Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3888/2020 09.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müştərək qaydada pulun tutulması və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçıcavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müştərək qaydada pulun tutulması və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan cavadehlər Cavabdeh1 və Cavabdeh2 ona olan 7.800 manat əsas pul vəsaitinin, 12.730 manat vurduqları zərərin və dövlət rüsumunun, cəmi 20.530 manat pulun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin fevral ayında uzun illər tanıdığı, həmkar kimi hörmətini saxladığı Cavabdeh1 və Dövlət Gömrük Komitəsinin məsul vəzifəsində işləyən Cavabdeh2 qarşılaşdığı problemi çözmək üçün ondan 10.000 (on min ) manat borc pul istəmişdirlər. Cavabdehlərin ailəsinə bələd olduğundan və daim hörmət və ehtiram göstərdiyi üçün cavabdehlərə kömək etmək - borc vermək qərarına gəlmişdir və xx.xx.2019-cu il tarixdə Əziz Əliyev adına Azərbaycan Dövlət X1 5-ci mərtəbəsində Cavabdeh1 iş otağında, Cavabdeh2 iştirakı ilə cavabdehlərə 9.000 ( doqquz min ) manat pul vermişdir. Ondan aldığı 9.000 (doqquz min) manat pula dair Cavabdeh1 qəbz də yazıb imzalamışdır. Sonradan halal pulunu hər iki cavabdehlərdən həm telefon vasitəsilə, həm də görüşərək xahiş və tələb edəndə Cavabdeh1 iltizam yazaraq möhlət istəyib öhdəlik götürmüş, digər Cavabdeh2 isə ona kişi kimi söz verərək and içmişdir ki, tezliklə pulunu qaytaracaq. Amma çox təəssüf ki, belə olmamış, cavabdehlər ona cəmi olaraq 1.200 ( bir min iki yüz ) manat pul qaytarmış, qalan pulunu isə, yəni 7.800 ( yeddi min səkkiz yüz ) manat pulunu bu günə kimi qaytarmamışlar və qaytarmaq fikirləri də yoxdur. Çünki artıq cavabdehlər onun telefon zənglərinə cavab vermirlər, onunla görüşməkdən ustalıqla yayınırlar. Dəfələrlə cavabdehlərin yaşadıqları ünvana və Cavabdeh2 işlədiyi Bakı Baş Gömrük idarəsinin “İpək Yolu” Gömrük Postunda olmağına baxmayaraq xeyiri olmamışdır. Hətta Cavabdeh2 Rəisi X2 ilə bir neçə dəfə görüşüb kömək istəsə də müsbət nəticə əldə olunmamışdır.Bundan sonra o hər iki cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 barəsində başda Möhtərəm Cənab Prezidentimiz olmaqla, Azərbaycan Respublikasının İ Vitse-Prezidentinə, Dövlət Gömrük Komitəsinin Sədrinə və bütün əlaqədar hüquq-mühafizə orqan rəhbərlərinə 100-ə yaxın müraciətlər, şikayət ərizələri və teleqramlar ünvanlamağa başlamışdır. Nəticədə bütün müraciətləri araşdırılmaqdan ötrü aidiyyatı üzrə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə göndərilmiş, baş təhqiqatçı, polis mayoru Ruslan Əfəndiyevin icraatına verilmişdir. Təhqiqat zamanı planlı surətdə baş təhqiqatçının dəvətinə məhəl qoymayan Cavabdeh2istintaqdan yayınmış, digər Cavabdeh1 təhqiqat zamanı ona olan borcunu səmimi etiraf etmiş ,tezliklə ona olan borcunu — 7.800 ( yeddi min səkkiz yüz ) manat pulu qaytaracağına dair öhdəlik götürməklə bu dəfə baş təhqiqatçmı aldada bilmişdir. Digər tərəfdən oğlu olan Cavabdeh2 müdafiə etməsi cavabdehlərin onun pulunu qaytarmaq fikirlərinin olmamasına sübutlardan biridir. Bakı Şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru R.Əfəndiyev təfindən qəbul edilən xx.xx.2020-ci il tarixli Qərara əsasən ona “mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun” tövsif edilmişdir. Yuxarıda göstərilənlərdən əlavə olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 artıq 17 aydır ki, onun 7.800 (yeddi min səkkiz üz ) manat pulunu özlərində saxlayıb şəxsi məqsədləri üçün istifadə edərək gəlir əldə etmişlər və ona xeyli-miqdarda zərər vurmuşlar. Belə ki, həmin vəsaitdən o hər ay ən azı 700 (yeddi yüz) manat gəlir əldə edə bilərdi. Bundan əlavə bu 17 ay müddətində yol, telefon, poçt məsrəfləri, iddia ərizəsinin hazırlanması, hüquqi nümayəndəyə ödədiyi və digər xərcləri 800(səkkiz yüz) manat, dövlət rüsumu 30 (otuz) manat olmuşdur.Beləliklə, bu günə kimi cavabdehlər tərəfindən ona əsas vəsaitdən əlavə olaraq vurduqları zərər: 7.800=17ay x 700=11.900+800+30=12.730 (on iki min yeddi yüz otuz ) manat təşkil edir. Cavabdehlər tərəfindən qanunun tələbləri bu gün də kobud surətdə pozulur və həmin şəxslərin (cavabdehlərin) bu qanunsuz hərəkətləri zərərin miqdarını daha da artırır. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Cavabdehkərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 9000 manat məbləğində pul almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı aldığı 9000 manat puldan 1200 manatını qaytarmış və İddiaçı pulu aldığına dair imza etmişdir. Cavabdeh1 qalan borcunu 2020-ci ilin sentyabr ayının sonuna qədər müəyyən hissəsini ödəyəcəyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli digər qəbzdən görünür ki, Cavabdeh1 2020-ci ilin sentyabr ayının sonuna qədər İddiaçı olan 7800 manat borcun bir hissəsini ödəyəcəyinə dair söz vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh1 izahatında bildirmişdir ki, o, İddiaçı 5 ildir həkim yoldaşı kimi tanıyır. 2019-cu ilin fevral ayında maddi durumu ilə əlaqədar olaraq İddiaçı borca 9000 manat pul götürmüşdür. Həmin pulun 1200 manatını bu müddət ərzində qaytarmışdır. Lakin aralarında olan razılaşmaya əsasən pulun yerdə qalan hissəsini hissəhissə sentyabr ayına ödəyəcəyini söz vermiş və bu barədə aralarında yazılı şəkildə qəbz tərtib edilmişdir. Hal-hazırda maddi durumu zəif olduğundan İlqara olan borcunu qaytara bilmir. İlqara olan borcun qalan hissəsini yalnız sentyabr ayından hissə-hissə ödəməyə başlayacaqdır. Göründüyü kimi, İddiaçı və Cavabdeh1 arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərin Cavabdeh1 tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, Cavabdeh1 borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin Cavabdeh2 aid hissəsi üzrə məhkəmə hesab edir ki, bu hissədə iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, cavabdehlərdən biri olan Cavabdeh1 İddiaçı 9000 AZN pul almışdır. Həmin qəbzi yalnız Cavabdeh1 öz imzası ilə təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə Cavabdeh2 müəyyən məbləğdə pulun verilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddianın Cavabdeh2 aid hissəsi rədd edilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində əlavə olaraq borc verdiyi pul vəsaitinin onda olacağı halda hər ay üçün ən azı 700 manat gəlir əldə edə biləcəyini, bu 17 ay müddətində yol, telefon, poçt məsrəfləri, iddia ərizəsinin hazırlanması, hüquqi nümayəndəyə ödədiyi və digər xərclərə dair 800 manat xərcləməsini iddia etsə də, bunu təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə borc verdiyi pul vəsaitinin onda olacağı halda hər ay üçün ən azı 700 manat gəlir əldə edə biləcəyini, bu 17 ay müddətində yol, telefon, poçt məsrəfləri, iddia ərizəsinin hazırlanması, hüquqi nümayəndəyə ödədiyi və digər xərclərə dair 800 manat xərcləməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin pulun ödənilməsinə dair həmin hissələri rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 cəmi 9000 manat məbləğində borc verilmişdir. Cavabdeh1 həmin borc məbləğindən 1200 manat qaytarmış, 7800 manat borcu qalmışdır. Odur ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3888/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3888/2020
09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver