Məhkəmə qərarları › İş №2(004)-408/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-408/2021

01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-408/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, onun vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin 5000 (beş min) manat dəyərləndirərək, həmin məbləğin və 10.000 (on min) manat mənəvi zərərə görə olan məbləğin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda ünvan 1-də yerləşən 7 saylı mənzilin mülkiyyətçisi olmaqla həmin ünvanda yaşayır. Cavabdeh isə onun mülkiyyətində olan mənzilin üstündə yerləşən 10 saylı mənzilin mülkiyyətçisidir və həmin mənzildə yaşayır. Cavabdehin mülkiyətində olan mənzildən cari ilin aprel ayından su sızıntısı baş vermiş, nəticədə onun mülkiyyətində olan mənzilin təmirinə ciddi zərər dəymişdir. Dörd aydan artıqdır ki, cavabdehin mülkiyyətində olan mənzildən onun mülkiyyətində olan mənzilə su axır. Hər dəfəsində də o cavabdehə bu barədə müraciət etmiş və kobudluqla qarşılaşmışdır. Bu səbəbdən o, mülkiyyətində olan mənzili öz vəsaiti hesabına təmir etmişdi. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə üst mərtəbədə olan Cavabdeh mülkiyyətində olan 10 saylı mənzildən onun mənzilinə su axıdılmış və suyun təsiri nəticəsində mənzilin otaqlarında olan divar kağızları qoparaq düşmüş, tavanda bəzi hissələr tökülmüş, taxta qapılar nəmişlikdən şişmiş, haşiyələr qopmuş və mətbəxdə olan kafellər yararsız hala düşmüş, elektrik naqilləri isə sıradan çıxmışdır. İddiaçı cababdehə müraciət etsə də cababheh etinasızlıq nümayiş etdirmiş və suyun ondan asılı olmayan səbəbdən axdığını və onun qarşısını almaq üçün əlindən heç nə gəlmədiyini bildirmişdir. Bundan sonra o, aidiyyatı üzrə əraziyə baxan Bakı şəhəri, Yasamal rayonu 22 saylı MKİSnə ərizə ilə müraciət etmiş və cavabdehin bu hərəkətlərinin qarşısını almaq üçün tədbir görülməsini onlardan xahiş etmişdir. Hazırda iddiaçı iddia tələbinin təmin olunması və ona məxsus ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin 5000 (beş min) manat dəyərləndirərək, həmin məbləğin və 10.000 manat mənəvi zərərə görə olan məbləğin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Ələkbər-zadə Faiq Zakir oğlu iddia tələbini müdafiə edərək, verdiyi izahatında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun mənzilinə də üstündəki 5-ci mərtəbədən su sızır. Yaşadığı bina “xruşovka” binadır, turbalar çox köhnədir, üst mərtəbədən axan su onun mənzilindən sızaraq iddiaçının mənzilinə keçir. Əgər su birbaşa ona məxsus mənzildən axsa idi, indi də axardı. İddiaçının mənzilinə su axma səbəbi onun ustündəki qonşudur. Belə ki, onun öz mənzilinin də divarları susızmasından zərər görüb. Cavabdeh hesab edir ki, su onun mənzilindən yox beşinci mərtəbədəki mənzildən axırsa o, iddiaçıya dəyən zərəri ödəməməlidir. Buna görə Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara, tərəflərin izahatlarına hüquqi qiymət verərək müəyyən etdi ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin mülkiyyətçisidir. Bundan əlavə məhkəmə müəyyən etdi ki, iddiaçının mənzilinə cavabdehin yaşadığı mənzildən su axıdılmış, nəticədə həmin mənzilə susızması nəticəsində 953 (doqquz yüz əlli üç) manat maddi zərər dəymişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli, RX seriyalı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil xüsusi mülkiyyət kimi xx.xx.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Yasamal rayonu 22 saylı MKİS-in əməkdaşlarının tərtib etdiyi xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, İddiaçı müraciəti əsasında ona məxsus mənzil baxış keçirilmiş və məlum olmuşdur ki, Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən 10 saylı mənzildən su axması nəticəsində iddiaçının mənzilinin mətbəxinin tavanına və divarına ziyan dəymişdir. İddiaçının təqdim etdiyi 6 ədəd fotoşəkil də bunu göstərir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan cavabdehə məxsus mənzilə həmin binadakı 13 saylı mənzildən su sızması nəticəsində dəhliz, hamamxana və mətbəxinin divar və tavanına ziyan dəyməsi haqqında xx.xx.2020-ci il tarixli Yasamal rayonu 22 saylı MKİS-in akt işin mahiyyətinə aid olmadığından sübüt kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/3286 saylı ekspert rəyinə əsasən müəyyən edilir, ünvan 1 ünvanında yerləşən 7 və 10 saylı mənzillərdə baxış keçirilmiş, 10 saylı mənzildən susızması nəticəsində 7 saylı mənzilin mətbəxinin tavanı və divarına ziyan dəymişdir. Yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 953 (doqquz yüz əlli üç) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, 953 (doqquz yüz əlli üç) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə məhkəmə müəyyən etdi ki, iddia tələbi “10.000 manat mənəvi zərərin ödənilməsi” hissəsində rədd olunmalıdır. Belə ki, iş materiallarına bu halla bağlı hər hansı bir sübüt, sənəd təqdim olunmamışdır. Həmçinin, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsinə dair tələb iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və iddiaçı tərəfindən tələbi təsdiq edən möhtəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1-də yerləşən 10 saylı mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 953 manat tutularaq İddiaçı Hüseyn qızının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar