Məhkəmə qərarları › İş №2(004)-4493/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4493/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4493/2021 26.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı “LPO Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin xeyrinə 750 (yeddi yüz əlli) manat vurulmuş ziyanın əvəzi və ödənilmiş 30 (otuz manat) dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, 09.02.2020-ci il tarixdə onun idarə etdiyi avtomobil X4 məxsus "Qazel 3302" markalı , ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və nəticədə həmin avtomobilin bufer, qanad və fara hissəsi zədələnmişdir. İddiaçı tərəf iddia ərizəsində həmin avtomobilə görə sığorta ödənişi olaraq 750 manat məbləğində pul ödənilməsini göstərmişdir, hansı ki, bu absurddur və həqiqətə uyğun deyildir. Hansı hissələrin dəyişdirilməsi və yaxud yenisi ilə əvəz edilməsi göstərilməmişdir, həmçinin qüsur aktı tərtib edilməmiş və vurulmuş zərər qiymətləndirilməmişdir. Maddi zərər dəymiş avtomobil köhnədir. Hesab edir ki, buferi təzə buferlə əvəz edildiyi halda 40-50 manat, sükan hissəsinin tam təmiri 100 manat, qanad hissəsi 30-40 manat və farasının dəyişdirilməsi 30-40 manat arasında dəyişir və həmin avtomobilə vurulmuş maddi zərər ümumilikdə 200 manat təşkil edir. Lakin iddiaçı tərəfindən vurulmuş maddi zərərin məbləği şişirdilmişdir və əlavə hesablanmışdır. Belə ki, hər hansı bir qiymətləndirmə aparılarkən onun iştirakı təmin edilməmişdir. Cavabdehdə olan məlumata görə zərər görməmiş hissələr yazılmış və maddi zərər kimi hesablanmışdır. Ona görə də məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin qismən təmin eidlməsi batədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 23.02.2020-ci il tarixli İC AA 1759/2020 saylı sığorta aktına əsasən müəyyən olunur ki, PST********** seriya nömrəli sığorta şəhadətnaməsi əsasında sığortalı X1 məxsus Lada Priora 21705 markalı, 90PX768 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta olunmuşdur. 09.02.2020-ci il tarixdə 00:05 radələrində Bakı şəhəri, M.Xiyabanı küçəsində baş vermiş sığorta hadisəsi nəticəsində sığortalanmış avtombili idarə edən şəxs X2 zərərçəkən X5 vurduğu maddi ziyan 750 manat sığorta şirkəti tərəfindən subroqasiya qaydasında X5 ödənilmişdir. İş materiallarında olan 03.03.2020-ci il tarixli qəbzə əsasən müəyyən olunur ki, ASC Standard İnsurance Sığorta 750 manat məbləğində pulu X5 ödəmişdir. İş materiallarında olan 20.02.2020-ci il tarixli əmlaka dair qiymətləndirmə aktından görünür ki, QAZ-3302 markalı, 99BB132 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün tələb olunan məbləğ ehtiyat hissələrinin qiyməti 410 manat, xidmət haqqı isə 340 manat olmaqla 750 manat təşkil etmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 20.02.2020-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, 09.02.2020-ci il taixdə saat 00:05 radələrində baş vermiş yol-nəqiyyat hadisəsi nəticəsində X3 idarə etdiyi nəqliyyat vasitəsinin sol qabaq qanad, sol farası, qabaq bufer sınmış, ön körpü dağılmışdır. İş materiallarında olan AYP №038091 seriya nömrəli nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, X5 məxsus QAZ-3302 markalı, 99BB132 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol qabaq hissəsi əzilmiş, sol farası sınmışdır. Yol nəqliyyat hadisəsinin digər iştirakçısı hadisə yerindən yayınmışdır. İş materiallarında olan 22.01.2008-ci il tarixli etibarnamənin surətinə əsasən müəyyən olunur ki, X6 ona məxsus QAZ-3302 markalı, 99BB132 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X5 idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, onun üzərində sərəncam verməyi və digər hərəkətləri etibar etmişdir. İş materiallarında olan İXP3093942 seriya nömrəli 09.02.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən müəyyən olunur ki, Cavabdeh 09.02.2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətmişdir. İş materiallarında olan TP ******* seriya nömrəli 18.02.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 100 manat məbləğində cərimə edilmə haqqında tənbəh növü tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, məhkəmə prosesində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdehnin idarə etdiyi nəqliyyat vasitəsi ilə X3 idarə etdiyi nəqliyyat vasitəsinə zərər vurması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və inzibati məsuliyyətə cəlb edilməsi iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin inzibati xətanı törətməsi və hadisə yerindən yayınması sığortaçının ona qarşı subroqasiya qaydasında pul tələb etməsi üçün əsasdır. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən də görünür ki, cavabdeh yol nəqliyyat hadisəsi törətməsini və nəticədə X3 idarə etdiyi nəqliyyat hadisəsinə zərər vurmasını mübahisələndirmir. Cavabdeh etiraz ərizəsində dəymiş zərərin məbləğinin həqiqətə uyğun olmadığını, hansı hissələrin dəyişdirilməsi və yaxud yenisi ilə əvəz edilməsinin göstərilmədiyini, həmçinin qüsur aktının tərtib edilmədiyini və vurulmuş zərərin qiymətləndirilmədiyini, maddi zərər dəymiş avtomobil köhnə olduğunu əsas gətirərək zərərin məbləği ilə razı olmadığını bildirsə də həmin hallarla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş əmlaka dair qiymətləndirmə aktından görünür ki, QAZ 33021 markalı 90BB132 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün tələb olnunan ehtiyat hissələrinin siyahısı, onların qiyməti və xidmət haqqı göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməli, Cavabdeh 750 (yeddi yüz əlli) manat vurulmuş ziyanın əvəzi və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1.-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda (25.1.1), sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı (25.1.5), bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda(25.1.8) yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat vurulmuş ziyanın əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar