Məhkəmə qərarları › İş №2(004)-405/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-405/2023

18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-405/2023 18.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, avtomobilinə dəymiş maddi ziyanın əvəzi olaraq 9850 manat, kirayəyə götürülmüş avtomobilin xərci olaraq 1200 manat, mənəvi zərərə görə 15000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə özünə məxsus - “Mercedes Benz E270” minik markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Neftçilər prospekti Qız Qalasının qarşısı ilə hərəkətdə olan zaman Cavabdeh1 idarə etdiyi mopedlə qarşı zolağa çıxaraq onun avtomobilini vurmuş, daha sonra avtomobili də zərbədən istiqamətini dəyişərək digər avtomobilə dəymişdir. Səbail rayon Polis İdarəsinin istintaq şöbəsində müvafiq istintaq hərəkətləri aparılmış, cavabdeh hadisənin təqsirkarı kimi müəyyən edilmişdir. Onun yetkinlik yaşına çatmaması və idarə etdiyi mopedin nəqliyyat vasitəsi hesab edilməməsi səbəbindən cinayət işinin icraatına xitam verilmişdir. Bu günə qədər nə Cavabdeh1, nə də onun hərəkətlərinə cavabdeh olan vaildeynləri ona dəymiş maddi və mənəvi zərəri ödəməmişlər. Belə ki, avtomobilin təmirinə 10.000 manata yaxın vəsait tələb edilir. Halbuki istintaq zamanı ifadəsi alınmış cavabdeh Murad Ələsgərov əmək fəaliyyəti ilə məşğul olduğunu və işdən evə mopedlə getdiyi zaman qəza törətdiyini bildirmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı avtomobili istifadə etməkdən məhrum olmuşdur. Buna görə də o, avtomobil kirayələmək məcburiyyətində qalmışdır. Avtomobilin 1 aylıq icarə haqqı 1200 manat təşkil edir. Eyni zamanda yol nəqliyyat hadisəsi nəticəsində ciddi şəkildə qorxu və həyəcan hissi keçirmişdir ki, bu da onun səhhətinə çox mənfi təsir göstərmişdir. Özünə dəymiş olan mənəvi zərəri o, 15000 manat məbləğində dəyərləndirir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-2225/2022 saylı qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1104. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət 1104.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş: Səbail Rayon Polis İdarəsinin sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh1 10 noyabr 2020-ci il tarixdə idarə etdiyi mopedlə yol nəqliyyat hadisəsi törətməsi və bunun nəticəsində iddiaçıya məxsus avtomobilə zərər vurması təsdiq edilir. Həmin qərardan görünür ki, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/406 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən mopedin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda həmin qərardan görünür ki, moped nəqliyyat vasitəsi hesab edilmədiyindən cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8928 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtoservis Gamışlıq” LTD tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı “Mercedes Benz E 270” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9020 manat müəyyən edilir. Məhkəmə Səbail Rayon Polis İdarəsinin qərarı ilə Cavabdeh1 tərəfindən iddiaçıya maddi zərər vurulmasının təsdiq olunmasını, hadisə törədildiyi anda 16 yaşda olmasını və həmin hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşımasını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia Cavabdeh1 aid hissədə qismən təmin edilərək Cavabdeh1 9020 manat maddi zərər tutularaq iddiaçıya ödənilməli, iddia Cavabdeh1 valideyni digər Cavabdeh2 qarşı rədd edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən avtomobilinin zədələnməsi ilə bağlı kirayə avtomobil götürməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia kirayə götürülmüş avtomobil üçün kirayə xərcinin cavabdehdən tutulması hissəsində təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə mənəvi zərər tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, «Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır.» “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il 7 saylı Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində iddiaçının avtomobilinə zərər vurulmasını, iddiaçının uzun müddət avtomobilindən istifadə edə bilməməsini, iddiaçının məcbur olaraq məhkəməyə müraciət etməsini, bu halların şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olmasını, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilərək, Cavabdeh1 mənəvi zərərin əvəzi olaraq 200 manat tutularaq iddiaçıya öədnilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ :

İddia qismən təmin edilsin. Cavabdeh1 maddi zərərin əvəzi olaraq 9020 (doqquz min iyirmi) manat, mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar