Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4029/2024 06.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və X1 cavabdehlər "xxxx" MMC və İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və X2 cavabdehlər "xxxx" MMC və İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar xx.xx.2024-cü il tarixdə viza verilməsi üçün İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etmək məqsədilə digər cavabdeh "xxxx" MMC-yə müraciət edərək əlavə ödəniş etməklə VİP xidmətdən istifadə etmişlər. İddiaçılar öncədən, xx.xx.2024-cü il gediş, xx.xx.2024-cü il tarix üçün isə geri dönüş biletlərini, həmçinin müxtəlif otellərdə gecələmək üçün və şəhərlərarası qatarlardan istifadə etmək üçün biletlər almış və bu barədə cavabdeh "xxxx" MMC-ni xüsusilə məlumatlandırmışlar. Lakin, "xxxx" MMC tərəfindən iddiaçıların pasportları uçuş baş tutduqdan sonra, yəni xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Beləliklə, cavabdehlər iddiaçıların müraciətlərinə səhlənkarlıqla yanaşdıqlarından iddiaçıların səfəri baş tutmamış, aldıqları biletlərin etibarlılıq müddətləri bitmişdir. İş materiallarına əlavə edimiş İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin 15 avqust 2024-cü il tarixli məktublarından müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı2 və X1 viza əldə etməsi üçün toplanmış sənədlər 19 aprel 2024-cü il tarixdə səfirliyə daxil olmuşdur. İddiaçılar İddiaçı2 və X2 məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə hazırlıq iclasında iştirak edərək, iddiaçılara məxsus olan sənədləri onlar müraciət etdikləri tarixdən bir gün sonra İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə göndərməklə üzərlərinə düşən vəzifəni icra etdiklərini, iddiaçıların uçuş baş tutmadan öncə viza ala bilməmələrinin viza şirkətindən asılı olmayan səbəbdən olmasını bildirmiş və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi münasibətləridir və mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış şifahi tapşırıq müqaviləsinin şərtləri və MM-in Tapşırıq müqaviləsi ilə bağlı normaları (779.1-ci maddə), MM-in 1096, 1097-ci maddələrinin dispozitiv şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçılar xx.xx.2024-cü il tarixdə viza verilməsi üçün İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etmək məqsədilə digər cavabdeh "xxxx" MMC-yə müraciət edərək əlavə ödəniş etməklə VİP xidmətdən istifadə etmişlər. İddiaçılar öncədən, xx.xx.2024-cü il gediş, xx.xx.2024-cü il tarix üçün isə geri dönüş biletlərini, həmçinin müxtəlif otellərdə gecələmək üçün və şəhərlərarası qatarlardan istifadə etmək üçün biletlər almış və bu barədə cavabdeh "xxxx" MMC-ni məlumatlandırmışlar. "xxxx" MMC tərəfindən iddiaçıların pasportları uçuş baş tutduqdan sonra, yəni xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin 15 avqust 2024-cü il tarixli məktublarından müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı2 və X1 viza əldə etməsi üçün toplanmış sənədlər 19 aprel 2024-cü il tarixdə səfirliyə daxil olmuşdur. Həmçinin, İtaliyanın Azərbaycan Respublikasındakı Səfirliyi vizanın verilməsi və ya verilməməsi barədə qərar qəbul etmə səlahiyyətinə malik yeganə qurumdur. Vizanın verilməsi proseduru ilə bağlı məlumatlar İtaliyanın Azerbaycan Respublikasındakı Səfirliyinin internet səhifəsində yerləşdirilmişdir. Cavabdeh “VFS GLobal” Mərkəzinin internet səhifəsində də qeyd edilmişdir ki, vizanın verilməsi məsələsi yalnız səfirlik tərəfindən müəyyən edilir və VFS Global mərkəzinin vizanın verilməsi məsələsində hər hansı iştirakı yoxdur. Həmçinin, VFS Global mərkəzinin internet səhifəsində vizaya müraciətin planlaşdırımış səyahət tarixindən ən geci 3 həftə qalmış müraciət edilməsi tövsiyəsi barədə məlumat əks edilmişdir. İddiaçıların iddia ərizəsinə əlavə etdiyi pasportlardan da müəyyən edilir ki, müvafiq vizalar xx.xx.2024-cü il tarixində verilmişdir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə yuxarıda qeyd edilən dispozitiv şərtlər üzrə 1-ci şərt yerinə yetirilmir. Bu səbəbdən, delikt hüquq institutunun yaranması xüsusatları müəyyən edilmir. Cavabdehlərin hərəkətlərində (hərəkətsizliyində) hər hansı qanunsuzluq, dolayı yolla təqsirli və ya təqsirsiz məsuliyyətin əsasları mövcud deyildir. Hazırki mülki iş üzrə iddiaçılara maddi zərər dəymiş olması mülki işin mübahisəsiz halı olaraq məhkəmə tərəfindən qəbul edilsə belə, cavabdehlərin hərəkətlərində (hərəkətsizlik) delikt hüquq institununun dispozitiv şərtləri müəyyən edilməmişdir. Həmçinin, tapşırıq müqaviləsi üzrə müqavilə şərtlərinin pozulması xüsusatı müəyyən edilmir. Cavabdeh "xxxx" MMC müqavilə üzrə dərhal öz öhdəliklərinin icrasını təmin etmiş, müvafiq məlumatları səfirliyə təqdim etmişdir. Digər neqativ nəticələrə görə (iddia tələbi üzrə) isə "xxxx" MMC-nin öhdəliyinin müəyyən edilməsi ağlabatan, ədalətli və əsaslı hesab edilə bilməz. İddianın İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə münasibətdə olan hissəsilə bağlı məhkəmə qeyd edir ki, səfirlik vizaların verilməsi ilə bağlı müstəsna səlahiyyətə malik olan qurumdur və vizalarla bağlı daxil olan müraciətlərə hansı vaxt məhdudiyyəti çərçivəsində baxması ilə bağlı Cavabdeh2 MMC və ya hər hansı üçüncü şəxsin səfirliyin fəaliyyətinə müdaxilə etmək səlahiyyəti olmamışdır və səfirlik vizanın uçuş tarixinə qədər təqdim edilməsi öhdəliyi daşımır. Müvafiq vizanın verilməsi məsələsi müvafiq dövlətin siyasi təmsilçisi qismində səfirliyin müstəsna səlahiyyətlərinə aid məsələdir, vizanın verilib-verilməməsi və ya verilmə tarixinin müəyyən edilməsi səfirliyin suveren hüququdur. Bundan başqa İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə məxsus internet saytına daxil olduqda, habelə iş materialarına əlavə olunmuş çıxarışlara əsasən müəyyən edilir ki, Səfirlik tərəfindən vətəndaşlara uçuş tarixinə ən geci 3 həftə qalmış viza üçün müraciət etmələri tövsiyə olunmuşdur. Saytda bu barədə qeyd öz əksini tapır. Mümkündür ki, iddiaçılara faktiki olaraq maddi və mənəvi zərər vurulmuşdur. Lakin, bu zərərin vurulması cavabdehlərin təqsiri və ya öhdəliklərini icra etməməsi ilə bağlı deyildir (sübuta yetirilməmişdir). Məhkəmə isə subyektlərin məsuliyyətini faktiki hallar üzrə deyil, yalnız qanun çərçivəsində müəyyən edə bilər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və X1 cavabdehlər "xxxx" MMC və İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4029/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4029/2024
06.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver