Məhkəmə qərarları › İş №2(004)-3989/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3989/2024

28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3989/2024 28.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus avtomobilə dəymiş maddi zərərə görə 6.304 manat və mənəvi ziyanla bağlı 500 manat pulun tutularaq ona ödənilməsinə, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 89 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh iddiaçının mülkiyyətində olan "Toyota PRİUS (Hibrid)" markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin taksi fəaliyyəti ilə məşğul olan Cavabdeh müvəqqəti istifadəsinə verilməsi barədə şifahi razılığa gəlmişlər. İddiaçı cavabdehə "Toyota PRİUS (Hibrid)" markalı , ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı 25 saylı Notariat Ofisində 22 sentyabr 2023-cü il tarixdə təsdiq edilməklə xx.xx.2032-ci il tarixədək qüvvədə olan, 9 il 27 gün müddətinə etibarnamə vermişdir. Cavabdeh avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq qəza törətmiş , hərəkətdə olan digər avtomobili vuraraq maddi zərərə səbəb olmuşdur. Cavabdeh avtomobili sıradan çıxmış vəziyyətdə ona geri qaytarmışdır, lakin avtomobili təmir etdirməmiş, həmçinin vurulmuş maddi ziyanı ödəməkdən yayınmışdır. Qeyd olunmalıdır ki, avtomobilin bir çox hissələri sıradan çıxmışdır, yenisi ilə əvəz edilməlidir, bəzi hissələr dəyişdirilməlidir, dəmirçi və rəngsaz işləri həyata keçirilməlidir. Ustalar tərəfindən avtomobilə baxış keçirilmiş, avtomobilə dəymiş ziyan 6.304 (altı min üç yüz dörd) manat müəyyən edilmişdir. Avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi, təmir edilməsi, zəhmət haqqı verilməsi, hissələrin alınmasına xeyli vəsait sərf olunacaqdır. İddiaçı qeyd edir ki, cavabdehlə aralarında şifahi qaydada razılaşarkən avtomobil onun istifadəsində olduğu təqdirdə baş verəcək maddi zərərin və s. onun tərəfindən həll ediləcəyi razılaşdırılmışdır . Cavabdeh avtomobili təmir etdirərək qaytarmalı idi, lakin avtomobili əzilmiş vəziyyətdə qaytarmaqla maddi zərəri ödəməmişdir. İddiaçı cavabdehdən dəfələrlə vurulmuş maddi ziyanı ödəməsini tələb etsə də, əhəmiyyət verməmiş və maddi zərəri ödəməkdən yayınmışdır. Cavabdehdən 6.304 (altı min üç yüz dörd) manat məbləğində pul alınaraq ona verilməlidir. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən o, mənəvi zərərə məruz qalmışdır. Maddi zərərə məruz qalmağı şüuruna mənfi psixoloji təsir etmişdir, sağlamlığı pozulmuşdur. İddiaçı cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 500 manat məbləğində dəyərləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək, iddiaçıya dəymiş zərəri ödəməyə razı olduğunu, lakin hazırda tam ödənişi etməyə maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, reyestrdə 7E-15777 nömrə ilə qeyd edilmiş etibarnamənin surətinə əsasən İddiaçı tərəfindən Cavabdeh 2008-ci il buraxılışlı, "Toyota PRİUS (Hibrid)" markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili 9 il 27 gün müddətinə xx.xx.2032-ci il tarixədək idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 14:00-da "Toyota PRİUS (Hibrid)" markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Cavabdeh X1 5734 manat borcunun olduğunu Aprel ayının 30-na qədər aldığı borcu qaytaracağını, qaytarmadığı halda məhkəmə qarşısında cavab verməyə hazır oluğunu, bu ərizəni heç bir təsir altında yazmadığını, öz imzasıyla təsdiq etdiyini bildirmişdir. Bundan başqa iş materiallarına avtomobilin qəzadan sonrakı vəziyyətini əks etdirən fotoşəkillər əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin iddianı etiraf etməsini nəzərə alıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında "Toyota PRİUS (Hibrid)" markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili 9 il 27 gün müddətinə xx.xx.2032-ci il tarixədək idarə etmək səlahiyyəti vermişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 14:00-da "Toyota PRİUS (Hibrid)" markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus "Toyota PRİUS (Hibrid)" markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh ərizə yazaraq 5734 manat məbləğində borcunun olduğunu etiraf etmiş və məhkəmə iclasında iştirak edərək iddianı qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi maddi zərər hissəsində 5734 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddiaçının mənəvi zərərə görə 500 manat məbləğində pulun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə, mənəvi zərərin nədə ifadə olunduğuna dair kifayət qədər sübutlar təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "Toyota PRİUS (Hibrid)" markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə 5734 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 89 manat məbləğində dövlət rüsumunun 77.34 manat məbləği cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 5734 (beş min yeddi yüz otuz dörd) manat və dövlət rüsumu olaraq ödənilmiş 77.34 (yetmiş yeddi manat otuz dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar