Məhkəmə qərarları › İş №2(004)-402/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-402/2020

03.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-402/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mənzilinə vurulmuş maddi zərərə görə 2400 manat, mənəvi zərərə görə 2400 manat və sənədlərin hazırlanması, təsdqi edilməsi, çap olunması üçün xərclədiyi 100 manat məbləğində pulun İddiaçı Al oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Həsənov X1 prospekti, 539-cu məhəllə, ev 18/7, mənzil 1 ünvanında anası ilə yaşayır. Anası 1-ci dərəcəli əlildir, daim kənar şəxslərin köməyinə ehtiyacı vardır. Qapı qonşusu, 2 saylı mənzilin sahibi, Cavabdeh öz mənzilini təmir etdirən zaman onun 1 saylı mənzilinin eyvanına və mətbəxinə ciddi ziyan vurmuşdur. Belə ki, eyvanın divarı deşilmişdir, suvaq düşmüşdür, boya pozulmuşdur. Mətbəxdə isə kafellərin bir hissəsi sınmışdır. Digərləri isə bütün divar boyu divardan ayrılıb qabağa gəlmişdir. Eyvanın divarının bir hissəsini boyamaq, digər hissəsini saxlamaq fərqlilik yaradacağından bütün divarlar tam olaraq boyanmalıdır. Kafellərin eynisi ilə əvəz olunması mümkün olmayacağından onun bir hissəsini dəyişib bir hissəsinin saxlamaq olmaz. Buna görə də, kafel tam dəyişilməlidir. Təmir işləri bir-biri ilə əlaqəli olduğu üçün kalellər dəyişilən zaman yerdə olan metlax sınır sökülür, kefelə sərhəd olan oboy yararsız hala düşür. Beləliklə, istər-istəməz mətbəx tam olaraq təmir olunmalıdır. Ona dəymiş ziyan 28-ci PB-nin xx.xx.2019-cu il tarixli 094 11288H-3219 saylı məktubu və fotoşəkillər ilə təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər . Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən təqdim olunmuş MA seriya, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71.3 kv.m olan 1 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materillarında olan Yasamal RPİ-nin 28-ci PB-sinin xx.xx.2019-cu il tarixli, 094 11288H-3219 saylı məktubundan müəyyən olunur ki, iddiaçının ərizəsinə PB-si tərəfindən baxılmış və iddiaçıya bildirilmişdir ki, qonşu, 2 saylı mənzilin sahibi Cavabdeh tərəfindən mənzilində təmir işləri apararkən, onun yaşadığı 1 saylı mənzilin eyvanına və mətbəxinə ciddi ziyan vurması ilə əlqədar, dəymiş ziyanın ödənilməsi üçün aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmək hüquqları vardır. İş materillarında olan xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin sahə rəisi polis mayoru R.Əliyev, sahə inspektoru polis kapitanı H.Babayev, ictimai şura üzvü T.İbrahimov tərəfindən ünvan 2 ünvanında yaşayan İddiaçı ərizəsi və 102 xidmətinə verdiyi məlumat əsasında həmin mənzilə baxış keçirilmişdir. Baxış zamanı həmin binanın, Cavabdeh məxsus 2 saylı mənzilində təmir işləri gedən zaman 1 saylı mənzilin eyvanına və mətbəxinə ciddi ziyan dəydiyi akt ilə təsdiq olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 31589 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin eyvanına və mətbəxinə, həmin ünvanda yerləşən 2 saylı mənzilin mülkiyyətçisi Cavabdeh tərəfindən aparılmış təmir işləri nəticəsində ziyan dəydiyi müəyyən edilmiş, təmir işləri nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2034 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil Cavabdeh mülkiyyətdə olmaqla təmir işləri aparılan zaman, həmin mənzilin qonşuluğunda yerləşən, İddiaçı mülkiyyətində olan1 saylı mənzilə zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan yaşayış sahəsində aşkar olunmuş qüsurlar məhz cavabdehin mənzilində aparılmış təmir işləri nəticəsində əmələ gəlməsi iş üzrə toplanmış sübutlarla və keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı təmir işləri nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və cavabdeh bu zərərin yetirilməsi ilə əlaqədar mülki-hüquq məsuliyyəti daşıyır. Lakin məhkəmə, iddiaçının ona vurulmuş zərəri 2400 manat məbləğində dəyərləndirsə də, cavabdehdən vurulmuş zərərin əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği məhkəmə tikinti-texniki ekspertizası tədqiqatına uyğun müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan mənzilə tikinti işləri nəticəsində vurulmuş zərərə görə 2034 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin 2400 manat mənəvi zərər hissəsində qeyd edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Bundan əlavə məhkəmə İddiaçı sənədlərin hazılanması, təsdiq edilməsi, çap olunması üçün xərclədiyi 100 manat hissəsində hesab edir ki, göstərilən xərclərə dair iddiaçı tərəfindən heç bir subut təqim edilməmişdir və iddia tələbi bu hissə də təmin edilə bilməz. Qeyd olunanlardan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 100 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2034 (iki min otuz dörd) manat maddi ziyan tutularaq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar