sədr, X8 - X7 Xidmətinin baş məsləhətçisi - baş əmək müfəttişi və üzvlər, Nümayəndə - Cavabdeh hüquqşünası, X4 - "Selenium Residence” Mənzil-Tikinti Kooperativinin baş mühasibi olan komissiya tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bədbəxt hadisənin Təhqiqat aktından görünür ki, İddiaçı X3lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində icbari sığorta edilmişdir. Bədbəxt hadisə İddiaçı Cavabdeh MTK-ya məxsus ünvan 2 ünvanda yerləşən “Bakı Çay Fabriki” adlanan ərazisində hündürlüyü təxminən 3 metr olan bir mərtəbəli tikilinin üstündəki beton panellərin götürülməsi üçün panellərin arasını köhnə suvaqlardan təmizləyib işlərini yekunlaşdırdıqdan sonra iş vaxtı bitdiyinə görə pilləkənin yanında yabanı halda bitmiş budaqları tikilinin üzərinə əyilmiş “şeytan ağacı” adlanan ağac vasitəsilə yerə düşərkən ağacın budağının sınması səbəbindən təxminən 2-3 metr hündürlükdən yerə yıxılaraq xəsarət alması nəticəsində baş vermişdir. Komissiya təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində Cavabdeh sabiq fəhləsi İddiaçı Sayıbəyli oğlunun cavabdehliyini müəyyən etmişdir. Milana VİP Hospitaldan çıxarışdan görünür ki, xx xxxxx 1980-cı il təvəllüdlü İddiaçı 08 iyun 2020-ci il tarixdə klinikaya başqa mərkəzdən ambulansla transfer edilmişdir.Özünün və yaxınlarının deməsinə gora təqribən 2 metr hündürlükdən yıxılaraq xəsarət almışdır. Daxil olarkən şikayəti aşağı ətraflarda hərəkətsizlikdəndir. TH 7-8 laminekiomiya, sümük fraqmentlərinin onurğa kanalından təmizlənməsi əməliyyatı icra olundu. Cavabdeh MTK tərəfindən tərtib edilmiş “İZ “ formalı “X3 haqqinda” №01/2023 saylı AKT-dan görünür ki, İddiaçı Sayıbəyli oğlu ilə baş vermiş bədbəxt hadisə istehsalatla əlaqəli olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 №-li qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən rəsmiləşdirilmişdir. "xxxx" Şirkəti tərəfindən İddiaçı Sayıbəyli oğluna ünvanlanmış 21 may 2024-cü il tarixli sığorta ödənişinin verilməsindən imtina məktubunda qeyd olunur ki, “...Siz hadisədən 4 il keçdikdən sonra sığorta şirkətinə sığorta tələbi ilə müraciət etmisiniz. Bununla Siz sığorta şirkətindən sığorta ödənişini tələb etməklə bağlı müddəti ötürmüsünüz. Belə ki, Sizin sığorta tələbiniz **********84 saylı sığorta müqaviləsinə əsaslanır. Mülki Məcəllənin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil ediilr. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Beləliklə, sığortalı və Siz sığorta ödənişini tələb etməklə bağlı hüququnuzu qanunvericiliklə müəyyən olunmuş müddətdə reallaşdırmadığınıza görə hazırda tələbinizlə bağlı sığortaçının sığorta ödənişi vermək öhdəliyi yaranmır. Bununla belə, Əmək Məcəlləsinin 296-ct maddəsinin 4-cü bəndinə əsasən, işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Odur ki, Sizin həyat və sağlamlığınıza vurulmuş zərərin ödənilməsi üçün birbaşa Sığortalıya (işəgötürən Silenium Residence MTK-ya) müraciət etmək hüququ vardır...” DƏMX-nın rəis müavini Orxan Hüseynzadə tərəfindən tərtib edilmiş MN seriyalı, ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh MTK-nin sədri X1 08 iyun 2020-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə işəgötürən Ş.Hacıyev tərəfindən DƏMX-ya hadisə baş verən gün məlumat verilməməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən təqsirli bilinirək, inzibati məsuliyyətə cəlb edilmişdir. Nəsimi rayon prokurorluğunun 21 iyun 2022-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə iş yerində xəsarət alması ilə əlaqədar kənar şəxslərin əməllərində hər-hansı bir cinayətin tərkibi olmadığından toplanmış materiäl üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı iş yerində xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin baş verməsinə səbəb onun özünün ehtiyyatsızlıq etməsi olmuşdur. İddiaçı xəsarət almasına səbəb, onun ehtiyatsızlıq edərək söküntü işləri ilə əlaqədar işlədiyi birmərtəbəli tikilinin üstündən pilləkanla deyil, budaqları tikilinin üstünə əyilmiş yabanı bitmiş ağacdan istifadə edib yerə düşməyə cəhd etməsi və bu zaman ağacın budağının sınması olmuşdur. "xxxx" Sığorta Şirkəti ilə Cavabdeh MTK arasında bağlanılmış 02 noyabr 2019-cü il tarixli, **********84 saylı X3lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən və ona əlavədən görünür ki, X2 müvfaiq icbari sığorta növündə sığorta olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Əmək Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. 225.1-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin X3lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “X3lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 7.2.6-cı maddəsinə əsasən Sığortalı sığorta hadisəsinin baş verməsi tarixindən 3 iş günü ərzində sığortaçıya bu barədə məlumat vermək vəzifəsini daşıyır. Həmin qanunun 7.3-cü maddəsinə əsasən sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı, Cavabdeh MTK-nın sabiq işçisi 08 iyun 2020-ci il tarixdə Cavabdeh MTK-ya məxsus “Bakı Çay Fabriki” adlanan ərazisində hündürlüyü təxminən 3 metr olan bir mərtəbəli tikilinin üstündə işlərini yekunlaşdırdıqdan sonra iş vaxtı bitdiyinə görə ağac vasitəsilə aşağı düşərkən ağacın budağının sınması səbəbindən hündürlükdən yerə yıxılaraq xəsarət alması nəticəsində qapalı ağır dərəcəli onurğa beyin travması, onurğa beynin ağır dərəcəli zədələnməsi diaqnozu ilə barəsində birinci dərəcəli əlillik müəyyən edilmiş, o, əmək qabiliyyətini itirmişdir. Səlahiyyətli orqanlar tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq, bədbəxt hadisənin cavabdehliyi iddiaçının üzərinə düşmüşdür. Tərəflər arasındakı razılaşmaya görə iddiaçının hadisənin istehslalat zədəsi olduğunu gizlətmək müqabilində cavabdeh bütün maddi zərərini qarşılamağı söz vermiş, nəticə etibarilə iddiaçının məhkəmə gedişatında özünün etiraf etdiyi kimi cavabdeh cəmi 15.000 manat pul vermiş, bu da ki, ona dəymiş ziyanı qarşılamamışdır. Odur ki, iddiaçı sığorta şirkətinə müraciət etdikdə, müddətin ötürülməsi səbəbilə imtina cavabı almışdır. "xxxx" Şirkəti tərəfindən İddiaçı Sayıbəyli oğluna ünvanlanmış 23 may 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Silenium Residence MTK sığorta təminatı həcmində, yəni ən azı 33 656.31 AZN məbləğində öhdəlik daşıyır. İş materialları ilə təsdiq olunur ki, "xxxx" MTK sığorta müqaviləsi üzrə üzərinə düşən vəzifəni yalnız formal olaraq, yerinə yetirmişdir. Belə ki, MN seriyalı, ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh MTK-nin sədri X1 08 iyun 2020-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə işəgötürən Ş.Hacıyev tərəfindən DƏMX-ya hadisə baş verən gün məlumat verilməməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən təqsirli bilinirək, inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, məhkəmə iddia tələbini maddi zərərə dair hissədə 18656,31 (on səkkiz min altı yüz əlli altı manat otuz bir qəpik) manat məbləğində (sığorta təminatından 15.000 çıxmaqla) təmin edilməsini məqbul sayır. Habelə, məhkəmə iddiaçının əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar keçirdiyi mənəvi sarsıntı və iztirabla əlaqəli iddia tələbini mənəvi zərər hissəsində 2000 manat məbləğində təmin edilməsini məqsədəmüvafiq sayır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-dan maddi ziyana görə 18656,31 (on səkkiz min altı yüz əlli altı manat otuz bir qəpik) manat, mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pul olmaqla, cəmi 20656,31 (iyirmin min altı yüz əlli altı manat otuz bir qəpik) manat məbləğində pul və ödənilmiş 151,97 (bir yüz əlli bir manat doxsan yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli; iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 151,97 (bir yüz əlli bir manat doxsan yeddi qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-dan maddi ziyana görə 18656,31 (on səkkiz min altı yüz əlli altı manat otuz bir qəpik) manat, mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pul olmaqla, cəmi 20656,31 (iyirmin min altı yüz əlli altı manat otuz bir qəpik) manat məbləğində pul və ödənilmiş 151,97 (bir yüz əlli bir manat doxsan yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar