Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3948/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X7 oğlunun katibliyi X1, İddiaçı, Cavabdeh Mamedova Mirvari Mirqasım qızının iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərər tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ona vurulmuş maddi ziyana görə 1100 manat, mənəvi ziyana görə 2000 manat və 2018-ci ildə 31 manat, 14 fevral 2020-ci ildə isə 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin noyabr ayında özünə məxsus qızılları satmış və əldə olunmuş 1100 manatı Cavabdeh1 vermiş, o isə həmin pulu Cavabdeh2 vermişdir. Həmin pul Almaniyaya köçürülmüş və ona orada açdıqları elektron mağazaya şərik olduğunu bildirmişlər. Cavabdeh2 ona 09 noyabr 2016-cı il tarixdə ayrıayrılıqda 500 ABŞ dolları və 30 ABŞ dollarının ödənilməsi barədə qəbzlər vermiş, lakin orada özünün və Cavabdeh1 adını yazmamışdır. Cavabdehlər ona 3000 manat məbləğində maddi və mənəvi zərər vurmuşlar. Onun pulunu tələb etməsinə baxmayaraq qaytarmırlar. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı pulu ona yox şirkətə vermişdir. Odur ki, iddiaçı pulunu şirkətdən tələb etməlidir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən - Cavabdeh2 qarşı hissədə rədd edilməlidir. Məhkəmənin 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə Yasamal rayon Məhkəməsinin İddiaçı Cavabdeh1 qarşı eyni predmet və eyni əsaslarla qanuni qüvvəyə minmiş 29 mart 2018-ci il tarixli 2(004)2286/2018 saylı qətnaməsi olduğundan mülki işin həmin cavabdehə qarşı hissəsi üzrə icraata xitam verilmişdir. Həmin qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmişdir ki, hazırki işdə iddia olunan 1100 manatı iddiaçı 09 noyabr 2016-cı il tarixdə AK-X3 09 noyabr 2016-cı il tarixli qəbzinə əsasən həmin şirkətə (cəmi 550 ABŞ dolları) ödəmişdir. Buna əsasən məhkəmə Cavabdeh1 qarşı həmin pulun tələbi və pulun qaytarılmamasına görə 2000 manat mənəvi zərər tələbini əsassız hesab edərək iddianı rədd etmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, hazırki işdə iddia olunan 1100 manatın qanuni qüvvəyə minmiş qətnamə ilə iddiaçı tərəfindən şirkətə ödənilməsi müəyyən edildiyindən həmin pul tələbinin Cavabdeh2 qarşı da tələbi əsassızdır və rədd edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən iddiaçıya maddi zərər vurulması təsdiq edilmədiyindən mənəvi zərər tələbi də təmin edilə bilməz. Mülki Məcəllənin 21.1.-ci maddəsinə əsasən əərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. .-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci (zərərin əvəzinin ödənilməsi) və 23-cü maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə icraata qismən xitam verildiyindən, qismən isə rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfinddən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3948/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3948/2021
29.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver