Məhkəmə qərarları › İş №2(004)-4112/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4112/2020

30.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4112/2020 30.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 191800 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdeh onun atasıdır. İddiaçı atasının səmimiyətindən istifadə edərək, ehtiyacı olduğu üçün ondan borc almışdır və aralarında notarial qaydada müqavilə bağlanılmışdır. Hazırda iddiaçının borcu ola-ola atasınıı məhkəməyə verir. Halbuki, həmin iddia tələbləri ilə bağlı məhkəmə qətnaməsi var. İş Ali Məhkəməyə qədər gedib və hazırki iş üzrə iddiaçının atasına olan 25000 dollar məbləğində borcunun olması sübuta yetirilmiş, qətnamə icraya yönəlmişdir. Lakin bu günə qədər icra olunmur. İddiaçı həmin borcu ödəməmək üçün, dəfələrlə bu cür vasitələrlə borcu ödəməkdən yayınır. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, xəstəliyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 vəsatətin mübahisənin həllinin uzadılması məqsədi ilə verildiyini bildirərək, təmin olunmamasını və mülki işin mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Vaqiflə dostluq münasibəti olub və demək olar ki, onun işlərindən xəbərdar olmuşdur. Onun və digər 4 nəfərin iştirakı ilə iddiaçı tərəfindən cavabdehə 30000 dollar bir və 10000 dollar da bir verilib və bildiyinə görə paraşok isehsalı üçün 100000 dollardan çox verilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, cavabdehin uzun illər sürücüsü olmuş, iddiaçı dəfələrlə onun yanında cavabdehə pul vermişdir. Ümumilikdə 90000 dollar pul vəsaitini cavabdehə borc olaraq iş üçün verilməsinin şahid olmuşdur, lakin iddiaçı tərəfindən ilkin olaraq 40000 dollar verilmişdir. Qalan hissəsi müxtəlif vaxtlarda bir neçə hissəyə bölünərək verilmişdir. Əlavə olaraq iddiaçı onun yanımda cavabdehə 20000 dollar vermişdir və 25000 dollarlıq müqavilə bağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, cavabdehlə iddiaçı vasitəsi ilə tanış olmuşdur. İddiaçı ilə 15 ildən artıq dostluq münasibəti var. İddiaçı ona zəng edərək görüşməyi təklif etmiş, iddiaçı və cavabdehlə görüşdükdə, ona iş təklif etdilər. İddiaçı ondan paraşok istehsalı üçün pul vəsaitinin olub-olmamasını soruşmuş, ona 5000 ABŞ dolları pulunun olduğunu bildirmişdir. Həmin pulu iddiaçıya vermişdir. O isə həmin pulu paraşok istehsalı biznesi üçün çavabdehə verəcəyini bildirmişdir. Belə razılaşmışdır ki, paraşok istehsalı ilə bağlı biznes müəyyən səviyyəyə çatdıqdan sonra o, iddiaçının yerinə işdə iştirak edəcək və pul vəsaiti qoyan tərəflər sonda öz pulunu geri götürə biləcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, cavabdehlə aralarında dostluq münasibəti olmuşdur. İddiaçı ilə cavabdehin arasında barışıq yaratmağa çalışmışdır. Söhbət sırasında iddiaçı ilə cavabdeh qoyduqları vəsaitləri geri götürərək və əmlakları bölərək iş birliyini dayandırmağa razılaşdılar. Razılıq belə oldu ki, istehsal sexi, orda olan bütün xammal və hazır məhsullar cavabdehə verilsin, 45000 ABŞ dolları isə iddiaçıya verilsin. Bu razılıqdan sonra cavabdeh istehsal sexini, orda olan bütün xammalı və hazır məhsulları deyil, pulu istədi. Sexin açarını və anbarı iddiaçıya təhvil verməyi təklif etdi. Yasamal notariusunda görüşmüş və o, 20000 ABŞ dollarını iddiaçıdan alaraq cavabdehə vermişdir. Ona 25000 ABŞ dollarını verməyi də təklif etmiş, cavabdeh bunu qəbul etməmiş və notariusda borc müqaviləsi bağlamağı təklif etmişdir. Borc müqaviləsi bağlanmışdır. Bir neçə gün sonra anbar bölünməli idi. Lakin, tərəflər gəlmədilər. Daha sonra bir daha görüşmüşlər və cavabdeh iştirak etməmiş, anbarın açarını göndərmişdir. Daha sonra anbarın boş olduğu məlum olmuşdur. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını və cavabdehin izahatını, şahidlərin ifadələrini dinləyərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı məhkəmədən 191800 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tərəf 191800 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsinin əsası kimi iş materiallarına əlavə edilmiş birgə əməkdaşlıq müqaviləsini göstərmişdir. Lakin cavabdehlə iddiaçı arasında işgüzar münasibətlərin olması, o cümlədən cavabdehin pulu əsassız şəkildə saxlaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh, ona 191800 ABŞ dolları məbləğində borcunun olmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh 191800 ABŞ dolları pulun tutularaq, iddiaçıya ödənilməsi barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar