Məhkəmə qərarları › İş №2(004)-4098/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4098/2021

19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4098/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı2 nümayəndəsi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə 04.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı1 məxsus “Wolksvagen-Rassat” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 11,160 manat maddi zərərin və avtomobilin texniki baxışı üçün ödənilmiş 160 manatın, İddiaçı1 və İddiaçı2 vurulmuş 30000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 41,350 manat məbləğində pulun iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, Cavabdeh Səfa oğlu 19 may 2014-cu ildə,saat 19 radələrində, "xxxx" MMC-yə məxsus olan və “156-Renta Car” müəssisəsi tərəfindən icarəyə götürülərək etibarnamə əsasında idarə edilməsi üçün ona verilmiş “Hyundai Elentra” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Yasamal rayonu, Şərifzadə küçəsində, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla yol-nəqliyyat hadisəsi törədərək İddiaçı1 məxsus “Wolksvaqen-passat” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili əzmiş, bu zaman sonuncu avtomobildə olan anası İddiaçı2 bədən xəsarətləri almışdır. Fakt üzrə 24 iyun 2014-cü ildə, Yasamal rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq istintaq aparılmışdır. Cinayət işinin istintaqı zamanı İddiaçı1 və İddiaçı2 iş üzrə zərəçəkmış şəxs qismində tanınmışlar. Cinayət işi baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilmişdir. Yasamal rayon məhkəməsinin 16 fevral 2015-ci il tarixli 1(004)-124\2015 saylı hökmü ilə Cavabdeh, ona elan olunmuş ittihamda təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətində islah işləri cəzasına məhkum edilmişdir. "Evro Style LTD” şirkətinin istintaq orqanına təqdim etdiyi, 10 iyul 2014-cü il tarixli, 526 saylı qüsur aktına görə yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 məxsus “Wolksvagenpassat” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11160 manat maddi ziyan dəymişdir və aktın verilməsi üçün 160 manat ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X2 istintaq orqanına təqdim etdiyi 11 iyun 2014-cü ıl tarixli, 588 saylı rəyə görə yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan İddiaçı2 səhhətinin uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almışdır. Cavabdeh Yasamal rayon məhkəməsinin çıxardığı hökmdən Bakı Apellyasıya Məhkəməsinə verdiyi apellyasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinə verdiyi kassasıya şikayəti təmin edilməyərək hökm dəyişdirilmədən saxlanılmışdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AB seriyalı, 549940 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Wolksvagen-Rassat” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. İş materiallarında olan 01.04.2020-ci il tarixli etibarnaməyə əsasən X4 etibarnamə əsasında X3 adından “Wolksvagen-Rassat” markalı, **-XZ-*** dövlət nömrə nişanlı avtomobili idarə edilməsi və sair üçün İddiaçı1 etibar edilmişdir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" Rent a Car MMC arasında bağlanmış 19.05.2014-cü il tarixli, 065 nömrəli müqaviləyə əsasən "xxxx" Rent a Car MMC tərəfindən “Hyundai Elentra” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh 21.05.2014-cü il tarixədək kirayə verilmişdir. İş materiallarında olan 19.05.2014-cü il tarixli, 065 nömrəli yol vərəqəsinə əsasən ASR Trafik” Rent a Car MMC tərəfindən Cavabdeh “Hyundai Elentra” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin AR ərazisində idarə olunmasına icazə verilmişdir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 1(004)-124/2015 saylı, 16.02.2015-ci il tarixli hökmünün surətinə əsasən Cavabdeh 19.05.2014-cü il tarixli yol nəqliyyat hadisəsində təqsirli bilinərək iki il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş və iki il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan “Euro Style” LTD-nin 10.07.2014-cü il tarixli, 526 nömrəli qüsur aktından müəyyən edilir ki, 2019-cu il buraxılışlı, “Wolksvagen-Rassat” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 11160 manat tələb olunur. İş materiallarında olan 08.09.2021-ci il tarixli, 9/4850 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, «Euro Style» LTD tərəfindən təqdim edilmiş 10.07.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Wolksvagen-Rassat” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinin köhnəlməsi faizi tətbiq edilməklə təxminən 8941 manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, 19.05.2014-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman Cavabdeh “Hyundai Elentra” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Hadisə tarixinə avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud olmamışdır. İddiaçı Cavabdeh oğlundan 11160 manat məbləğində dəymiş ziyanın tutulmasını tələb etsə də, məhkəmə ekspert rəyini nəzərə alaraq qeyd edir ki, cavabdehdən dəymiş ziyanın əvəzi olaraq 8941 manat pul tutulmalıdır. İddiaçı eyni zamanda mənəvi zərərə görə 30000 manat və avtomobilin texniki baxışı üçün ödənilmiş 160 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Wolksvagen-Rassat markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 8941 (səkkiz min doqquz yüz qırx bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı1 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən keçirilmiş ekspertiza xərci Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Wolksvagen-Rassat markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 8941 (səkkiz min doqquz yüz qırx bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı1 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar