Məhkəmə qərarları › İş №2(004)-4163/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4163/2020

23.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4163/2020 23.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş ziyanla bağlı xəsarət nəticəsində itirilmiş qazancın əvəzi olaraq hər bir cavabdehdən ayrılıqda 12.000 manat, cəmi 24.000 manat vəsaitin tutularaq ödənilməsi, cavabdehlərin maddi və mənəvi formada qanunsuz və ədalətsiz hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzi kimi hər bir cavabdehdən ayrılıqda 8.000 manat, cəmi 16.000 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq hər bir cavabdehdən ayrılıqda 18.000 manat, cəmi 36.000 manat vəsaitin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 15 il vergidə inspektor vəzifəsində çalışmış, nümunavi işçi olmuş, daha sonra bületendə ola-ola işdən çıxarılmışdır, işdən çıxarılmağına görə məhkəməyə müraciət etmiş və məhkəmə prosesi davam etdirilir. Rəhbərlik, onu, Bərdə doğumlu olduğu üçün, Bərdə rayonuna göndərmək istəmişdir. Onun şəkər xəstəsi olmağı, işsiz qalmağının səbabkarı bu iki cavabdehdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus olan İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2003-cü tarixdən xx.xx.2018-ci il tarixə qədərAzərbaycan Respublikası Vergilər Nazirliyində (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) müxtəlif vəzifələrdə xidmət etmiş,Vergilər Nazirinin xx.xx.2018-ci il tarixli **********689300 nömrəli əmri ilə xx.xx.2018-ci il tarixdən tutduğu dövlət vergi müfəttişi vəzifəsindən kənarlaşdırılmış və üç ay müddətinə Vergilər Nazirliyinin sərəncamına verilmiş, xx.xx.2018-ci il tarixli **********19600 nömrəli əmri ilə xx.xx.2018-ci il tarixdən sərəncamdan çıxarılmışdır. Həmçinin, əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı xx.xx.2018-ci il tarixdən “şəkərli diabet tip-2” diaqnozu ilə 24 nömrəli şəhər poliklinikasında qeydiyyata alınmışdır və müalicə alır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıların hərəkətləri nəticəsində şəkərli diabet xəstəliyinə tutulması və xəstəliyinin kəskinləşməsini, bu səbəbdən də maddi və mənəvi zərərə məruz qaldığını iddia etsə də, iddia tələblərini əsaslandırmamış, ümumi mülahizələrlə kifayətlənmiş, iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, məhkəmə iclasında isə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş ziyanla bağlı xəsarət nəticəsində itirilmiş qazancın əvəzi olaraq hər bir cavabdehdən ayrılıqda 12.000 manat, cəmi 24.000 manat vəsaitin tutularaq ödənilməsi, cavabdehlərin maddi və mənəvi formada qanunsuz və ədalətsiz hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzi kimi hər bir cavabdehdən ayrılıqda 8.000 manat, cəmi 16.000 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq hər bir cavabdehdən ayrılıqda 18.000 manat, cəmi 36.000 manat vəsaitin tutularaq ödənilməsi barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonraqanuni qüvvəyə minir. Hakim : Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar