Məhkəmə qərarları › İş №2(004)-3805/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-3805/2025

10.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3805/2025 10.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2267 manat borcun və 43 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2023-cü ildə tanış olduğu Cavabdeh kartlarının bloklandığı səbəbindən zəruri ödənişləri etməsi üçün iddiaçıya məxsus **********1335107 nömrəli “Bikbank Cashback” kartın onun tərərfindən telefonu vasitəsilə idarə olunması məqsədilə etdiyi israrlı xahişləri nəticəsində giriş kodunu ona vermişdir. 2023-2025-ci illər ərzində Cavabdeh onun kartında toplanan “Cashback”ləri və valideynləri tərəfindən köçürülən xərclikləri, ümumi məbləği 700 manat olan pulu hissəhissə iddiaçının məlumatı olmadan şəxsi məqsədləri üçün istifadə etmiş və onun tanımadığı şəxslərə köçürmüşdür. Cavabdeh xərclənən pulları qaytaracağını bildirsə də, ötən müddət ərzində geri qaytarmamışdır. Bununla yanaşı, Cavabdeh maliyyə durumlarının pis olması və atasının səhhəti ilə əlaqədar çətin maliyyə vəziyyətində olduqlarını və bu böhrandan çıxmaları üçün maddi köməkliyə ehtiyacı olduqlarını, lakin iş fəaliyyətində yaranan durğunluq səbəbindən banklardan kredit götürmək imkanının olmadığını əsas gətirərək onun kredit götürərək borc olaraq ona verməyimi xahiş etmiş, aylıq ödənişlərin isə özünün qarşılayacağını bildirmişdir. Cavabdeh istiqaməti əsasında 2024-cü ilin noyabr- dekabr aylarında “Kapital”, “Manata”, “Azpul.az” və “ePay” banklarından onlayn şəkildə ümumilikdə 1098 manat pul götürərək onun dediyi **********074005 nömrəli karta köçürmüşdür. Pulu götürdükdən sonra Cavabdeh kreditlər üzrə ödənişlər etmədiyi üçün bank nümayəndələri onunla əlaqə saxlayaraq toplanan faizləri ödəməsini tələb edirdilər. Bu səbəbdən bank nümayəndələri ilə danışması və ödənişlər etməsi məqsədi ilə onların istifadəsində olan mobil nömrələri Cavabdeh vermişdi. O, isə öz növbəsində əlaqə saxladığını və ödənişlər etdiyini iddiaçıya bildirirmişdir. Lakin ötən dövr ərzində hər hansı ödəniş etməmişdir. Bank əməkdaşları isə dəfələrlə onunla əlaqə yaradaraq ödənişlərin edilməməsi səbəbindən faiz məbləğinin artdığını bildirirdilər. Sonda müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınan Cavabdeh dələduz əməlinin qurbanı olduğunu anlamış və baş verənlər barədə valideynlərinə bildirmişdir. 11-15 manat 2025-ci il tarixlərində atası Nümayəndə Cavabdeh ilə “WhatsApp” tətbiqi üzərindən apardığı danışıqlar və yazışmalar zamanı o, tərəfindən kreditlə götürülən pulun ona çatdığını və qısa müddət ərzində əsas məbləği və toplanan faizləri ödəyəcəyini bildirmiş, lakin heç bir ödəniş etməmişdir. Daha sonra cari ilin 14-15 mart tarixlərində özünü Cavabdeh anası Aynurə kimi təqdim edən qadın (istifadəsində olan mobil telefon nömrəsi ***-***-**-**) atası Nümayəndə ilə “WhatsApp” tətbiqi üzərindən apardığı danışıqlar və yazışmalar zamanı oğlunun borcunu qaytaracağı bildirmiş, lakin hazırda imkanlarının olmaması səbəbindən bu prosesin naməlum müddətə uzanacağını qeyd etmişdir (Cavabdeh və Aynurə adlı qadın ilə aparılan yazışmalar və səsli məsajlar əlavə olunur). Kredit götürdüyü bankların nümayəndələri ilə danışıqlar prosesində atası Nümayəndə bu dövr ərzində Cavabdeh onlarla dəfələrlə əlaqə saxlayaraq ödəniş edəcəyini bildirsə də, hər hansı ödəniş etməmişdir (bank əməkdaşının səs yazısı əlavə olunur). Banklardan götürdüyü kredit borcu faizlər hesabına artaraq ümumi 1567 manat məbləğinə qalxmış və həmin pul atası Nümayəndə tərəfindən ödənilmişdir. Cavabdeh barədə müvafiq tədbirlərin görülməsi üçün xx.xx.2025-ci il tarixdə AR DİN Yasamal RPİ-nin 28-ci polis şöbəsinə ərizə ilə müraciət etdi. Ərizə ilə əlaqədar qarşı tərəflə əlaqə saxlanılmış və qeyd olunan məqamlara aydınlıq gətirilməsi üçün Cavabdeh polis şöbəsinə dəvət olunmuşdur. Lakin Cavabdeh müxtəlif bəhanələrlə gəlməkdən yayınmışdır. Cavabdehin anası Aynurə adlı qadın ərizə ilə əlaqədar araşdırma aparan polis əməkdaşı Elvin Qurbanov ilə ötən dövr ərzində “WhatsApp” tətbiqi üzərindən apardığı yazışmalar və danışıqları zamanı borcu qaytaracağı vaxtı təyin etsə də, müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır (Aynurə adlı qadının polis əməkdaşına göndərdiyi səs yazısı əlavə olunur). AR DİN Yasamal RPİ-nin 28-ci polis şöbəsindən ərizə ilə əlaqədar “Bildirirk ki, müraciətinizdə qeyd etdiyiniz xüsusat mülki xarakterli olduğu üçün aidiyyati üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur” cavabı verilmişdir. Qeyd etmək istəyir ki, Cavabdeh əməlləri nəticəsində ailəsinə ümumilikdə 2267 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, həmçinin işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini məhkəməyə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasına və iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi və adına olan mobil nömrələrinə sms bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 3-13-53-3/2-2-2433/11/25 nömrəli xx.xx.2025ci il tarixli məktubdan görünür ki, onun xx.xx.2025-ci il tarixli müraciətinə baxılmışdır. Müraciətində qeyd etdiyi xüsusat mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. MPAY QSC-nin 11737 nömrəli xx.xx.2025-ci il tarixli qəbzinə əsasən 168 manat, 24579 nömrəli xx.xx.2025-ci il tarixli qəbzinə əsasən 437 manat məbləğində pul İddiaçı adına olan GTZK1191090C299 nömrəli kredit müqaviləsi üzrə kredit ödənişi kimi ödənilmişdir. "xxxx" MMC-nin: xx.xx.2025-ci il tarixli qəbzə əsasən 110 manat məbləğində pul “ePay” xidmətinin ödənişi olaraq İddiaçı tərəfindən ödənilmişdir. **********2 nömrəli xx.xx.2025-ci il tarixli qəbzə əsasən 2 manat, **********2 nömrəli xx.xx.2025-ci il tarixli qəbzə əsasən 95 manat məbləğində pul BOKT "xxxx" MMC xidmətinin ödənişi olaraq İddiaçı tərəfindən ödənilmişdir. **********4 nömrəli xx.xx.2025-ci il tarixli qəbzə əsasən 200 manat, **********8 nömrəli xx.xx.2025-ci il tarixli qəbzə əsasən 100 manat məbləğində pul İddiaçı adına olan GTZK1191090C299 nömrəli kredit müqaviləsi üzrə kredit ödənişi kimi ödənilmişdir. **********5 nömrəli xx.xx.2025-ci il tarixli qəbzə əsasən 200 manat, **********0 nömrəli xx.xx.2025-ci il tarixli qəbzə əsasən 250 manat məbləğində pul “Manato.az – kredit ödənişi” xidmətinə görə İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" ASC məhkəmə qərardadının icrası ilə əlaqədar məhkəməyə 2025/204/17830 nömrəli, xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, məktuba əlavə edilmiş qərarda qeyd olunan məlumatlar üzrə bankdaxili əməliyyat sistemində araşdırma aparılmışdır. Təqdim edilən məlumatlar üzrə qərarda qeyd edilən dövrə İddiaçı istifadəsinədə olan kart hesabından 5411 24** **** 4005 nömrəli plastik karta köçürülən vəsaitlərə dair çıxarış (məlumatlar) məhkəməyə təqdim edilir. Həmin məktuba əlavə edilmiş İddiaçı bank hesabından xx.xx.2023-xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı istifadəsinədə olan kart hesabından 5411 24** **** 4005 nömrəli plastik karta xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 100 (50 + 50) manat, xx.xx.2024-cü il tarixdə 258 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 12 (7+5) manat olmaqla, ümumilikdə 620 manat məbləğində pul köçürülmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə baxışında araşdırılmış CD disk-də olan Bankın əməkdaşı ilə iddiaçının nümayəndəsi (atası), həmçinin cavabdehlə iddiaçının nümayəndəsi (atası) arasındakı danışıqlara dair səs-yazılarında müəyyən edilir ki, cavabdeh bankın əməkdaşının ona borcun ödənilməsi barədə, əks halda gecikmələrə görə məhkəməyə müraciət etməli olacaqlarına dair xəbərdarlığından sonra bank əməkdaşına birinci günə kimi vəsaiti ödəyəcəyini bildirmiş, cavabdeh isə iddiaçının atasına bank əməkdaşı ilə danışdığını, borcunu ödəməsi üçün vaxt verməsini demişdir. Həmin Fləşkartda olan “Whatsapp” tətbiqi üzərindən cavabdehin (telefon nömrəsi: +994 51 628 16 72) iddiaçının nümayəndəsi (atası) arasındakı xx.xx.2025-xx.xx.2025-ci il tarixli yazışmalardan görünür ki, cavabdeh iddiaçının atasına hər dəfə borcunu bugün ya da sabah ödəyəcəyinə dair vədlər vermiş, bankın əməkdaşı ilə danışdığını, borcun məbləği barədə məlumatı olduğunu, müəyyən şəxslərdən pul gözlədiyini, həmin pulları alan kimi bütün borcu bağlayacağını bildirmiş, sonuncu danışıqlarda isə bankın birinci günə kimi vaxt verdiyini, həmin vaxta kimi pulu düzəldib ödəyəcəyini bildirmiş, iddiaçının nümayəndəsi isə məhkəməyə müraciət edəcəklərini, borcu ödəyəcəyi təqdirdə ərizəsini geri götürəcəyini bildirmişdir. Həmin Fləşkartda olan “Whatsapp” tətbiqi üzərindən cavabdehin anası (telefon nömrəsi: +994 55 922 58 09) iddiaçının nümayəndəsi (atası) arasındakı xx.xx.2025xx.xx.2025-ci il tarixli yazışmalardan görünür ki, iddiaçının nümayəndəsi cavabdehin anasına cavabdehin 3 ayrı banka borcu olduğunu, bankların birinci gün məhkəməyə ərizə ilə müraciət edəcəklərini, pulu onun özünə atmalarını, cavabdehə qarşı məhkəməyə ərizə ilə müraciət edəcəyini bildirmişdir. Cavabdehin anası ona özünün də işin üstünə düşəcəyini, birinci günə kimi bankın möhlət verdiyini, o vaxta kimi gözləmələrini, həll edib ödəyəcəklərini, məhkəməyə müraciət etməməsini demişdir. Həmin Fləşkartda olan “Whatsapp” tətbiqi üzərindən sahə rəisi Elvin adlı şəxslə iddiaçının nümayəndəsi (atası) arasındakı xx.xx.2025-xx.xx.2025-ci il tarixli yazışmalardan görünür ki, sahə müvəkkili iddiaçının atasına cavabdehlə əlaqə saxlamağa çalışdığını, lakin zəng çatmadığını, anası ilə danışmağa çalışdığını lakin əlaqə saxlamağın mümkün olmadığını, məhkəməyə müraciət etməsini bildirmişdir. xx.xx.2025-ci il tarixli **********07 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 43 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2-ci maddəsinə əsasən Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması nəticəsində tərəflər arasında borc münasibətlərinin olması öz təsdiqini tapmışdır. İddiaçı iddia edir ki, cavabdehin iddiaçının icazəsi olmadan və xəbəri olmadan onun kartında toplanan "Cashback"ləri və valideynləri tərəfindən köçürülən xərclikləri, ümumi məbləği 700 manat olan pulu şəxsi məqsədləri üçün istifadə etmişdir. İddiaçı, cavabdehin xahişi və istiqaməti əsasında 2024-cü ilin noyabr-dekabr aylarında müxtəlif banklardan onlayn şəkildə ümumilikdə 1098 manat pul götürərək, cavabdehin göstərdiyi karta (**********074005 nömrəli) köçürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin çıxarışlarına əsasən, xx.xx.2024-cü il – xx.xx.2024-cü il tarixləri arasında iddiaçının kart hesabından 5411 24** **** 4005 nömrəli plastik karta ümumilikdə 620 manat pul köçürülməsi öz təsdiqini tapır. Cavabdehin kredit ödənişlərini etməməsi səbəbindən yığılan faizlər nəticəsində ümumilikdə 1098 manat olan borc məbləğinin üzərinə faizlər gəlmişdir. Bu məbləğ iddiaçının atası, Nümayəndə tərəfindən ödənilmişdir. İş materiallarında olan "MPAY QSC" və "xxxx" MMC-nin qəbzləri iddiaçının (və ya nümayəndəsinin) "ePay", BOKT "xxxx" MMC, "Manato.az" xidmətləri və GTZK1191090C299 nömrəli kredit müqaviləsi üzrə müxtəlif tarixlərdə (xx.xx.2025-ci il xx.xx.2025-ci il tarixləri arasında) cəmi 1562 manat məbləğində ödəniş etdiyini təsdiqləyir. Bu, cavabdehin ödəməli olduğu, lakin ödəmədiyi kredit borclarının iddiaçı tərəfindən ödənildiyini sübut edir. Məhkəməyə təqdim edilmiş səs yazıları və Cavabdeh və onun anası Aynurə adlı şəxs ilə iddiaçının nümayəndəsi (atası) arasındakı "Whatsapp" yazışmaları cavabdehin (və onun anasının) borcun mövcudluğunu və onu qaytarmaq öhdəliyini etiraf etdiyini açıq şəkildə göstərir. Cavabdeh borcu bağlayacağını, bankla danışdığını və vaxt istədiyini bildirmişdir. Beləliklə, cavabdehin borcunu ödəməməsi nəticəsində iddiaçı maddi olaraq çətin vəziyyətə düşmüş, bankdan kredit götürməyə və krediti öz vəsaiti hesabına ödəməyə məcbur olmuşdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barədə qanuni qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş və iddia tələblərinə qarşı heç bir etiraz və ya sübut təqdim etməmişdir. İşin hallarından, məhkəmə baxışında tədqiq olunmuş səs yazıları və yazışmalardan, Bank hesabından çıxarışlardan və ödəniş qəbzlərindən cavabdehin iddiaçıya 2267 manat borcunun olması öz təsdiqini tapır. Odur ki, məhkəmə sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 2267 (iki min iki yüz altmış yeddi) manat pul və 43 (qırx üç) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2267 (iki min iki yüz altmış yeddi) manat pul və 43 (qırx üç) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar