Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-390/2022 28.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əmlaka vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "əmlaka vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 700 manat və mənəvi ziyana görə dəymiş 200 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 15, 45 saylı mənzilin sahibidir. 23 oktyabr 2021-ci il tarixdə mənzilinin bir mərtəbə yuxarısında yerləşən mənzildən suyun axması nəticəsində su basmışdır. Mənzilinin tavanı və divarları yararsız vəziyyətə düşmüşdür, divarlar təzədən suvanıb və boyanmışdır. Cavabdeh onun mənzilindən yuxarıda 48 saylı mənzildə yaşayır. Baş verənlərin səbəbi mənzildə kirayəçi saxladığı şəxslərin bilərəkdən suyun axıtması olmuşdur. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzil istismar sahəsinin yoxlama aktı, polis orqanına edilmiş şikayət cinayət işinin xitam olunması barədə qərar və s.) şahidlərin ifadələri və s.) təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür, yəni təmirə xərclənən xərci 700 manat məbləğində qiymətləndirir. Korlanmış əşyalar və pul əskinasları onun tərəfindən saxlanılmışdır və sübut kimi təqdim oluna bilər. Həmçinin, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) əsasən təmir dəyəri 700 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Həmçinin 3 il ərzində dəfələrlə suyun axıdılması nəticəsində ona 200 manat məbləğində mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin hallarını və dəlillərini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyati idarəsinin MH seriyalı 134485 nömrəli Qeydiyyat vərəqəsindən müəyyən olunur ki, Bakı şəhəri Kiyev prospekti ,15 nömrəli yaşayış evinin 45-ci mənzili İddiaçı adına xüsusi mulkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 246 nörəli reyest kitabının 35967 saylı səhifəsində 31436 nömrə ilə 25.12.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. AZEMİS vasitəsilə əldə edilmiş əmlak sahibi məlumatı soğusunun çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 15, 48 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. İş materiallarında olan Yasamal rayon 32 saylı MİKS-nin mühəndisi Kamran Novruzov, sahə nəzarətçisi Rövşən Quliyev, Yasamal RPİ-nin 29-cu PB-nin 10 saylı inzibati ərazisinin polis sahə rəisi, polis mayoru Əli Məmmədov tərəfindən imzalanaraq tərtib edilmiş 25.10.2021-ci il tarixli aktdan görünür ki, Akim Abbasov küçəsi ev 15 mənzil 45-də yaşayan İddiaçı şikayət ərizəsi əsasında mənzilə baxış keçirilmiş, baxış zamanı su axıntısına rast gəlmişlər. Axıntı zamanı mənzildə mətbəxin tavan və divar hissələrində və sanuzel otağının tavan hissəsində ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/7204 nömrəli, 11 fevral 2022-ci il tarixli rəyinin nəticə hissəsində qeyd olunur ki, iddiaçıya məxsus 45 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 48 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 45 saylı mənzilin sanitar-qovşağı və mətbəx tikilisində qüsürlar əmələ gəldiyini,həmin qüsürların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsində yerləşən 15 saylı evin mənzil 45 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 48 saylı mənzildən su axıdıldığı və nəticədə 45 saylı mənzilin sanitar-qovşağı və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən 15 saylı evin, 45 saylı mənzili üzrə su sızma nəticəsində yaranan qüsurların nələrdən ibarət olduğu və həmin qüsurların bərpası üçün görüləcək işlərin ümümi dəyəri rəyə əlavə edilmiş smetada ətraflı göstərilməklə 878 (səkkiz yüz yetmiş səkkiz)manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus mənzilə cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi ev 15 mənzil 48-dən susızma baş verməsi müəyyən edilmişdir. İddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 15, 45 saylı mənzilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/7204 nömrəli, 11 fevral 2021-ci il tarixli rəyinə əsasən 878 manat məbləğində zərər dəymişdir. Məhkəmə hesab edir ki, iddia tələbi maddi zərər hissəsində tələb həcmində təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 700 manat məbləğində pul tutulmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, iddiaçı mənəvi və fiziki sağlamlığına vurulan zərərin nədən ibarət olmasını və bu zərərin cavabdehlərin hansı təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsini, səbəbli əlaqə olmasını sübut edən sənədləri məhkəməyə təqdim etmədiyindən iddia tələbi 200 (iki yüz) manat mənəvi zərərin əvəzinin tutulması hissəsində də rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməli, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi tələb edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi 700 (yeddi yüz) manat Cavabdeh tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza xərcinə görə 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-390/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-390/2022
28.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver