Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4344/2022 02.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Abşeron Rayon İcra və Probasiya Şöbəsi cavabdehlərin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı yaşayış evinin və İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(001)-417/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı2, İddiaçı1 və X3 qarşı iddiası qismən təmin olunaraq "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli BAKU1-28095- 11806 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə öhdəliyin dəyişdirilməsinə dair bağlanan xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli sazişlərin ləğv edilməsi, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli BAKU1-28095- 13106 saylı razılaşmanın ləğv edilməsi, X2, İddiaçı1, İddiaçı2 müştərək qaydada əsas borca görə 212052,63 manat, faiz borcuna görə 119438,07 manat, dəbbə puluna görə 1000 manat olmaqla cəmi 332490,7 manat borc, sığorta haqqına görə 721 manat, ödənilmiş rüsumlara görə 90 manat olmaqla cəmi 333301,7 manat "xxxx" MMC-nin xeyrinə tutulması,ekspertiza tədqiqatının dəyəri olaraq 30 manat tutulması, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə "xxxx" MMC-nin xeyrinə 300 manat tutulması, İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 125000 manat, İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Yeni Məhəllə ünvanında yerləşən 0,06 ha torapq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 120 000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin birgə borcluların qətnamə ilə müəyyən olunan borclarının, məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, ünvan 3 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evi və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Yeni Məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan 1 ay sonra boşaldılması, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Yeni Məhəllə ünvanında yerləşən 0,06 ha torapq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan 1 ay sonra X1 evdən çıxarılması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-417/2019 saylı qətnaməsindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Daha sonra iddiaçıların məlumatı olmadan ipoteka predmetləri Abşeron rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən hərraca çıxarılmış və ipoteka qoyanlara məlumat verilmədən və onların iştirakı olmadan keçirilmiş hərracda ipoteka predmetləri ipoteka saxlayan "xxxx" MMC tərəfindən alınmışdır. Hərrac qanunla müəyyən edilmiş qaydalar pozulmaqla keçirildiyindən etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, hərrac qanunla müəyyən edilmiş qaydalara əməl edilməklə keçirilmiş, ipoteka qoyanlara hərrac barədə məlumat verilmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı2 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə digər iddiaçının, digər cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: M a d d ə 41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.5. Hərrac açıq auksion formasında keçirilir. M a d d ə 42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. M a d d ə 43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4344/2022 saylı sorğusuna əsasən cavabdeh "xxxx" MMC tərəfindən iddiaçılara məxsus ipoteka əmlaklarının hərracdan satışına dair sənədlər toplusu məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-417/2019 saylı qətnaməsinin icrası ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il tarixdə icra vərəqəsi göndərilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişlə "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC xx.xx.2022-ci il tarixdə 16 mart 2022-ci il tarixə hərrac təyin etmiş, bu barədə “Market” qəzetində elan dərc etdirmiş və ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. "xxxx" MMC tərəfindən verilmiş teleqramlardan görünür ki, hərrac barədə bildiriş ipoteka qoyanlar ((hazırkı iş üzrə iddiaçılar) tərəfindən alınmışdır. “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022 tarixlərinə dair 11(36) nömrəsində ipoteka əmlaklarının 16 mart 2022-ci il tarixində keçirilən ilkin hərracının baş tutmaması və təkrar hərracın 04 aprel 2022-ci il tarixində keçiriləcəyi barədə elan dərc edilmişdir. Təkrar hərrac barədə bildiriş ipoteka qoyan İddiaçı1 göndərilsə də, poçt tərəfindən İddiaçı1 qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. Digər ipoteka qoyan İddiaçı2 isə bildiriş göndərilməmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-417/2019 saylı qətnaməsinin icrası ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il tarixdə göndərilmiş icra vərəqəsində ipoteka qoyanların əlaqə nömrələri qeyd edilməsinə baxmayaraq "xxxx" MMC tərəfindən ipoteka qoyanlara həmin nömrələr vasitəsi ilə məlumat verilməmişdir. “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022 tarixlərinə dair 13(38) nömrəsində ipoteka əmlaklarının 04 aprel 2022-ci il tarixində keçirilən təkrar hərracının baş tutmaması barədə elan dərc edilmişdir. İlkin və təkrar hərracların keçirilməsinə dair özünün rəsmi internet saytında elan dərc etdirməsinə dair "xxxx" MMC tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 11 aprel 2022-ci il tarixli 095/1/22 saylı protokola və eyni tarixli müqaviləyə əsasən ipoteka qoyan İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" MMC tərəfindən alınmışdır. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 11 aprel 2022-ci il tarixli 095/2/22 saylı protokola əsasən ipoteka qoyan İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" MMC tərəfindən alınmışdır. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, keçirilmiş hərrac qanunvericiliyin tələblərinin pozuntusu ilə həyata keçirilmiş, ipoteka qoyanlar İddiaçı1 və İddiaçı2 təkrar hərracın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmişdir “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: M a d d ə 44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə hesab edir ki, 04 aprel 2022-ci il tarixdə keçirilmiş hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən həmin hərrac etibarsız hesab olunmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hərrac etibarsız hesab edildiyindən onun yekunlarına dair tərtib edilmiş protokollar və müqavilələr də etibarsız hesab edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə ilə alınmış məlumatlardan görünür ki, iddiaçılara məxsus hər iki əmlak cavabdeh (ipoteka saxlayan) "xxxx" MMC-nin adına özəlləşdirilmişdir. Məhkəmə hesab edir ki, hərrac etibarsız hesab edildiyindən və qanunla nəzərdə tutulduğundan iddia tələblərindən kənara çıxılmaqla hərracın nəticəsi olaraq mübahisəli əmlakların cavabdeh "xxxx" MMC-nin adına özəlləşdirilməsi ləğv edilməli və həmin əmlaklar iddiaçıların mülkiyyətinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı1 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı yaşayış evinin və İddiaçı2 mülkiyyətində olmuş Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilsin. İddiaçı1 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evinin ipoteka saxlayan "xxxx" MMC tərəfindən alınmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 11 aprel 2022-ci il tarixli 095/1/22 saylı protokol və 11 aprel 2022-ci il tarixli müqavilə etibarsız hesab edilsin. İddiaçı2 mülkiyyətində olmuş Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ipoteka saxlayan "xxxx" MMC tərəfindən alınmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 11 aprel 2022-ci il tarixli 095/2/22 saylı protokol etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı yaşayış evinin "xxxx" MMC-nin adına özəlləşdirilməsi ləğv edilsin və həmin əmlak İddiaçı1 mülkiyyətinə geri qaytarılsın. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin "xxxx" MMC-nin adına özəlləşdirilməsi ləğv edilsin və həmin əmlak İddiaçı2 mülkiyyətinə geri qaytarılsın. İddiaçı1 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4344/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4344/2022
02.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver