Məhkəmə qərarları › İş №2(004)-3827/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3827/2021

28.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3827/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, iddiaçı Həşimova (Soltanova) Brilyant Həşim qızının, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 MİK-nin və Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Həşimova (Soltanova) Brilyant Həşim qızının cavabdehlər "xxxx" MİK-nə, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “protokolun, maliyyə arayışının, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair” mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Həşimova (Soltanova) Brilyant Həşim qızı cavabdehlər "xxxx" MİK-nə, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “protokolun, maliyyə arayışının, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, Xarici Dairəvi yolu, ev 11, giriş 7, 151 saylı mənzilin Cavabdeh2 adına keçirilməsinə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında imzalanmış 15.03.2006-cı il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin, "Gənc Alim” MİKnin tərtib etdiyi idarə heyəti üzvlərinin 1 saylı protokolunun və həmin kooperativin adından tərtib edilmiş 16.12.2020-ci il tarixli 114 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, həmin sənədlər əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış ********** saylı qeydiyyatın və həmin qeydiyyata əsasən Cavabdeh2 adına verilmiş 08.04.2021-ci il tarixli **********49-05301-093180 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və 08.04.2021-ci il tarixli 04/12331 inventar nömrəli texniki pasportun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MTK ilə aralarında bağlanmış 24.11.2004-cü il tarixli, 69 nömrəli "Kooperativ mənzil tikinti haqqında” müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yaşayış binasını inşa edərək 3 otaqlı 81 kv.m sahəsi olan mənzili ona təhvil verməyi, o isə, müqavilə ilə şərtləşdirilmiş qaydada və məbləğdə cavabdehə ödəniş etməyi öhdələrinə götürmüşdürlər. Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada pul məbləğini cavabdehə ödəyərək həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Lakin səhhətində yaranmış problemlə bağlı uzun müddət yataq xəstəsi olduğundan, Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının protokolunu və maliyyə arayışını əldə etməsi mümkün olmadığından mənzilinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə edə bilməmişdir. Cavabdeh1 Mənzil İstehlak Kooperativinin sədri Aydın Cəfərov 2020-ci ilin avqust ayından başlayaraq ona müxtəlif üsullarla təzyiq etməyə başlamış, guya onun Cavabdeh1 MİK-nə borcu olduğunu və həmin borcu ödəməli olduğunu bildirmişdir. Aydın Cəfərovdan borcun nə ilə bağlı olduğunu soruşduqda, bu borcun mənzilin kommunal xərclərinə görə yaranmış olduğu və 7000 manat təşkil etdiyi bildirilmişdir. Onun təmsil etdiyi Kooperativlə hər hansı bir müqavilənin olmadığını və müqavilədən gələn öhdəliklərinin olmadığını bildirmişdir. Bundan sonra, Aydın Cəfərovdan mənzilinə dair vaxtilə rəhbəri olduğu Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının protokolunu və maliyyə arayışını verməsini tələb etmiş, o isə, “Gənc Alim’’ MTK ilə araralarında olan müqaviləni və ödəniş qəbzlərini ona təqdim etdiyi halda kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışş və maliyyə arayışını verəcəyini bildirmişdir. İstədiyi sənədləri ona təqdim etmiş, bundan sonra bəlalar başlamışdır. Aydın Cəfərov və onun tabeliyində olan Rəşad adlı komendant bir neçə dəfə mənzilinin qapısının kilidini sındırmışdırlar. Onların bu qanunsuz əməlləri ilə bağlı 102 qaynar xəttinə və Yasamal rayon 29 saylı polis şöbəsinə müraciət edərək, ölçü götürülməsini tələb etsə də, onların barəsində hər hansı bir tədbir görülməmişdir. Bütün bu qeyd edilənlərdən sonra Cavabdeh1 MTK-nin mövcud olub-olmamasını araşdırmağa başlamışdır. Vəkili vasitəsilə müvafiq sorğu verdikdən sonra məlum olmuşdur ki, Cavabdeh1 MTK 11.02.2005-ci il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bundan başqa araşdırmalar nəticəsində müəyyən etmişdir ki, Cavabdeh1 MTK-nin adına oxşar adla 04.07.2006-ci ildə Cavabdeh1 MİK təsis edilmişdir. Aydın Cəfərova Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ləğv edildiyi halda onun hal-hazırda hansı statusdan çıxış etdiyini soruşmuş, o isə, hal-hazırda səlahiyyətlərin onun əlində olduğunu bildirmiş və mənzilin boşaldılmasını tələb etmişdir. AR Mənzil məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi pay haqqını ödədiyindən artıq həmin əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş, vaxtı ilə Cavabdeh1 MTK-nin sədri olmuş Aydın Cəfərov tərəfindən mənzilin açarları ona təhvil verilmiş, tərəfindən mənzildə təmir işləri aparılmışdır. Həmçinin, bütün işıq, su sayğacları onun adına qeydiyyata alınmış, sərf edilən su və elektrik enerjisinə görə ödənişlər onun tərəfindən ödənilmiş və dövlət orqanları həmin mənzilin mülkiyyətçisi kimi onu tanıyırlar. Bütün bu qeyd edilənləri Cavabdeh1 MTK-nin sədri olmuş Aydın Cəfərova bildirsə də, hər-hansı bir nəticə əldə edə bilməmişdir. Bundan başqa, mənzilin dəyərini ödəsə də, hüquqi şəxs ləğv edildiyindən “mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının” Qərarı və Maliyyə arayışını əldə etməsi mümkün olmadığı üçün ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bilməmişdir. Cavabdeh1 MTK-nin sədri olmuş Aydın Cəfərov həmin mənzil üzərində hüquqlarını qeydiyyata aldıra bilmədiyindən xəbəri olduğundan həmin mənzili onun əlindən almağa dair müxtəlif addımlar atmağa başlamışdır. Belə ki, 13.04.2021-ci il tarixdə Cavabdeh1 MİK-nin komendantı Rəşad vasitəsilə yenidən mənzilinin qapısını sındırmağa cəhd etmişdir. Mənzildə olan oğlu ona bu hərəkətlərinin qanunsuz olduğunu bildirmiş, komendant artıq mənzilin başqa sahibinin olduğunu, həmin mənzilə dair onun çıxarış və texniki pasporta sahib olduğunu bildirmiş və oğlundan mənzilin boşaltmasını tələb etmişdir. Mənzili boşaltdığı təqdirdə ödədiyi və mənzilə çəkdiyi pulların geri qaytarılacağı bildirmişdir. Bundan sonra araşdırma nəticəsində müəyyən etmişdir ki, Cavabdeh2 adlı şəxs Cavabdeh1 MİK-nin tərtib etdiyi saxta idarə heyəti üzvlərinin 06.08.2020-ci il tarixli 1 saylı protokolundan çıxarış və həmin kooperativin adından 16.12.2020-ci il tarixli 114 saylı maliyyə arayışı tərtib etmiş və kooperativin möhürünü vuraraq Aydın Cəfərovun imzası ilə təsdiq edilmiş sənədlərlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək öz adına 08.04.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və 08.04.2021-ci il tarixli 04/12331 inventar nömrəli texniki pasport almışdır. Cavabdeh1 MTK ilə heç bir bağlılığı olmayan Cavabdeh1 MİK-nin onun mülkiyyətində və istifadəsində olan mənzilə dair sərəncam verərək belə bir sənəd tərtib etməsi artıq özü özlüyündə sənədlərin saxtalaşdırılmasıdır.MM-nin 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Cavabdeh1 MTK artıq 11.02.2005-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh1 MİK-nin isə Cavabdeh1 MTK ilə bağlılığı olmadığı halda ləğv edilmiş hüquqi şəxsin adından çıxış edə və ona məxsus olmayan onun balansında olmayan əmlak üzərində sərəncam verə bilməz. Cavabdehlər "xxxx" MİK-nin və Cavabdeh2 nümayəndəsi və vəkili X2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbini qəbul etmirlər. "xxxx" MTK ilə Həşimova (Soltanova) Brilyant Həşim qızı arasında Kooperativ mənzil tikinti haqqında müqavilə iddia ərizəsində göstərildiyi kimi 24.11.2004-cü ildə deyil, 04.02.2004-cü ildə bağlanmışdır. Mənzilin dəyəri 10400 ABŞ dolları müəyyən edilmişdir. Müqavilədən göründüyü kimi tarix iddiaçı tərəfindən pozulub düzəldilmişdir. Həmçinin, həmin Müqavilədə mənzilin hansı girişdə, hansı mərtəbədə yerləşməsi və mənzilin nömrəsi göstərilməyib. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan məbləğdən 4100 ABŞ dolları ödənilməmişdir. İddiaçı tərəfindən müqavilənin tarixi saxtalaşdırıldığı üçün birinci ödəniş guya Müqavilə bağlanmamışdan əvvəl, yəni, 29.07.2004-cü ildə edilib. Əgər müqavilə 24.11.2004-cü ildə bağlanıbsa, iddiaçı 29.07.2004-cü ildə ödənişi hansı məqsədlə edib? Bundan sonra dəfələrlə iddiaçıya müraciət olunaraq qalıq borcun ödənilməsi xahiş olunmuş və əks təqdirdə Kooperativ üzvlüyündən çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. 01.05.2013-cü ildə poçt vasitəsi ilə Soltanova (Həşimova) Briiyant Həşim qızına məktub göndərilmiş və MTK ilə əlaqə saxlamağı xahiş edilmişdir. 10.11.2013-cü ildə və 25.10.2017-ci ildə poçt vasitəsi ilə Soltanova (Həşimova) Briiyant Həşim qızına müraciət edilərək MTK-nın hesabına ödədiyi pulları geri alması xahiş edilmişdir. 01.02.2021-ci ildə məktubla Həşimova (Soltanova) Briiyant Həşim qızına MTK-nın hesabına ödədiyi pulları geri alması xahiş edilmişdir. Həmin məktubu iddiaçının keçmiş həyat yoldaşı Soltanov qəbul etmişdir. "xxxx" MTK üzvəlrinin 12.11.2003-cü ildə keçirilən 4 saylı ümumi iclasında və 12.12.2003cü ildə keçirilən 6 saylı iclasında belə bir qərar qəbul edilmişdir ki, iki il müddətində tikinti üçün müəyyən edilmiş pay haqqınnı vaxtında ödəməyən MTK üzvü qeyd-şərtsiz MTK üzvlüyündən azad edilsin və onların yerinə 100 % ödəniş edən üzvlər qəbul edilsinlər. "xxxx" MTK üzvəlrinin 16.02.2006-cı ildə keçirilən ümumi iclasında borcu qalan BDU əməkdaşlarına təsir etmək üçün Universitetin rəhbərliyinə müraciət edilməsi qərara alınmışdır. “Gənc Alim" MTK üzvəlrinin 05.03.2006-cı ildə keçirilən ümumi iclasında borclarını ödəmədikləri üçün bəzi Kooperativ üzvləri, o cümlədən X3 üzvlüyündən azad edilmiş və onların ödədikləri pulların geri qaytarılması barədə qərar qəbui edilmişdir. Soltanova B.H həmin qərarla tanış olmuş və bu barədə tərtib olunmuş siyahıya imza etmişdir. Əgər digər əsaslar mövcud olsa belə, (belə əsaslar ümumiyyətlə mövcud deyil) iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddiaçı Kooperativ üzvlüyündən azad edildiyi və bu barədə artıq 05.03.2006-cı ildə məlumatlı olduğu üçün həmin şəxsin belə bir iddia qaldırmasına subyektiv hüququ yoxdur. Cavabdeh2 ilə "xxxx" MTK arasında 15.03.2006-cı ildə Kooperativ mənzil tikinti haqqında 151 saylı müqavilə imzalanmış, həmin tarixdə Cavabdeh2Ə tərəfindən üç otaqlı mənzil üçün 24000 ABŞ dolları ödənilmişdir və bu barədə ona 38 saylı maliyyə arayışı verilmişdir. "xxxx" MTK üzvlərinin 16.04.2006-cı ildə keçirilən ümumi iclasının 2 saylı Protokolu əsasında Cavabdeh2 MTK üzvlüyünə qəbul olunmuşdur. "xxxx" MTK üzvlərinin 06.08.2020-ci il tarixli, 1 saylı iclasının qərarı ilə Cavabdeh2 mənzilin özəlləşdirilməsi üçün lazım olan sənədlərin verilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2- ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə görə, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2 ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Həşimova (Soltanova) Brilyant Həşim qızı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 MİK-nin və Cavabdeh2 nümayəndəsi və vəkili X2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərət, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan ”Gənc Alim” MTK ilə Həşimova (Soltanova) Brilyant Həşim qızı aralarında bağlanmış 24.11.2004-cü il tarixli, 69 nömrəli "Kooperativ mənzil tikinti haqqında” müqavilənin surətindən görünür ki, kooperativ ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, Xarici Dairəvi yolu, ev 11, giriş 7, 151 3 otaqlı 81 kv.m sahəsi olan mənzili payçıya təhvil verməyi, payçı isə, mənzili qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş dəyərini kooperativə ödəməyi öhdələrinə götürmüşdürlər. Müqaviləyə əsasən mənzilin dəyəri 10400 ABŞ dolları müəyyən edilmişdir. Müqavilənin 3.2-ci bəndinin şərtinə əsasən mənzilin dəyərinin hər kv.m 130 USD olmaqla iki il müddətinə, hər kv.m 100 USD olmaqla birdəfəlik ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş mədaxil qəbzlərindən görünür ki, Həşimova (Soltanova) Brilyant Həşim qızı tərəfindən Cavabdeh1 MTK-nın hesbına mənzilə görə 2004-cü ildə 1350 ABŞ dolları, 10.045.000 manat, 2005-ci ildə 4.900.000 manat, 8.160.000 manat, 6.440.000 manat və 2006-cı ildə 2666 ABŞ dolları, cəmi 29545000 manat (AZM) və 4016 ABŞ dolları ödəniş həyata keçirilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 30.06.2021-ci il tarixli, **********740900 saylı və **********741600 cavab məktublarından müəyyən olunur ki, 27.02.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MTK 11.02.2005-ci il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Qurumun qeydiyyat qovluğuna ya təşkilatı hüquqi formanın dəyişməsinə daır məlumat aşkar edilməmişdir Qurumun hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi üzlərinin 05.03.2006-cu il tarixli iclasının 1 saylı protokolunun surətindən görünür ki, borclarını ödəmədikləri üçün bəzi Kooperativ üzvləri, o cümlədən X3 üzvlüyündən azad edilmiş və onların ödədikləri pulların geri qaytarılması barədə qərar qəbui edilmişdir. İş materiallarında olan ”Gənc Alim” MTK ilə Cavabdeh2 aralarında bağlanmış 15.03.2006-cı il tarixli, 151 nömrəli Kooperativ mənzil tikinti haqqında” müqavilənin surətindən görünür ki, kooperativ ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasında giriş 7, 6-cı mərtəbə, 3 otaqlı 78.2 kv.m sahəsi olan 151 saylı mənzili payçıya təhvil verməyi, payçı isə, mənzili qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş dəyərini kooperativə ödəməyi öhdələrinə götürmüşdürlər. Müqaviləyə əsasən mənzilin dəyəri 24000 ABŞ dolları manatı müəyyən edilmişdir. Müqavilənin 3.2-ci bəndinin şərtinə əsasən mənzilin dəyərinin hər kv.m 130 USD olmaqla iki il müddətinə, hər kv.m 100 USD olmaqla birdəfəlik ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş 15.03.2006-cı il tarixli, 38 nömrəli maliyyə arayışının surətindən görünür ki, qeyd olunan mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestridən 08.04.2021-ci il tarixli **********49-05301- 093180 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, Xarici Dairəvi yolu, ev 11, giriş 7, 151 saylı mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.6-cı maddəsinə əsasən qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 48.1-ci maddəsinə hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. 59.1-ci maddəsinə görə hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Mülki qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxsin ləğvi onun hüquq və vəzifələrinə hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsidir. Beləliklə, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ləğvi strukturuna daxil olan müəssisə, təşkilat və cəmiyyətlərin, habelə filialların, nümayəndəliklərin, yanında, nəznində və digər formalarda yaradılmış struktur bölmələrin fəaliyyətinin xitamı deməkdir. Hüquqi şəxsin hüquq qabiliyyəti olmadan hüquq və vəzifələrin yaranması mümkün deyil. Beləliklə, hüquq qabiliyyəti olmayan Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin və "Gənc Alim” Mənzil İstehlak Kooperativinin keçirdiyi iclasların hüquqi əhəmiyyəti yoxdur. Məhkəmə baxışı zamanı iş materialları və toplanılmış digər sübutlar hərtərəfli araşdırılmaqla müəyyən edilmişdir ki, 27.02.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MTK 11.02.2005-ci il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Həmçinin mübahisələndirilən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, Xarici Dairəvi yolu, ev 11, giriş 7, 151 saylı mənzilin Cavabdeh2 adına keçirilməsinə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında imzalanmış 15.03.2006-cı il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin, "Gənc Alim” MİK-nin tərtib etdiyi idarə heyəti üzvlərinin 1 saylı protokolunun və həmin kooperativin adından tərtib edilmiş 16.12.2020-ci il tarixli 114 saylı maliyyə arayışının hüquq fəaliyyəti olmayan, heç bir səlahiyyətli dövlət təşkilatında qeydiyyatdan keçməmiş, ləğv edilmiş qurumun adından tərtib olunması MTKnın adından keçirilən iclasların öz fəaliyyəti, yaxud başqa məsələlərlə bağlı qərarlar vermək səlahiyyətinə malik olmaması müəyyən edilmişdir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır... Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir.” Bundan başqa məhkəmə iddianı təmin edərkən, mənzilin dəyərinin iki il ərzində iddiaçı tərəfndən tam ödənilməsini, mübahisəli mənzilin uzun illərdirki və hal hazırda da, iddiaçının isdifadəsində olmasını, eləcədə digər Cavabdeh2 tərəfindən bu ilər ərzində iddiçıya qarşı hər hansı bir iddiasının olmamasını da, nəzərə alır. İşin bu halları eləcədə mübahisəli mənzilin iddiaçının sərancamında və isdifadəsində olması iş materillarıi, o cümlədən də, cinayət işinin rədd edilməsinə dair qərarlarla da, öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında 15 mart 2006-cı il tarixdə imzalanmış kooperativ mənzil tikintisi haqqında müqavilə, "Gənc Alim” Mənzil İstehlak Kooperativinin tərtib etdiyi idarə heyəti üzvlərinin 06 avqust 2020-ci il tarixli 1 saylı protokolu və həmin kooperativin adından tərtib edilmiş 16.12.2020-ci il tarixli 114 saylı maliyyə arayışı, Cavabdeh1 Mənzil İstehlak Kooperativinin tərtib etdiyi sənədlərə əsasən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyata əsasən Cavabdeh2 adına verilmiş 08.04.2021-ci il tarixli **********49-05301-093180 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və 08.04.2021-ci il tarixli 04/12331 inventar nömrəli texniki pasport etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1., 80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında 15 mart 2006-cı il tarixdə imzalanmış kooperativ mənzil tikintisi haqqında müqavilə, "Gənc Alim” Mənzil İstehlak Kooperativinin tərtib etdiyi idarə heyəti üzvlərinin 06 avqust 2020-ci il tarixli 1 saylı protokolu və həmin kooperativin adından tərtib edilmiş 16.12.2020-ci il tarixli 114 saylı maliyyə arayışı etibarsız hesab edilsin. Cavabdeh1 Mənzil İstehlak Kooperativinin tərtib etdiyi sənədlərə əsasən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyata əsasən Cavabdeh2 adına verilmiş 08.04.2021-ci il tarixli **********49-05301- 093180 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və 08.04.2021-ci il tarixli 04/12331 inventar nömrəli texniki pasport etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar