Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4206/2025 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “fərdi yaşayış evindən çıxarılma və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki 29 saylı evə olan qeydiyyatdan çıxarılması; cavabdehlər Cavabdeh1, arvadı Talıbova (Qurbanova) Aidənin, X8 (1998-ci il təvəllüdlü) və Cavabdeh2 (1995-ci il.) mülkiyyətlərindəki Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki 29 saylı evdən çıxrarılaraq evin (otağın) onlar tərəfindən boşaldılaraq onlara təhvil verilməsi; cavabdehlərin əvəzinə tərəflərindən ödənilmiş:- təbii qaza görə 75 (yetmiş beş) manat, suya görə 1700 (bir min yeddi yüz) manat pulun cavabdehlər Cavabdeh1, arvadı Talıbova (Qurbanova) Aidədən, X7 və Cavabdeh2 müştərək qayada tutularaq (alınaraq) onlara ödənilməsi; hazırki iddia üzrə tərəflərindən ödənilmiş 147 (yüz qırx yeddi) manat dövlət rüsumu və məhkəmə xərclərinin də cavabdehlər Cavabdeh1, arvadı Talıbova (Qurbanova) Aidədən, X7 və Cavabdeh2 müştərək qayada tutularaq (alınaraq) onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki 29 saylı ev onların paylı mülkiyyətindədir. Mülkiyyət hüquqları AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr xidməti tərəfindən xx.xx.2011-ci il tarixində qeydə alınaraq hər birimizə reyestrdən çıxarış və texniki pasport verilmişdir. Cavabdehlərdən Cavabdeh1 mərhum anası Solmaz Kazımova tərəfindən evin otaqlardan biri kirayəyə verilmiş, Cavabdeh1 ailəsi ilə birlikdə evdə yaşamağa başlamışdir. Həmin ərəfələrdə onlar Qazaxıstan Respublikasında yaşamışlar. Anaları tək yaşadığından cavabdehlər analarına maddi dəstək olmaqla, qulaq yoldaşı olmuşlar. Analarına mülkdə tək qalmasına və ona kirayəçi kimi maddi dəstək olduqlarına görə də cavabdehlərin otaqlardan birində yaşamalarını qəbul etmişlər. Lakin Cavabdeh1 məlumatları və razılıqları olmadan, nəməlum formada mülkiyyətdə olan evə pasport qeydiyyatına düşmüşdür. Cavabdehlərin xüsusi mülkiyyətlərində olan evdən çıxmalarını tələb etsələr də, onlar əsaslı tələblərini təmin etməyərək evdən çıxmaqdan imtina etmişlər. Cavabdehlərin xüsusi mülkiyyətlərində olan evdən könüllü olaraq çıxmadıqlarından onlar məhkəmə qaydasında evdən çıxarılmalı, ev cavabdehlər tərəfindən boşaldılmalıdır. Bundan başqa cavabdehlər adlarına olan təbii qaz və sudan istfadə edərək 75 manat qaza görə, 1700 manat isə suya olan borcunu ödəməmiş, borcu qala-qala özlərinə yeni xətlər çəkdirmişlər. Cavabdehlərin istehlak etdikləri təbii qaz və suya görə yaranmış borc məbləği ödənilmədiyindən onlara verilən qaz və suyun verilməsi dayandırılmışdır. Cavabdehləri istifadə etdikləri təbii qaza görə 75 manat, suya görə 1700 manat tərəflərindən ödənildikdən sonra onlara qazın və suyun verilməsi bərpa edilmişdir. Cavabdehlər tərəfindən istifadə edilmiş, lakin əvəzi tərəflərindən ödənilmiş təbii qaza görə 75 manat, suya görə isə 1700 manat cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməlidir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddiaya etirazını məhkəməyə təqdim edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsini iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməsini və təmin edilməməsini, iş üzrə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən “Cavabdeh1 xüsusi mülkiyyətimizdə olan Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki 29 saylı evə olan qeydiyyatdan çıxarılması; Cavabdehlər Cavabdeh1, arvadı Talıbova (Qurbanova) Aidənin, Cavabdeh3 (1998-ci il təvəllüdlü) və Cavabdeh2 (1995-ci il) mülkiyyətimizdəki Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki 29 saylı evdən çıxarılaraq evin (otağın) onlar tərəfindən boşaldılaraq bizə təhvil verilməsi; Cavabdehlərin əvəzinə tərəfimizdən ödənilmiş:– təbii qaza görə 75 (yetmiş beş) manat, suya görə 1700 (bir min yeddi yüz) manat pulun cavabdehlər Cavabdeh1, arvadı Talıbova (Qurbanova) Aidədən, X7 və Cavabdeh2 müştərək qaydada tutularaq (alınaraq) bizə ödənilməsi; Hazırki iddia üzrə tərəfimizdən ödənilmiş 147 (yüz qırx yeddi) manat dövlət rüsumu və məhkəmə xərclərinin də cavabdehlər Cavabdeh1, arvadı Talıbova (Qurbanova) Aidədən, X7 və Cavabdeh2 müştərək qaydada tutularaq (alınaraq) bizə ödənilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki 29 saylı ev onların paylı mülkiyyətindədir. Mülkiyyət hüquqları AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən xx.xx.2011-ci il tarixində qeydə alınaraq hər birinə reyestrdən çıxarış və texniki pasport verilmişdir. Cavadehlərdən Cavabdeh1 mərhum anası Solmaz Kazımova tərəfindən evin otaqlarından biri kirayəyə verilmiş, Cavabdeh1 ailəsi ilə birlikdə evdə yaşamağa başlamışdır. Həmin ərəfələrdə onlar Qazaxıstan Respublikasında yaşamışlar. Anaları tək yaşadığına görə cavabdehlər analarına maddi dəstək olmaqla, qulaqyoldaşı olmuşlar. Anaları mülkdə tək qalmasına və ona kirayəçi kimi maddi dəstək olduqlarına görə də cavabdehlərin otaqlardan birində yaşamaqlarını qəbul etmişlər. Lakin Cavabdeh1 məlumatları və razılıqları olmadan, naməlum formada mülkiyyətdə olan evə pasport qeydiyyatına düşmüşdür. Bundan başqa cavabdehlər adlarına olan təbii qaz və sudan istifadə edərək 75 manat qaza görə, 1700 manat isə suya olan borcunu ödəməmiş, borcu qala-qala özlərinə yeni xətlər çəkdirmişlər. Cavabdehlərin istehlak etdikləri təbii qaz və suya görə yaranmış borc məbləği ödənilmədiyindən onlara qaz və suyun verilməsi dayandırılmışdır. Onlar tərəfindən təbii qaza görə 75 manat, suya görə 1700 manat ödənildikdən sonra onlara qazın və suyun verilməsi bərpa edilmişdir. Daha əvvəldə İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X2 və Cavabdeh1 Yasamal rayonu Salatın Əsgərova 29 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilməsi və Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək, məhkəmədən, ikinci cavabdehin (Cavabdeh1) 7 min manat məbləğində kompensasiya verilməsi şərti ilə mənzildən istifadə hüququnun itirilməsi və ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-505/2014 saylı qətnaməsinə əsasən, İddiaçı1 cavabdeh X4 qarşı Yasamal rayonu Salatın Əsgərova 29 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilməsi və digər Cavabdeh1 qarşı 7.000 (yeddi min) manat məbləğində kompensasiya verilməsi şərti ilə həmin mənzilə istifadə hüququnun itirilməsi və ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 29103)-2864/2014 saylı qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 505/2014 saylı işi üzrə 17 yanvar 2014-cü il tarixli qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, eyni tərəflər, eyni predimet və eyni əsaslar üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-505/2014 nömrəli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 29103)-2864/2014 saylı qətnaməsi qəbul edilmişdir. Həmçinin, iddiaçıların “Cavabdeh1 xüsusi mülkiyyətimizdə olan Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki 29 saylı evə olan qeydiyyatdan çıxarılması” tələbinə mülki məhkəmə icraatında baxıla bilməz. Mənzildən çıxarılma ilə bağlı” Polisə müraciət edilməlidi, daha sonra isə, inzibati məhkəməyə müraciət edilməli və mübahisə inzibati məhkəmə icraatı qaydasında həll olunmalıdır. Lakin iddiaçılar nə Polisə müraciət etmiş nə də inzibati məhkəməyə, buna görə də, iş üzrə icraata xitam verilməlidir. Həmçinin, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki 29 saylı evə qeydiyyata düşməsinin guya ki, naməlum formada olduğunu iddia etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, Cavabdeh1 iddiaçıların anası X1 1995-ci ilin dekabr ayında qeyrirəsmi formada, tərəflər arasında alqı-satqı münasibəti quraraq evin dəyərini pulla tam ödəyərək almışdır, həmin evi mülkiyyətçi öz təşəbbüsü ilə qeydiyyata salmışdır, yaşamaq, istifadə və tam olaraq faydalanmaq hüququ verərək Cavabdeh1 mülkiyyətinə müxtəlif bəhanələrlə vermişdir. Yəni, həmin ev Cavabdeh1 tərəfindən pul ödənilərək alınmışdır və həmin vaxtdan bu günə kimi burda ailə üzvləri ilə birlikdə fasiləsiz yaşayır. Bununla bağlı, qeyd edir ki, şahidlər də vardır, yəni, pulun Solmaz Kazımovaya verildiyini həmin şahidlərdə təsdiq edə bilərlər. Solmaz Kazımova dünyasını dəyişdikdən sonra iddiaçılar cavabdehi ordan qanunsuz yollarla çıxarmaq istəyirlər. Bundan başqa, iddiaçılar yalan məlumat verərək adlarına olan təbii qaz və sudan cavabdehin istifadə edərək 75 manat qaza görə, 1700 manat isə suya olan borcunu ödəmədiyini, borcu qala-qala özlərinə yeni xətlər çəkdirdiyini iddia etmişlər. Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə su təchizatı və kanalizasiya xidmətləri üzrə müqavilə, həmçinin, "xxxx" ASC ilə elektrik işıq təchizatı üzrə müqavilə bağlamışdır, “Azəriqaz” İstehsalat Birliyi ilə Qaz təchizatı üzrə müqavilə iddiaçıların xalası X5 ilə bağlanmışdır. İşıq və su üzrə qəbzlərdən məlum olur ki, borclar Cavabdeh1 adına gəlmişdir və ödənişləri Cavabdeh1 etmişdir. Həmçinin, qaz üzrə qəbzlər cavabdehlərin xalası X2 adına gəlmişdir. Lakin, hər 3 müqavilə üzrə sudan və qazdan istifadəyə görə ödənişlər Cavabdeh1 tərəfindən edilmişdir. Hal-hazırda su, qaz və işıq üzrə borc qəbzləri iddiaçıların adınadır. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 9.760, 32 manat məbləğində kompensasiya verilməklə, istifadə hüququna xitam verilməsini, onu və digər cavabdehlər: Talıbova (Qurbanova) Aidəni, X11, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, ev 29-dan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmədə cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq Cavabdeh1 xüsusi mülkiyyətimizdə olan Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki 29 saylı evə olan qeydiyyatdan çıxarılması, Cavabdeh1, arvadı Talıbova (Qurbanova) Aidənin, X8 və Cavabdeh2 mülkiyyətlərindəki Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki 29 saylı evdən çıxarılaraq evin (otağın) onlar tərəfindən boşaldılaraq onlara təhvil verilməsi, cavabdehlərin əvəzinə tərəflərindən ödənilmiş: təbii qaza görə 75 (yetmiş beş) manat, suya görə 1700 (bir min yeddi yüz) manat pulun, tərəflərindən ödənilmiş 147 (yüz qırx yeddi) manat dövlət rüsumu və məhkəmə xərclərinin cavabdehlər Cavabdeh1, arvadı Talıbova (Qurbanova) Aidədən, X7 və Cavabdeh2 müştərək qayada tutularaq (alınaraq) onlara ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Hazırda məhkəməyə təqdim etdikləri iddia tələbinin həcminin azaldılmasını zəruri hesab edirlər. Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə mənzillərin şəhər və rayonlar üzrə aylıq kirayə haqlarının hesablanması barədə müraciət etdik və cavab məktubu aldıq. Bu məktuba əsasən - 1 otaqlı evlərin kirayə haqqı - 168,70 manat, 2 otaqlı mənzillərin isə kirayə haqqı - 271,12 manat təşkil edir. Həqiqətdə cavabdehlər onlara məxsus evin 1 otağını zəbt etsələr də, onlara 36 ay üçün 2 (iki) otaqlı mənzil kirayə haqqını hesablayıb kompensasiya verməyə hazırlar, bu da 9.760, 32 manat təşkil edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddiaya etirazını məhkəməyə təqdim edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Cavabdeh1 9.760,32 manat məbləğində kompensasiya verilməklə, istifadə hüququna xitam verilməsini, onu və cavabdehlər Talıbova (Qurbanova) Aidəni, Cavabdeh3, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki 29 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsi barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə verilərək məhkəmədən, Cavabdeh1 9.760,32 manat məbləğində kompensasiya verilməklə, istifadə hüququna xitam verilməsini, onu və cavabdehlər Talıbova (Qurbanova) Aidəni, Cavabdeh3, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki 29 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə mənzillərin şəhər və rayonlar üzrə aylıq kirayə haqlarının hesablanması barədə müraciət etmişlər və cavab məktubu almışlar. Həmin məktuba əsasən, 1 otaqlı evlərin kirayə haqqı 168,70 manat, 2 otaqlı mənzillərin kirayə haqqı isə 271,12 manat təşkil etmişdir. Həmçinin güya, həqiqətdə cavabdehlər onlara məxsus evin 1 otağını zəbt etsələr də, onlar cavabdehlərə 36 ay üçün 2 otaqlı mənzil kirayə haqqını hesablayıb kompensasiya verməyə hazırdırlar, o da 9.760,32 manat təşkil edir. İddiaçılar ərizədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məktubunu düzgün qeyd etməmiş yanlış məlumat vermişlər. Belə ki, həmin məktuba nəzər salanda görünür ki, mebelsiz və ümumi ölkə üzrə statistikaya əsasən mənzillərin orta aylıq kirayə haqqı təqdim edilmişdir. Bu hal yanlış statistik tətbiq və ərazi üzrə uyğunluq prinsipinin pozulmasıdır. İddiaçılar tərəfindən Dövlət Statistika Komitəsinin (DSK) məktubuna istinad edilərək təqdim olunan ümumi ölkə üzrə orta kirayə haqqı, Yasamal rayonu, xüsusilə də Nizami metrosu ətrafı kimi Bakının mərkəzində yerləşən, yüksək kommersiya və yaşayış dəyərinə malik əraziyə uyğun deyil. Bu isə əhəmiyyətli hüquqi və faktiki yanlışlığa səbəb olur. Dövlət Statistika Komitəsinin aylıq kirayə qiymətləri üzrə hesabatlarında “ümumi ölkə üzrə” qiymətlər bütün şəhər və rayonları üzrə ortalama götürür: Bakı, Gəncə, Lənkəran, Quba, Ağcabədi, Tovuz və s. Bu isə avtomatik olaraq Bakının prestijli ərazilərində-Yasamal rayonu, Səbail rayonu, Nərimanov rayonu kimi zonalarda mənzillərin real bazar qiymətlərini əks etdirmir, xüsusilə Nizami metrosu ətrafında yerləşən ərazilər: İnfrastruktur baxımından inkişaf etmiş (metroya, məktəbə, xəstəxanaya, ali təhsil müəssisələrinə yaxın ərazilər), prestijli və mərkəzi zonaya aid, geniş tələbat olan, tələbə, ailə və əcnəbi kirayəçilərin üstünlük verdiyi, ərazilərdir. Bu səbəbdən burada aylıq icarə haqqı Azərbaycanın digər regionlarına nisbətən 2-3 dəfə yüksəkdir. Məsələn: Nizami ətrafında 2 otaqlı köhnə tikili olan mənzillərin orta aylıq kirayəsi ~ 600–900 AZN, amma regionlarda bu göstərici 250–350 AZN təşkil edir. Bu səbəbdən ölkə üzrə ortalama qiyməti əsas götürmək, real bazar şəraitinə və ərazi iqtisadiyyatına ziddir. Azərbaycan Respublikasının qanunvericiliyinə (Mülki Məcəllə və müvafiq məhkəmə təcrübəsi) əsasən mənzildən çıxarılma hallarında kompensasiya real bazar qiymətinə uyğun yerli ərazi üzrə müəyyən edilməlidir. Əgər Yasamal rayonu üçün kompensasiya Quba, Ağdam və.s. bazar qiymətləri ilə hesablanırsa, bu, ədalət prinsipini pozur, şəxsin mənzil bazarında bərabər şərtlərlə yeni ev icarəyə götürmək imkanını aradan qaldırır, hüquqi baxımdan mübahisəli qərarın əsasını yaradır. İddiaçılar DSK-nın məktubunu təqdim edərkən, mebelsiz mənzil olduğunu qeyd etmirlər, ölkə üzrə ortalama olduğunu gizlədərək lokal statistikaya uyğun təqdim edirlər, bu isə faktların təhrif olunmasıdır və məhkəmə qarşısında düzgün qiymətləndirilməlidir. Yasamal rayonu, xüsusilə Nizami metrosu ətrafı üçün kompensasiya və ya kirayə haqqı müəyyən edilərkən yalnız ümumi ölkə ortalamasına deyil, ərazinin konkret bazar qiymətlərinə əsaslanmalıdır, bu həm ədalətli hüquqi yanaşmadır, həm də real sosialməişət tələblərə uyğundur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 4206/2025 saylı qərardadı ilə, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. Ekspertiza qarşısında “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X8 faktiki istifadəsində olan hissəsinin hazırki dövrə olan orta aylıq kirayə haqqı məbləği nə qədərdir? sual qoyulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, CC/QH-098-2025 saylı qiymətləndirmə hesabatına əsasən, ünvan 2 ünvanında yerləşən mənzilin orta aylıq kirayə haqqı 360 manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirmə hesabatında analoq üzrə istinad edilən mənzillərin aylıq kirayə haqlarının minimum qiyməti 550 manat, ortalama qiyməti isə 687,5 manat təşkil etmişdir. Yəni, hal-hazırda, qeyd edilən və ona yaxın ərazilərdə 360 manata kirayə ev tapmaq qeyri-mümkündür. Belə ki, Yasamal rayonu ərazisində (əsasən də Nizami metrosu yaxınlığı) olan köhnə mənzillərin aylıq kirayə haqları minimum 600-650 manatdan başlayır. Qeyd edir ki, “köhnə” mənzillər dedikdə o mənzillər nəzərdə tutulur ki, orada ya 1960-70 ci illərin tikililəri, ya təmirsiz və ya minimal təmirli, avadanlıq çox olmayan, komfort səviyyəsi aşağı olan mənzillərdir. Mənzillərin yerləşdiyi ərazinin şəhərin mərkəzi hissəsinə, metroya yaxınlığı, infrastruktura əlçatanlığı kirayə qiymətlərini artırır. Qeyd edir ki, Cavabdeh1 və onun ailəsinin yaşadığı mənzil Nizami metrosundan 200 metr məsafədə yerləşir. Daha əvvəldə İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X2 və Cavabdeh1 Yasamal rayonu Salatın Əsgərova 29 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilməsi və Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək, məhkəmədən, ikinci cavabdehin (Cavabdeh1) 7 min manat məbləğində kompensasiya verilməsi şərti ilə mənzildən istifadə hüququnun itirilməsi və ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-505/2014 saylı qətnaməsinə əsasən, İddiaçı1 cavabdeh X4 qarşı Yasamal rayonu Salatın Əsgərova 29 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilməsi və digər Cavabdeh1 qarşı 7.000 (yeddi min) manat məbləğində kompensasiya verilməsi şərti ilə həmin mənzilə istifadə hüququnun itirilməsi və ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 29103)- 2864/2014 saylı qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-505/2014 saylı işi üzrə 17 yanvar 2014-cü il tarixli qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 2014-cü ilə nisbətən 2026-cı il üçün mənzillərin kirayə haqqı 3 dəfə artmışdır. Nəticə olaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2014-cü ildə 7.000 (yeddi min) manat məbləğində kompensasiya verilməsini əsaslı hesab etməmişdir, hazırda isə iddiaçı həmin məbləğdən 2.760,32 manat artıq məbləğ təklif etməklə, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb edir. Göründüyü kimi, iddia tələbi tamamilə əsassızdır və reallığa uyğun deyildir. Beləliklə hesab edirlər ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Cavabdeh1 9.760,32 manat məbləğində kompensasiya verilməklə, istifadə hüququna xitam verilməsini, onu və cavabdehlər Talıbova (Qurbanova) Aidəni, Cavabdeh3, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki 29 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsi tələbi təmin edilməməli, Cavabdeh1 və onun ailə üzvlərinin mənzildən istifadə hüququna o halda xitam verilməlidir ki, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı ona və ailə üzvlərinə verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmə ekspertizası tərəfindən təyin edilmiş aylıq kirayə haqqının 360 manat olması ilə bağlı rəyinə əsasən cavabdehlərin sözügedən mənzilə istifadə hüquqlarına xitam verilməsi üçün 13000 manat məbləğində kompensasiya verməyə razı olduqlarını bildirərək, bu barədə məhkəməyə yazılı ərizə təqdim etdilər və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iddianı qəbul etməyərək, 80000 manat məbləğində kompensasiya veriləcəyi təqdirdə evdən çıxmağa razı olduqlarını bildirdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə İddiaçı1 (1/2 hissə) adına, İddiaçı2 (1/2 hissə) adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışa əsasən İddiaçı1 ünvan 3 ünvanında xx.xx.2002-ci il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: xx.xx.1969-cu il təvəllüdlü X6, xx.xx.1986-cı il təvəllüdlü X12, xx.xx.1988-ci il təvəllüdlü xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1987-ci təvəllüdlü X13, xx.xx.1962ci il təvəllüdlü İddiaçı2. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin İddiaçı1 və İddiaçı2 ünvanladığı xx.xx.2025-ci il tarixli, 3- 13-53/2-H-28755 nömrəli müraciətə cavab məktubuna əsasən mülkiyyətdə olan Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 29 ünvanından Cavabdeh1 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edilməsi və onun və ailə üzvlərinin evdən çıxarılması üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli, 3-3-8-33/2-2955/25 nömrəli sorğuya cavab məktubuna əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı1 sonuncu dəfə dövlət sərhədindən xx.xx.2015-ci il tarixdə çıxış etmiş, xx.xx.2024-cü il tarixdə giriş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən mənzillərin aylıq kirayə haqlarının orta qiymətinin ayrı-ayrı şəhər və rayonlar üzrə hesablanması mövcud metologiyada nəzərdə tutulmamışdır. 2025-ci ilin iyul ayında ölkə üzrə 1 otaqlı mebelsiz mənzillərin orta aylıq kirayə haqqı 168,70, 2 otaqlı mebelsiz mənzillərin orta aylıq kirayə haqqı isə 271,12 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CC/1xx/xx-2025 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 2 ünvanında yerləşən mənzilin orta aylıq kirayə haqqı məbləği qiymətləndirmə tarixinə – 360 (üç yüz iyirmi) manatdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 53-cü maddəsinin 3-cü hissəsinə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi iddiaçılar İddiaçı1 (1/2 hissə) və İddiaçı2 (1/2 hissə) adına qeydiyyata alınmışdır. Cavabdeh1 mübahisəli yaşayış sahəsinə 1995-ci ildən iddiaçıların anası X3 razılığı ilə köçmüş, ailə üzvləri – Cavabdeh4, Cavabdeh2 və X15 ilə birlikdə həmin ünvanda yaşamağa başlamış və həmin ünvana qeydiyyata düşmüşlər. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasındakı yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən əvvəlki dövrə təsadüf etdiyindən mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yuxarıda göstərilən 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Fərdi yaşayış evindən istifadə hüququ isə həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu istifadəçiyə yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə müəyyənləşdirilməlidir. Məhkəmə cavabdehlərin sözügedən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən mənzilin orta aylıq kirayə haqqı məbləği qiymətləndirmə tarixinə – 360 (üç yüz iyirmi) manat müəyyən olunmuşdur. Sözügedən yaşayış sahəsinin aylıq kirayə haqqının 360 manat müəyyən olunduğunu nəzərə alsaq, iddiaçı tərəfindən təklif olunan 13000 manat kompensasiya məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. (360*36 =12960 manat) Məhkəmə iddiaçı tərəfindən təklif edilən 13000 manat kompensasiya məbləğininin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 təxminən 3 il ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində onlara xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyini nəzərə alaraq hesab edir ki, cavabdehlərin sözügedən yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən müştərək qaydada 13000 manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən müştərək qaydada 13000 (on üç min) manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-4206/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4206/2025
17.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver