Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4180/2023 25.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli e-2(006)-1037/2022 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar keçirilmiş hərrac prosesləri barədə iddiaçıya hər hansı məlumat verilməmiş və hərracın keçirilməsi barədə bildirişlər iddiaçıya təqdim edilməmişdir. Bundan əlavə, hərracın prosesinin həyata keçirilməsi ilə bağlı prosessual qaydalar pozulmuş, əmlakın dəyəri aşağı həddə qiymətləndirilmiş, mənzil qanunsuz olaraq tələbkara təhvil verilmişdir. Nəticədə, hərrac prosedurası qanunsuz keçirilmişdir. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbi təmin edilməlidir. İddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 6040-43024/2023-5-1 nömrəli məktuba əsasən müəyyən olunur ki, Nəsimi rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi barədə sifariş "xxxx" MMC-yə göndərilmişdir. İş materiallarında olan “Market” reklam və elanlar qəzetində dərc edilmiş xx.xx.2023cü il tarixli məlumata əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair ilkin hərracın xx.xx.2023-cü il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır. İş materiallarında olan “Market” reklam və elanlar qəzetində dərc edilmiş xx.xx.2023cü il tarixli məlumata əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair ilkin hərrac baş tutmamışdır və xx.xx.2023-cü il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır. İş materiallarında olan “Market” reklam və elanlar qəzetində dərc edilmiş xx.xx.2023cü il tarixli məlumata əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair təkrar hərracın baş tutmamasına dair məlumat paylaşılmışdır. İş materiallarına ilkin və təkrar hərrac keçirilməsinə dair müvafiq bildirişlər, hərrac qiymətləri, şərtləri barədə məlumatlar əlavə edilmişdir. İş materiallarına ilkin və təkrar hərrac keçirilməsinə dair müvafiq bildirişlərin İddiaçı poçtla göndərilməsinə dair müvafiq poçt qəbzləri əlavə edilmişdir. Qəbzlərə əsasən müəyyən edilir ki, İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin qapısı bağlı olduğundan bildirişlərin poçt xidməti tərəfindən təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 160/23 nömrəli protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzil 124312,50 manat dəyərində ipoteka saxlayan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən əldə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər MM-in 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. MM-in 414.2-ci maddəsinə əsasən, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. MM-in 414.3-cü maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. MM-in 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. MM-in 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti üzrə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 2 (iki) dəfə hərrac keçirilmiş, lakin, iştirakçının olmaması əsası ilə hərraclar baş tutmamışdır. Hərrac predmeti olan mənzil ipoteka saxlayan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təklif edilmiş və iradə ifadəsi həyata keçirilməklə təklif qəbul edilmişdir. Nəticədə, sonuncu hərracın keçirildiyi vaxtdan 30 (otuz) təqdim günü ərzində xx.xx.2023-cü il tarixdə hərracın yekunları barədə 160/23 nömrəli protokolun imzalanmışdır. Təyin edilmiş hərrac proseslərinə və hərracın obyektinin ipoteka saxlayana təklif edilməsinə dair bildirişlər İddiaçı və digər maraqlı şəxslərə poçtla göndərilmiş, proseslər barədə məlumatlar ixtisaslaşdırılmış kütləvi informasiya vasitəsi olan “Market” reklam və elanlar qəzetində açıq məlumatlar yerləşdirilmişdir. Hazırki informasiya dövrünün tələbləri nəzərə alınmaqla müvafiq məlumatların (bildiriş) qəzetlərdə, internet portallarında yerləşdirilməsi daha effektiv, qanuni olmaqla həm də tutarlıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı hərracın gedişatı barədə lazımi qaydada məlumatlandırılmışdır. Texniki baxımdan müvafiq bildirişlər İddiaçı tərəfindən əldə olunmasa belə, göstərilən xüsusatlar hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət etmir. Nəzərə almaq lazımdır ki, hərrac təşkilatı və icra orqanının vəzifəsi müvafiq bildirişlərin maraqlı şəxslərə göndərilməsinin təmin edilməsi və subyektlərin lazımi qaydada məlumatlandırılmasıdır. Sözügedən bildirişlər maraqlı şəxslərə göndərildiyi təqdirdə həmin bildirişləri əldə olunub-olunmamasına görə məsuliyyətin hərrac təşkilatı və ya icra orqanının üzərinə qoyulması əsaslı və qanuni hesab edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə-icra proseslərindən məlumatlı olmuş, özü tərəfindən öhdəliyin icra edilməməsi əsası ilə hərracın keçiriləcəyi zərurətini nəzərə almaqla proseslər barədə maraqlanmaq, məlumat almaq hüququ mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, mülki dövriyyəsinin sabitliyinin qorunması, mülki hüquq münasibətlərinin subyektlərinin qanuni maraqlarının təmin olunması, qanunçuluq, hüquqi müəyyənlik prinsipləri nəzərə alınmaqla ipoteka saxlayanın üstün hüquqları təmin olunmalı, mülki dövriyyənin iştirakçılarının hüquqi intizamı, qanuna itaəti möhkəmləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərində olsa da, iddiaçı tərəfindən hərracın yekunlarına dair protokolun etibarsızlığının sübut edilməsi funksiyası əsaslı formada həyata keçirilməmişdir. İddiaçının qeyd etdiyi dəlillər isə şəxsi mülahizələrə əsaslanır, sübuta yetirilmir və hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət etməyə əsas deyildir. Beləliklə, məhkəmə mülki işdə olan sübutlar və materiallara məcmunu halında qiymət verərək, yuxarıda qeyd olunan maddi hüquq normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və Qanunlarına uyğunluğu barədə” 30 dekabr 2008-ci il tarixli qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe rəhbər tutulmaqla hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4180/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4180/2023
25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver