Məhkəmə qərarları › İş №2(004)-4197/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4197/2022

19.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4197/2022 19.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ fərdi yaşayış evindən əşyaların cavabdehin hesabına çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən əşyaların cavabdehin hesabına çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, 2-ci Alatava, ev 58 "xxxx" ünvanından cavabdehə məxsus olan qonaq otağı mebel dəsti-künc yumşaq mebeli, 1 ədəd stol, 6 ədəd stullar, qorka, güzgülü kamod, televizor altı, qonaq otağındakı digər avadanlıqlar- serviz dəstləri, qablar, xalçalar-1 ədəd böyük, 1 ədəd kiçik, 2 ədəd ayaq altı xalça,qonaq və yataq otağı üçün pərdələr,yataq otağı mebel dəsti- çarpayı, dolab, tirmo, yataq -otağındakı digər avadanlıqlar- 3 döşək,3 yorğan, 4 yastıq, 4 ədyal, 2 nəfərlik çarpayı üçün döşək, yorğan,2 ədəd balınc,çarpayı örtüyü, ütü, ütü stolu,mətbəx mebeli, 1ədəd çilçıraq,qaşıq dəsti, 1 ədəd tozsoran,1 ədəd ət maşını, 1 ədəd sokçəkən, qazan dəsti əşyalarının cavabdehin öz vəsaiti hesabına çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 iddiaçıya məxsusdur. İddiaçının oğlu X3 Cavabdeh ilə rəsmi nigah qeydiyyatından keçmədən evlənmişlər. 20 aprel 2021-ci ildə ona məxsus olan ünvan 1 ünvana köçmüş və avqust 2021-ci il tarixədək burada yaşamışdılar. Cavabdeh cehiz əşyalarını iyun 2021-ci ildə ona məxsus olan bu evə gətirmişdir. İddiaçının oğlu X3 ilə cavabdeh avqust 2021-ci ildən ayrılmışlar və bir yerdə yaşamırlar. Avqust 2021-ci il tarixdən isə artıq cavabdeh ona məxsus olan evdə yaşamır. Lakin bu günə kimi cavabdehə məxsus olan qonaq otağı mebel dəsti-künc yumşaq mebeli, 1 ədəd stol, 6 ədəd stullar, qorka, güzgülü kamod, televizor altı, qonaq otağındakı digər avadanlıqlar-serviz dəstləri, qablar, xalçalar-1 ədəd böyük, 1 ədəd kiçik, 2 ədəd ayaq altı xalça,qonaq və yataq otağı üçün pərdələr,yataq otağı mebel dəsti- çarpayı, dolab, tirmo, yataq otağındakı digər avadanlıqlar- 3 döşək,3 yorğan, 4 yastıq, 4 ədyal, 2 nəfərlik çarpayı üçün döşək, yorğan,2 ədəd balınc,çarpayı örtüyü, ütü, ütü stolu,mətbəx mebeli, 1ədəd çilçıraq,qaşıq dəsti, 1 ədəd tozsoran,1 ədəd ət maşını, 1 ədəd sokçəkən, qazan dəsti ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 58 "xxxx"-də qalmaqdadır. Dəfələrlə cavabdehə məxsus olan yuxarıda qeyd edilən həmin əmlakın çıxarılmasını xahiş etsə də həmin əşyalar ona məxsus olan evdən çıxarılmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında göstərmişdir ki, sözügedən mənzildə iddiaçının oğlu ilə 4 ay birlikdə yaşamışlar. Həmin vaxt iddiaçı onlarla yaşamamışdır. Əşyaları həmin evdədir. Lakin siyahıda olan əşyalar tam deyildir. Mebel dəstinə daxil olan termonu satıblar. Eyni zamanda mikrodalğalı soba da siyahıda yoxdur. Əşyalarını istəsə də, hesab edir ki, əşyalar onun hesabına deyil, iddiaçı tərəfindən gətirilib təqdim edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Yasamal rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-X1 56 saylı Mənzil Komunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 100 nömrəli arayışdan görünür ki, vətəndaş İddiaçı həqiqətən də ünvan 2 ünvandakı ev özünə məxsusdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, GJG/1 seriyalı, 468173 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı 2-ci Alatava, ev 58»Q» ünvanından Kommunal Xidmətlər Müəssisəsi MMC tərəfindən məişət tullantılarının daşınması üçün 25 (iyirmi beş) manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixlİ Azərbaycan Respublikası Bakı şəhəri, İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfat Departamenti Yasamal Rayon Mənzil X1 56 saylı İstismar Sahəsi tərəfindən 144 nömrəli arayışdan görünür ki, vətəndaş İddiaçı həqiqətən də Bakı şəhəri, 2-ci Alatava, ev 58 "xxxx" nömrəli iki mərtəbəli evin ikinci mərtəbəsində 96 kv.m sahəsi olan 6 (altı) otaqlı mənzildə yaşayır. Ailəsi 9 (doqquz) nəfərdən ibarətdir. İddiaçı, X2, X6, X9, X3,X4, X5, X10, X7 daimi qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə və əlavə olunmuş sənədlərə əsasən, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ünvanında yerləşən 58Q saylı evə dair hər hansı bir hüquqa malik olması müəyyən edilmir. İddiaçı tərəf cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətindən istifadəsinə maneələr yaratdığını bildirsə də, həmin fərdi yaşayış evinin iddiaçıya məxsus olmasına dair sübut məhkəmədə təqdim edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.” Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, cavabdehin ona məxsus əşyaların qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Eləcə də, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən əşyaların cavabdehin hesabına çıxarılması” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar