Məhkəmə qərarları › İş №2(004)-417/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-417/2023

02.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-417/2023 02.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Oqtay oğlunun Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" MMC və X4 qarşı "sənədin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Oqtay oğlu Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında X5 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" MMC və X4 qarşı "sənədin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək saxta sənədlərin hazırlanması, həmin sənədlərdən istifadə edilməsi və mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması ilə bağlı "xxxx" MMC-nin vəzifəli şəxslərinin, X2 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızının) və digər şəxslərin əməllərində cinayət əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsini, cavabdeh "xxxx" MMC tərəfindən 2022-ci ildə verilmiş “Geodeziya işləri” adlı sənədin – eskiz layihəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 qanuni nümayəndəsi Qanuni nümayəndə uzun illərdir niyyəti iddiaçının mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə bitişik olan və yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitarmühafizə zonasında yerləşən torpaq sahəsini, eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt edərək orada yaşayış evi tikməkdir. Hətta bu qanunsuz əməlinə görə Nizami Rayon Polis İdarəsi tərəfindən Qanuni nümayəndə yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında qanunsuz tikinti işləri aparması faktı üzrə 14 avqust 2014-cü ildə Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə cinayət işi başlanmış, sonradan cinayət işi həmin Məcəllənin 222-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir. Qanuni nümayəndə zəbt etdiyi 1200-1400 mm-lik yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitarmühafizə zonasında yerləşən torpaq sahəsinə rəsmi sənəd əldə etmək üçün ruhi xəstəlikdən əziyyət çəkən qardaşı X2 İ qrup əlil olmasından sui-istifadə edərək Bakı şəhər İcra Hakimiyyəti ilə xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən, Bakı şəhəri, Çobanzadə küçəsi 45 saylı binanın qarşısındakı 1200- 1400 mm-lik yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən 826,2 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə İ qrup əlil olan cavabdeh Cəlal Həmidova icarəyə verilmişdir. İcarə müqaviləsi Cəlal Həmidovun qanuni nümayəndəsi Qanuni nümayəndə və Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov tərəfindən imzalanmışdır. Lakin, həmin müqavilə əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 40 kv.m hissəsi də qanunsuz olaraq Cəlal Həmidovun icarəsinə verilmişdir. Qanuni nümayəndə həmin icarə müqaviləsi əsasında iddiaçıya məxsus hasarı sökərək onun yerində və zəbt etdiyi 1200-1400 mm-lik yüksək təzyiqli magistral su kəmərlərinin üzərində olan sanitar-mühafizə zonasında iki ədəd fərdi yaşayış evinin tikintisinə başladığından, onun bu qanunsuz hərəkətləri iddiaçının mülkiyyət hüququnu pozduğundan o, xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının mülkiyyət hüquqlarının müdafiəsinə dair iddiasına baxılarkən Cəlal Həmidovun qanuni nümayəndəsi Qanuni nümayəndə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə 0912 saylı, xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi haqqında 20 aprel 2018-ci il tarixli, 7-183/10q saylı bildirişi təqdim edərək bildirmişdir ki, həmin icarə müqaviləsi onun öz ərizəsi əsasında ləğv edilmişdir. Lakin Qanuni nümayəndə eyni tarixdə, yəni, 20 aprel 2018-ci il tarixli 1460 saylı yeni icarə müqaviləsinin bağlandığını məhkəmədən gizlətmişdir. Nəticədə yeni icarə müqaviləsinin bağlanmasından xəbərsiz olan və tərəflər arasında icarə münasibətlərinin mövcud olmadığını hesab edən Bakı şəhəri Nizami Rayon Məhkəməsi icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsində işin icraatına xitam vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Qanuni nümayəndə 0912 saylı, xx.xx.2010-cu il tarixli icarə müqaviləsinin məhkəmə qaydasında ləğv edilməsindən yayınmaq məqsədilə saxtakarlıq edərək eyni tarixdə, yəni xx.xx.2018-ci il tarixdə həm ləğvetməyə dair bildirişə əsasən 0912 saylı, xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilməsinə nail olmuş, həm də Bakı şəhər İcra Hakimiyyəti ilə eyni tərəflər arasında, eyni torpaq sahəsinə dair 1460 saylı, xx.xx.2018-ci il tarixli yeni icarə müqaviləsi bağlamışdır. Belə ki, yeni icarə müqaviləsi bağlanmazdan öncə mübahisəli torpaq sahəsinin ilkin planı və ölçüsü hazırlanmamış, dəqiq koordinatları müəyyən edilməmiş və hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. xx.xx.2018-ci il tarixli 1460 saylı yeni icarə müqaviləsində də torpaq sahəsinin planı və ölçüsünün mövcud olması barədə heç bir qeyd öz əksini tapmamışdır. Torpaq sahəsinin planı və ölçüsünün mövcud olub-olmaması barədə dəfələrlə Bakı şəhəri İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sorğular təqdim etsələr də bu günə qədər həmin torpaq sahəsinin planı və ölçüsü onlara təqdim edilməmişdir. Hətta xx.xx.2018-ci il tarixli 1460 saylı yeni icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində araşdırma aparılarkən müvafiq məhkəmə sorğuları ilə həmin sənədin təqdim edilməsi Bakı şəhəri İcra Hakimiyyətindən tələb edilsə də torpaq sahəsinin planı və ölçüsü məhkəməyə təqdim edilməmişdir. Nəticədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(007)-272/2018 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinin ləğv edilməsi və Cəlal Həmidovun həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Daha sonra Qanuni nümayəndə həmin qətnamədən apellyasiya şikayəti verərək saxta 20 aprel 2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinə hüquqi don geyindirmək və guya həmin icarə müqaviləsi əsasında icarəyə verilmiş torpaq sahəsinin koordinatlarının mövcud olduğunu göstərmək üçün növbəti saxtakarlığa əl atmışdır. Belə ki, Qanuni nümayəndə faktiki istifadəsində olan torpaq sahəsinin cizgi-sxeminin çəkilməsini “Kəngərli" MMC adlı şirkətə sifariş vermiş, həmin şirkət isə yerində baxış keçirmədən, icarəyə verilmiş torpaq sahəsinin rəsmi dönmə nöqtələri mövcud olmadığı halda saxta cizgi-sxem tərtib edərək Qanuni nümayəndə təqdim etmişdir. Qanuni nümayəndə isə həmin saxta kağız parçasını müxtəlif məhkəmələrə üstün hüquqi qüvvəli sübut kimi məhkəməyə təqdim edərək özünü guya koordinatları bəlli olan torpaq sahəsinin qanuni istifadəçisi kimi göstərmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin qüvvədə olan normalarına əsasən, cavabdeh Cəlal Həmidovun qanuni nümayəndəsi Qanuni nümayəndə ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında 20 aprel 2018-ci il tarixli 1460 saylı icarə müqaviləsi bağlanmazdan öncə icarəyə veriləcək torpaq sahəsinin sərhədləri yerində və xəritədə müəyyən edilməli, torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı, onun sərhədləri yerə (naturaya) keçirilməli, yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməli, yalnız bundan sonra icarə müqaviləsi bağlanmalı və ən əsası icarəyə verilən torpaq sahəsinin planı və ölçüsü icarə müqaviləsində göstərilməli idi. Lakin, qanunvericiliyin bu tələblərinə əməl olunmadığı halda, yəni faktiki olaraq Cəlal Həmidovun icarəsinə verilən torpaq sahəsinin hüdudları, koordinatları icarə müqaviləsində, Bakı şəhəri İcra Hakimiyyətinin tərtib etdiyi torpaq sahəsinin ayrıca planı və ölçüsündə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin təsdiqləyərək qeydiyyata aldığı torpaq sahəsinin planı və ölçüsündə göstərilmədiyi mövcud olmadığı halda 20 aprel 2018-ci il tarixli 1460 saylı müqavilə əsasında icarəyə verilən torpaq sahəsinin "xxxx" MMC tərəfindən dəqiq koordinatlarını özündə göstərən “Geodeziya işləri” adlı sənəd tərtib etməsi tamamilə qanunsuzdur. Çünki səlahiyyətli dövlət orqanları tərəfindən icarəyə verilmiş torpaq sahəsinin planı və ölçüsü hazırlanmadığı, qeydiyyata alınmadığı və icarə müqaviləsində göstərilmədiyi halda heç bir istinad sənədi olmadan "xxxx" MMC-nin “Geodeziya işləri" adlı sənəd tərtib etməsi absurddur. İddia ərizəsində qeyd edilmişdir ki, ümumiyyətlə, torpaq sahəsinin planı və ölçüsü mövcud olmadığı halda bu tip sənədlərin verilməsi mənfi praktikanın formalaşmasına səbəb olur. Çünki, belə görüntü yaranır ki, istənilən şəxs müqavilədə dəqiq koordinatları göstərilməyən torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi adı altında "xxxx" MMC kimi şirkətlərə tamamilə başqa şəxslərə məxsus torpaq sahəsini özününkü kimi təqdim edərək həmin torpaq sahəsinə dair öz adına belə koordinatlar ala bilər. "xxxx" MMC kimi şirkətlər də həqiqətən torpaq sahəsinin sifarişçiyə aid olub-olmamasını araşdırmadan və buna əmin olmadan həmin sənədi tərtib edərək təmin edə bilər. Hazırki işdə "xxxx" MMC səlahiyyətli orqanların ona verdiyi lisenziyadan sui-istifadə edərək Cəlal Həmidova ayrılan torpaq sahəsinin planı və ölçüsü mövcud olmadığı halda, həmin torpaq sahəsinin koordinatlarını özündə əks etdirən hər hansı bir rəsmi sənədə istinad etmədən “Geodeziya işləri” adlı sənəd tərtib etməsi və Qanuni nümayəndə həmin saxta sənədi məhkəmələrə təqdim edərək icarə müqaviləsinin qanuni olmasıyla bağlı iddialar irəli sürməsi, ədalət mühakiməsini aldatması, dövlətin və vətəndaşların qanuni maraqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Belə ki, Qanuni nümayəndə "xxxx" MMC-nin qanunsuz olaraq tərtib etdiyi saxta “Geodeziya işləri” adlı sənədi Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-6679/2022 saylı mülki iş üzrə məhkəməyə sübut qismində təqdim edərək torpaq sahəsinin koordinatlarının mövcud olduğunu iddia edir və bununla da məhkəmə qaydasında mübahisələndirdiyi 20 aprel 2018-ci il tarixli 1460 saylı icarə müqaviləsinin qanuni olmasını əsaslandırmağa çalışır. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə 04 fevral 2016-cı il tarixli, İSN/L-242/2016 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış fəaliyyəti üzrə işlər görülməsinə (mühəndis-geodeziya və geofiziki) icazə verilmişdir. Qanuni nümayəndə 20 aprel 2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş torpaq sahəsinin cizgi-sxeminin çəkilməsini "xxxx" MMC-yə sifariş etmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi "xxxx" MMC kimi şirkətlər torpaq sahəsinin sifarişçiyə aid olubolmamasını araşdırmadan və buna əmin olmadan həmin sənədi tərtib edərək təqdim edə bilməz” dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh X2 icarəsində olan torpaq sahəsinin cizgi-sxemin çəkilməsi üçün onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən sifariş verilən zaman şirkətə 20 aprel 2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsini təqdim edilmişdir. Yəni, həmin torpaq sahəsinin cavabdeh Cəlal Həmidova məxsus olması ilə bağlı heç bir şübhə yaranmamış və bununla bağlı mübahisə olmamışdır. İddia tələbinin "xxxx" MMC tərəfindən torpaq sahəsinə baxış keçirilmədən və istinad sənədi olmadan cizgi-sxeminin çəkilməsi ilə bağlı dəlilinə münasibətdə etirazda qeyd edilmişdir ki, iddia tələbi bu hissədə də tamamilə əsassızdır. Belə ki, X4 icarəyə verilən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin faktiki istifadə olunan hissəsi onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən "xxxx" MMC-nin əməkdaşlarına göstərilmiş və məhz Bakı Şəhər İcra Hakimiyyəti ilə X2 qanuni nümayəndəsi Qanuni nümayəndə arasında bağlanmış icarə müqaviləsi əsasında həmin sənəd hazırlanmışdır. Sənəddə qeyd olunur ki, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2018-ci il tarixli 1460 saylı müqaviləyə əsasən torpaq sahəsi 911 kv.m göstərilmişdir. Faktiki olaraq müəyyən edilmişdir ki, X3 istifadəsində olan torpaq sahəsinin yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən sərhədləri 871 kv.metr təşkil edir. Mübahisə predmeti olan 40 kv.m torpaq sahəsi isə X3 hazırda faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri xaricində olmaqla, qonşu torpaq ərazisi kimi sənəddə qeyd edilmişdir. Həmçinin etirazda göstərilmişdir ki, icarə müqaviləsi bağlanılmazdan əvvəl və ya sonra torpaq sahəsinin sərhədlərinin xəritədə müəyyən edilməsi, torpaq sahəsinin planının və ölçüsünün hazırlanması məsələlərinin həlli "xxxx" MMC-yə aidiyyəti yoxdur. Çünki Qanuni nümayəndə icarə müqaviləsi əsasında icarəyə verilən torpaq sahəsinin çizgisxemlərinin tərtib edilməsini "xxxx" MMC-yə sifariş vermişdir. "Kəngərli” MMC isə 04 fevral 2016-cı il tarixli, İSN/L-242/2016 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında Qanuni nümayəndə tərəfindən naturada göstərilmiş torpaq sahəsinin planını, yerləşmə sxemini və koordinatlarını özündə əks etdirən sənəd tərtib etmişdir. Yəni, qanunvericiliyin heç bir tələbi pozulmadan faktiki olaraq sifarişçi tərəfindən göstərilən torpaq sahəsinin çizgi-sxemi tərtib olunmuşdur. Eyni zamanda etirazda icarə müqaviləsi bağlanmazdan əvvəl icarəyə verilən torpaq sahəsinin sərhədlərinin yerdə və xəritədə müəyyən edilməsi, torpaq sahəsinin planının və ölçüsünün hazırlanması məsələsi ilə bağlı qeyd edilmişdir ki, "xxxx" MMC-nin məsuliyyətində olan məsələ deyildir və MMC tərəfindən yalnız verilən lisenziya əsasında qanunvericiliyin tələblərini gözləmək şərtilə sənəd tərtib edilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənədin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bunun heç bir hüquqi əsası yoxdur. Ona görə ki, həmin sənəd qanunvericiliyə uyğun olaraq tərtib olunmuş və etibarsız olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Bundan əlavə, "xxxx" MMC-nin hazırki mübahisə ilə bağlı heç bir marağı yoxdur və yalnız verilən lisenziyaya uyğun fəaliyyət göstərmişdir. Etirazda göstərilənlər onu deməyə əsas verir ki, "xxxx" MMC hərəkətlərində hər hansı sənədin qanunsuz hazırlanması və saxtalaşdırılması və ya saxta sənədlərdən istifadəsi halı, yəni cinayət əlamətləri mövcud deyildir. "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənədin etibarsız hesab edilməsini təsdiqləyən hər hansı sübut yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, qüvvədə olan torpaq haqqında qanunvericiliyə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi isə yerquruluşu qaydasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin müvafiq icra hakimiyyəti orqanı dedikdə isə səlahiyyətli olan orqan İqtisadiyyat Nazirliyi yanında X5 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hesab edilir. Lakin Bakı şəhər İcra hakimiyyəti tərəfindən cavabdeh Cəlal Həmidovun istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinə 40 kv.m sahədə müdaxilə edərək mülkiyyət hüququnu pozmuşdur. Həmin mülki mübahisə ilə bağlı tərəflər arasında digər məhkəmə araşdırması davam edir və hazırda apellyasiya instansiyası məhkəməsinin icraatındadır. Həmin məhkəmə araşdırması ilə müəyyən edilir ki, icra hakimiyyəti tərəfindən torpaq sahəsi icarəyə verilərkən sərhədləri müəyyən edilməmiş və kadastr sxemi tərtib edilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh icra hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsinin sərhədlərini qanuniləşdirmək üçün "xxxx" MMC-yə verdiyi sifariş əsasında torpaq sahəsinin layihəsini tərtib edib sübut olaraq apellyasiya məhkəməsinə təqdim etmişdir. Bu səbəbdən "xxxx" MMC tərəfindən 2022-ci ildə tərtib edilmiş “Geodeziya işləri” adlı eskiz layihəsi iddiaçının qanunla qorunan mənafeyinə toxunur. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin kadastr planı mövcuddur və səlahiyyətli orqan tərəfindən təsdiq edilmişdir. "xxxx" MMC-nin tərtib etdiyi layihəyə görə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədləri ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri 40 kv.m hissədə üst-üstə düşür ki, bu da mülkiyyətçinin mənafeyinə toxunur. Göründüyü kimi Cəlal Həmidovun qanuni nümayəndəsi olan Qanuni nümayəndə “Geodeziya işləri” adlı eskiz layihədən istifadə edərək zəbt etdiyi yeri qanuniləşdirmək niyyətindədir. İcra hakimiyyətinin qərarını inzibati qaydada mübahisləndirməklə bağlı bildirir ki, bu işlər neçə illərdir ki, inzibati və mülki qaydada, eləcə də polis orqanlarında araşdırılmış və hələ də araşdırma davam etdirilməklə yekun qərar qəbul edilməmişdir. Hesab edir ki, "xxxx" MMC tərəfindən 2022-ci ildə tərtib edilmiş “Geodeziya işləri” adlı eskiz layihəsi etibarsız sayılmalı, çünki həmin layihə hər hansı səlahiyyətli orqan tərəfindən verilmiş hüquqi sənədə istinad edilməmişdir. Bundan başqa cavabdehin istifadəsində olan torpaq sahəsi yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşir ki, bu hal da qonşu sərhəddə yerləşən mülkiyyətçi olaraq onun hüquqlarına toxunur. Cavabdehlər X7 və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə yazılı etirazını müdafiə edərək izahatında bildirmişdir ki, həqiqətən də mübahisə predmeti olan “Geodeziya işləri” adlı sənəd Cəmiyyət tərəfindən 2022-ci ildə müştəri Qanuni nümayəndə sifarişi əsasında hər hansı kadastr sənədinə istinad edilmədən sifarişçinin verdiyi göstəricilər üzrə tərtib edilmişdir. Adından da göründüyü kimi şirkət tərəfindən yalnız geodeziya işləri, yəni yerin relyefinin ölçülməsi işləri aparılmışdır. Lakin sifarişçinin daha sonra həmin ölçmə sxemini hansı təyinatı üzrə istifadə etməsi Cəmiyyətin məsuliyyətində deyildir. Odur ki, iddia ilə razı deyil. Cəmiyyət yalnız sifarişi icra edib ərazini ölçərək, tərtib edilmiş cizgiləri sifarişçiyə təqdim etmişdir. Verilmiş suallara əsasən Nümayəndə əlavə olaraq bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən verilmiş lisenziyaya əsasən Cəmiyyətin geodeziya - ölçü işləri ilə bağlı layihə çəkmək səlahiyyəti vardır, kadastr və eskiz layihəsi çəkmək səlahiyyəti yoxdur. Geodeziya işləri ilə bağlı layihəni çəkərkən onlar hər hansı rəsmi sənəd tələb etmirlər. Sifarişçi hansı sahəni göstərsə onlar onu çəkirlər. Cəmiyyətin əməkdaşları mübahisə predmetini təşkil edən Qanuni nümayəndə sifarişi üzrə “Geodeziya işləri” adlı sənədi tərtib edərkən faktiki olaraq torpaq sahəsinə baxış keçirmiş və ölçü işlərini aparmışlar. Həmin vaxt iddiaçıya məxsus əraziyə keçmədən xüsusi ölçmə cihazları vasitəsilə torpaq sahəsinin ölçüləri götürülmüşdür. Ölçmə zamanı cihaz GPS-ə bağlanır və tinlər lazerlə ölçülür. Yerində bərkidilmiş dönmə nöqtələri ilə bağlı bildirir ki, orada daşdan tikilmiş hasar var, hasara bağlı tinlər əsas götürülmüş və layihədə göstərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, mübahisə predmeti olan “Geodeziya işləri” adlı sənəddə iddiaçının hüquqlarına toxunan hər hansı bir hal yoxdur. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə hüquqlarını təmsil etdiyi cavabdeh arasında 20 aprel 2018-ci il tarixli, 1460 saylı müqaviləsi bağlanmışdır. Cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən 2022-ci ildə “Geodeziya işləri” adlı eskiz layihəsi tərtib edilmişdir. Qeyd olunan sənəd hüquqmüəyyənedici xüsusiyyətə malik olmadığından və hüquqi sənəd olaraq istifadə edilmədiyindən hesab edir ki, iddia əsassız olmaqla rədd edilməlidir. Qeyd olunan sənədin sifariş verilməsində məqsəd ondan ibarət olmuşdur ki, cavabdeh bostan təsərrüfatı ilə məşğul olduğunda, layihədən həmin fəaliyyəti ilə bağlı istifadə etmək niyyətində olmuşdur. Belə ki, istənilən şəxs hər hansı bir müəssisəyə sifariş verib bu cür sənəd tərtib etdirə bilər. Bu sənədlər isə hüquqmüəyyənedici olmamaqla hər hansı rəsmi dövlət qurumu tərəfindən təsdiq edilmir. Əgər layihə ilə bağlı hər hansı narazılıq olarsa, bu sifarişçi ilə icraçı arasında olan münasibətlərdir. Ona görə də hesab edir ki, layihə iddiaçının hüquqlarına toxunmur. Belə olan halda iddiaçının hazırki tələblə bağlı məhkəməyə iddia qaldırmaq hüququ yaranmır. Eyni zamanda, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan digər mülki iş üzrə iddiaçı analoji qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin qərardadı ilə qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindan imtina edilmiş və iddiaçıya aidiyyəti hüquq mühafizə orqanlarına müraciət edilməsi izah edilmişdir. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq oxşar iddia ərizəsi Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Nizami Rayon Məhkəməsinin müvafiq qərardadının nəzərə alınmasını xahiş edir. Bundan başqa, “Geodeziya işləri” adlı sənəd hüquqmüəyyənedici sənəd olmadığından və torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq edilmədiyindən, "xxxx" MMC isə hər hansı bir hüquq yaradan sənəd vermək səlahiyyətinə malik olmadığından hesab edir ki, hazırki iddia tələbinin hüquqi əsası yoxdur. Göstərilənlərlə yanaşı iddiaçı tərəfindən mübahisəli sənədin əsli məhkəməyə təqdim edilmədiyindən, surətinin sübut olaraq qəbul edilməməsini xahiş edir. Belə olan halda isə sübutetmə vəzifəsi iddiaçının öz üzərinə düşür və MPM-də nəzərdə tutulan qaydada təqdim edilməmiş sənədlərin mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Verilmiş suallara əsasən əlavə olaraq bildirdi ki, hüquqlarını təmsil etdiyi cavabdeh Cəlal Həmidovun qanuni nümayəndəsi Qanuni nümayəndə mübahisə predmeti olan “Geodeziya işləri” adlı sənədin tərtibatı ilə bağlı "xxxx" MMC-yə sifariş verməkdə məqsədi məşğul olduğu kiçik ticarətlə əlaqədar bostan bitkilərinin əkilməsi üçün layihənin və ölçmə işlərinin aparılmasını müəyyən etmək olmuşdur. “Geodeziya işləri” adlı eskiz layihəsini tərtib etdirmək üçün istənilən şirkətə müraciət etmək onların hüququdur və həmin layihə hər hansı dövlət orqanı tərəfindən hüquqi əsas kimi istifadə olunmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 45a, 8-ci km qəsəbəsində yerləşən əmlak kompleksi İddiaçı Oqtay oğlunun adına mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. -Bakı şəhəri İcra Hakimiyyəti və X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 nömrəli torpaq icarə müqaviləsindən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən, sahəsi 911 kv.m olan torpaq sahəsi 49 il müddətində icarə hüququ əsasında X2 adına qeydiyyata alınmışdır. X1 adından çıxış edən Qanuni nümayəndə tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 088343 saylı İSN/L-242/2016 qeydiyyat nömrəli lisenziyadan müəyyən edilir ki, "xxxx" MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərini həyata keçirməyə icazə verilmişdir. Həmin lisenziyanın xx.xx.2017-ci il tarixli əlavəsindən isə müəyyən edilir ki, "xxxx" MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri fəaliyyəti üzrə icazə verilən işlərin siyahısına mühəndis-geodeziya və geofiziki işləri daxildir. Göründüyü kimi, "xxxx" MMC-nin lisenziya üzrə tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri fəaliyyəti üzrə mühəndis-geodeziya və geofiziki işlərini görməyə səlahiyyəti vardır. Lakin, Cəmiyyətin torpaq sahəsinin yerquruluşu və kadastr işlərinin görülməsi fəaliyyəti üzrə lisenziyanın mövcud olmasına dair cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. "xxxx" MMC məhkəməyə verdiyi etirazında mübahisəli geodeziya işləri adlı sənədin tərtib edilməsi əsası olaraq xx.xx.2016-cı il tarixdə verilmiş 088343 saylı İSN/L-242/2016 qeydiyyat nömrəli lisenziya sənədinə istinad etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən yerquruluşu və kadastr işləri istisna olmaqla, torpaqlarda geoloji, axtarış və kəşfiyyat, neft və qaz kəşfiyyat-qazma işlərinin aparılmasına icazə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir. Həmin Məcəllənin 64-cü maddəsinə görə dövlət müəssisələri, idarələri və təşkilatları əsas fəaliyyət sahəsinə xələl gətirmədən istifadələrində olan torpaqlardan öz işlərinə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının qərarı əsasında müvəqqəti istifadəyə və icarəyə torpaq sahələri verə bilərlər. Həmin Məcəllənin 65.3-cü maddəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65.1-ci maddəyə görə isə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 62.2-ci maddəyə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65.5-ci maddəsinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 65.6-ci maddəsinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Məcəllənin 65-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 146 saylı Qərarı ilə təsdiq edilmiş “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nın 2.1 və 2.2-ci bəndlərinə görə tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri lisenziya almış şəxslər tərəfindən yerinə yetirilməlidir. Mühəndis-axtarış işləri tikinti ərazisinin hüdudları daxilində tikinti obyektlərinin layihələndirilməsi və tikintisi məqsədi ilə müvafiq məlumatların hazırlanmasını, torpaq sahəsinin səmərəli və təhlükəsiz istifadəsi üçün təbii şəraitin və texnogen təsir amillərinin kompleks şəkildə öyrənilməsini təmin edən fəaliyyət növüdür. Həmin Qaydaların 2.4-cü bəndinə görə mühəndis-axtarış işləri: 1) mühəndisgeodeziya işləri; 2) mühəndis-geoloji axtarış işləri; 3) mühəndis-hidrogeoloji axtarış işləri; 3) geofiziki işlər; 4) qruntların laboratoriya tədqiqatları işlərindən ibarətdir. “Geodeziya və Kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərində sahibkarlıq fəaliyyəti göstərmək və öz ehtiyaclarını ödəmək məqsədilə iştirak edirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının istehsalçılarıdır. Geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının sifarişçiləri və istifadəçiləri həmin materialların və məlumatların istehlakçılarıdır. Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinə sifarişlərin verilməsi, materialların və məlumatların əldə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinə görə geodeziya və kartoqrafiya fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Kartoqrafiya fəaliyyəti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Göründüyü kimi, cavabdeh "xxxx" MMC-yə xx.xx.2016-cı il tarixdə verilmiş 088343 saylı İSN/L-242/2016 qeydiyyat nömrəli lisenziyaya əsasən onun artıq aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən tikintisinə icazə verilmiş tikinti obyekti ilə bağlı torpaq sahəsinin səmərəli və təhlükəsiz istifadəsi üçün mühəndis-geodeziya və geofiziki işlərini görmək səlahiyyəti mövcud olmuşdur. Torpaq Məcəlləsinə görə isə torpaq sahəsi ilə bağlı yerquruluşu və kadastr işlərinin görülməsi üçün xüsusi ayrıca lisenziya tələb olunmur. Lakin kartoqrafiya sahəsində xüsusi razılıq tələb olunur. Belə olan halda "xxxx" MMC-yə verilmiş mövcud lisenziya torpaq sahəsi ilə bağlı yerquruluşu qaydasında geodeziya işlərinin görülməsi fəaliyyətini də əhatə edir. Lakin torpaq sahəsi ilə bağlı yerquruluşu qaydasında geodeziya işlərinin görülməsi üçün xüsusi ayrıca lisenziya tələb olunmamasına baxmayaraq bu işləri görmək hüququ olan təşkilatların tərtib etdiyi ölçmə və yerquruluşu işlərinə dair tərtib etdiyi sənəd yerində yoxlanılıb səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra hüquqmüəyyənedici sənəd olaraq torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin tərkib hissəsi ola bilər. Lakin tərəflər arasında mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən X4 icarəyə verilən torpaq sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən 2022-ci ildə tərtib edilmiş, həmin Cəmiyyətin direktoru O.Kəngərli və topoqraf E.Baxşəliyev tərəfindən imzalanaraq təsdiq edilmiş “Geodeziya İşləri” adlı eskiz layihəsi yalnız torpaq sahəsinin ölçülərinin və sərhədlərinin müəyyən edilməsindən ibarətdir. Belə ki, eskiz lahiyəsində qeyd edilmişdir ki, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən torpaq sahəsi 911 kv.m göstərilmişdir. Fakt olaraq X2 istifadəsində olan torpaq sahəsinin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən 871 kv.m təşkil edir. Artıq göstərilmiş 40 kv.m torpaq sahəsi isə X2 hazırda faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri xaricində olmaqla, qonşu torpaq sahəsinin ərazisindədir. Göründüyü kimi, mübahisəli “Geodeziya İşləri” adlı eskiz layihəsinin tərtib edilməsinin məqsədi torpaq sahəsinin ölçülərinin müəyyən edilməsindən ibarət olmuşdur. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 torpaq sahəsinin ölçmə işlərinin aparılmasında cavabdehin niyyətinin əkinçilik və bostançılıq fəaliyyəti ilə bağlı olmasını iddia etməsinə baxmayaraq məhkəməyə buna dair sübut təqdim edilməmiş, mübahisəli eskiz layihəsində də bu barədə qeydiyyat aparılmamışdır. Bunun əksinə olaraq işin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında mülkiyyətində və istifadələrində olan torpaq sahəsinin sərhədlərinin 40 kv.m sahədə üst-üstə düşməsi ilə bağlı aidiyyəti məhkəmələrdə, hüquqmühafizə orqanlarında mübahisələri olmuş və araşdırmalar aparılmışdır. Həmçinin hazırda da torpaq sahəsi ilə bağlı tərəflər arasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-100/2023 saylı mülki iş üzrə məhkəmə araşdırması davam etdirilir. Tərəflərin izahatlarından isə müəyyən edilir ki, qeyd olunan eskiz lahiyəsi cavabdeh X2 qanuni nümayəndəsi tərəfindən sübut olaraq həmin məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında ünvan 2 ünvanında yerləşən torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı mübahisə mövcud olduğundan, mübahisəli torpaq sahəsinin eskiz layihəsi həmin torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün tərtib edildiyindən hazırki iş üzrə iddiaçının hüquqlarına bilavasitə toxunur. Hətta lahiyədə mübahisəli 40 kv.m sahənin kimin istifadəsində olması birbaşa göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən X4 icarəyə verilən torpaq sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən 2022-ci ildə tərtib edilmiş, həmin Cəmiyyətin direktoru O.Kəngərli və topoqraf E.Baxşəliyev tərəfindən imzalanaraq təsdiq edilmiş “Geodeziya İşləri” adlı eskiz layihəsinin etibarsızlığını mübahisələndirmək üçün subyektiv hüququ vardır. Məhkəmə "xxxx" MMC tərəfindən tərtib edilmiş ünvan 2 ünvanında yerləşən və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən X4 icarəyə verilən torpaq sahəsinə dair 2022-ci il tarixli geodeziya işləri layihəsinin etibarlılığı ilə bağlı qeyd edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada lahiyə aidiyyəti icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmədiyindən, eləcə də hər hansı səlahiyyətli orqan tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerquruluşu planına istinad edilmədən tərtib edildiyindən hüquqmüəyyənedici sənəd hesab edilə bilməz, belə olan halda layihə sənədi özü-özlüyündə etibarsızdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göstərilənlərlə yanaşı, iddiaçı cavabdehlər barəsində əməllərində cinayət əlamətləri mövcud olduğundan xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh "xxxx" MMC səlahiyyətli orqan hesab edilmədiyindən, onun tərəfindən tərtib edilmiş layihə hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Bu halda "xxxx" MMC digər cavabdeh Həmidov Cəlalın müraciətinə əsasən təşkilat kimi öz lisenziyasında qeyd olunan mühəndis-axtarış və ya geodeziya işlərinin aparılmasına icazə verilmiş səlahiyyətləri çərçivəsində bir növ xüsusi biliyə malik şəxslər tərəfindən hazırlanmış eskiz-layihə təqdim etmişdir. Mübahisə predmeti olan lahiyə hüquqmüəyyənedici sənəd olmadığından onun saxtalığı da hər hansı əhəmiyyət kəsb etmir. Eyni zamanda iş materiallarında olan məhkəmə aktlarından və hüquqmühafizə orqanlarına ünvanlanmış müraciətlərdən görünür ki, qeyd olunan faktlar üzrə araşdırma aparılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənəd – eskiz layihə etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənəd – eskiz layihəsi etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar