Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4498/2020 05.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçı X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Audi Q7” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində 2350 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat, cəmi 2380.40 manat cavabdehlər Cavabdeh1 və ”Cavabdeh2” Firmasından müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə idarə etdiyi “Daewoo BS 090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəh, Ə.Rəcəbli küçəsində yol nəqliyyat hadisəsi törədərək X2 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Audi Q7” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması CYP 757837 saylı DYPİ X3 Protokolunda öz əksini tapmışdır. xx.xx.2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Audi Q7” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə 2850 manat ziyan dəymişdir. **********5 saylı sığorta müqaviləsinə və 012663 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti azadolma məbləği 500 manat çıxmaqla 2350 manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: X3 CYP seriyalı, 757837 saylı protokoldan və qərardan görünür ki, Cavabdeh1 tərəfindən İXM-nin 151.3-cü maddəsi ilə inzibati xəta törədilmişdir. xx.xx.2014-cü il tarixli Sığorta Şəhadətnaməsinə əsasən “Audi Q7” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil “İddiaçı Sığorta” şirkəti ASC tərəfindən sığortalanmışdır. ABN 445869 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Daewoo BS 090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 firmasının mülkiyyətindədir. Cavabdeh2 firması tərəfindən Cavabdeh1 verilmiş Yol vərəqəsindən görünür ki, “Daewoo BS 090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil şəhərdaxili və şəhərətrafı sərnişin daşınması üçün ona verilmişdir. 012663 saylı Sığorta aktından görünür ki, “Daewoo BS 090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomaşınla X2 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Audi Q7” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “Audi Q7” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə 2350 manat məbləğində ziyan dəymişdir. xx.xx.2014-cü il tarixli Ödəniş tapşırığından görünür ki, “İddiaçı Sığorta” şirkəti ASC tərəfindən X1 adına 2350 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2014-cü il tarixli Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Aktdan görünür ki, X2 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Audi Q7” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 2850 manat məbləğində qiymətləndirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə idarə etdiyi “Daewoo BS 090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Ə.Rəcəbli küçəsində yol nəqliyyat hadisəsi törədərək X2 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Audi Q7” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan 012663 saylı Sığorta aktından görünür ki, Cavabdeh1 idarə etdiyi “Daewoo BS 090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomaşınla X2 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Audi Q7” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “Audi Q7” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə 2350 manat məbləğində ziyan dəymişdir. xx.xx.2014-cü il tarixli Ödəniş tapşırığına əsasən “İddiaçı Sığorta” şirkəti ASC tərəfindən X1 adına 2350 manat məbləğində pul köçürülmüşdür. Qanunun tələblərinə görə avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Vurulmuş maddi ziyanın əvəzi olaraq, 2350 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkənə verilmişdir. Odur ki, iddiaçı haqlı olaraq, Cavabdeh1 münasibətdə tələb irəli sürmüşdür. Digər cavabdeh olan Cavabdeh2 Firması sığorta olunan əmlakın mülkiyyətçisi olsa da, Cavabdeh1 “Daewoo BS 090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün etibarnamə vermişdir. Göründüyü kimi, sığorta hadisəsi baş verən zaman Cavabdeh2 Firması nəqliyyat vasitəsinin idarə edilməsi üçün Cavabdeh1 qanuni əsaslarla etibarnamə verdiyindən artıq avtomobillə vurulmuş ziyana görə məsuliyyət daşımır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 2350 manat məbləğində sığorta ödənişi iddiaçının xeyrinə tutulmalı, iddia tələbi digər cavabdehə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. “AUDİ Q7” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2350 (iki min üç yüz əlli) manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 2380,40 (iki min üç yüz səksən manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4498/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4498/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver