Məhkəmə qərarları › İş №2(004)-4193/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4193/2022

01.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4193/2022 01.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdehə qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh ona məxsus mənzili 2015-ci ildə iddiaçıya satmasına baxmayaraq hal-hazıradək mənzildən pasport qeydiyyatından çıxmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan müvafiq icra hakimiyyəti orqanları tərəfindən (Daxili İşlər Nazirliyinin yerli ərazi idarələri) tərəfindən çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddiaçı Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsinə ona məxsus mənzilin keçmiş sahibinin, yəni cavabdehin pasport qeydiyyatından çaxırılması barədə ərizə ilə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6. -cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, ərizə geri qaytarılmalı və iddiaçıya cavabdehin pasport qeydiyyatından çıxarılması barədə ərizə ilə Yasamal Rayon Polis İdarəsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq

Qərara aldım:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddaçıya ona məxsus mənzildən qeydiyyatdan çıxarılma barədə ərizə ilə Yasamal Rayon Polis İdarəsinə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər.

Hakim Təhminə Xəlilova İş № 2(004)-4193/2022

MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal Rayon Məhkəməsi

Hakim Xəlilova Təhminə Cəmil qızı

İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında xx.xx.2022-ci il tarixdə Bakı şəhərində məhkəmənin binasında nəzərdən keçirərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 15:40-da başladı. Prosessual hərəkət saat 16:00-da başa çatdı. Protokol xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar