Məhkəmə qərarları › İş №2(004)-3796/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3796/2021

21.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3796/2021 21.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı X1 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinə qarşı “torpaq sahəsinin yerqurluşu planının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X3 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinə qarşı “torpaq sahəsinin yerqurluşu planının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 21.05.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidməti tərəfindən “Karxana” X10 Sahəsinin rəisi X8 18.09.2019-cu il tarixli ********** nömrəli müraciətinə əsasən tərtib edilmiş “Bakı şəhər X7 İcraiyyə Komitəsinin 27.10.1987-ci il tarixli 20/389 saylı və 22.12.1989-cu il tarixli 14/520 saylı qərarları ilə və ona əlavə edilmiş cizgi əsasında yardımçı təsərrüfatının yaradılması və mişar daşının istehsalı məqsədilə keçmiş “Bakı ağac yonqarları plitəsi” zavodunun istifadəsinə verilmiş, hal-hazırda Abşeron rayonu “Karxana” X10 sahəsinin istifadəsində olan 212 ha torpaq sahəsinin “yerqurluşu planı”nın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci maddəsinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, hazırkı inzibati mübahisə inzibati orqanla hüquqi şəxs arasında inzibati aktın etibarsız hesab edilməsi, yəni inzibati orqan tərəfindən torpaq sahəsinə dair tərtib edilmiş “yerqurluşu planı”nın etibarsız hesab edilməsi ilə bağlı olduğundan işə inzibati məhkəmə icraatı qaydasında Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Odur ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 16.05.2021-ci il tarixli ödəniş qəbzinə əsasən “xxxx” ASC vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 20 manat pul X4 tərəfindən İddiaçı X2 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.2, 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinə qarşı “torpaq sahəsinin yerqurluşu planının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. İddiaçı X2 izah edilsin ki, hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. 16.05.2021-ci il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən “xxxx” ASC vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat pul X4 tərəfindən İddiaçı X2 (VÖEN **********) qaytarılsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar