Məhkəmə qərarları › İş №2(004)-4231/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4231/2023

22.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4231/2023 22.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 QSC və Bakı şəhəri 26 saylı notariat ofisi qarşı “vurulmuş zərərin, maddi və mənəvi ziyanın ödənilməsi və notariusun icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 QSC və Bakı şəhəri 26 saylı notariat ofisi qarşı “vurulmuş zərərin, maddi və mənəvi ziyanın ödənilməsi və notariusun icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən müəyyən edilir ki, Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən müqavilə üzrə 8İ-7052 nömrəli icra qeydi verilməklə icraya yönəldilmişdir. İş materiallarında olan İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən müqavilə üzrə 8İ- 7052 nömrəli icra qeydi üzrə icraat başlanılmışdır. İş materiallarına Satıcı Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış nisyə alqısatqı müqavilələri əlavə edilmişdir. İş materiallarına tələbin Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 QSC-yə güzəşti barədə bildirişin İddiaçı təqdim edilməsi barədə sənədlər və ödənişin aparılma qaydası barədə qeydlər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə-alqı satqı müqavilələrin şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Mülki iş materiallarına əsasən müəyyən olunur ki, iddia tələbi üzrə yuxarıda qeyd olunan heç bir dispozitiv şərt yerinə yetirilmir və cavabdehlər tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi xüsusatlarına rast gəlinmir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Araşdırma zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında məişət əşyalarının alqı-satqısına dair nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh1 MMC tərəfindən həmin müqavilələr üzrə tələb hüququ Cavabdeh2 QSC-yə güzəşt edilmiş, tələbin güzəşti barədə müvafiq bildiriş Alıcı İddiaçı təqdim edilmiş və ödənişin aparılma qaydası (Cavabdeh2 QSC-yə) barədə qeydlər əlavə edilmişdir. Lakin, İddiaçı müqavilə öhdəliyini müvafiq sənədlərdə (tələbin güzəşti barədə bildiriş) qeyd olunmuş formada qanuni əsaslarla deyil, bilmədən, əsassız olaraq Cavabdeh1 MMC-nin hazırda şəxsiyyəti məlum olmayan əməkdaşlarına ödəmiş və nəticədə tələbində qeyd etdiyi kimi “Mil”lərdən (iqtisadi aktiv, gəlir və s.) məhrum olmuşdur. Nəticədə, iddiaçı qeyd olunan halları müəyyən etdikdən sonra öhdəliyin 212 manat hissəsini icra etməmiş və kreditorun müraciət əsasında əsaslı və qanuni olaraq notarius tərəfindən icra qeydi qəbul edilmişdir. Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı müqavilələr üzrə öhdəliyini razılaşma şərtlərinə uyğun (Cavabdeh2 QSC-yə) həyata keçirməli idi. İddiaçının faktiki olaraq ödənişləri hüquqi baxımdan yanlış olaraq Cavabdeh1 MMC-yə ödəməsi riski özünün üzərinə və ona zərər vurulmasına görə məsuliyyət isə (əgər varsa) konkret olaraq zərəri vurması sübuta yetirilən subyekt(lər)in üzərinə düşməlidir. Məhkəmə nəzərə alır ki, ödəniş yanlış olaraq Cavabdeh1 MMC-yə ödənilsə də, müvafiq məbləğlərin sonuncu tərəfindən Cavabdeh2 QSC-nin hesabına ödənilməsi faktiki olaraq təmin edilmişdir. Mübahisə predmeti olan məbləğin isə iddiaçı tərəfindən ödənilməməsi mülki işin mübahisəsiz halıdır. Bundan əlavə, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən 8İ-7052 nömrəli icra qeydinin ləğv olunması ilə bağlı əsaslar iddia tələbi üzrə müəyyən edilmir. Qanunu (hüququ) bilməmək məsuliyyətdən (risk) azad etmir. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı tərəfindən iddia tələbində qeyd olunan xüsusatlar, yəni vurulmuş maddi (real zərər və əldən çıxmış fayda-gələcək gəlir (mil))və mənəvi zərərin əsasları, hesablanma meyarı, qaydası və notariusun icra qeydinin qanunsuzluğu sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının vəsatəti üzrə Cavabdeh1 MMC barəsində xüsusi qərardadın çıxarılmasına hüquqi əsas yoxdur. Belə ki, Cavabdeh1 MMC tərəfindən vergidən yayınma cinayətinin ilkin əsasları müəyyən edilmir. . Xüsusi qərardadın çıxarılması üçün ilkin əsaslar müəyyən edilməlidir. Hazırki mülki iş üzrə ilkin sübutlar mövcud deyildir, iddia olunanlar isə mülahizə xarakteri daşıyır. İddiaçıya izah edilir ki, müvafiq müraciət üzrə cinayət təqibinin aparılması üçün prokurorluq orqanlarına müraciət etmək hüququ vardır. Xüsusi qərardadın çıxarılmaması bu hüququn məhdudlaşdırılmasına səbəb olmur Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 QSC və Bakı şəhəri 26 saylı notariat ofisi qarşı “vurulmuş zərərin, maddi və mənəvi ziyanın ödənilməsi və notariusun icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar