Məhkəmə qərarları › İş №2(004)-449/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-449/2025

16.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-449/2025 16.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “12400 manat pul və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “12400 manat pul və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə şifahi qaydada razılaşmış, ilkin ödəniş ödəyərək hər ay 700 manat ödəməklə etibarnamə ilə əvvəl “Toyota Prius”, daha sonra dəyişərək “Nissan Note” markalı avtomobil almışdır. Hər ödənişdən sonra iddiaçı razılaşmaya uyğun olaraq mülki etibarnamənin verilməsini istəsə də, cavabdeh etibarnaməni verməmişdir. İddiaçı ödəmiş olduğu ümumilikdə 12400 manat pulun geri qaytarılmasını cavabdehdən tələb etmiş, cavabdeh isə 4000 manat pulu geri qaytara biləcəyini bildirmişdir. Nəticədə, cavabdeh avtomobili iddiaçının mülkiyyəti keçirmir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına iddiaçının bank hesabından çıxarış (ümumi ödəniş əməliyyatları barədə) əlavə edilmişdir. İş materiallarına tərəflər arasında vatsapp danışıqlarına (səs yazıları) dair CD disk əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları və tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan İcarə müqaviləsinin şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 421.2-ci maddəsinin tələblərinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı (xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçının izahatı əsas götürülməklə) müəyyən edilir ki, İddiaçı 2023-cü ilin fevral ayında ilkin ödəniş 500 manat, gündəlik 25 manat ödəməklə “Toyota Prius” markalı avtomobili icarəyə götürmüşdür. Lakin, sözügedən avtomobildə nasazlıq olduğundan 2023-cü ilin aprel ayında cavabdehlə razılaşaraq həmin avtomobili “Nissan Note” markalı avtomobilə dəyişmişdir. İddiaçı gündəlik 25 manat olmaqla hər gün üzrə müvafiq ödənişlər həyata keçirtmişdir. İddiaçı avtomobili cavabdeh (mülkiyyətçi) tərəfindən verilmiş etibarnamə ilə idarə etmişdir. Lakin, müvafiq müddət üzrə ödənişlər həyata keçirildikdən sonra sözügedən avtomobil cavabdeh tərəfindən iddiaçının keçirilməmiş, etibarnamənin müddəti uzadılmamışdır. İddiaçı cavabdeh ilə arasındakı münasibətləri alqı-satqı münasibətləri kimi qiymətləndirsə də, məhkəmə hesab edir ki, tərəflər arasında baş tutmuş münasibətlər alqı-satqı deyil, icarə münasibətləridir. Belə ki, ilkin ödənişin məbləği və digər ödənişlərin aylıq deyil, günlük 25 manat olmaqla ödənilməsi, avtomobillərin markası, işgüzar qaydalar, formalaşmış bazar təcrübəsi (icarə ilə bağlı) nəzərə alınmaqla hesab edilir. Odur ki, məhkəmə mübahisəyə alqı-satqı müqaviləsi kimi yanaşmadığından onun etibarsızlığı və etibarsızlıqdan doğan hüquqi nəticələrinə toxunmur. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin şifahi olması onun etibarsızlığına səbəb olmur. Həmçinin, sözügedən şifahi müqavilə üzrə etibarsızlığın digər xüsusatları müəyyən edilmir. Deməli, sözügedən müqavilə etibarlılıq şərtlərinə cavab verən şifahi formada bağlanmış icarə müqaviləsidir. Nəzərə alınır ki, iddiaçı müqavilə müddəti ərzində icarə obyektindən (avtomobil) istifadə etmiş və onun faydalı xassələrindən yararlanmışdır. Müvafiq ödənişlər isə məhz müqavilə çərçivəsində ödənilmişdir. Odur ki, ödənilmiş icarə haqqının geri tələb edilməsi əsassızdır. Məhkəmə təqdim edilmiş CD diskdə olan səs yazılarının tədqiqi nəticəsində də, hazırki mövqedən fərqli hüquqi mövqe aşkar edilməmiş, daşınıqların mətni üzrə tərəflər arasında münasibətlərin icarə münasibəti olması müəyyən edilmişdir (tələb edilən ödənilməmiş icarə haqqlarının məbləği, etibarnamənin müddətinin uzadılması və s. hallar nəzərə alınmaqla). Müqavilə obyektinin 2 (iki) ayrı-ayrı avtomobilin olması nəzərə alınır (yeni avtomobilə münasibətdə yeni şifahi müqavilənin bağlanması kontekstindən). İcarə müqaviləsi iddiaçı (icarəçi) tərəfindən iradə ifadəsi bildirilməklə məhkəmədən kənar ləğv edilmişdir. İddiaçı tələbi üzrə faktiki olaraq avtomobilin mülkiyyətə keçirilməsini tələb etsə də, iddia ərizəsi üzrə tələb 12400 manat pulun geri qaytarılmasıdır. İlk məhkəmə hazırlıq iclasında hakim tərəfindən iddiaçıya prosessual hüquqları izah edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi və sübutların təqdim edilməsi nəzərinə çatdırılsa da, müsbət nəticə əldə edilməmiş, iddia ərizəsinin dəqiqləşdirilmiş forması isə ilkin tələbin mahiyyətini dəyişməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş bank hesabından çıxarış isə anlaşılmaz və qarışıq formadadır. İddia tələbi üzrə digər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülki işə tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Nəzərə almaq lazımdır ki, hazırki mülki iş üzrə sübutetmə yükü iddiaçının üzərindədir. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq normasının şərh edilməsi (rəsmi şərh) və ya dəyişdirilməsi, ləğvi səlahiyyəti müvafiq orqanlara (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Milli Məclis) məxsusdur. Hüquq tətbiq edən məhkəmələr hüquq təfsirini məhdud formada, hüquq sahəsinin və hüquq normasının mahiyyətinə uyğun şəkildə həyata keçirə bilərlər. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmələr hüquq yaradan orqanlar olmamaqla qüvvədə olan hüquq normalarının tətbiqi ilə mükəlləfdirlər. Məhkəmələrin təfsir səlahiyyəti də, məhdud qaydada, yalnız müvafiq ümumi və ya sahəvi prinsiplər çərçivəsində həyata keçirilir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçının tələbi üzrə məhkəmə qeyd edir ki, mülki iş üzrə cavabdehin hərəkətlərində cinayət elementləri aşkar edilmədiyindən xüsusi qərarın çıxarılmasına əsas yoxdur. İddiaçının isə cinayət təqibi qaydasında prokurorluq orqanlarına müraciət etmək hüququ vardır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “12400 manat pul və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar