Məhkəmə qərarları › İş №2(004)-3961/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3961/2023

26.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3961/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əlizadə Fariz Ariz oğlu İddiaçı cavabdehlər “Sərraf-M” Qiymətləndirmə və Konsaltinq şirkəti və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə qarşı “icra orqanının qiymətləndiricinin dəvət olunması barədə qərarının və daşınmaz əmlakların qiymətləndirilməsinə dair ekspert rəylərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Sərraf-M” Qiymətləndirmə və Konsaltinq şirkəti və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə qarşı “icra orqanının qiymətləndiricinin dəvət olunması barədə qərarının və daşınmaz əmlakların qiymətləndirilməsinə dair ekspert rəylərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra Şöbəsinin qiymətləndiricinin dəvət olunması haqqında xx.xx.2022-ci il tarixli qərarının və “Sərraf-M” Qiymətləndirmə və Konsaltinq şirkətinin xx.xx.2023-cü il tarixli müvafiq ekspert rəylərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icaatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia icraatı çərçivəsində borclunun əmlakının qiymətləndirilməsi ilə bağlı qiymətləndiricinin rəyləri və icra orqanının qiymətləndiricinin dəvət olunması barədə qərarı mübahisələndirilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, müvafiq icra sənədi hazırda icra mərhələsindədir və icra hərəkətləri davam etdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2021 saylı 24 noyabr 2021-ci il tarixli qərardadında izah olunmuşdur ki, borclunun ipoteka predmeti olmayan əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Nəticədə, hazırki tələb üzrə məhz iddia icraatı qaydasında iddianın qaldırılması qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçı izah olunur ki, o, icra məmurunun hərəkətlərindən şikayət qaydasında icra məmurunun olduğu yer üzrə məhkəməyə müraciət edə bilər. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər “Sərraf-M” Qiymətləndirmə və Konsaltinq şirkəti və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə qarşı “icra orqanının qiymətləndiricinin dəvət olunması barədə qərarının və daşınmaz əmlakların qiymətləndirilməsinə dair ekspert rəylərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. İddiaçı izah olunsun ki, o, icra məmurunun hərəkətlərindən şikayət qaydasında icra məmurunun olduğu yer üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar