Məhkəmə qərarları › İş №2(004)-4321/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4321/2023

18.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4321/2023 18.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 MMC (Birlink) və Cavabdeh2 MMC-yə (Ailə TV) qarşı mənzilinə vurulan zərərin əvəzinin və mənəvi zərərin ödənilməsi, cavabdehlərin bütün avadanlıqlarının, o cümlədən kabellərin və blok sxemlərin mənzilinin üzərindən götürülməsi və girişlə balkonun təmir edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 MMC (Birlink) və Cavabdeh2 MMC-yə (Ailə TV) qarşı mənzilinə vurulan zərərin əvəzinin və mənəvi zərərin ödənilməsi, cavabdehlərin bütün avadanlıqlarının, o cümlədən kabellərin və blok sxemlərin mənzilinin üzərindən götürülməsi və girişlə balkonun təmir edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, yaşadığı ünvan 1 ünvanda yerləşən evə və digər əmlakına cavabdehlərin vurduğu maddi zərərin əvəzi olaraq 3000 manatın və mənəvi zərərin əvəzi olaraq 2000 manatın, ümumilikdə 5000 manatın cavabdehlərdən alınıb ona verilməsi, cavabdehlərin bütün avadanlıqlarının, o cümlədən kabellərin və blok sxemlərin mənzilinin üzərindən götürülməsi və girişin və balkonun cavabdehlərin hesabına təmir edilməsi, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsini və mülki işin materiallarını tədqiq edərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıın məhkəməyə təqdim etdiyi iddia ərizəsi, qanunvericliklə müəyyən olunmuş forma və məzmununa riayət edilməməklə tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddia tələbi dəqiq göstərilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsinin xahiş etdim hissəsində ona məxsus evinə və digər əmlakına cavabdehlərin vurduğu maddi zərərin əvəzi olaraq 3000 manatın və mənəvi zərərin əvəzi olaraq 2000 manatın, ümumilikdə 5000 manatın cavabdehlərdən alınıb ona verilməsini xahiş etsə də, hər bir cavabdehdən ayrı-ayrılıqda tutulmalı olan məbləği göstərməmişdir. Belə olan halda hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinin tələblərinə əməl edilmədən verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 MMC (Birlink) və Cavabdeh2 MMC-yə (Ailə TV) qarşı mənzilinə vurulan zərərin əvəzinin və mənəvi zərərin ödənilməsi, cavabdehlərin bütün avadanlıqlarının, o cümlədən kabellərin və blok sxemlərin mənzilinin üzərindən götürülməsi və girişlə balkonun təmir edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar