Məhkəmə qərarları › İş №2(004)-4447/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4447/2021

24.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4447/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “ziddiyətin aradan qaldırılması barədə” iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “ziddiyətin aradan qaldırılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1951-ci il tarixli, 04 saylı doğum akt qeydində soyad sonluğunun “Mamedzadə”-dən “Mamedov”-a düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 10.06.2021-ci il tarixli, 05/76-1912/15 saylı məktubdan görünür ki, iddiaçının soyadının sonluğunun dəyişdirilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, 17.01.2018-ci il tarixdə İddiaçı soyad sonluğunu “Mamedov”dan “Mamedzadə”yə dəyişdirmişdir. Soyad sonluğuna dəyişiklik edilməsinə baxmayaraq, şəxsiyyəti təsdiq edən sənəd bu günədək dəyişdirilməmişdir.Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli 495 saylı qərarına əsasən “ov” və “yev” sonluqlu soyadlar sözün kökündən asılı olaraq “lı”, “li”, “lu”, “lü”, “zadə”, “soy”, “gil”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər. Qanunvericiliklə müəyyən olunmuş əsasların olmaması səbəbindən soyad sonluğunun yenidən “Mamedzadə”-dən “Mamedov”-a dəyişdirilməsindən imtina edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Qaydaların 6.18-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Qaydaların 1.5-ci bəndinə görə isə adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, hesab edirəm ki, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirildiyindən, ərizəyə ümumi məhkəmədə baxılmalı olmadığı üçün yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah olunmalıdır ki, soyadın dəyişdirilməsi məsələsi barədə ərazi üzrə qeydiyyat şöbəsi müraciət edə bilər, həmin orqanın qərarı ilə razı olmadıqda aidiyyəti üzrə inzibati məhkəmədə mübahisə qaldıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “ziddiyətin aradan qaldırılması barədə” iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, soyadın dəyişdirilməsi məsələsi barədə ərazi üzrə qeydiyyat şöbəsi müraciət edə, həmin orqanın qərarı ilə razı olmadığı təqdirdə qərar barəsində müvafiq inzibati məhkəmədə mübahisə qaldıra bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar