Məhkəmə qərarları › İş №2(004)-4110/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4110/2022

16.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4110/2022 16.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi (əri) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin satın alınmasına və həmin evin inşasına sərf edilmiş vəsaitin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin satın alınmasına və həmin evin inşasına sərf edilmiş vəsaitin dəyərinin ödənilməsi” tələbinə iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ünvan 1 ünvanda yerləşən, 6 otaqlı və digər yardımçı tikililəri olan fərdi yaşayış evinin satın alınmasına sərf edilmiş vəsaitin və həmin mülkün sökülərək yerində şəxsi vəsaitlə inşa etdirdiyi iki mərtəbəli, 1-ci mərtəbəsində 3 yataq otağı, 2 qonaq otağı, 1 mətbəxi, hamam və tualeti, maşın qarajı, 2-ci mərtəbəsində 3 yataq otağı, 1 qonaq otağı və 1 ədəd ev əşyalarının yığılması üçün olan otağın, kompüterlə işləyən seyf darvazanın inşa edilib başa çatanadək sərf edilmiş vəsaitin cəmi dəyəri olan 250.000 (iki yüz əlli min) manat pulun və 540 (beş yüz qırx) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qardaşı Saleh Hacıyevin qızıdır, əvvəllər aralarında hər hansı ədavət və narazılıqları olmamışdır. O, Şəmkir şəhəri, S.Vurğun küçəsi, ev 275, mənzil 25-də qeydiyyatda olmasına baxmayaraq xx.xx.2013-cü il tarixdə ünvan 2 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsini, eyni zamanda həmin sahədə yerləşən 6 otaqlı və digər yardımçı tikililəri olan fərdi yaşayış evini Şəmkir şəhər sakini X3 60.000 manata satın almış, ancaq həmin vaxt onun adına Şəmkir şəhərində yerləşən digər fərdi yaşayış evinin olması və qanunvericiliyin tələbinə əsasən bir şəxsin adına 2-ci evin rəsmiləşdirilməsinin mümkünsüzlüyü səbəbindən və cavabdehlə mehriban münasibətlərdə olduğuna görə aldıı evi qardaşı qızı Cavabdeh adına rəsmiləşdirmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən, 6 otaqlı və digər yardımçı tikililəri olan fərdi yaşayış evini sökdürərək yerində Rusiyada yaşayarkən ona məxsus olan fərdi yaşayış evini və digər ticarət obyektlərinin satılması nəticəsində əldə etdiyi vəsaitlə iki mərtəbəli, 1-ci mərtəbəsində 3 yataq otağı, 2 qonaq otağı, 1 mətbəxi, hamam və tualeti, maşın qarajı, 2-ci mərtəbəsində 3 yataq otağı, 1 qonaq otağı və 1 ədəd ev əşyalarının yığılması üçün olan otaq inşa etdirmişdir. Həmin tikililəri təxminən bir il ərzində başa çatdırıb həmin mülkdə qardaşı X18 ilə yaşayır. Həmin evin inşaat işlərində daş hörgü və suvaq işlərini Şəmkir rayonu Təzəkənd kənd sakini X12 briqadası, taxta dülgər işlərini Şəmkir şəhər sakini X4 briqadası, malyar işlərini X19 briqadası icra etmişlər. Həmin mülkün icrasına ümumi halda ən aşağı qiymətlə 250.000 manat pul sərf etmişdir. O və qardaşı Valeh Hacıyev həmin evin inşasını başa çatdırandan, yəni 2014-cü ilin ortalarından bugünə qədər orada yaşayaraq mavi qazın sərfiyyatına görə ödənişləri evib əvvəlki sahibi X5, elektrik enerjisinin sərfiyyatlna görə ödənişləri isə Cavabdeh adına ödəmişdir. Cavabdeh təxminən bir il olar ki, ailəsi ilə birlikdə RF-nın Moskva şəhərində yaşayır. İddia ərizəsinin verilməsindən təxminən bir ay əvvəl telefonla cavabdehə zəng edərək şəxsi vəsaiti hesabına alıb inşa etdirdiyi mübahisəli fərdi yaşayış evinin onun adından çıxarılması öz adına rəsmiləşdirilməsi üçün etibarnamə verilməsini xahiş etdikdə aralarında yaranmış mübahisə nəticəsində cavabdeh etibarnamə verməkdəm imtina etmişdir. Bundan sonra cavabdeh əri Nümayəndə adına etibarnamə verərək Moskvadan Şəmkir şəhərinə göndərmiş, onu və qardaşı Valeh Hacıyevi mübahisəli evdən çıxarması barədə göstəriş vermişdir. Beləliklə, Nümayəndə evə gələrək onları ordan çıxarmaq məqsədi ilə mavi qaz xəttini kəsdirmiş, bütün qapıların qıfıllarını söküb dəyişdirmiş, internet xəttini məhv etmiş, həmçinin həyətə daxil olan darvazanın elektrik komputerini birləşdirən naqilləri kəsib yararsız hala salmışdır ki, onlar evi tərk etmək məcburiyyətində qalsınlar. Həmçinin Nümayəndə evdə olan ona məxsus bütün geyim əşyalarını şkafdan çıxarıb dəhlizə atmışdır. Nümayəndə bu kimi qanunsuz əməlləri onlar arasında kəskin münaqişə yaratmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddia tələbində göstərilənlərlə razı deyil, çünki İddiaçı ərizəsində yalan və doğru olmayan dəlillərlə əsassız olaraq cavabdehdən pul tələb edir. Belə ki, iddiaçı ərizəsində bildirir ki, mübahisə predmeti olan fərdi yaşayış evini özü Eyvaz Süleymanovdan 60.000 (altmış min) manat ödəyərək almışdır. Bu xüsusatla bağlı qeyd edir ki, mərhum atası Saleh Hacıyev şəxsi vəsaiti hesabına ona hədiyyə olaraq ümumi 0,7 ha torpaq sahəsində 290,3 kv.m olan 3 otaqlı fərdi yaşayış evini Eyvaz Süleymanovdan 5300 (beş min üç yüz) manata almışdır. Həmin fərdi yaşayış evi atasının ona hədiyyəsi olduğu üçün alqı-satqı müqaviləsi onun adına rəsmiləşdirilmişdir. Həmin illərdə torpaq sahəsi və fərdi yaşayış evlərinin dəyəri ucuz olduğundan, həmçinin ev alınarkən dağılmış vəziyyətdə olması nəzərə alınaraq həmin məbləğ orta bazar giymətlərinə uyğun olmuşdur. Bundan başqa İddiaçı tərəfindən təqdim edilən arayışda və reyestr çıxarışında fərdi yaşayış evinin otaqların sayı 3 göstərilməsinə baxmayaraq, ərizədə evdə 6 otaq olması göstərilmişdir. Bu hal isə onun yalan məlumat verməsinə dəlalət edir. Cavabdehin nümayəndəsinin etirazının dəlillərindən biri də ondan ibarətdir ki, iddiaçı ərizəsində qeyd edir ki, alqı-satqı müqaviləsi bağlanan dövrdə qanunvericiliyin tələblərinə əsasən Şəmkir şəhərində vətəndaşın mülkiyyətində iki ev olmasına icazə verilmədiyindən guya simvolik olaraq evi cavabdehin adına rəsmiləşdirmişdir. Halbuki, qanunvericilikdə belə bir məhdudiyyət mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə görə, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. Belə bir məhdudiyyət olsaydı, o, iddiaçının qanunsuz əməllərində iştirak etməkdən imtina edərdi. Etirazda həmçinin qeyd edilmişdir ki, İddiaçı illər öncə Ukraynada yaşamış və orda törətdiyi əməllərə görə böyük problemlər yaşamışdır. Lakin cavabdehin mərhum atası Saleh Hacıyev uzun illər Rusiya Federasiyasında neft-qaz sahəsində rəhbər vəzifələrdə çalışmış, bizneslə məşğul olmuş və kifayət qədər maddi təminatlı şəxs olmuşdur. Cavabdehin mərhum atası Saleh Hacıyev qardaşı və hazırki iş üzrə iddiaçı olan İddiaçı Ukraynada problemlərin həll edilməsi üçün şəxsi imkanlarından istifadə edərək öz yanına Rusiya Federasiyasına gətirmiş və öz biznesinə nəzarət etməkdə köməklik etməyi xahiş etmişdir. Bunun müqabilində isə Saleh Hacıyev iddiaçını və onun ailə üzvlərini daima himayə etmişdir. Hətta o, iddiaçının övladlarına, yəni iddiaçının mərhum oğlu Tural Hacıyevin, eyni zamanda narkomaniya xəstəliyindən əziyyət çəkən və əvvəllər məhkumluğu olan digər övladı Elmar Hacıyevin toylarını edib onlara mənzillər almışdır. Elmar Hacıyevin narkomaniya xəstəliyindən müalicəsini dəfələrlə maliyyələşdirmişdir. Buna baxmayaraq iddiaçı onun mülkiyyətini mənimsəyib istifadə etmişdir. Göstərilənlərlə yanaşı, mərhum atası digər qardaşı Valeh Hacıyevin də özünün və ailə üzvlərinin maddi ehtiyaclarını qarşılaması üçün köməklik etməklə ona aylıq ödənişlər vermişdir. Həmçinin mərhum atasının sözlərindən ona məlum olmuşdur ki, o, X35 şəhərində yerləşən mənzilinin təmiri üçün 30.000 ABŞ dollar vəsait xərcləmişdir. Lakin hazırda Valeh Hacıyev belə iddia edir ki, guya həmin evi satıb və əldə etdiyi 70.000 ABŞ dollar vəsaiti mərhum atasına borc vermişdir. Onun bu iddiası da kifayət qədər gülünc və əsassızdır. Çünki cavabdehin mərhum atası onların hər birindən varlıqlı olmuşdur. Etirazda bildirilmişdir ki, mərhum Saleh Hacıyevin daimi yüksək rəsmi gəlirləri olmuşdur ki, məsələn, 2009-cu ildə onun orta hesabla aylıq maaşı 1.500.000 (bir milyon beş yüz min rus rublu) rus rublu, təxminən həmin dövrün məzənnəsi ilə 54.000 ABŞ dollar təşkil etmişdir. Bununla yanaşı, o, daimi olaraq 80-70 faiz mükafat almış və şirkət tərəfindən evlə, avtomobil və sürücü ilə təmin edilmiş, kommunal və rabitə xərcləri ödənilmişdir. Buna dair arayışları və vergi deklarasiyaları sübut olaraq məhkəməyə təqdim edilmişdir. Təqaüdə çıxdıqdan sonra isə o, biznesini və mülklərini satıb əldə etdiyi külli miqdarda vəsaitlə Azərbaycan Rrespublikasına qayıtmışdır. Cavabdehdə olan məlumata əsasən mərhum atasının ümumilikdə 3 milyon dollar pul vəsaiti olmuşdur. X47 xeyriyyəçi olduğundan nəslinə daxil olan nümayəndələri aylıq pul təminatı ilə köməklik etmiş, bəzi qohumlarının təhsil xərclərini, xeyir və şər tədbirlərinin maliyyələşdirilməsini təmin etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı ərizəsində yalan olaraq guya mübahisə predmeti olan fərdi yaşayış evini 2013-cü ilin aprel ayında aldığını, daha sonra həmin evi söküb və yenidən inşa etdirdiyini bildirmişdir. Bu xüsusata da etiraz edərək bildirir ki, 2013cü ilin aprel ayında evi cavabdeh almış və onun mərhum ata Saleh Hacıyev tərəfindən təmir işlərinə başlanılmışdır. İki il davam edən təmir işlərindən sonra 2015-ci ildə ev tam hazır olmuşdur. Cavabdeh ailə üzvləri ilə birlikdə yay aylarında, mərhum atasının bacısı Sürəyya Hacıyevaya hədiyyə olaraq aldığı və sonuncunun adına rəsmiləşdirdiyi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin dövrdə o, mərhum atası Saleh Hacıyevə qulluq etmiş və sonuncu isə səhər tezdən evin təmirinə nəzarət etmək üçün getmişdir. Evin təmir xərclərini hədiyyə olaraq onun əvəzinə atası ödəmişdir. Halbuki İddiaçı həmin ərəfədə cavabdehin atasının vəsaiti hesabına xaricdən gətirdiyi mikroavtobus tipli avtomobil vasitəsilə Türkiyə Respublikasının Trabzon şəhərində tüninq etmişdir. Bu müddət ərzində ona məxsus evdə aparılan təmir işləri ilə maraqlanmamışdır. Bu isə iddiaçıya məxsus pasportda öz əksini tapır. Göstərilənlərlə yanaşı etirazda bildirilmişdir ki, AR-nın Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən, tikinti obyektlərinin tikintisi və sökülməsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında həyata keçirilir. Əgər iddiaçı fərdi yaşayış evində söküntü və inşa işləri həyata keçiribsə, buna dair icazə sənədlərini məhkəməyə təqdim etməlidir ki, hazıradək sübut verilməmişdir. Bundan başqa iddiaçı evin təmirində iştirak edən bir neçə ustanı şahid qismində məhkəməyə təqdim etmişdir. Həqiqətdə isə evin təmiri ilə çox saylı ustalar məşğul olmuşdur. Onların ifadələrinin heç bir hüquqi təsiri və əsası yoxdur. Belə ki, təmir işlərinin hesabatı tam olaraq cavabdehin mərhum atasında olmuş və buna dair hesabat kitabçası mövcud olmuşdur. İddiaçı bu barədə dəqiq məlumatı olmadığından iddia tələbində təxmini rəqəmlər uydurub qeyd etmişdir. Etirazda iddiaçının digər qardaşı Valeh Hacıyevlə birlikdə 2014-cü ildən mübahisə predmeti təşkil edən fərdi yaşayış evində yaşamasına dair dəlilinə münasibətdə qeyd edilmişdir ki, bu xüsusat da həqiqəti əks etdirmir. Belə ki, mübahisəli evin təmiri 2015-ci ilin ortalarında yekunlaşmış, o vaxta qədər evdə yaşamaq mümkün olmamışdır. Buna görə də cavabdeh atası ilə birlikdə bacısına məxsus olan Şəmkir küçəsi ev 142 ünvanında faktiki olaraq qeydiyyatsız yaşamışdır. Bundan sonra xx.xx.2016-cı ildə cavabdehin atası Saleh Hacıyev əziyyət çəkdiyi böyrək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Yalnız bundan sonra İddiaçı digər qardaşı X18 ilə həmin ünvanda yaşamağa başlamışlar. Əlavə olaraq qeyd edilmişdir ki, təxminən 2018-2019-cu illərdə İddiaçı cavabdehin bacısı Sürəyya Hacıyevaya zəng edərək bildirmişdir ki, Füzuli İbrahimov onun ünvan 5 ünvanında yerləşən evinin satılması üçün müştəri tapıbdır. Cavabdeh İddiaçı qorxduğu üçün onun şərtləri ilə razılaşaraq mülkiyyətində olan evi 195.000 ABŞ dollar müqabilində alqı-satqı müqaviləsinə əsasən satmışdır. Ev satıldıqdan sonra iddiaçı Cavabdeh həmin vəsaitin hamısını verməyərək bildirmişdir ki, mərhum atasının guya borcları vardır, ona görə də özündə saxladığı 115.000 ABŞ dollar vəsaiti borclara ödəyəcəkdir, qalan 80.000 ABŞ dollar vəsaiti isə bacısı Cavabdeh vermişdir. O, bacısı ilə atasından onlara hədiyyə olaraq verilmiş bütün mülklərin bölünməsi ilə bağlı razılığa gəldiyindən qeyd olunan 80.000 ABŞ dollar vəsaiti hər birinə 40.000 ABŞ dollar olmaqla bölmüşlər. Etirazda iddiaçının cavabdehin ona evin satılması üçün etibarnamə verməməsi ilə bağlı iddiasına münasibətdə qeyd edilmişdir ki, ərizə ilə məhkəməyə müraciət edilməmişdən bir ay əvvəl İddiaçı ona zəng vurub mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair etibarnamə verməsini tələb etmiş və bildirmişdir ki, evi qardaşı oğlu X6 nəvəsi və onun atasının adı qoyulmuş balaca Saleh Hacıyevə hədiyyə edəcəkdir. Bununla bağlı onlar arasında mübahisə yaranmış və həmin vaxt iddiaçı onun ailə üzvlərini təhdid etmişdir. Bundan sonra cavabdehin nümayəndəsi olaraq Nümayəndə xx.xx.2022-ci il tarixdə Şəmkir şəhərinə getmiş, evin sənədləri iddiaçıda saxlanıldığından rəsmi qaydada aidiyyəti orqanlara müraciət edərək dublikatlarını əldə etmişdir. Nümayəndə tələbinə baxmayaraq iddiaçı evin sənədlərini, açarlarını və darvazanın pultunu ona təqdim etməkdən imtina etmişdir. Bu səbəbdən Nümayəndə evin qıfıllarını yeniləmişdir. Bundan sonra polis orqanlarına iddiaçının qanunsuz hərəkətləri barədə şikayət etmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə iddiaçı şəxsi əşyaları ilə birlikdə evi tərk etmiş, eyni zamanda evə və orada olan bəzi əşyalara ümumilikdə 100.000 manata yaxın maddi zərər vurmuşdur, bununla bağlı gələcəkdə iddia tələbi qaldırmaq niyyətindədir. Sonda etirazda cavabdehə qarşı verilmiş iddia tələbi mövcud qanunvericiliyin tələbləri baxımından heç bir şəkildə əsaslandırılmadığından, tələbin heç bir hüquqi əsası olmamaqla, həmçinin hər hansı faktiki əsasa söykənmədiyindən və heç bir mötəbər sübut təqdim edilmədiyindən rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Qeyd olunan mülki iş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadlarına əsasən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evini onun əvvəlki mülkiyyətçisi olan Eyvaz Süleymanova nəğd şəkildə 60.000 manat vəsait ödəyərək almışdır. Lakin böyük oğlu vəfat etdiyindən, kiçik oğlu isə narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən evin ona qalmasını istəməmiş, bu səbəbdən də evi həmin vaxt mehriban münasibətlərdə olduğu qardaşı qızı olan Cavabdeh adına rəsmiləşdirmişdir. Evi Cavabdeh adına rəsmiləşdirməmişdən öncə isə qardaşı Saleh Hacıyevlə də məsləhətləşib belə bir qərara gəlmişdir. Mübahisəli evdə hazıradək heç kim yaşayış yeri üzrə qeydiyyata düşməmişdir. O, özü ünvan 7 ünvanında qeydiyyatdadır. Mübahisəli fərdi yaşayış evində təmir işləri 2013-cü ildə başlanmış, 2016-cı ilədək davam etmiş, 2017-ci ildə o, evin əşyalarını alıb düzmüşdür. Hətta evin mebel, lüstra və pərdələrini mağazalardan almışdır. 2018-ci ildə isə qardaşı Valeh Hacıyevlə həmin evdə yaşamağa başlamışdır. Hətta həmin evin təmirində qardaşı Valehə məxsus pul vəsaitindən istifadə etmişdir. Belə ki, qardaşı Valeh Moskva şəhərində özünə məxsus evi 70.000 ABŞ dollara satıb Azərbaycan Respublikasına qayıtmışdır. O, da həmin vəsaitdən hissə-hissə istifadə edərək təmirə sərf etmişdir. Verilmiş suallara əsasən iddiaçı əlavə olaraq bildirmişdir ki, mübahisəli fərdi yaşayış evinin alqı-satqısında o, bilavasitə iştirak etməsə də, onun dəyəri olan 60.000 manat pul vəsaitini həmin evin həyətində Eyvaz Süleymanova şəxsən ödəmişdir. Lakin buna dair tərəflər hər hansı müqavilə və ya qəbzə imza etməmişdir. Notarial qaydada bağlanmış müqavilədə isə evin satış qiymətinin 5300 (beş min üç yüz) kimi göstərilməsinin səbəblərini izah edə bilmir. Ümumilikdə evin alınmasına, inşası və təmirinə 250.000 manat vəsait sərf edilmişdir ki, həmin məbləğin 60.000 manat hissəsi evin alınmasına, qalan 190.000 manat hissəsi isə təmirə, yəni tikinti materialları, usta xərcləri və əşyalara sərf edilmişdir. Lakin materialların alınmasına, ustalara ödənilmiş vəsaitlərə dair ayrı-ayrılıq sübut təqdim edə bilmir. Belə ki, ustalar tərəfindən göstərilən xidmətlərə dair müqavilələr bağlanmamış, şifahi razılaşma ilə sifariş verilib və görülmüş işlərin müqabilində ödənişləri şəxsən özü verib. Mağazadan alınan əşyalara dair çeklər isə cavabdehin faktiki sahibliyində olan mübahisəli evdə qaldığından məhkəməyə sübutlarını təqdim edə bilmir. Qeyd olunan evin tapılmasında, mülkiyyətçi Eyvaz Süleymanovla danışıqların aparılmasında, sonuncuya 60.000 manat pul vəsaitinin onun tərəfindən nəğd qaydada ödənilməsində bilavasitə yaxın dostu olan Fizuli İbrahimov iştirak etmiş, hətta ustalara prorab olaraq onun tərəfindən nəzarət edilmişdir. İddiaçı ərizəsində göstərilənlərə şifahi dəqiqləşmə verərək fərdi yaşayış evini mövcud fundament əsasında artırıldığını və təmir edildiyini bildirmişdir. Sonda çıxışında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə yazılı etirazında göstərilənləri müdafiə edərək rədd edilməsini məhkəmədən xahiş etdi. O, bir daha izahatında bildirmişdir ki, 2013-cü ilin aprel ayında arvadı Cavabdeh ilə birlikdə notariat kontoruna getmiş və mübahisəli fərdi yaşayış evi Cavabdeh adına alqı-satqı edilmişdir. Fərdi yaşayış evinin pulunu mərhum qaynatası Saleh Hacıyev ödəmişdir. Həmçinin evi Saleh Hacıyev öz hesabına təmir etdirmiş və xərcləri ödəmişdir. 2013-2015ci illər ərzində fərdi yaşayış evində əsaslı təmir işləri aparılmış və 2015-ci ildə başa çatmışdır. Təmir dövründə iddiaçı özü xaricdə olmuş, ona görə də 2014-cü ildə onun həmin evdə yaşaması mümkün deyildir. Ümumiyyətlə iddiaçı mübahisəli evdə deyil, 2019cu ilədək baldızı Sürəyya Hacıyevanın evində yaşamışdır. Odur ki, iddiaçının tələbi tam əsassızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, İddiaçı tanısa da Cavabdeh tanımır. Eləcə də iddiaçının qardaşı, cavabdehin isə atası olan mərhum Saleh Hacıyevi də tanımamışdır. Mübahisəli fərdi yaşayış evi əvvəllər onun mülkiyyətində olmuş və şəxsi problemləri ilə bağlı 2013-cü ildə satışa çıxarmışdır. Müştəri kimi İddiaçılə evin dəyərini 60.000 manata danışıb razılaşmışlar. Lakin notariat ofisində müqavilə bağlananda tanımadığı bir xanım gəlmiş və müqavilə onunla rəsmiləşdirilmişdir. O, həmin xanımın kimliyi ilə maraqlanmamışdır. Verilmiş suallara əsasən şahid E.Süleymanov əlavə olaraq bildirmişdir ki, 05 aprel 2013-cü il tarixdə Şəmkir rayon notariat kontorunda bağlanmış AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndə onun tərəfindən satılan mübahisə predmeti olan Şəmkir şəhəri Qalib Mirzəməmmədov küçəsi 16 ünvanında yerləşən fərdi yaşayış evinin satış qiymətinin 5300 (beş min üç yüz) kimi göstərilməsinin səbəbini izah edə bilmir. İddiaçıdan 60.000 manat almasına dair isə hər hansı müqavilə bağlanmamış, qəbz tərtib edilməmişdir, buna dair sübutu yoxdur. Ev 60.000 manata satılsa da müqavilədə qeyd edilməmiş və müqavilədə nə qədər qeyd edildiyini bilməmiş, sadəcə olaraq müqaviləni oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, tikinti işlərinin aparılması sahəsində təhsilinin olmamasına baxmayaraq uzun müddətdir prorab olaraq fəaliyyət göstərir. İddiaçı tanıyır. Belə ki, onların uzun müddət davam edən dostluq münasibətləri vardır. Bu səbəbdən də onun ailə üvzlərini, o cümlədən mərhum qardaşı Saleh Hacıyevi və onun qızı Cavabdeh tanımışdır. İddiaçı ümumilikdə 3 evi olmuş, lakin hamısını dolanışığı üçün satmışdır. Mübahisə predmeti olan fərdi yaşayış evinin, eləcə də iddiaçıya məxsus bir neçə evin təmir işlərinin aparılmasına o, nəzarət etmiş, lakin dostluq münasibətlərindən irəli gələrək bu xidmət müqabilində İddiaçı ödəniş almamış, təmənnasız olaraq ona xidmət etmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evinın axtarıb tapılmasında, alqı-satqısı ilə bağlı danışıqların aparılmasında da o, İddiaçı bilavasitə köməklik etmişdir. Həmin vaxt İddiaçı evin gələcəkdə oğluna qalmaması üçün mehriban münasibətlərdə olduğu qardaşı qızı olan - hazırki iş üzrə Cavabdeh adına rəsmiləşdirmişdir. Bundan sonra evdə təmir işləri təxminən 3-4 il davam etmişdir. Təmir üçün bütün ödənişləri İddiaçı özü etmiş, onun qardaşı Saleh Hacıyev isə heç bir ödəniş etməmişdir. Hətta materialların alınması üçün o, şəxsən Talehlə birlikdə mağazalara və bazara getmiş, material və əşyaların alınmasında, daşınmasında iştirak etmişdir. Lakin material və əşyaların qiyməti ilə bağlı hər hansı çek mövcud deyildir. Təmir işlərini aparan ustalarla isə müqavilələr bağlanmamışdır. Verilmiş suallara əsasən şahid F.İbrahimov bildirdi ki, İddiaçı 60.000 manat pul vəsaitini evi satan mülkiyyətçi Eyvaz Süleymanov onun yanında versə də, onlar tərəfindən hər hansı qəbzə imza edilməmişdir. Satılan ev yarımçıq tikili olduğu üçün müqavilədə onun qiyməti 5.300 (beş min üç yüz) manat kimi göstərilmişdir. Şahid F.İbrahimov göstərilənlərlə yanaşı etiraf edərək bildirmişdir ki, tərəflər arasında sön dövrlər yaranmış narazılıqların gedişatında o, da iştirak etmiş, onunla da cavabdehin nümayəndəsi arasında mübahisə olmuş, sonuncu onun barəsində də aidiyyəti orqanlara şikayət ərizəsi ilə müraciət edərək müvafiq araşdırmalar aparılmışdır. Buna baxmayaraq qeyd etmişdir ki, onunla cavabdeh arasında heç bir düşmənçilik və ədavət yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir, o, santexnika ustasıdır və 2014-cü ildə mübahisəli fərdi yaşayış evində İddiaçı sifarişinə əsasən 20 gün müddətində santexnika işlərini görmüşdür. Görülmüş işlərin həcmini, evin sahəsini uzun müddət keçməsi səbəbindən xatırlamır, lakin yadında dəqiq qalıbdır ki, İddiaçı ona hissə-hissə görülən işlərin müqabilində 3.400 manat vermişdir. Verilmiş suallar əsasında şahid bildirmişdir ki, o, İddiaçı böyük qardaşı Saleh Hacıyevi də tanışmışdır. Belə ki, santexnika işlərini gördüyü 20 gün müddət ərzində Saleh günaşırı olaraq oraya gəlib işlərlə maraqlanmış və bəzən müəyyən göstərişlər vermişdir. Lakin İddiaçı mütəmadi olaraq orada olmuş, sifarişlər vermiş və usta olaraq ona ödənişi etmişdir. Buna baxmayaraq qeyd olunan evin kimin mülkiyyətində olmasına dair ona məlumat verilməyib, özü də bu barədə araşdırıb maraqlanmayıb. Ümumi vəziyyətdən, yəni sifarişlərin əsasən Taleh tərəfindən verilməsi səbəbi ilə evin ona məxsus olmasını ehtimal etmiş, onun mülkiyyətçi olub-olmamasını dəqiq bilməmişdir. Bundan başqa o, Salehin qeyd dəftərini görsə də həmin dəftərin nədən ibarət olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, fərdi qaydada usta kimi fəaliyyət göstərir və əsasən armatur, aqlay işləri görür. İddiaçı və onun qardaşı mərhum Saleh Hacıyevi həmyerli olaraq tanımışdır. Təxminən 2014-2015-ci illərdə İddiaçı sifarişi ilə Şəmkir şəhəri Qalib Mirzəməmmədov küçəsi 16 ünvanında yerləşən fərdi yaşayış evində təmir işləri aparmışdır. Bu müddət ərzində Saleh Hacıyevin də oraya ara-sıra gəlməsinin şahidi olmuşdur. Hətta gəldiyi vaxtlarda Saleh əmi ona və digər ustalara siqaret gətirib vermişdir. Həmin vaxt Saleh Hacıyevin ağır xəstəlikdən əziyyət çəkməsini bilmişdir. Saleh Hacıyev onlara işlərlə bağlı heç bir göstəriş verməmiş və heç bir ödəniş etməmişdir. Ödəniş və tapşırıqları İddiaçı etmişdir. Ona ümumi olaraq gördüyü işlərin müqabilində təxminən 15.000-20.000 manat pul ödənilmişdir, uzun müddət keçdiyindən dəqiq məbləği xatırlamır. Xidmətlə bağlı müqavilə bağlanmamışdır. Eləcə də evin kimin mülkiyyətində olmasına dair ona məlumat verilməyib və xəbəri yoxdur. Kimə nə qədər ödəniş edilməsi ilə bağlı Taleh və ya Saleh tərəfindən qeydlər edildiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, uzun müddətdir dülgər fəaliyyəti ilə məşğul olur. İddiaçı və onun qardaşı mərhum Saleh Hacıyevi həmyerli olaraq tanımışdır. İddiaçı sifarişi ilə mübahisəli fərdi yaşayış evində 2014-cü ildə 5-6 ay müddətində öz briqadasına daxil olan ustalarla birgə işləmiş və sifarişçi olaraq görülmüş işlərə görə İddiaçı ona 14.000-15.000 manat pul vermişdir. Tikinti işlərinə nəzarəti əsasən Taleh və Füzuli həyata keçirmişdir. O, İddiaçı qardaşı Saleh Hacıyevi tanımış, bir neçə dəfə təmir işləri gedəndə onun oraya gəlməsinin şahidi olmuşdur. Hətta bəzən Saleh görülən işlərlə bağlı maraqlanmış, nə iş görüldüyünü ondan soruşmuş, arabir ustalara siqaret alıb vermişdir. İddiaçı Saleh Hacıyevə təmirlə bağlı məruzə etdiyini eşitməmişdir. Ümumiyyətlə təmir işləri gedən müddətdə Saleh Hacıyevin səhhətində ciddi problemləri olduğundan o, az gəlib-getmişdir. O, təmir işləri aparan zaman evdə yaşayış olmamışdır. 2014-cü ilin sonlarına kimi orada işləmişdir. Sifarişləri İddiaçı verdiyindən evin ona məxsus olmasını zənn etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, uzun müddət əvvəl kafel-metlax işləri ilə bağlı usta kimi fəaliyyət göstərmişdir. Hazırda isə bu fəaliyyətlə məşğul deyil. Mübahisəli fərdi yaşayış evində 2014-2015-ci il müddət ərzində işləmişdir. Belə ki, o, həmin evin kafel-metlax və digər işlərini görmüşdür. Təmir üçün İddiaçı ona ümumilikdə 17.000-18.000 manat ödəniş etmişdir. Təmir onun rəhbərlik etdiyi 5 nəfərlik briqada tərəfindən görülmüşdür. Həmin vaxt Saleh Hacıyev ağır xəstəlikdən əziyyət çəkdiyi üçün tikinti işlərinin aparıldığı evə 10-15 gündən bir gəldiyini xatırlayır. Hətta o, Saleh Hacıyevin mübahisəli evin həyətindəki hində olan toyuqları yemləməsinin və qulluq etməsinin şahidi olmuşdur. Evin İddiaçı məxsus olduğunu İddiaçı eşitməmiş, təmir işlərinə İddiaçı onu dəvət etməsi səbəbindən evin ona məxsus olmasını yəqin etmişdir. Təmir işləri əsas maraqlanan şəxs briqadir kimi tanıdığı Füzuli adlı şəxs olmuşdur. Təmirlə bağlı heç bir yazılı qeyd və cədvəli olmamışdır, heç bir yazılı müqavilə bağlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, uzun müddətdir fərdi qaydada usta fəaliyyəti ilə məşğul olur və aqlay-tamet daşlarının döşənməsi işlərini görür. İddiaçılə münasibəti mübahisəli mənzildə təmir işləri görən zaman yaranmış, aralarında iş münasibəti olmuşdur. 2016-cı ildə evin həyətində betonlama və tamet daşlarının döşənməsi işini rəhbəri olduğu 4 nəfərlik briqada ilə birlikdə görmüşdür. Təmir işləri ilə bağlı İddiaçı ona ümumilikdə 5000-6000 manat pul ödəmişdir. Təmir işlərini İddiaçı sifariş etdiyindən və təmir üçün lazımi materialları sonuncu aldığından evin mülkiyyətçisinin İddiaçı olduğunu ehtimal etmişdir. Təmir vaxtı İddiaçı açıq şəkildə evin özünə məxsus olmasını deməmişdir. Həmin müddətdə İddiaçı verdiyi pul vəsaitlərinin onun özünə məxsus olub-olmaması ilə bağlı heç bir məlumatı olmamışdır. Həmin evdə təmir işləri görən zaman qardaşı İddiaçı Saleh Hacıyevin ağır yataq xəstəsi olmasını eşitmişdir. Təmir işləri görən zaman evin əsas hissəsi yaşamağa hazır olmuşdur, lakin evdə həmin vaxt heç kim yaşamamışdır. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 17 mart 2022-ci il tarixli, **********50 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi 290.3 kv.m. olan fərdi yaşayış evinə dair X5 adına 04 aprel 2013-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Arayışdan göründüyü kimi qeyd edilən əmlak Şəmkir rayon Notariat kontorunun 05 aprel 2013-cü il tarixli 4Ə-01-84 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Daha sonra Cavabdeh adına qeyd edilən əmlaka dair 15 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəli dublikat çıxarış verilmişdir. Eyni zamanda ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, Şəmkir şəhəri, Q.Mirzəməmmədov küçəsi ev 16-da yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdehdır. - X14 ilə Cavabdeh arasında Şəmkir rayon notariat kontorunda bağlanmış 05 aprel 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, X1 şəhəri, Q. Mirzəməmmədov küçəsi ev 16-da yerləşən fərdi yaşayış evini 5.300 manata Cavabdeh satmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evinə 05 aprel 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən tam mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə iddiaçının fərdi yaşayış evini 60.000 manata əvvəlki mülkiyyətçi olan X2 almasına və formal olaraq cavabdehin adına rəsmiləşdirilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eləcə də məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində 60.000 manatı nəğd şəkildə İddiaçı sonuncunun dostu Füzuli İbrahimovun yanında verməsini bildirməsinə baxmayaraq, buna dair məhkəməyə hər hansı mötəbər sübut ( müqavilə, qəbz və s) təqdim edilməmişdir. Bunun əksinə olaraq 05 aprel 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi ilə cavabdehin mübahisəli fərdi yaşayış evini almaq məqsədilə X8 5.300 manat ödəməsi təsdiq olunur. Şahid E.Süleymanov isə müqavilədə satış qiymətinin fərqli göstərilməsi səbəbini məntiqli olaraq izah edə bilməmişdir. Bundan başqa, iddiaçı tələbində fərdi yaşayış evini cavabdehin adına formal olaraq rəsmiləşdirmə səbəbini evin oğluna qalmaması və ya bir şəxsin adına iki evin rəsmiləşdirilməsinin mümkün olmaması kimi bildirməsinə baxmayaraq, məhkəmə bu dəlili əsaslı və inandırıcı hesab etmir. Belə ki, mövcud qanunvericilikdə bir şəxsin adına yalnız bir yaşayış sahəsinin qeydə alına bilməsi kimi hər hansı məhdudlaşdırıcı norma yoxdur. Evin gələcəkdə oğluna qalmaması üçün isə qanunla müəyyən edilmiş tədbirlərin görülməsi imkanları mövcuddur. Məsələn, evi qardaşı nəvəsinə hədiyyə etmək istədikdə bağışlama müqaviləsi bağlaya, vəsiyyətnamə verə bilər və s. kimi qanunla müəyyən edilmiş imkanlardan istifadə edə bilərdi. Göstərilənlərlə yanaşı, iddiaçı məhkəməyə depozit bank hesablarından çıxarışları təqdim etməsinə baxmayaraq, həmin pul vəsaitinin depozitə qoyulması ilə bağlı əldə etdiyi vəsaitləri məhz mübahisəli evin təmirinə sərf etməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı ilə yanaşı cavabdeh mərhum atasının aylıq gəlirlərinə dair sübutlar təqdim etmişdir. Belə ki, "xxxx" QSC tərəfindən verilmiş UNQ 07/912 01 iyul 2009-cu il tarixli arayışdan görünür ki, X21 RF-nın Yamalo-Nenets muxtar dairəsi, Novıy Urenqoy şəhərində mkr. Sovetskiy, 7/2 ünvanında yerləşən "xxxx" QSC-nin xx.xx.2000-ci il tarixdən əməkdaşı olmuş. Onun orta aylıq əmək haqqı 2009-cu ildə ******* rubl təşkil etmiş və o, xx.xx.2009-cu ildən xx.xx.2009-cu il tarixədək növbəti ödənişli məzuniyyətdə olmuşdur. Həmçinin "xxxx" QSC tərəfindən verilmiş 30 iyun 2009-cu il tarixli arayışdan görünür ki, X21 02 fevral 2005-ci il tarixdən 30 iyun 2009-cu il tarixədək "xxxx" QSC-də baş mühəndis vəzifəsində işləmişdir. X9 gəlirlərinə dair cədvəldən görünür ki, onun 2000-ci ildə 29.552 manat, 2001-ci ildə 60.294 manat, 2002-ci ildə 8.140 manat, 2005-ci ildə 90.161 manat, 2006-cı ildə 188.039 manat, 2007-ci ildə 218.400 manat, 2008-ci ildə 197.712 manat, 2009-cu ildə 223.692 manat, 2009-cu ildə 411.305 manat, 2009-cu ildə 514.131 manat olmaqla, ümumilikdə 1.914.428 manat gəliri olmuşdur. Göründüyü kimi, cavabdehin atası Saleh Hacıyev kifayət qədər varlıqlı şəxs olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadəsindən isə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evində 2013-2016-cı illəri əhatə edən dövrdə təmir işləri aparılmış, bu müddət ərzində cavabdehin mərhum atası Saleh Hacıyev də periodik olaraq qeyd olunan fərdi yaşayış evinə gəlib, təmir işləri ilə maraqlanmış, həyətyanı sahədə toyuq saxlayaraq qulluğunda dayanmışdır. Həmçinin ustalar bildirmişlər ki, sifarişi və ödənişi İddiaçı verməsi səbəbindən evin ona məxsus olmasını ehtimal etsələr də bu barədə dəqiq məlumatları olmamışdır. Eləcə də İddiaçı ustalara ödənilən və ümumilikdə evin təmirinə sərf edilən vəsaitin mənbəyi və konkret məbləği barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Göstərilənlərlə yanaşı iddiaçı məhkəməyə tarixi bəlli olmayan akt təqdim edərək iş üzrə sübut olaraq qəbul edilməsini xahiş etmişdir. Aktdan görünür ki, İddiaçı, X18, X14, X15, X32, X16, X7, X10, X17, X22, Quliyev Elxan kərəm oğlu, X24, X11, X25 və X31 tərəfindən imzalanmışdır. Aktda qeyd edilmişdir ki, İddiaçı 2013-cü ilin aprel ayında ünvan 1 ünvanda yerləşən, 6 otaqlı və digər yardımçı tikililəri olan fərdi yaşayış evini X2 60.000 manata satın almış, həmin ərəfədə özünün adına Şəmkir şəhərində yerləşən başqa bir fərdi yaşayış evinin olmağına, qanunvericiliyin tələbinə əsasən bir adamın adına 2-ci evin rəsmiləşdirilməsinin mümkünsüzlüyü səbəbindən, aldığı evi qardaşı qızı Cavabdeh adına rəsmiləşdirmişdir. Aldığı mülkdə yerləşən 6 otaqlı və digər yardımçı tikililəri olan fərdi yaşayış evini 2013-cü ildə sökdürərək yerində RF-da yaşayarkən özünə məxsus olmuş fərdi yaşayış evinin və digər ticarət obyektlərinin satılması nəticəsində əldə etdiyi vəsaitlə iki mərtəbəli, 1-ci mərtəbəsində 3 yataq otağı, 2 qonaq otağı, 1 mətbəxi, hamam və tualeti, maşın qarajı, 2-ci mərtəbəsində 3 yataq otağı, 1 qonaq otağı və 1 ədəd ev əşyalarının yığılması üçün olan otaq inşa etdirmişdir. Həmin evin inşaat işlərində daş hörgü və suvaq işlərini Şəmkir rayonu TəzəKənd kənd sakini X12 briqadası, taxta dülgər işlərini Şəmkir şəhər sakini X4 briqadası, malyar işlərini X19 briqadası icra etmişlər. O və qardaşı Valeh Hacıyev həmin evin inşasını başa çatdırandan, yəni 2014-cü ilin ortalarından bugünə qədər həmin evdə yaşayaraq evdə istifadə olunan mavi qazın pulunu həmin mülkün əvvəlki sahibi X5, elektrik enerjisinin pulunu isə Cavabdeh adına ödəmişdir. Beləliklə aktın məzmunundan müəyyən edilir ki, iddia ərizəsi ilə oxşarlıq təşkil edir. Aktı imzalayanlardan bəziləri yuxarıda qeyd edildiyi kimi, şahid qismində məhkəmədə dindirilmişdir. Lakin onlar tərəfindən məhkəməyə mübahisəli fərdi yaşayış evinin satış məbləğinin 60.000 manat təşkil etməsi, həmin məbləğin iddiaçı tərəfindən evin əvvəlki mülkiyyətçisinə ödənilməsi, təmir xərclərinin iddiaçının vəsaiti hesabına ödənilməsi barədə mötəbər sübut və ya məlumat məhkəməyə təqdim edilməmişdir. Eləcə də, işin faktiki hallarından müəyyən edilir ki, aktı imzalayan şəxslərin bəziləri ilə cavabdehin nümayəndəsi Nümayəndə arasında anlaşılmazlıqlar mövcud olmaqla mübahisələri hüquqmühafizə orqanlarında araşdırılmışdır. Belə olan halda həmin şəxslərin verdiyi məlumatlar məhkəmədə kifayət qədər şübhə doğurduğu üçün məhkəmə qeyd olunan aktı sübut olaraq qəbil etmir. Bundan başqa, mülki işin materiallarında olan 1 ədəd diskdən görünür ki, İddiaçı Cavabdeh və onun əri Nümayəndə qarşı whatsapp vasitəsilə təhqiredici söyüşlər etmiş, hədə-qorxu gəlmişdir. Qeyd olunan diskdə iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilmədiyindən məhkəmə tərəfindən sübut olaraq qəbul edilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdehin adına mülkiyyət hüququ ilə qeydə alınmış mübahisə predmeti olan fərdi yaşayış evinin alınması və təmirinə sərf edilmiş vəsaitin ona məxsus olmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Məhkəmənin qənaətinə görə, hazırki iddia tələbinin təmin edilməsi cavabdehin öz mülkiyyətindən maneəsiz istifadə etməsi kimi Konstitusion hüququnu məhdudlaşdırmış olardı. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin əmlakı özgəninkiləşdirilən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı, onun nümayəndəsi və vəkili tərəfindən verilmiş izahatlardan, eləcə də iş üzrə təqdim etdiyi sənədlərdən müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdehdır. Belə ki, həmin ev X14 ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X14 fərdi yaşayış evini 5300 manata Cavabdeh satmışdır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışa əsasən həmin evin mülkiyyətçisi Cavabdehdır. Bu hal Daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahidlər konkret olaraq hər hansı halın şahidi olmamış, yalnız mübahisəli evdə təmir işlərini aparan şəxslər olmuşdur. Həmin şəxslərin qeyd olunan evin rəsmi olaraq kimin olması barədə məlumatlarının olması absurddur. Mübahisəli evdə təmir işləri aparan şəxslərin ifadələri iddia tələbinə dair heç bir faktı sübuta yetirməməkdədir. Həmçinin evin kimə məxsus olması ilə bağlı bildirdikləri İddiaçı eşitdikləri səthi məlumatlara əsaslanmaqdadır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mühabisəli evin onun olması və həmin evə dair bütün xərcləri onun çəkməsi üçün əsaslar mövcud olmadığına görə iddia tələbi bu hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı qeyd olunan evin onun olması formal olaraq cavabdehin adına rəsmiləşdirilməsini, həmin evin söküntü və təmir işləri üçün 250.000 manat xərc çəkdiyini sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkməmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən dövlət rüsumuna dair iddia tələbi də təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ünvan 1 ünvanda yerləşən, 6 otaqlı və digər yardımçı tikililəri olan fərdi yaşayış evinin satın alınmasına sərf edilmiş vəsaitin və həmin mülkün sökülərək yerində şəxsi vəsaitlə inşa etdirdiyi iki mərtəbəli, 1-ci mərtəbəsində 3 yataq otağı, 2 qonaq otağı, 1 mətbəxi, hamam və tualeti, maşın qarajı, 2ci mərtəbəsində 3 yataq otağı, 1 qonaq otağı və 1 ədəd ev əşyalarının yığılması üçün olan otağın, kompüterlə işləyən seyf darvazanın inşa edilib başa çatanadək sərf edilmiş vəsaitin cəmi dəyəri olan 250.000 manatın və 540 dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar