Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4387/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT ASC-nin səhlənkar davranışlarını nəzərə alaraq bank hesab sistemində qalıq qalan 3125 ABŞ dolları məbləğinin silinməsini, əsassız olaraq iddiaçı tərəfindən öhdəliklərinin 114 gün gecikdirilməsi haqqında böhtanı, habelə bu vaxta qədər digər bankdan kredit almaq imkanından məhrum olmasını nəzərə alaraq ona dəymiş maddi və mənəvi zərərin əvəzində 40.000 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 avqust 2015-ci il tarixdə “FİNOKO" BOKT ASC ilə bağlanmış 2015/0014 nömrəli istehlak krediti müqaviləsi əsasında mənzil təmiri üçün 60 (altmış) ay müddətinə illik 28,52% dərəcəsi ilə 40,000 (qırx min) ABŞ dolları məbləğində kredit almışdır. Kredit şərtlərinin ağır olmasına rəğmən, Cavabdeh BOKT ASC ilə bağlanmış kredit müqaviləsinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən etibarən banka olan bütün borcların hamısı ödənilmiş və heç bir kredit öhdəlikləri qalmamışdır. Buna baxmayaraq, iddiaçı kredit borcunun yerinə yetirilməsindən sonra bir sıra digər banklardan, o cümlədən "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-dən kredit götürmək üçün müraciət etmişdir. Lakin bütün hallarda sistemdə ona məxsus olan ödənilməmiş pul məbləğinin qalması barəsində məlumat olduğundan bu günə qədər heç bir bankdan ona kredit verilməsinə dair razılıq ala bilməmişdir. Banka bir neçə dəfə müraciət edərkən bank işçiləri ona bunun texniki qüsur kimi 5 ildən sonra öz-özünə sistemdən silinəcəyini bildirmişdir. Bu hala görə 2020-ci ildən etibarən bir sıra maddi sıxıntıların aradan qaldırılması üçün kredit götürmək məcburiyyətində olmuşdur. Bundan başqa Cavabdeh BOKT ASC-nin məsul işçilərindən bir neçəsi həmin dövrdə onun banka ödənilməmiş borc qalıqlarının olması haqqında da məlumat vermişlər. Nəticədə uzun müddət Cavabdeh BOKT ASC-nin səhlənkarlığı ucbatından banklardan heç bir kredit ala bilməmiş, bu onun və ailə üzvləri arasında olan maddi sıxıntıların mövcudluğu ucbatından bir sıra maliyyə problemləri ilə qarşılaşmalı olmuşdur. xx.xx.2020-ci il tarixli şəffaflıq haqqında, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə Cavabdeh BOKT ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi eyni tarixdə tərəflər arasında imzalanan İpoteka müqaviləsinin predmeti olan İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 73.9 kv.m ümumi, 50.1 kv.m yaşayış və 23.8 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzilin girov götürülməsi haqqında müraciət edərək kredit müqaviləsi üzrə olan öhdəliklərini yerinə yetirdiyi üçün yuxarıda qeyd edilən ünvanın yüklülükdən azad edilməsi haqqında məktubla müraciət etmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Cavabdeh BOKT ASC onun ərizəsinə əsasən arayış verilmiş və orada da Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00146-01 saylı kredit müqaviləsinə əsasən verilən 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit üzrə borcun tam ödənilməsi və qeyd olunan kredit üzrə xx.xx.2021-ci il tarixə heç bir borc öhdəliyinin qalmaması, lakin sistemdə görünən borcun texniki səhvlə əlaqədar olduğu bildirilmişdir. O bütün borc öhdəliklərini 2020-ci ilin avqust ayında başa çatdırmalı olduğu halda, 2020-ci ilin fevral ayında vaxtından əvvəl ödəyib sona çatdırmışdır. Lakin ödəmələrin başa çatmasına baxmayaraq Cavabdeh BOKT ASC heç bir əsas olmadan 2020-ci ilin fevralından sonra 114-gün ödəmənin gecikdirilməsi haqqında məlumatı sistemdən çıxarmamışdır. Cavabdeh BOKT ASC xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixində cavabdeh tərəfindən 60 ay müddətinə 28% ilə 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 29, ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəsi 50.1 kv.m, yardımçı sahəsi 23.8 kv.m olan 4 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Müştəri kredit götürdükdən sonra xx.xx.2015-ci il tarixdə baş verən ikinci devalvasiyaya kimi ödənişlərini vaxtında etmiş, devalvasiyadan sonra ödənişlərində gecikmələr yaranmışdır. xx.xx.2020-ci il tarixdə müştəri kreditə güzəşt olunmağını və güzəşt məbləği ilə ödəyərək borcunun bağlanmasını bildirmişdir. Lakin həmin tarixə müştərinin təşkilat qarşısında olan borcu 26.738,22 ABŞ dolları və kredit üzrə gecikmə 440 gün təşkil etmişdir. Yekun olaraq xx.xx.2020-ci il tarixdə şifahi razılıq əsasında iddiaçı 23.602,35 ABŞ dolları ödəniş etmişdir. Ödənişdən sonra ipoteka ilə yüklü edilmiş əmlak girovdan azad edilmiş, iddiaçıya isə bildirilmişdir ki, qalan 3.135,87 ABŞ dolları borc 5 il ərzində cavabdehin mənfəəti hesabına silinəcəkdir. Buna baxmayaraq, 2023-cü ilin iyun, iyul ayında müştəri müraciət edərək adında olan qalıq borcun dərhal siliməsini tələb etmişdir. İddiaçının borcu, yəni 3.135,87 ABŞ dolları xx.xx.2023-cü il tarixdə müəssisənin mənfəəti hesabına cavabdeh tərəfindən silinmişdir. Həmin tarixdən etibarən iddiaçının cavabdeh qarşısında pul öhdəliyi müvcud deyildir. İddiaçı guya maddi sıxıntılar ilə rastlaşdığı və onun adına borc olduğundan digər kredit təşkilatlarından kredit ala bilmədiyi dövrdə cavabdehə olan borcunu tam ödəmədiyindən ona bu barədə arayış verilə bilməzdi. Lakin yuxarıda göstərilən xx.xx.2023-cü il tarixdə ona qarşı humanistlik göstərilərək onun cavabdeh qarşısında olan borcu daxili resurslar hesabına silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Cavabdeh BOKT ASC xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, borc silinmiş, lakin iddiaçının adında gecikmə olaraq 114 gün qalmışdır. İddiaçının 114 gün gecikdirməsi olmamış, əksinə kredit müqaviləsi üzrə borcu 6 ay tez ödəmişdir. Krediti avqust ayında ödəməli olduğu halda fevral ayında borcu ödəyib bitirmişdir. Hansı banka kredit götürmək üçün müraciət etsə, iddiaçının adında gecikmə göründüyü üçün kredit ala bilməmişdir. Kredit müqaviləsinə əsasən təxminən 3100 dollar borc qalmışdır, Mərkəzi Banka müraciətindən sonra həmin məbləğ silinmişdir. Ərizəsində göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Verilmiş suallara əsasən Nümayəndə1 əlavə olaraq bildirmişdir ki, hazırkı iddia tələbini verməkdə əsas məqsədi 18 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh BOKT tərəfindən ondan artıq hesablanaraq tutulmuş məbləğin geri qaytarılmasını tələb etməkdən ibarətdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin və ona qarşı verilmiş etirazın dəlillərini, iş materiallarında ola sübutları araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan - Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00146-01 nömrəli istehlak kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 60 ay müddətinə illik 28% dərəcəsi ilə 40.000 ABŞ dolları məbləğində kredit verilmiş və İddiaçı krediti hesablanmış faizləri ilə birlikdə müqavilə ilə müəyyən edilmiş müddət ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 4.1-ci bəndinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 58 nömrəli mənzil dəyəri 65.000 manat qiymətləndirilməklə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - "xxxx" ASC-nin Cavabdeh BOKT ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli SVF- 041/20 saylı məktubundan müəyyən edilir ki, kredit müqaviləsi üzrə Cavabdeh BOKT ASC-nin xeyrinə yüklü edilmiş İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 58 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə sonrakı ipoteka ilə yüklü edilməsinə razılıq verilməsi xahiş edilmişdir. Qeyd olunan məktuba əsasən Cavabdeh BOKT ASC-nin xx.xx.2020-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, mənzilin Cavabdeh BOKT ASC-də girov qalması şərtilə ipoteka müqaviləsi əsasında "xxxx" ASC-də yüklü edilməsinə razılıq verilmişdir. Həmçinin "xxxx" ASC-yə İddiaçı xx.xx.2020-ci il tarixə olan borc öhdəliyinin 40.000 ABŞ dollar təşkil etməsi barədə məlumat verilməklə, ipoteka rəsmiləşdiriləcəyi tarixdə köçürməni razılaşdırılmaqla həyata keçirilməsi xahiş edilmişdir. - Cavabdeh BOKT ASC tərəfindən AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, İddiaçı bank qarşısında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə olan öhdəliklərini yerinə yetirdiyi üçün həmin kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 58 nömrəli mənzilin yüklülükdən azad edilməsi xahiş edilmişdir. -Daha sonra "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən müəyyən edilir ki, bankla İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, L004/2020/28 nömrəli kredit limitinin artırılması haqqında müqaviləyə razılaşma əsasında xitam verilmişdir. "xxxx" ASC-nin AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli, L004/2020/28 nömrəli kredit limitinin artırılması haqqında müqaviləni təmin etmək məqsədilə xx.xx.2015-ci il tarixli 3M- 1925 reyestr nömrəli İpoteka müqaviləsinə və xx.xx.2020-ci il tarixli 3M-210 reyestr nömrəli Sonrakı İpoteka müqaviləsinə əsasən girov qoyulmuş İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 58 nömrəli mənzilin girovdan azad edilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, onun Mərkəzi Banka ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciəti əsasında aparılmış araşdırma zamanı aşkar edilmişdir ki, Cavabdeh BOKT ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00146-01 nömrəli istehlak kredit müqaviləsi üzrə borc razılıq məbləği əsasında ödənilmişdir. Lakin razılıq məbləği əsasında ödənilən məbləğdən sonra yerdə qalan məbləğ Mərkəzləşdirilmiş Kredit Reyestrində onun adında qalıq borc kimi göstərilmişdir. Qeyd olunan qalıq borc kreditorun hesabına xx.xx.2023-cü il tarixdə hesabdan silinmiş və bu barədə Mərkəzləşdirilmiş Kredit Reyestrində rəsmi məlumat göstərilmişdir. -Cavabdeh BOKT ASC tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 23602,35 ABŞ dollar vəsait boclu İddiaçı tərəfindən ödənilmişdir. Əvvəlki ödəniş isə xx.xx.2019-cu il tarixdə 529,41 ABŞ dollar məbləğində olmuşdur. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin öhdəliyin təminatı olaraq iddiaçıya məxsus mənzil cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixədək borc öhədliyinin icrasında gecikmə yaranmışdır. Bundan sonra cavabdehin razılığına əsasən mənzil sonrakı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilərək sonuncu ilə bağlanmış müqaviləyə əsasən kredit verilmişdir. İddiaçı tərəfindən cavabdehlə razılaşmaya əsasən xx.xx.2020-ci il tarixə olan 26.738,22 ABŞ dolları borc məbləğindən 23.602,35 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Həmçinin tərəflər arasında şifahi razılaşmaya əsasən iddiaçının 3.135,87 ABŞ dolları qalıq borcunun 5 il ərzində silinəcəyi bildirilmişdir. Cavabdeh BOKT ASC-nin xx.xx.2020-ci il tarixli məktubuna əsasən təsdiq edilir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər tam icra edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsinə mənzilin yüklülükdən azad edilməsinə razılıq verilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsirli hərəkətləri, yəni mərkəzləşdirilmiş kredit reyestri informasiya sistemi üzrə xx.xx.2015-ci il tarixi kredit müqaviləsinə əsasən borcu və gecikdirmə hallarına yol verilməsi barədə məlumatların vaxtında silinməməsi nəticəsində onun digər banklardan kredit ala bilməməsi və bununla bağlı ailə üzvləri ilə birgə maddi sıxıntılar çəkməklə maddi və mənəvi zərərə məruz qaldığını bildirərək, həmin zərərin əvəzi olaraq 40.000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə iddia tləbinə etiraz ərizəsi verərək xx.xx.2020-ci il tarixdə iddiaçının təşkilat qarşısında olan borcunun 26.738,22 ABŞ dolları və kredit üzrə gecikmənin 440 gün təşkil etməsini, yekun olaraq xx.xx.2020-ci il tarixdə tərəflər arasında şifahi razılıq əsasında iddiaçının 23.602,35 ABŞ dolları ödəniş etdiyini, bundan sonra iddiaçıya humanistliklə yanaşılaraq ona kredit məbləğində güzəşt edildiyini və güzəşt məbləği olan 3.135,87 ABŞ dollar vəsaitin 5 il ərzində cavabdehin mənfəəti hesabına silinəcəyi barədə iddiaçının xəbərdar edildiyini, daha sonra iddiaçının 2023-cü ilin iyun, iyul ayında daxil olmuş müraciətindən sonra güzəşt edilmiş 3.135,87 ABŞ dolları qalıq borcun xx.xx.2023cü il tarixdə cavabdehin mənfəəti hesabına silindiyini bildirmişdir. Cavabdeh həmçinin etirazında Cəmiyyətin hərəkətləri nəticəsində iddiaçıya hər hansı maddi və mənəvi zərərin dəyməsinin müəyyən edilmədiyini bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında kredit münasibətlərinin yaranması və hazırda iddiaçının banka borcunun olmaması mübahisəsizdir. Lakin iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin dəydiyini bildirsə də bununla bağlı kifayət qədər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı özü tərəfindən məhkəməyə tədim edilmiş sübutlardan müəyyən edilir ki, onun müraciətinə əsasən Cavabdeh BOKT ASC-nin xx.xx.2020-ci il tarixli razılığı ilə ipoteka ilə yüklü edilmiş mənzil yüklülükdən azad edilmiş, həmçinin cavabdehin xx.xx.2020-ci il tarixli məktubuna əsasən "xxxx" ASC tərəfindən ona kredit verilməsində şərait yaradılması üçün eyni mənzilin sonrakı ipotekasına razılıq verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən müəyyən edilir ki, bankla İddiaçı arasında xx.xx.2020-ci il tarixli, L004/2020/28 nömrəli kredit limitinin artırılması haqqında müqavilə bağlanmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı 2020-ci ildə digər bankla kredit münasibətləri yaratmış, yəni iddiaçının adına olan borcun cavabdeh bank tərəfindən silinməməsi onun digər bankla kredit münasibətləri yaratmaq məqsədilə müqavilənin bağlanmasına maneə olmamışdır. Bundan başqa işin hallarından görünür ki, tərəflər arasında razılaşmaya əsasən iddiaçıya 3.135,87 ABŞ dolları qalıq borc güzəşt edilmişdir, lakin həmin məbləğ iddiaçının müraciətinə əsasən həmin borc kreditorun hesabına xx.xx.2023-cü il tarixdə hesabdan silinmiş və bu barədə Mərkəzləşdirilmiş Kredit Reyestrində rəsmi məlumat qeydə alınmışdır. Bu fakt Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu ilə öz təsdiqini tapır. Beləliklə, borcla bağlı qeydiyyat hazırda mövcud deyildir. İddiaçı borcun mövcudluğu və gecikdirmə ilə bağlı məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrində uzun müddət saxlanılması nəticəsində ona maddi və mənəvi zərər dəyməsini iddia etməsinə baxmayaraq, bunu tələbindən kifayət qədər əsaslandıra bilməmiş, həmçinin 2020-2023-cü il dövr ərzində hansı banka və ya kredit təşkilatlarına müraciət etməsi, məhz bu qeydiyyatla bağlı ona yeni kredit verilməsindən imtina edilməsinə, nə kimi mənəvi zərər çəkməsinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla yanaşı iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatından aşkar şəkildə bəlli olur ki, onun əsas məqsədi ondan artıq məbləğdə tutulması ehtimal edilən borc məbləğlərinin cavabdehdən geri qaytarılmasını tələb etməkdir. Hətta o, xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək borcun silinməsi ilə yanaşı onun tərəfindən banka artıq məbləğdə ödənilmiş pulun geri qaytarılmasını xahiş etmişdir. Lakin qeyd olunan ərizə mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə, forma və məzmunda verilmədiyindən məhkəmənin icraatına qəbul edilməmişdir. Belə ki, MPM-in 53-cü maddəsinin tələbinə əsasən iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə işin məhkəmə baxışına hazırlanması mərhələsində verilməli olduğundan, buna uyğun olaraq məhkəmənin hazırlıq iclaslarında artıq ödənilmiş məbləği tələb etdiyini bildirən iddiaçıya məhkəmə tərəfindən iddiaya dəqiqləşmənin olub-olmaması soruşularaq bu barədə ərizənin verilməsi təklif edilmişdir. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdə iş məhkəmə baxışına təyin edildikdən sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə vermiş, bununla da MPM-in 53-cü maddəsinin tələblərini pozduğundan ərizə icraata qəbul edilməmişdir. Beləliklə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilməsə də, onun məzmunundan, həmçinin iddiaçının məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, onun əsas tələbi maddi ziyan olaraq banka artıq ödənilmiş pulun qaytarılması ilə bağlıdır. Lakin məhkəmənin icraatına qəbul edilmiş ilkin iddia ərizəsi üzrə işə verilmiş iddia tələbi həcmində baxır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdehin hüquqazidd əməli nəticəsində ona maddi və mənəvi zərər vurulmasını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi və mənəvi zərərin tələbinə dair iş üzrə ilkin hüquqi qiymət verilməli olan fakt mülki hüquq pozuntusunun (deliktin) olub-olmamasıdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla cavabdehin hərəkətlərində iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusu aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi sübut olmadığından maddi ziyanın əvəzi olaraq cavabdehdən pulun tutulmasına dair iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər "xxxx" BOKT ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4387/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4387/2023
21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver