Məhkəmə qərarları › İş №2(004)-4568/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4568/2021

20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4568/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3 MMCyə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-ni cəlb etməklə “mənəvin zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə və "Bakcell” MMCyə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun adından razılığı olmadan telefon nömrələrinin verilməsi sübuta yetirilmiş və cavabdehlərdən onun adına olan nömrələrin adından çıxarılması öhdəliyi onların üzərinə qoyulmuşdur. Lakin cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində o, mənəvi əzab və stress keçirmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun adına telefon nömrələri verilmiş və həmin nömrələrdən müəyyən qanuna zidd hərəkətlər edilmişdir. Bu səbəbdən nömrənin sahibi kimi onu müxtəlif rayonlar, nəinki Bakı üzrə, hətda Azərbaycanın rayonlarının polis idarələrinə çağırıb ondan izahatlar alınmış və ona qarşı iddialar irəli sürmüşlər. O, çağırıldığı polis idarələrinə sübut edənə kimi onunla cinayət törətmiş şəxsə köməklik edən şəxs kimi davranmışlar. Bununlada o, mənəvi iztirab keçirmiş və təqsirsizliyini sübut etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim edərək, iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, cavabdehlərin hər birindən 3330 manat olmaqla, cəmi 9990 (doqquz min doqquz yüz doxsan) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron sistem vasitəsi ilə etiraz ərizəsi göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi onlara qarşı hissədə təmin edilə bilməz. Belə ki, nömrələrin satışı Azercell tərəfindən deyil, nömrəm.az dileri tərəfindən həyata keçirilmişdir və bu barədə sübutlar 2(004)-3297/2020 saylı iş çərçivəsində məhkəməyə təqdim edilmişdir. İddiaçı 10 yanvar 2020-ci ildə Azercell ofisinə yaxınlaşaraq ərizə yazmış və ərizədə göstərdiyi nömrələr onun adına olsa da, onun həmin nömrələrdən xəbərinin olmadığını bildirmişdir. Daha sonra, nömrələrin satışını həyata keçirmiş dilerlə birlikdə araşdırma aparılmış və araşdırmanın nəticələri əsasında ərizədə qeyd edilən nömrələr iddiaçının adından çıxarılaraq 03 fevral 2020-ci il tarixli məktubla iddiaçıya bu barədə məlumat verilmişdir. İddiaçı özü də həmin məktubu 2(004)- 3297/2020 saylı iş çərçivəsində məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, onlar iddiaçının tələbini o, ilk dəfə məhkəməyə müraciət etməzdən qabaq, hələ 2020-ci ilin fevral ayında yerinə yetirmişdilər. İddiaçının mənəvi zərərlə bağlı tələbinə gəldikdə isə, iddiaçıya hansı mənəvi zərərin vurulduğu aydın deyildir və o vurulmuş mənəvi zərəri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 8-ci bəndində qeyd edilir: "Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur". İddiaçının heç bir hüquqi və faktiki əsası olmayan tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən və qüvvədə olan qanunvericiliyin yuxarıda istinad edilmiş müddəalarına istinadən, İddiaçı iddiasının “Azercell Telekom MMC”-yə aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, izahatı etirazın məzmununa uyğundur. İddiaçı ona mənəvi ziyanın dəyməsi ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddia əsassızdır. Odur ki, cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, abunəçilərə nömrə satışı "xxxx" MMC tərəfindən deyil, onun dilerləri olan fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilir. Bu halda nömrələr "xxxx" MMC tərəfindən satılmışdır. Odur ki, cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh3 MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" MMC-ə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını və proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-3297/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, iddiaçıya məxsus ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 070 294-23-33, ***-***-**-** saylı nömrələrin İddiaçı adından çıxarılması vəzifəsi cavabdehlər Cavabdeh1 MMC-nin, iddiaçıya məxsus ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələrin İddiaçı adından çıxarılması vəzifəsi Cavabdeh2 MMC-nin və iddiaçıya məxsus ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-** saylı nömrələrin İddiaçı adından çıxarılması vəzifəsi Cavabdeh3 MMC-nin üzərinə qoyulmuşdur. Həmin qətnamədən, eyni zamanda görünür ki, ***-***-**-**,***-***-**-**, ***-***-**-**., ***-***-**-**, ***-***-**-** saylı nömrələr Cavabdeh1 MMC-tərəfindən, ***-***-**-**, ***-***-**- **, 050-655- 87-85, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələr "Azercell Telekom” MMC tərəfindən, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**. 055- 671-87-07, ***-***- **-**, ***-***-**-** saylı nömrələr isə İddiaçı razılığı olmadan, onunla hər hansı müqavilə bağlanmadan adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin çağırış vərəqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırılan HK-1192 saylı istintaq materialı ilə əlaqədar olaraq Bakı şəhəri Nərimanov rayon Pİ-nin İstintaq Şöbəsinini müstəntiqi, polis baş leytenantı Kənan Məmmədzadənin yanına gəlib iş üzrə izahat verməsi , üzrlü səbəb olmadan gəlməkdən imtina etdikdə Azərbaycan Respublikası CM-nin 298-ci maddəsi ilə cinayət məsuliyyəti daşımağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Pİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Kənan Məmmədzadənin 17.04.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaşlar X1 və X3 Rəsul adlı şəxsin onların pulunu ələ keçirməsi barədə şikayət ərizələri əsasında toplanmış HK-1192 saylı material üzrə izahatı alınmış İddiaçı izahatında bildirmişdir ki, o özü sahibkarlıqla məşğul olur, mebel ustası deyil, ümumiyyətlə həmin işlə məşğul olmamışdır. X2 və X4 tanımır, həmin şəxslərin adlarını ilk dəfədir ki, eşidir. O, həmin şəxslərin yaşadıqları evi və mobil nömrələrini bilmir. Bildirmişdir ki, “Azərsell”, “Baksell” və "xxxx" MMC tərəfindən onun adına xəbəri, icazəsi və razılığı olmadan müxtəlif nömrələr sənədləşdirilərək başqa başqa şəxslərə satılmışdır. Həmçinin qeyd etmişdir ki, bir neçə dəfə polis əməkdaşları onun yaşadığı ünvana gələrək guya onun cinayət əməli törətdiyini bildirmişlər. O da bütün bu olanlara görə “Azərcell”, Cavabdeh3 və "xxxx" MMC-yə müraciət edib onun adına hansı nömrələrin olması barədə ərizə ilə müraciət etmişdir. Həmin yerlərdən ona məlumat verilərək bildirilmişdir ki, onun adına müxtəlif nömrələr sənədləşdirilmişdir. Beləliklə, qanuni qüvvəsini almış Yasamal rayon Məhkəməsinin 2(004)-3297/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı razılığı olmadan onun adına müqavilələrin bağlanması öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçının adına qeydə alınmış nömrələrin naməlum şəxslər tərəfindən istifadəsi və həmin istifadəçilərin mülki vətəndaşların pulunu ələ keçirməsi ilə bağlı şikayət ərizəsi üzrə iddiaçı Nərimanov Bakı şəhəri Nərimanov rayon Pİ-nin İstintaq Şöbəsində izahat vermişdir. Bununla da onun aidiyyəti olmadan Polis İdarəsinə çağırılması, orada ifadəsinin alınması iddiaçının həmin vaxt iztirab və sarsıntı keçirməsini qaçılmaz etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər –inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, İddiaçı razılığı olmadan onun adına müqavilələrin bağlanması, eyni zamanda bu hüquqazidd hərəkət nəticəsində iddiaçının adına qeydə alınmış nömrələrin istifadəçisi olaraq polis idələrinə çağırılması, ondan ifadə alınması müəyyən edildiyindən iddiaçının bu səbəbdən mənəvi sarsıntı keçirməsi qaçılmazdır. Mənəvi zərərin ağlabatan məbləğini məhkəmə hər cavabdeh üzrə 500 manat müəyyən etməyi lazım bilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən və "Bakcell” MMCdən vurulmuş mənəvi zərərə görə hər birindən ayrı-ayrılıqda 500 (beş yüz) manat olmaqla, cəmi 1500 (bir min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən və "Bakcell” MMCdən vurulmuş mənəvi zərərə görə hər birindən ayrı-ayrılıqda 500 (beş yüz) manat olmaqla, cəmi 1500 (bir min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar