Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4195/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, Ərizəçi İddiaçı maraqlı şəxs Yasamal rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “uşağın adının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Yasamal rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “adın dəyişdirilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü övladı X1 adının “Betül” adına dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında” Qaydaların 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Beləliklə qeyd olunan normaların məzmunundan göründüyü kimi, uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alınaraq müvafiq icra hakimiyyəti orqanı, yəni Yasamal rayon İcra hakimiyyəti yanında aidiyyəti komissiya tərəfindən həll olunur. Adın dəyişdirilməsindən imtina edilməsi barədə komissiyanın və aidiyyəti qeydiyyat şöbəsinin qərarından və ya hərəkətlərindən narazı qaldığı təqdirdə isə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Hazırki işin hallarından müəyyən edilir ki, iddia ərizəsində uşağın soyadının dəyişdirilməsi ilə bağlı fikir ayrılığının olub-olmaması və aidiyyəti qeydiyyat şöbəsinə müraciət edilib-edilməməsi, əgər müraciət edilmişdirsə həmin müraciətin nəticəsi barədə məlumat qeyd edilməmiş və buna dair sübut işə əlavə edilməmişdir. Eyni zamanda işə əlavə edilmiş Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının sədri tərəfindən imzalanmış məktubdan müəyyən edilir ki, uşağın adının dəyişdirilməsi məqsədə müvafiq hesab edilməmişdir. Belə olan halda isə həmin komissiyanın qərarından aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edilməlidir. Göründüyü kimi, iddia ərizəsi üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydalarına əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, ərizə MPM-nin 152.1.6-cı maddəsinin tələbləri pozulduğundan geri qaytarılmalı, ərizəçiyə bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi məsələ ilə bağlı komissiyaya müraciət etsədə aidiyyəti digər müvafiq icra hakimiyyəti orqanı, yəni qeydiyyat şöbəsinə müraciət etməmişdir. İzah edilir ki, şikayətçinin həmin orqana məsələ ilə bağlı müraciətinə münasibət bildirdikdən sonra o, narazı qaldığı təqdirdə həmin orqanın hərəkəti və ya qərarı ilə bağlı inzibati, eləcə də məhkəmə qaydasında müraciət etmək hüququ vardır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu da geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, hazırda iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarıldığına görə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İddiaçı maraqlı şəxs Yasamal rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “adın dəyişdirilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4195/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4195/2022
27.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver