Məhkəmə qərarları › İş №2(004)-4096/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4096/2021

27.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4096/2021 27.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus olan **-NG-*** dövlət qeydiyyat nişanlı “NİSSAN SUNNY” markalı minik avtomobilinə vurulmuş zərərə görə 3494 (üç min dörd yüz doxsan dörd) manat, mənəvi zərərə görə 5000 (beş min)manat alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx"ASC-də ATM təmirçisi işləməklə avtomobil alqı-satqısı ilə məşğul olur. Eyni zamanda banklarda hərracda olan avtomobilləri ucuz qiymətə alıb onların üzərində kosmetik işlər apararaq pul qazanır. ** CH *** dövlət qeydiyyat nişanlı “NİSSAN SUNNY” avtomobili "xxxx" MMC-nin keçirdiyi həracda 5900 (beş min doqquz yüz) manata əldə etmiş, həmin avtomobil “NBC” Bank tərəfindən hərraca çıxarılmışdır. Avtomobilin bazar qiyməti 7000 (yeddi min) manat olmuşdur. Avtomobil ona qədər artıq zədələnmiş, lakin yeriyən vəziyyətdə olmuşdur. O, avtomobilə baxdıqda damında qaynaq işlərinin, mühərrik örtüyünün və damında təmir işlərinin aparıldığını görmüşdür. Bankın əməkdaşı söhbət zamanı ona maşının problemli kreditlə bağlı axtarışda olduğunu, yolda tutub banka gətirdiklərini, gətirilərkən zədəli vəziyyətdə olduğunu demişdir. Bankın əməkdaşı Sübhan adlı şəxsin maşını almaq istədiyini deyərək həmin şəxsin telefon nömrəsini verdiyini bildirmişdir. Sübhanla əlaqə saxlamış və sonuncu avtomobili almaq istədiyini demişdir. O, maşını yoxlatdıqdan sonra sənədləşmə üçün X13 idarəsinə getmiş, orada avtomobilin mühərrik, ban və şosse nömrələrinə baxış keçirilmiş və baxış zamanı hər hansı bir qanunsuzluq aşkar edilməmişdir. Bundan sonra, “NİSSAN SUNNY” avtomobilini öz adına keçirərək ona ** NG *** dövlət qeydiyyat nişanı vermişlər. Avtomobili adına keçirəndən sonra onu 30 may 2018-ci ildə 6900 (altı min doqquz yüz) manata Sübhana, bir il müddətinə baş etibarnamə ilə satmış və həmin vaxt onun qeydiyyat şəhadətnaməsini Sübhana vermişdir. Avtomobili alanda bank işçiləri ** CH *** nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsini ona verməyərək avtomobil sürəndə qaldığını söyləmişlər. Bu protokolda öz əksini tapmışdır. Həmin protokol sənədləşmə zamanı DYP-yə təqdim olunduğundan ona yeni texniki pasport verilmişdir. Sonradan, Sübhan ona aldığı həmin avtomobilin ”Renta car” işlədən Cavabdeh X7 barəsindəki şikayəti əsasında polis tərəfindən saxlanılaraq cərimə meydançasına qoyulduğunu demişdir. Cavabdeh X7 barəsindəki şikayəti əsasında Nəsimi rayon Polis İdarəsində 17.02.2019-cu ildə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə cinayət işi açılsa da, 10 oktyabr 2020-ci il tarixdə cinayət işinin icraatına xitam verilmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-5788/2016 saylı, 14.06.2016-cı il tarixli icra vərəqəsinin, Binəqədi rayon İcra Şöbəsinin 17/68-155726-15 saylı sifariş məktubunun icrasına əsasən 21 may 2018-ci ildə keçirilən hərrac nəticəsində ipoteka predmetinin və onun mülkiyyətçisi X1 məxsus “NİSSAN SUNNY” markalı, **-CH- *** dövlət qeydiyyat nişanlı avtomobil 5950 (beş min doqquz yüz əlli) manata İddiaçı satılmışdır. Cavabdeh şikayəti əsasında DYP əməkdaşları tərəfindən “Saray” postunda saxlanılaraq cərimə meydançasına aparılmışdır. **-NG-*** dövlət qeydiyyat nişanlı “NİSSAN SUNNY” markalı avtomobil 31.08.2018-ci ildən 17.02.2021–ci ilə qədər cərimə meydançasında saxlanılmışdır .Açıq havada, hava şəraitinin 3 ilə yaxın vaxtda qalmaqla avtomobilə 2594 (iki min beş yüz doxsan dörd) manat zərər, həmçinin 3 ilə yaxın vaxtda cərimə meydançasında saxlanılması üçün İddiaçı tərəfindən 900 (doqquz yüz) manat pul ödənilmişdir. İddiaçı sözügedən avtomobili hərrac yolu ilə vicdanlı şəkildə əldə edərək onu sahiblənmişdir. 17.02.2021-ci il tarixdə “MAG SERVİS”-də X10 tərəfindən tərtib olunmuş qüsur aktında İddiaçı məxsus **-NG-*** Dövlət qeydiyyat nişanlı “NİSSAN SUNNY” markalı minik avtomobilinə lazım olan ehtiyat hissələri və görülməli olan işlərin siyahısı çıxarılaraq qiymətləndirilmişdir. Belə ki, aşağıdakı ehtiyat hissələr yəni rulavoy kalonka 1 ədəd-500 manat, remkomplekt mator 1 ədəd-350 manat, kolsa 1 ədəd-200 manat, germetika 1 ədəd-25 manat, qamish qapı arxa sağ 1 ədəd-50 manat, qamish qapı qabaq sağ 1 ədəd- 50 manat, remen motor çöl 1 ədəd-45 manat, vtulka stabilizator rezini 2 ədəd- 24 manat-cəmi 1244 (min iki yüz qırx dörd) manat və görülməli işlər-dəmirçi-250 manat, rəngsaz-600 manat, slesar-150 manat, motarist- 350 manat-cəmi 1350 (min üç yüz əlli) manat olmaqla və avtomobilin cərimə meydançasında saxlanma xərci də 900 (doqquz yüz) manat olmaqla ,ümumilikdə 3494 (üç min dörd yüz doxsan dörd)manat madddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 24.03.2020-ci il tarixli, 082-12332-1220 saylı Bakı Şəhəri Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsi tərəfindən ünvanlanmış məktuba əlavə edilmiş çıxarışa əsasən görünür ki, 99NG593 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi İddiaçıdur. 10 oktyabr 2020-ci il tarixli cinayət işinin icraatının xitam edilməsinə dair qərara əsasən görünür ki, 25.09.2020-ci il tarixdə X6, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyi və ümumiyyətlə cinayət işinin kriminallığının eləcə də cinayət hadisəsinin olmaması, tərəflərin arasında yaranmış pul məsələsinin mülki məsələ olması müəyyən edilmişdir. Beləliklə, əməl sübuta yetirilmədiyi üçün cinayət işinə xitam verilmiş, X7 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”-dan azad edilmişdir, ********* saylı cinayət işində cinayət hadisəsi olmadığı üçün cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında əlavə edilmiş çıxarışa əsasən görünür ki, “Nissan SUNNY” markalı minik avtomobilinin hərrac qiyməti 5950 manat qeyd edilmişdir. Hərrac qiyməti,16.04.2018-ci tarixə təyin olunmuş 1-ci hərrac baş tutumadığıdan 15% aşağı məbləğə müəyyən edilmişdir. 17.02.2021-ci il tarixli Qüsur aktına əsasən görünür ki, minik avtomobilinə lazım olan ehtiyat hissələri və görülən işlər üçün ödəniş məbləği cəmi 1350 manat hesablanmışdır. 21 may 2018-ci il tarixli, 30/01 saylı X8 Haqqında Protokola əsasən görünür ki, hərrac predmetinin alıcısı İddiaçıdur. İlkin hərrac qiyməti 7000 manat müəyyənləşdirilmiş, satış 5950 manata həyata keçirilmişdir. 17 fevral 2021-ci il tarixli, 885936 nömrəli birdəfəlik dayanacaq haqqı qəbzinə əsasən görünür ki, Nissan SUNNY markalı minik avtomobili 31.08.2018-ci il tarixindən 17.02.2021-ci il tarixədək dayanacaqda qalmışdır. 08 iyun 2021-ci il tarixli cinayət işinin xitam edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə yoxlama aparılması barədə qərara əsasən görünür ki, 10.10.2020-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarın qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi qərara alınmışdır. Cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Nəsimi RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. 04 yanvar 2019-cu il tarixli, 31897 nömrəli ekspert rəyinin surətinə əsasən görünür ki, “Nissan SUNNY” markalı 99NG59 dövlət qeydiyyat nişanlı avtomobilin “MDHBBAN17Z0002268” ban, “HR15 757657A” mühərrik nömrəsini bildirən hərf və rəqəmlər üzərində dəyişiklik aparılmamışdır, zavod üsulu ilə həkk olunmuşdur. “Nissan SUNNY” markalı 99NG59 dövlət qeydiyyat nişanlı avtomobilin ön, arxa və yan hissələrində əzik və batıqlar müşahidə olunmun v avtomobilin qabaq dirəylərində qaynaq işlərinin aparılması müəyyən edilmişdir. Bu cür qaynaq işləri ilə avtomobilin ban nömrəsi həkk olunmuş hissə daxil olmaqla avtomobilin konstruksiyasında dəyişiklik etməklə avtomobilin ön və ya arxa hissəsinin dəyişilərək başqa avtomobilin hissələrini birləşdirmək mümkündür. Lakin avtomobil təqdim edilmiş vəziyyətdə onun digər hissələrində ban nömrəsi aşkar edilmədiyindən avtomobilin qabaq sağ ön sahədə aşkar olunmuş ban nömrəsinin müqayisə edilməsi və bununla da qaynaq işləri aparmaqla onun ban nömrəsinin dəyişdirilməsi müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan zərərin avtomobilə dəyməsini təsdiq edən sübutlar işə əlavə olunmamışdır. Eyni zamanda, avtomobilə dəymiş zərərin Cavabdeh şikayəti əsasında dəyməsi də sübutlarla öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi avtomobilə dəymiş zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə yoxdur. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mülki işdə iddiaçı iddia ərizəsində ona məxsus avtomobilə vurulmuş 3494 manat məbləğində maddi zərəri cavabdehdən tələb etsə də, məhkəməyə həmin zərəri həqiqtətən də cavabdeh şəxs tərəfindən vurulması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə İddiaçı 5.000 (beş min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar